Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4228/2022 29.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Əzizbəyov rayon XDS İK-nin 12 saylı, 13 iyul 1990-ci il tarixli qərarı ilə Bakı şəhəri, Şüvəlan qəsəbəsində fərdi ev tikmək üçün mərhum X4 73 saylı ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə dövlət reyestrindən çıxarışın veriməsi və sözügedən torpaq sahəsinin sərhədlərini təsdiq edən sənədlərinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək mübahisə predmetini təşkil edən torpaq sahəsinin mərhum X4 məxsus olması barədə arayışın verilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, mərhum həyat yoldaşının torpaq sahəsi üzərində hüquqları yaranmış, lakin onun vəfatı ilə əlaqədar həmin hüquqlar rəsmiləşdirilməmişdir. Halbuki onun torpaq sahəsinə münasibətdə hüquqlarının yaranmasını təsdiq edən bir çox sənəd mövcud olmuşdur. İddiaçi hazırki iddia tələbi üzrə eyni məzmunlu ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, təqdim edilmiş torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur, həmçinin, sözügedən torpaq sahəsinin X3 adına (əcnəbi) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyinin tələblərinə ziddir. İddiaçı cavabdeh tərəfindən verilmiş imtinanı əsassız hesab edir və onun hüquqlarının pozulmasına səbəb olduğunu bildirir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə münasibətdə etiraza əlavə təqdim edərək bildirmişdir ki, təqdim edilmiş torpaq sahəsinin yerləşmə cizgisindəki istinad məsafələri ilə faktiki sahə arasında uyğunsuzluq mövcuddur. Həmçinin bildiririk ki, mərhum X7 əcnəbi (Rusiya Federasiyası vətəndaşı) olduğundan sözügedən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48.3-cü maddəsinə əsasən əcnəbilər və vətəndaşlı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etdi. Bundan sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən Əzizbəyov rayon XDS İK-nin 12 saylı, 13 iyul 1990-ci il tarixli qərarı ilə Bakı şəhəri, Şüvəlan qəsəbəsində fərdi ev tikmək üçün 73 saylı ayrılmış torpaq sahəsinin X4 məxsusluğu haqqında arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Belə ki, imtina məktubunun və iddiaya münasibətdə cavabdeh tərəfindən təqdim olunmuş yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının tələbinin təmin olunmaması üçün iki əsas gətirir: - X1 Azərbaycan Respublikasının vətəndaşı olmaması; - Təqdim edilmiş torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki sahə arasında uyğunsuzluq təşkil etməsidir. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlaka (torpaq sahəsinə) dair mərhumun adına arayışın verilməsinə maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahı:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Bəhs edilən normaların məzmunundan göründüyü kimi, torpaq münasibətlərinin tənzimlənməsinə tətbiq olunan mülki hüquqi normaların ümumi xarakter daşıdığı nəticəsinə gəlmək olar. Başqa sözlə, torpağa mülkiyyət münasibətlərinin və digər əşya hüquqlarının tənzimlənməsi zamanı mülki qanunvericiliyində olan əsas prinsip və normalardan istifadə etmək lazımdır. Bu istiqamətdə irəli çıxaraq nəzərə alınmalıdır ki, vətəndaşın torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranması üçün onun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və ya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında sadalanmış sənədlərinin əhatə dairəsinə düşən hüquqmüəyyənedici sənədləri olmalı, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun olması təsdiq olunmalıdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının vətəndaşlarından fərqli olaraq, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüquqlarının qeydiyyata alınması xüsusi tələblər və müvafiq şərtlər əsasında mümkündür. Bu mexanizmin tənzimlənməsi isə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəaları ilə həyata keçirilir. Belə ki, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
3. Torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər torpaq münasibətlərinin iştirakçıları kimi bu Məcəllənin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə çıxış edə bilərlər. (2-ci və 3-cü bənd)
48. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. (3-cü bənd)
49. Xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. (4-cü bənd) Bəhs edilən qanunvericiliyin müddəalarından görünür ki, qanunverici əcnəbinin adına torpaq sahəsinə xüsusi mülkiyyət hüquqlarının qeydiyyatını istisna etmir. Əksinə, əcnəbilər Torpaq Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərlə torpaq münasibətlərinin iştirakçıları qismində çıxış edə bilərlər. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələri üzərində mülkiyyət hüququ vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçə bilər, lakin həmin şəxslər bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq torpaq sahəsini özgəninkiləşdirməlidirlər. Torpaq Məcəlləsinin 49-cu maddəsində əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş, lakin sonradan digər dövlətin vətəndaşlığını qəbul etmiş şəxsin torpaq sahəsi üzərində mülkiyyət hüquqları (gözlənilən mülkiyyət hüququ) ilə bağlı norma öz əksini tapmamışdır. Göründüyü kimi qüvəddə olan qanunvericilik əcnəbilərin torpaq sahələri üzərində mülkiyyəti hüquqlarını bir il müddətində özgəninkiləşdirmək şərti ilə yalnız yalnız vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində qeydiyyata alınmasını mümkün hesab etmiş, digər hallarda isə əcnəbilərin yalnız icarə hüquqlarına malik olduğunu təsbit etmişdir. Qeyd olunmalıdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda da oxşar norma mövcuddur. Belə ki, Qanunun 4-cü maddəsinə əsasən torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmin Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi təsbit edilmişdir. Göründüyü kimi, torpaq münasibətlərini tənzimləyən qanunvericilik öz növbəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin altında olan torpaq sahələrənin əvəzsiz olaraq onların mülkiyyətinə verilməsini təsbit etmişdir. Məhkəmə bu normanın tələblərini rəhbər tutaraq qeyd edir ki, əgər şəxs torpaq islahatı zamanı Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa və həmin dövrdə torpaq sahəsi ona əvəzsiz olaraq verilmişdirsə, onun torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüquqları yaranmış olur. Maddənin təhlilindən meydana gələn sual odur ki, əgər şəxs torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə aldırmadan başqa dövlətin vətəndaşlığını qəbul edərsə, bu zaman onun torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə aldırmaq imkanı mövcud olurmu? Bu hala qiymət verilməsi isə mülkiyyət hüququnun anlayışının təhlili tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən isə hər kəsin mülkiyyət hüququ vardır və mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, əgər şəxs ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmadan vətəndaşlıqlığını dəyişərsə, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan verir. Məhkəmə hazırki irəli sürülmüş tələb üzrə dəyərlindərməni iki əsas üzrə aparmalıdır: 1.) Torpaq sahəsinin ayrılması ilə bağlı qərarın hüquqmüəyyənedici sənəd olubolmaması; 2.) Torpaq sahəsi ayrıldığı zaman X3 Azərbaycan Respublikasının vətəndaşı olubolmamasıdır.
Məhkəmə ilkin olaraq birinci əsasa münasibət bildirir. Belə ki, məhkəmə araşdırılması zamanı görünür ki, Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1990-ci il tarixli, 12 №-li qərarı ilə Şüvəlan qəsəbəsi 8 mart ev 22-də yaşayan, “Metallurq” sovxozunda briqadir işləyən, Əzizbəyov RİH-nin №16, xx.xx.1988-ci ildən ev növbəsində duran ailə tərkibi 1 nəfərdən ibarət X4 Şüvəlan qəsəbəsində 73 №-li sahədə ev tikmək üçün 600 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. Göründüyü kimi X1 torpaq sahəsi üzərində gözlənilən mülkiyyət hüququ məhz Əzizbəyov rayon X6 İcraiyyə Komitəsi tərəfindən qəbul edilmiş qərar əsasında yaranmışdır ki, həmin qərar Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 1.3-cü bəndində nəzərdə tutulan dövlət aktını ehtiva edir. Məhkəmə hesab edir ki, torpaq sahəsi qanuni əsaslar ilə mərhum X5 ayrılmışdır ki, həmin tarixdən etibarən onun torpaq sahəsinə münasibətdə gözlənilən mülkiyyət hüquqları yaranmışdır. Məhkəmə ikinci əsasa münasibət bildirir. Məhkəmə araşdırılması zamanı Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan məlum olmuşdur ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtariş sistemində (İAMAS) araşdırma aparılarkən xx.xx.1964cü il təvəllüdlü Rusiya Federasiyası vətəndaşı olmuş X3 Azərbaycan Respublikası vətəndaşına məxsus sənədlərə malik olmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd etmək istəyir ki, Dövlət Miqrasiya Xidmətində X3 Azərbaycan Respublikasının vətəndaşı olması barədə məlumat olmasa da, şəxsin həqiqətən torpaq islahatı zamanı Azərbaycan Respublikasının vətəndaşı olması digər dəlillər ilə təsdiq olunur. Belə ki, Bakı şəhəri Xəzər rayon Polis İdarəsi tərəfindən təqdim olunmuş “forma 1” arayışından görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X4 xx.xx.1991-ci il tarixdə pasport verilmişdir. Həmin pasportdan görünür ki, X2 qəsəbəsi, 8 mart küçəsi ev 22 ünvanında qeydiyyatda olmuşdur. Digər dəlil isə odur ki, ümumiyyətlə X1 övladlarının doğum haqqında şəhadətnamələrində mərhumun milliyyəti “azərbaycanlı” qeyd olunmuşdur. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin ilkin redaksiyasında qeyd olunmuşdur ki, şəxsiyyət vəsiqəsi növlərinin nümunələrini Azərbaycan Respublikasının Ali Soveti təsdiq edir. Bu nümunələrin formaları ilə bağlı məlumat isə qanunvericiliyin müddəalarında əks olunmamışdır. Məhkəmə hesab edir ki, mərhum X7 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunmasa da, onun torpaq islahatı zamanı, yəni 1990-ci ildə Azərbaycan Respublikasının vətəndaşı olması onun övladlarının doğum haqqında şəhadətnaməsində əks olunan məlumatlar, o cümlədən “forma 1” arayışı ilə təsdiq olunur. Məhkəmə xüsusi ilə onu da qeyd etməyi zəruri hesab edir ki, Əzizbəyov rayon X6 İcraiyyə Komitəsinin xx.xx.1990-ci il tarixli, 12 №-li qərarından məlum olur ki, mərhum X7 xx.xx.1988-ci il tarixdən etibarən ev növbəsində durmuşdur. Göründüyü kimi X7 torpaq islahatından öncə belə, ev növbəsinə dayanmışdır ki, bu hal onun həmin dövrdə Azərbaycan Respublikasının vətəndaşı olmasını istisna etmir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının mərhum həyat yoldaşı ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmadan vətəndaşlığını dəyişsə də, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə almağa dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan yaratmışdır. Belə ki, sözügedən torpaq sahəsi ona qanuni əsaslarla daimi istifadəyə verilmiş (bu hal tərəflər arasında mübahisələndirilmir), eyni zamanda torpaq islahatı zamanı onun həmin torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olmuş, lakin o, həmin imkandan istifadə etmədən digər dövlətin vətəndaşlığını qəbul etmişdir. Mərhumun ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqların itirilməsi anlamına gəlməyə əsas verə bilməz. Belə olan halda Məhkəmə hesab edir ki, X1 torpaq sahəsinə gözlənilən mülkiyyət hüquqları yaranmış, lakin o, bu hüquqlarını qeydiyyata almadan vəfat etdiyindən, torpaq sahəsinin ona məxsus olması barədə arayışın iddiaçıya verilməsi təmin olunmalıdır. Məhkəmə imtina əsasının ikinci hissəsinə münasibətdə bildirir ki, cavabdeh torpaq sahəsinin yerləşmə cizgisi ilə faktiki sahə arasında uyğunsuzluğun mövcud olmasına istinad etsə də, həmin “uyğunsuzluq” ifadəsi altında nəzərdə tutduğu halı ifadə edə bilməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, Xəzər rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş və xx.xx.2017-ci il tarixli müşayiət məktubu ilə təqdim olunmuş torpaq sahəsinin yerləşmə cizgisində sahənin perimetrik ölçülərinə (əvvəlki vəziyyətdə 25x24 metr) 28,15x20,90 metr olaraq düzəliş edilmişdir. Qeyd olunmalıdır ki, məhkəmə icraatı zamanı təqdim olunmuş mütəxəssis rəyində “düzəlişlə bağlı cizgiyə tarixinin göstərilməməsi” qeyd olunsa da, bu hal cizgiyə düzəlişin olmasını istisna etmir. Belə ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş cizgidən də görünür ki, Şüvəlan qəsəbəsində X4 ayrılmış 73 saylı sahənin cizgisinə düzəliş olunmuş və ikinci möhür ilə təsdiq olunmuşdur. Məhkəmə qeyd etmək istəyir ki, hazırki mərhələdə cavabdeh inzibati orqanın “uyğunsuzluq” ifadəsi altında nəzərdə tutduğun halın nə ilə bağlı olması aydın deyil. Məhkəmənin qənaətinə görə cavabdehin ikinci əsası formal xarakter daşıyır və hər hansı hüquqi əsasa söykənmir. Odur ki, bu hal imtina əsası hesab edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2130/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Hazırkı halda, iddiaçı ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmadan vətəndaşlığını dəyişsə də, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur və bu gözlənti isə ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan verir. Belə ki, sözügedən torpaq sahəsi ona qanuni əsaslarla daimi istifadəyə verilmiş (bu hal tərəflər arasında mübahisələndirilmir), eyni zamanda torpaq islahatı zamanı iddiaçının həmin torpaq sahəsini özəlləşdirmək üçün qanuni imkanı olmuş, lakin iddiaçı həmin imkandan istifadə etmədən digər dövlətin vətəndaşlığını qəbul etmişdir. İddiaçının ona verilmiş hüquqlardan vaxtında istifadə etməməsi, artıq əldə edilmiş hüquqlarının itirilməsi ilə nəticələnə bilməz.” Göründüyü kimi formalaşmış məhkəmə təcrübəsinə əsasən, bu qəbildən olan işlərdə şəxsin əcnəbi vətəndaşı olmasını istisna etməmiş, əksinə əcnəbi vətəndaşa elə bir hüquq vermişdir ki, əgər o, torpaq islahatı zamanı Azərbaycan Respublikasının vətəndaşı olmuşdursa, onun torpaq sahəsinə münasibətdə legitim gözləntisi olmuş və bu gözlənti ona həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydiyyata aldırmağa hüquqi imkan verir. Məhkəmə bir məqama toxunmaq istəyir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinin 4-cü hissəsi hazırki mübahisəyə tətbiq oluna bilməz. Belə ki, bu norma əcnəbi vətəndaşına elə bir ədalətli balans baxımından elə bir məhdudiyyət tətbiqi nəzərdə tutmuşdur ki, əgər xarici ölkənin vətəndaşının torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydiyyata alınarsa, 1 il müddətində həmin torpaq sahəsini özgəninkiləşdirmək öhdəliyi onun üzərinə qoyulur. Hazırki mübahisəli torpaq sahəsi xarici ölkənin vətəndaşı olmuş mərhum Eldar Məmmədova məxsus olsa da, o, vəfat etdiyindən və onun vərəsəsi, yəni arvadı İddiaçı Azərbaycan Respublikasının vətəndaşı olduğundan, torpaq sahəsinin mərhuma məxsus olması ilə bağlı arayış verildikdən sonra iddiaçının üzərinə bir il müddətində məcburi özgəninkiləşdirilmə ilə bağlı məhdudiyyət qoyula bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq təsbit edilmişdir ki, hazırkı iş üzrə həmin hallar mövcud deyil. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı iş üzrə mövcud sənədlərə əsasən gözlənilən mülkiyyət hüquqları iddiaçı tərəfindən yox, mərhum X7 tərəfindən reallaşdırıla bilməmişdir. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsaslar mövcud olsa da, yəni mövcud hüquqmüəyyənedici sənədlər olsa da, həmin hüququn reallaşdırılmasından əvvəl şəxsin ölümü təbii haldır ki, həmin hüququn itirilməsi əsası qismində çıxış etmir. Yuxarıda adıçəkilən Qanunun 22.2-ci maddəsində də müəyyən edilir ki, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi vərəsə kimi iddiaçı tərəfindən torpaq sahəsinin mərhuma məxsus olması haqqında arayışın qeydiyyat orqanına təqdim edilməsi hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın vərəsəliklə bağlı sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi əsası qismində çıxış edir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia tələbi təmin edilsin. Əzizbəyov rayon XDS İK-nin 12 saylı, 13 iyul 1990-ci il tarixli qərarı ilə Bakı şəhəri, Şüvəlan qəsəbəsində fərdi ev tikmək üçün 73 saylı ayrılmış torpaq sahəsinin X4 məxsusluğu haqqında arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov