Məhkəmə qərarları › İş №2-1(112)-423/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-423/2023

17.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-423/2023 17.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi (vəkili) Vəkil Qulamhuseyn oğlunun, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya İİ qrup əlillik dərəcəsinin təyin edilməsi» barədə iddia tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «iddiaçıya təyin olunmuş əlilliyin və pensiya ödənişinin verilməsinin bərpa edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 2 iyun 1973-cü il tarixdə Goranboy rayonunun Qızılhacılı kəndində doğulmuş və 1998-ci ilin mart ayından başlayaraq 17 fevral 2009-cu il tarixədək Azərbaycan Respublikası DİN-nin Goranboy RPŞ-də polis nəfəri kimi işləmişdir. 1991 – 1996-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı 17 fevral 2009-cu il tarixdə onurğa sütununda kəskin ağrılar (xəstəliklə əlaqədar) səbəbindən polis orqanlarından işdən azad olunmuş və həmin gündən ona İİ qrup əlillik dərəcəsi təyin olunmaqla hər ay əvvəlcə 210 manat, sonradan isə hər il artımla 2021-ci ilin fevral ayınadək hər ay 355 manat 2-ci qrup əlilliyə görə pensiya kimi almışdır. Lakin 2021-ci ilin fevral ayının 15-də iddiaçı son pensiya məbləğini almış və ona Tibbi-Sosial Ekspert Komissiyasından bildirilmişdir ki, o, təkrar müayinədən keçərək, xəstəxanada yataraq (stasionar) müalicədən sonra yenidən TSEKdan müayinədən keçdikdən sonra onun əlilliyi təsdiq olunmalıdır. Məhz buna görə iddiaçı 2021-ci ilin iyun ayında əvvəlcə Goranboy Rayon Mərkəzi Xəstəxanasında, sonra isə Bakı şəhərindəki Neyrocərrahiyyə Xəstəxanasında 10 gün stasionarda, 5 gün isə ambulator şəraitdə müalicə olunmuşdur. Bütün bunlara baxmayaraq, iddiaçı özünü narahat və xəstə hiss etdiyi halda, TSEK-dən ona sağlam olduğunu bildirilmişdir. Rəydə diaqnoz bölməsində “Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər” göstərilmişdir. İddiaçı hesab edir ki, onun barəsində aparılmış qiymətləndirmə düzgün olmamış, əlilliyinin, ürəyinin xəstəliyinin nəzərə alınmaması və pensiyasının dayandırılması tam ədalətsiz və qanunsuzdur. Ona görə də iddiaçı İİ qrup əlillik dərəcəsinin bərpa olunması üçün ƏƏSMN TSEK-dən keçirilməli və ona ödənilməli olan 355 manat məbləğində pensiyanın ödənişinin dayandırıldığı vaxtdan, yəni 2021-ci ilin mart ayından başlayaraq ödənilməsi bərpa olunmalı və bunun öhdəlik olaraq ƏƏSM Nazirliyinin üzərinə qoyulması zərurəti yaranmışdır. Göstərilənlərə və İPM-in 2.2.3-cü maddəsinə əsaslanaraq, məhkəmədən İddiaçı 1998-ci ilin mart ayından 17 fevral 2009-cu il tarixədək DİO-da xidmətdə olduğu dövrdə xəstəliyi ilə əlaqədar təyin olunmuş 2-ci dərəcəli əlillik qrupunun və hər ay 2021-ci ilin fevral ayının 15-dək ödənilmiş 355 manat məbləğində pensiya məbləğinin həmin vaxtdan yenidən ödənişinin bərpa olunmasından ötrü iddiaçıya yenidən əlillik qrupunun təyin edilməsi və həmin pensiya ödənişinin 2021-ci ilin mart ayından başlayaraq bərpa edilməsi öhdəliyinin (vəzifəsinin) cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iddiaya qarşı yazılı münasibətində (etirazında) bildirilir ki, İddiaçı əlillik vəziyyətinə Goranboy Rayon Mərkəzi Xəstəxanasının 19 fevral 2009-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G54 - Sinir köklərinin və kələflərinin zədələnmələri => G54.1 - Bel-oma kələfi..; Diaqnozun mətni: L5-S1 fəqərəarası disk yırtığının çıxarılması əməliyyatından sonrakı vəziyyət (2008). Bel-oma fəqərələrinin osteoxondrozu, güclü kökcük ağrıları ilə. Sağ aşağı ətrafın funksiya pozğunluğu. Hipertoniya xəstəliyi İİ dərəcə. Asteno-nevrotik vəziyyət.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Goranboy Rayon Mərkəzi Xəstəxanasının 12 fevral 2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G54 - Sinir köklərinin və kələflərinin zədələnmələri => G54.1 - Bel-oma kələfi . . . ; Diaqnozun mətni: L5-S1 fəqərəarası disk yırtığının çıxarılması əməliyyatından sonrakı vəziyyət (xx.xx.2008). Beloma fəqərələrinin osteoxondrozu, daimi kökcük ağrıları ilə. Hipertoniya xəstəliyi l-ll dərəcə. Asteno-nevrotik vəziyyət. Sağ aşağı ətrafın funksiya pozğunluğu.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Goranboy Rayon Mərkəzi Xəstəxanasının 13 fevral 2015-ci il tarixli 0278003AABLU saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı- ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G54 - Sinir köklərinin və kələflərinin zədələnmələri => G54.1 - Bel-oma kələfi . . .; Diaqnozun mətni: L5-S1 fəqərəarası disk yırtığının çıxarılması əməliyyatından sonrakı vəziyyət (xx.xx.2008 il). Bel-oma fəqərələrinin osteoxondrozu, daimi kökcük ağrıları ilə. Hipertoniya xəstəliyi l-ll dərəcə. Asteno-nevrotik vəziyyət. Sol aşağı ətrafın funksiya pozğunluğu.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları.” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1 : Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G50-G59 - Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi => G54 - Sinir köklərinin və kələflərinin zədələnmələri => G54.1 - Bel-oma kələfi . . .; Diaqnozun mətni: L5-S1 fəqərəarası disk yırtığının çıxarılması əməliyyatından sonrakı vəziyyət (xx.xx.2008 il). Bel-oma fəqərələrinin osteoxondrozu, daimi kökcük ağrıları ilə. Hipertoniya xəstəliyi l-ll dərəcə. Asteno-nevrotik vəziyyət. Sol aşağı ətrafın funksiya pozğunluğu..; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə’çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Goranboy Rayon Mərkəzi Xəstəxanasının 19 fevral 2021-ci il tarixli 0278003AAHT1 saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Əsas diaqnoz Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5-S1 fəqərəarası disk yırtığının çıxarılması cərrahi ə/s vəziyyət (xx.xx.2008).L5-S1 fəqərəarası residiv disk yırtığı (3,5mm).L4-L5 fəqərəarası diskin arxa median sağ lateral protruziyası (3,0mm).L5 fəqərəsinin retrolistezi (3,0mm). Ağırlaşma G55.1* Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və, kələflərinin zədələnməsi.L1-S1 səviyyəsində fəqərəarası disklərin Şmorl düyünləri və protruziyaları.C6-C7 sol uncovertebral birləşməsinin artrozu. Ağırlaşma G83 Digər paralitik sindromlar, Sağ aşağı ətrafın funksiya pozğunluğu.Sağ pəncənin parezi.Yerişin pozulması.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədər stasionar müalicə yetərli deyil NeroCərahiyyə xəstəxanasında ixtisaslaşmiş müayinə və reabilitasiya müalicəsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir. Goranboy Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0278003AAJVU saylı göndərişi əsasında baxılmış və “X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G95 - Onurğa beyninin digər xəstəliyi => G95.8 - Onurğa beyninin digər dəqiqləşdirilmiş xəstəlikləri; Diaqnozun mətni: Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5-S1 fəqərəarası disk yırtığının çıxarılması cərrahi ə/s vəziyyət (xx.xx.2008).L5-S1 fəqərəarası residiv disk yırtığı (3,5mm).l_4-L5 fəqərəarası diskin arxa median sağ lateral protruziyası (3,0mm),bu səviyyədə hemilaminoektomiya deffekti.L5 fəqərəsinin retrolistezi (3,0mm). Diskogen radikulopatiya.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz təsdiqini tapmaması barədə qərar verilir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Qanunun 3.4-cü maddəsinə uyğun olaraq «Əlilliyin müəyyən olunması meyarları»na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmənin 17 yanvar 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmiş və Dövlət Sosial Müdafiə Fondu məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İPM-in 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə təqdim etmiş və iddianın «iddiaçıya İİ qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş və Dövlət Sosial Müdafiə Fondunun inzibati məhkəmə icraatında üçüncü şəxs qismində prosessual iştirakına xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil Qulamhuseyn oğlu iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.2-ci bəndinə görə şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən verilir. Qaydanın 1.5-ci bəndinə görə göndəriş verilməsi üçün əsas aşağıdakılardır: (1.5.1) şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (1.5.2) şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə»nin (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir) 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Əsasnamənin 4.2-ci bəndinə görə göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Əsasnamənin 4.22-ci bəndinə görə göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERAS-da xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. Əsasnamənin 3.1-ci bəndinə görə əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək TSEK-in vəzifələrinə aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1.6-cı bəndinə görə əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə aparılır. Qaydanın 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Qaydanın 2.9-cu bəndinə görə göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.2-ci bəndinə görə ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə «Əlilliyin müəyyən olunması meyarları» təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ləğv edilmişdir. Qərarla təsdiq edilmiş həmin Meyarların 1.2-ci bəndinə görə bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. Yuxarıda səciyyələnmiş bəndlərin təhlilinə keçməzdən əvvəl, məhkəmə bildirir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Əlilliyin təyin olunması meyarlarını tənzimləyən qanunvericilik şəxsin birinci, ikinci və ya üçüncü dərəcəli əlilliyin təyin olunması üçün xəstəliklərin əhatə dairəsini müəyyən etmiş və əlillik dərəcələrinin müddətini şərtləndirmişdir. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçı əlilliyin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət edərkən, əlilliyin qiymətləndirilməsi istiqamətində yeni Qaydalar qəbul edilməmiş, qiymətləndirmə məhz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» ilə aparılırdı. Göstərilən bu hal isə iddiaçı ilə inzibati orqan arasında hüquq münasibətlərin məhz yuxarıda adıçəkilən Qaydaların qüvvədə olduğu dövrdə yarandığının göstəricisidir ki, bu zaman iddiaçıya münasibətdə qiymətləndirmə də məhz həmin Qaydalara uyğun həyata keçirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 24 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 19 fevral 2009-cu il tarixli məlumatına əsasən Goranboy Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 19 fevral 2009-cu il tarixli forma 88 arayışına əsasən İddiaçı 19 fevral 2009-cu il tarixdən “L5-S1 fəqərəarası disk yırtığının çıxarılması əməliyyatından sonraki vəziyyəti (2008). Bel-oma fəqərələrinin osteoxondrozu, güclü kökcük ağrıları ilə. Sağ aşağı ətrafın funksiya pozğunluğu. Hipertoniya xəstəliyi İİ dərəcə. Asteno-nevrotik vəziyyət” diaqnozu ilə bir il müddətinə (19 fevral 2010-cu il tarixədək) ikinci dərəcəli əlillik təyin edilmişdir. 24 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 12 fevral 2014-cü il tarixli məlumatına əsasən Goranboy Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 12 fevral 2014-cü il tarixli forma 88 arayışına əsasən İddiaçı 12 fevral 2014-cü il tarixdən “L5-S1 fəqərəarası disk yırtığının çıxarılması əməliyyatından sonraki vəziyyəti (29 iyul 2008-ci il). Bel-oma fəqərələrinin osteoxondrozu, daimi kökcük ağrıları ilə. Hipertoniya xəstəliyi İ-İİ drəcə. Asteno-nevrotik vəziyyət. Sağ aşağı ətrafın funksiya pozğunluğu” diaqnozu ilə bir il müddətinə (12 fevral 2015-ci il tarixədək) ikinci dərəcəli əlillik təyin edilmişdir. 24 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 13 fevral 2015-ci il tarixli məlumatına əsasən Goranboy Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 16 fevral 2015-ci il tarixli forma 88 arayışına əsasən İddiaçı 16 fevral 2015-ci il tarixdən “L5-S1 fəqərəarası disk yırtığının çıxarılması əməliyyatından sonraki vəziyyəti (29 iyul 2008-ci il). Bel-oma fəqərələrinin osteoxondrozu, daimi kökcük ağrıları ilə. Hipertoniya xəstəliyi İ-İİ drəcə. Asteno-nevrotik vəziyyət. Sol aşağı ətrafın funksiya pozğunluğu” diaqnozu ilə bir il müddətinə (16 fevral 2016-ci il tarixədək) ikinci dərəcəli əlillik təyin edilmişdir. 24 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının 16 fevral 2016-ci il tarixli məlumatına əsasən Goranboy Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 16 fevral 2016-ci il tarixli forma 88 arayışına əsasən İddiaçı 16 fevral 2016-ci il tarixdən “L5-S1 fəqərəarası disk yırtığının çıxarılması əməliyyatından sonraki vəziyyəti (29 iyul 2008-ci il). Bel-oma fəqərələrinin osteoxondrozu, daimi kökcük ağrıları ilə. Hipertoniya xəstəliyi İ-İİ drəcə. Asteno-nevrotik vəziyyət. Sol aşağı ətrafın funksiya pozğunluğu” diaqnozu ilə beş il müddətinə (16 fevral 2021-ci il tarixədək) ikinci dərəcəli əlillik təyin edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının 19 fevral 2021-cı il tarixli məlumatına əsasən Goranboy Rayon Mərkəzi Xəstəxanasının 19 fevral 2021-ci il tarixli forma 88 arayışına əsasən İddiaçı müayinədən keçmiş və ona əlilliyin təyin edilməsindən imtina olunmuşdur. İmtina səbəbi kimi şəxsin əlavə müalicəyə ehtiyac olması göstərilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının 7 iyun 2021-cı il tarixli məlumatına əsasən Goranboy Rayon Mərkəzi Xəstəxanasının 7 iyun 2021-ci il tarixli forma 88 arayışına əsasən İddiaçı müayinədən keçmiş və ona əlilliyin təyin edilməsindən imtina olunmuşdur. İmtina səbəbi kimi diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. İş materiallarında olan 7 iyun 2021-ci il tarixli göndərişdən görünür ki, iddiaçının əsas diaqnozu Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonraki vəziyyət, L5-S1 fəqərəarası disk yırtığının çıxarılması cərrahi ə/s vəziyyət (xx.xx.2008). L5-S1 fəqərəarası residiv disk yırtığı (3,5 mm), L4-L5 fəqərəarası diskin arxa median sağ lateral protruziyası (3,0 mm), bu səviyyədə hemilaminoektomiya deffekti. L5 fəqərəsinin retrolistezi (3,0 mm) Diskogen radikulopatiya xəstəliklə əlaqədardır. Ağırlaşmala isə aşağıdakılardır: (R26) Hərəkətin və yerişin pozulmaları, Yerişin pozulması. (G83) Digər paralitik sindromlar, Sağ aşağı ətrafın funksiya pozğunluğu. Sağ pəncənin parezi. (M42) Onurğanın osteoxondrozu, Onurğa sütunun yayılmış osteoxondrozu boyun və bel-oma fəqərələrinin üstünlüyü ilə daima kökçük ağrıları ilə. (G45) Keçici tranzitor serebral işemik tutmalar (həmlələr) və C6-C7 sol uncovertebral birləşməsinin artrozu. Vertebrobazılyar qan dövranı çatmamazlığı. (M51.4) Şmorle düyünləri (yırtıqları), L5-S1 fəqərəarası residiv disk yırtığı (3,5 mm), L4-L5 fəqərəarası diskin arxa median sağ lateral protruziyası (3,0 mm), bu səviyyədə hemilaminoektomiya deffekti, L5 fəqərəsinin retrolistezi (3,0 mm) Diskogen radikulopatiya. Yanaşı xəstəliklər: (İ25) Ürəyin xroniki işemik xəstəliyi, ÜİX-yi: Gərginlik stenokardiyası f.s İİİ Aorta və tac damarlarının aterosklerozu. (İ15) İkincili hipertenziya, Hipertoniya xəstəliyi İİ dərəcə. (H52.4) Presbioöiya, OU-Presbiopiya +1,75D.VisOU= 0,8 k/etmir. (H10.5) Blefarokonyuktivit, OU-Xroniki blefarokonyuktivit. (Z98) Digər cərrahi müdaxilədən sonraki vəziyyət, İki tərəfli hernioplastika ə/s vəziyyət (xx.xx.2019). Məhkəmənin 22 dekabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmaqla ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin ekspertlərinə həvalə olunmuşdur: 1) 2 iyun 1973-cü il tarixdə doğulmuş İddiaçı barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdurmu? göndərişdən müalicələrin qısa müddətli olması, adıçəkilən şəxsin ətraflı müalicə olunmaması, ixtisaslaşmış müayinə, müalicənin davam etdirilməməsi halları müəyyən edilirmi? 2) 2 iyun 1973-cü il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsinin verilməsinə əsas verirmi? Bu xəstəlik və qüsürlar müalicə ilə aradan qaldırıla biləndirmi? 3) 2 iyun 1973-cü il tarixdə doğulmuş İddiaçı müayinəsi zamanı sağlamlıq vəziyyətinə görə əlavə müalicəyə ehtiyacı varmı? Məhkəmənin 22 dekabr 2022-ci il tarixli qərardadının icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin 24 fevral 2023-cü il tarixli məktubu ilə 20 fevral 2023-cü il tarixli T 70/2023 nömrəli ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Məhkəməyə daxil olmuş 20 fevral 2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı iş materiallarında əlillik vəziyyətinin TSEK tərəfindən qiymətləndirilməsi üçün Goranboy Rayon Mərkəzi Xəstəxanasında 0278003AAJVU saylı göndəriş (Forma 088-də) tam doldurulmuş və göndərişdə qeyd edilən “Z98.8-digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5-S1 fəqərəarası disk yırtığının çıxarılması cərrahi əməliyyatdan sonrakı vəziyyət (xx.xx.2008), L5-S1 fəqərəarası residiv disk yırtığı (3,5mm), L4-L5 fəqərəarası diskin arxa median sağ lateral protruziyası (3,0mm), bu səviyyədə hemilaminoektomiya defekti, L5 fəqərəsinin retrolistezi (3,0mm), diskogen radikulopatiya” diaqnoz şəxsin stasionarda ixtisaslaşmış, tam müayinə və müalicəri zamanı müəyyən edilmiş və təyin edilmiş diaqnoza uyğun düzgün müalicələr aparıldığından vəziyyəti qənaətbəxş olmuşdur. O, hazırda da qeyd edilən xəstəliklərdən əziyyət çəkir. Əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın 1-ci bəndinə görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEKin səlahiyyətlərinə aiddir; - İddiaçı düçar olduğu yuxarıda qeyd edilən xəstəliklər kəskinləşərkən vəziyyətinin ağırlığından asılı olaraq ambulator, yaxud stasionar müalicəyə cəlb edilə bilər. Məhkəmə diqqətə çəkir ki, göndərişin göndərildiyi dövrdə qüvvədə olan Əsasnamədə əsas diaqnoz kimi Z98.8 diaqnozu birbaşa öz əksini tapmasa da, ən azından onun ağırlaşması kimi G45 (keçici tranzitor serebral işemik tutmalar (həmlələr) və C6-C7 sol uncovertebral birləşməsinin artrozu. Vertebrobazılyar qan dövranı çatmamazlığı), yanaşı xəstəlik kimi isə İ25 (Ürəyin xroniki işemik xəstəliyi, ÜİX-yi: Gərginlik stenokardiyası f.s İİİ Aorta və tac damarlarının aterosklerozu) diaqnozu Əsasnamədə öz əksini birbaşa tapmışdır. Xüsusi ilə qeyd olunmalıdır ki, forma 88 arayışında əks olunan xəstəliklərin iddiaçıda olması bilavasitə son ekspert rəyindədə öz əksini tapmışdır. Bu hal isə xəstəliyin ağırlaşmasının iddiaçıda aşkar olunduğunu təsdiq edir. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, həmin dövrdə qüvvədə olan «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair» Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarları»nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin, xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil. Həmçinin qeyd edilməlidir ki, «Məhkəmə və hakimlər haqqında» Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1012/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında oxşar mövqedən yanaşılmış, ağırlaşma əsas götürülməklə əlillik təyinatı müddətsiz formada təyin edilmişdir. Həmin işdən də müəyyən edilir ki, iddiaçının əsas diaqnozu müddətli əlillik dərəcəsinə əsas versə də, ağırlaşmada olan xəstəlik isə müddətsiz əlilliyə əsas olmuş, məhkəmə də həmin halı əsas götürməklə iddiaçıya müddətsiz əlilliik dərəcəsi təyin etmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların (əsasəndə Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonraki vəziyyət, L5-S1 fəqərəarası disk yırtığının çıxarılması cərrahi ə/s vəziyyət (xx.xx.2008). L5-S1 fəqərəarası residiv disk yırtığı (3,5 mm), L4-L5 fəqərəarası diskin arxa median sağ lateral protruziyası (3,0 mm), bu səviyyədə hemilaminoektomiya deffekti. L5 fəqərəsinin retrolistezi (3,0 mm) Diskogen radikulopatiya) eyni olduğu görünür. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından xx.xx.2015-cı il tarixdə bir il müddətinə, daha sonra xx.xx.2016 -cı il tarixdə 5 il müddətinə əlillik təyin etməsinə və hal-hazırda ekspert rəyində və forma 88 arayışında qeyd olunan xəstəliyin iddiaçıda olmasına rəğmən, həmin diaqnoz əsasında 2021-ci il tarixdə təkrar əlilliyin müəyyən olunmasından imtina etmişdir. «İnzibati icraat haqqında» Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Belə olan halda, 2015-cı ildə və ondan əvvəl qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. Kassasiya instansiya məhkəməsinin eyni mövqeyi həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında oxşar mövqedən yanaşılmış, qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalı olması göstərilmişdir. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona ikinci dərəcəli əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir edir ki, iddia təmin edilərək İddiaçı İİ qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-in 23.1, 69, 81, 85-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı İİ qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar