Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4226/2025 12.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinə (üçüncü şəxs: X7) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin Pasport qeydiyyat şöbəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 ona məxsus ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə ərizə təqdim edərək X4 ona məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın tələbinin dəyişdirilməsi qəbul edilmiş və X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ünvan 1 ünvanında olan mənzil ona məxsusdur. Həyat yoldaşı ilə rəsmi nikahları pozulduqdan sonra övladı X7 atası ilə birlikdə digər ünvanda yaşayırlar. X2 tikilidə pasport qeydiyatında olması əmlak hüquqlarını pozur. X4 pasport qeydiyatında qalması formal xarakter daşıyır. İddiaçı X5 qeydiyyatdan çıxması ilə bağlı xəbərdarlıq etsə də, nəticəsi olmadığı ücün məhkəmə qaydasında həll olunması ücün müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiasının mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Çünki iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. Belə ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 5-10-1/2- 246/2024 nömrəli məktubundan görünür ki, X4 Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 5, ev 25 ünvanında yaşayıb-yaşamamasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı hazırda R.Əsgərlinin həmin ünvanda yaşamadığını iddia edərək onun 25 saylı evdən qeydiyyatdan çıxarılmasını xahiş edir. Lakin iş materialları ilə müəyyən olunur ki, həmin fərdi yaşayış evi özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. İşdə olan Daşınmaz Əmlakın dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-52659/2024 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, döngə 5, 25 saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Belə olan halda aydındır ki, iddiaçının özbaşına tikili olan həmin əmlaka hər hansı bir hüququ mövcud deyil. İşdən görünür ki, iddiaçı evin onun mülkiyyətində olması barədə məhkəməyə sübut təqdim etməməklə yanaşı, özü də üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etdiyi həmin ünvanda deyil, başqa ünvanda qeydiyyatdadır. Belə ki, iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından aydın olur ki, o, ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən şəxsin iddia qaldırmaq səlahiyyətinin və ümumi, bəzi iddia (o cümlədən hazırkı iddia növünə) növlərinə münasibətdə isə həm də xüsusi hüquqi müdafiə marağının mövcud olması ilə bağlı şərtlər, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. Qeyd olunmalıdır ki, iddianın mümkünlüyü şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə iddia qaldırmaq səlahiyyətinə malik olması ilə bağlı şərt də yerinə yetirilmiş olmalıdır. Hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının belə səlahiyyətə malik olduğu görünmür. İddiaçı aparılmış qeydiyyatın yalnız onun hüququnu pozması ehtimalının mövcud olduğu halda həmin qeydiyyatın ləğvini tələb edə bilərdi. Başqa sözlə, aparılmış qeydiyyatın ləğvini tələb etmək üçün iddiaçı ən azından iddia etdiyi yaşayış sahəsi üzərində qanuni istifadə hüququna malik olmalıdır. Qanuni istifadə hüququ qanundan, inzibati aktdan və ya müqavilədən irəli gəlməli, hüquqmüəyyənedici sənədə əsaslanmalıdır. Lakin iddiaçının mübahisəli sahə üzərində qanuni istifadə hüququna malik olduğu mübahisəyə dair iş üzrə materiallarla təsdiq olunmur (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1892/2023 saylı, 25.102023-cü il tarixli qərarı). İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3127/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına gəldikdə, həmin qərardan görünür ki, iddiaçı X6 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə etdikləri və qanuni sahiblik və istifadələrində olan Bakı şəhəri, Biləcəri Bələdiyyəsinin 08 dekabr 2006-cı il tarixli, 1035 saylı qərarı ilə cavabdehin adına ayrılmış ünvan 1 ünvanında yerləşən 200 kvadrat metr torpaq sahəsinin və həmin torpaq sahəsində tikilmiş 2 mərtəbəli yaşayış evinin 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə cavabdehin pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(001)-939/2021 saylı tarixli qətnaməsi ilə iddia rədd edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmələr qərarlarında göstərmişlər ki, “...mübahisələndirilən torpaq sahəsinə və onun üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ və ya hər hansı hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamışdır. Hüquqi nəticə etibarı ilə həm mübahisəli torpaq sahəsi, həm də onun üzərində yerləşən fərdi yaşayış evi tərəflərin hər hansı birinin mülkiyyətində deyil. Digər tərəfdən, məhkəmə kollegiyası Biləcəri bələdiyyəsinin “xx.xx.2006-ci il tarixli” qərarı və s. sənədlərini də etibarlı sənəd kimi qəbul etməyərək qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı hər iki tərəf bildirmişdir ki, torpaq sahəsini Biləcəri Bələdiyyəsindən deyil X1 2013-cü il tarixdən almışlar və Biləcəri bələdiyyəsi arxa tarixə sənədləşmə aparmışdır. Bununla bağlı mübahisəli fərdi yaşayış evin yerləşdiyi ərazinin Binəqədi rayon Biləcəri Bələdiyyəsininin inzibati ərazi dairəsinə aid olub-olmamasını araşdırmaq üçün ekspertiza təyin edilmiş, lakin mütəxəssis rəyinin verilməsi üçün müəyyən olunan xidmət haqqı ödənilmədiyindən ekspert rəyi verilməmişdir. ...nə qədər ki, mübahisə predmeti olan fərdi yaşayış evi qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyatdan keçmədiyindən, digər tərəfdən torpaq sahəsi ilə bağlı Biləcəri Bələdiyyəsi tərəfindən aparılmış sənədləşmə (qərar, akt və s.) etibarlı olmadığından (sənədləşmə tərəflərin bildirdiklərinə əsasən, arxa tarixə aparılmış, mübahisəli ünvanın Biləcəri Bələdiyyəsininin inzibati ərazi dairəsinə aid olub-olmamasını mütəxəssis rəyinin verilməsi üçün müəyyən olunan xidmət haqqı ödənilmədiyindən müəyyən etmək mümkün olmamış) iddiaçının torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinə pay hüququnun müəyyən edilməsi barədə iddiası təmin oluna bilməz.” Göründüyü kimi, həmin məhkəmə qərarları ilə mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinin qeydiyyatdan keçməməsi səbəbindən tərəflərin həmin əmlaka hüququnun olmadığı müəyyən edilmişdir. O da qeyd edilməlidir ki, işdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçı daha əvvəl də eyni tələblə, yəni üçüncü şəxsin ünvan 1 ünvanında qeydiyyatdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2- 1(112)-2725/2021 saylı qərarı ilə iddia tələbi təmin edilsə də, həmin qərardan üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-294/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə qismən təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2725/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş və İddiaçı tərəfindən verilmiş iddia mümkün sayılmamışdır. Bundan sonra iddiaçı yenidən eyni tələblə, X4 ona məxsus ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələblə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(112)-15367/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1719/2024 saylı qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərarın qəbul olunmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)- 2281/2024 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(103)-1719/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmayaraq kassasiya şikayətinin qəbulundan imtina edilmişdir. Məhkəmə qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Məhkəmə qeyd edir ki, doğurdur, iddianın mümkün sayılmaması ilə bağlı qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Lakin hazırkı iş üzrə iddiaçının üçüncü şəxsin mübahisəli ünvandan qeydiyyatdan çıxarılması üçün iddia qaldırmağa subyektiv hüququnun olmaması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsbit edilmiş, iddiaçı hazırda bu şərti ödəyən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-4226/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4226/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver