Məhkəmə qərarları › İş №2-1(112)-423/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-423/2022

19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-423/2022 19.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Azərmetal Təmir tikinti İB-nin İMK”-də xx.xx.1991-ci il tarixindən xx.xx.2005- ci il tarixinə kimi işləmiş olduğu dövrü iş stajına hesablanaraq yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur. Onun 63 yaşı, xx.xx.2018-ci il tarixində tamam olmuşdur. Bundan sonra o, xx.xx.2020-ci il tarixində, 5 saylı ASAN xidmətə müraciət edərək, ona yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. 5 saylı ASAN Xidmət Mərkəzinə müraciət etdikdən sonra, ona xx.xx.2020-ci il tarixində rəsmi qaydada imza edərək, AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Təyinatı üzrə Mərkəz tərəfindən imtina cavabı verilmişdir. Cavab məktubunda ona istinad edilmişdir ki, onun iş stajı 14 il 10 ay olduğu qeyd edilmiş, xx.xx.1991-ci il tarixindən xx.xx.2005-ci il tarixinə kimi olan iş stajı nəzərə alınmamışdır. Bildirilmişdir ki, xx.xx.1991-ci il tarixindən xx.xx.2005-ci il tarixinə kimi işləmiş olduğu “Azərmetal Təmir tikinti İB-nin İMK” müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum deyildir. Halbuki, qeyd edilən taxirlərdə onun adı qeyd edilən müəssisədə işləməsi əmək kitabçasında öz təsdiqini tapır. Hesab edirə ki, ona verilən imtina tamamilə əsassızdır. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalı ilə əvəz edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icrata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixində yaşa görə əmək pensiyası yaşına çatmışdır. (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2018-01.07,2019-cu il aralığında kişilərə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş tələbi 64 yaş olmuşdur və iddiaçının xx.xx.2019-cu ildə 64 yaşı tamam olmuşdur.) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Həmin Qanunun 7-ci maddəsinə əsasən tələb edilən yaşa çatmış şəxslərin fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Adıçəkilən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçı vəziyyətində isə Dövlət Arxivinin Bakı Filialının xx.xx.2020-ci il tarixli 907 nömrəli məktubuna əsasən onun xx.xx.1991xx.xx.2005-ci il tarixlərində işlədiyini iddia etdiyi “Azərmetal təmir tikinti İB-nin İMK” müəssisəsinin sənədləri həmin arxivə təhvil verilməmişdir. Bununla yanaşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********12 nömrəli məktubuna əsasən qeyd edilən müəssisə daşınmaz dövlət əmlakının Reqistrində Qeydiyyata alınmamışdır. Beləliklə, müəssisənin həqiqətən qeyd edilən dövrlərdə mövcud olması və iddiaçının orda işləmiş olduğu təsdiqlənmədiyindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab olunmamışdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- xx.xx.1956-cı il təvəllüdlü İddiaçı AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti. - H3 ******* №-li Hərbi biletin notarial qaydada təsdiq edilmiş surəti. - İddiaçı məxsus əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının xx.xx.2022-ci il tarixli imtina məktubu. - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının təqdim etdiyi xx.xx.2021-ci il tarixli məktub və ona qoşma olan sənədlər. - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təqdim etdiyi xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktubları.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu cavabdehin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş iddiaçının iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir:

Kişilərin yaş Qadınların yaş Dövr həddi həddi 1 iyul 2017 - 30 iyun 2018 63 il 6 ay 60 il 6 ay 1 iyul 2018 - 30 iyun 2019 64 il 61 il 1 iyul 2019 - 30 iyun 2020 64 il 6 ay 61 il 6 ay 1 iyul 2020 - 30 iyun 2021 65 il 62 il 1 iyul 2021 - 30 iyun 2022 65 il 62 il 6 ay 1 iyul 2022 - 30 iyun 2023 65 il 63 il 1 iyul 2023 - 30 iyun 2024 65 il 63 il 6 ay 1 iyul 2024 - 30 iyun 2025 65 il 64 il 1 iyul 2025 - 30 iyun 2026 65 il 64 il 6 ay 1 iyul 2026-cı il və sonrakı 65 il 65 il

Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən 1 iyul 2018 - 30 iyun 2019-cu il tarixədək olan dövr üçün 64 yaşı tamam olmuş kişilərin yaşa görə əmək pensiyası hüququ yaranmış olur. İş materiallarından isə görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixdə 64 yaşı tamam olmuşdur. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunu və iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, təqdim edilən sənədlərdən göründüyü kimi iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. Eyni zamanda əmək kitabçasında qeyd olunmuş xx.xx.1991-xx.xx.2005-ci il tarixlərində işləmiş olduğu “Azərmetal Təmir tikinti İBnin İMK” müəssisəsinin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması mümkün hesab olunmur. İddiaçının ümumi iş stajı 14 il 10 ay təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq ona yaşa görə əmək pensiyası təyini mümkün hesab olunmur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək “Azərmetaltəmirtikinti" İstehsalat Birliyində işləməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramfna uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin "xxxx" İstehsalat Birliyinin mərkəzi aparatının bazasında keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 483 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2004-cü il tarixində tam özəlləşdirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və qüvvədə olan digər qanunvericilik aktlarına əsasən "Azərmetaltəmirtikinti” Açıq Səhmdar Cəmiyyəti müstəqil təsərrüfat subyekti olmaqla, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətindən irəli gələn məsələlər müəssisə tərəfindən sərbəst şəkildə həyata keçirilir. Göründüyü kimi, iddiaçının mübahisələndirilən dövrlərdə işlədiyi "xxxx" İstehsalat Birliyinin və "xxxx" Kiçik Müəssisəsinin mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən dövrdə, yəni xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək “Azərmetaltəmirtikinti" İstehsalat Birliyində işləməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, həmin dövr iddiaçının sığorta stajına daxil edilməlidir. Həmin dövr iş stajına daxil edildikdə iddiaçının 25 ildən çox (28 il 7 ay 7 gün) iş stajı mövcud olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.9-cu bəndinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, Qanunun 32-ci maddəsində müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət müddəti də daxil edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı iş (sosial sığorta) stajını təsdiq edən əmək kitabçasının surətini təqdim etmişdir. Мəhkəmə təqdim edilən əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Belə ki, cavabdeh orqan əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 30.5-ci maddəsinə əsasən inzibati orqan qanunla ərizəyə əlavə edilməli olan sənədləri, o cümlədən elektron sənədləri əldə etmək üçün dövlət orqanlarının (qurumlarının) elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müəyyən olunmuş hədlərdə istifadə edir. Bunun mümkün olmadığı hallarda həmin sənədlərin təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında aidiyyəti orqandan (qurumdan) tələb olunur və ya ərizəçi tərəfindən təmin olunur. Həmin sənədlər bu Qanunun 32.4-cü maddəsinə uyğun olaraq kağız daşıyıcıda və ya elektron sənəd formasında təqdim edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı, həmçinin xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək “Azərmetaltəmirtikinti" İstehsalat Birliyində olan iş stajı nəzərə alınmaqla, 25 ildən (28 il 7 ay 7 gün) artıq sığorta stajının olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, 25 il sığorta stajı öz təsdiqini tapdığı üçün sığorta kapitalı tələbinə zərurət qalmadığından cavabdehin inzibati orqanın imtinası əsassız hesab edilməli və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar