Məhkəmə qərarları › İş №2-1(112)-4231/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4231/2020

20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4231/2020 20.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) X7, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X5rşı «imtinanın qanunsuz sayılması və iddiaçının diplom üzrə ixtisasının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «imtinanın qanunsuz sayılması və iddiaçının diplom üzrə ixtisasının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilmişdir ki, iddiaçı (İddiaçı) 2015-ci ildə Ukrayna Respublikasının Xarkov şəhərində yerləşən Milli Aerokosmik Universiteti "X10"nun bakalavr pilləsi üzrə "maliyyə və kredit" fakültəsinin 1-ci kursuna daxil olmuşdur. Həmin Universitetdə əyani təhsil üzrə müddət 4 il müəyyən edilmişdir. 2019-cu ildə ali təhsilini bitirərək, ona "maliyyə və kredit" ixtisası üzrə bakalavr dərəcəsi verilmişdir. Ona ali təhsil üzrə bakalavr dərəcəsi almağına dair 30 iyun 2019-cu il tarixdə Bİ 9 seriyalı 133489 nömrəli diplom verilmişdir. Bundan sonra iddiaçı 16 oktyabr 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə elektron qaydada müraciət edərək, xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini xahiş etmişdir. Lakin, Nazirliyin Akkreditasiya və Nostrifıkasiya İdarəsindən 14 mart 2020-ci il tarixdə onun elektron kabinetinə daxil olarkən, elektron ərizəyə imtina edilməsi barədə məlumat daxil olduğunu görmüşdür. İmtinada qeyd olunmuşdur ki, nostrifıkasiya prosedurunun tərkib hissəsi olan müsahibə zamanı Ekspert qrupu tərəfindən onun aldığı ixtisasın mənimsənilməsi üçün tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmadığı müəyyən edilmiş və bi səbəbdən, AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»mn 3.7-ci bəndinə əsasən onun aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmir. Həmin imtinanın yazılı şəkildə ona təqdim edilməsi üçün cavabdeh quruma müraciət etsə də, xüsusi karantin rejimi ilə əlaqədar müraciətlərə baxılmadığı və karantin müddəti başa çatdıqdan sonra, müraciət edilə biləcəyi bildirilmişdir. Tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olmamasına münasibətdə qeyd olunmalıdır ki, X10 beynəlxalq standartlara cavab verən təhsil verir. Bu təhsilin məzmunu diploma əlavədən də məlum olur, hansı ki, diplomla bərabər əlavəsi də Təhsil Nazirliyinə təqdim edilmişdir. Lakin Təhsil Nazirliyi qeyd olunan halları nəzərə almadan, diplom üzrə ixtisasın tanınmasından imtina etmişdir. Bu isə, onun (iddiaçının) gələcəkdə öz karyeramı qurmağına, təhsil aldığı sahədə mütəxəssis kimi formalaşmağına ciddi maneələr yaradır. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Aşağıdakılara görə hesab olunur ki, iddia əsaslıdır və təmin edilməlidir: X10 tərəfindən onun adına verilmiş 30 iyun 2019-cu il tarixli Bİ9 seriyalı 133489 nömrəli bakalavr diplomundan görünür ki, həmin Universiteti tərəfindən mənə maliyyə və kredit ixtisası üzrə bakalavr akademik dərəcəsi verilmişdir. Həmin bakalavr diplomuna ******* nömrəli əlavədən görünür ki, sənəddə onun aldığı ixtisasın səviyyəsi, nail olduğu nəticələr və sair barədə məlumatlar göstərilmişdir. Ukrayna Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş apostildən görünür ki, həmin sənəd onun adına olan 30 iyun 2019-cu il tarixli B19 seriyalı 133489 nömrəli bakalavr diplomu ilə bağlı verilmişdir. Həmin təsdiq etmə sənədindən görünür ki, onun həmin ali təhsil müəssisəsində bakalavr ümumtəhsil proqramını tam keçməyi və 2019-cu ildə adıma B19 seriyalı 133489 nömrəli bakalavr diplomu və ******* nömrəli diplom əlavəsi verilməsi faktı müəyyənləşir. Həmin diplomun və diplom əlavəsinin həqiqiliyi təsdiq olunur. Diplom dövlət tərəfindən tanınmışdır və buna əsasən onun təhsilini ali ümumtəhsil müəssisələrində ali təhsilin magistratura pilləsində davam etdirmək hüququ var. Cavabdehin dəlili bundan ibarətdir ki, onun tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmamışdır. Lakin bu xüsusat təqdim etdiyi sübutlarla tamamilə təkzib edilir. Ona X10 tərəfindən verilmiş diplom Ukrayna Respublikası tərəfindən tanınmış, həmin dövlətin Elm və Təhsil Nazirliyi tərəfindən bu barədə apostil verilmişdir. Tədris dilini bilmə səviyyəsinin qənaətbəxş olması və tədris müddətində keçirilmiş dərsləri mənimsəməyi X10 tərəfindən verilmiş diplom və diplom əlavəsi ilə təsdiq edildiyi halda, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi bunu iddia etməkdə haqlı olmamışdır. Bununla yanaşı, cavabdehin ekvivalentlik haqqında şəhadətnamənin verilməsindən imtina etməsi üçün səbəb ola bilən mənfi rəy yalnız «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.7-ci bəndində sadalanan hallarda verilə bilər. Cavabdehin istinad etdiyi hal isə həmin bənddə nəzərdə tutulmamışdır. Göstərilənlərə və «İnzibati icraat haqqında» AR Qanununun 67-ci maddəsinə, İPM-in 70-ci maddəsinə, «Təhsil haqqında» AR Qanununun 1.0.7, 1.0.8, 1.0.9, 10.5, 13.1-ci maddələrinə, «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.28-ci bəndinə, AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nm 1.2, 1.6, 3.6, 3.7-ci bəndlərinə, AR Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın müddəalarına əsaslanaraq, AR Təhsil Nazirliyinin imtinasının qanunsuz sayılması və iddiaçının diplom üzrə ixtisasının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli 907 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”nin Nizamnaməsinin 1.1-ci bəndinə görə Təhsildə Keyfiyyət Təminatı Agentliyi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. AR Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın V bölməsində qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan kimi müəyyən edilmişdir. Məhkəmənin iş üzrə 31 avqust 2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. Cavabdehin nümayəndəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilmişdir: - İddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh müraciətə baxaraq, ona müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. İddiaçının sənədləri araşdırılarkən, onun ixtisasının AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. Qaydalarının 3.2-ci bəndinə əsasən ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada həyata keçirilir: 1) Ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; 2) Xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi. Həmin Qaydaların 2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiya təsdiq edilmişdir. Sözügedən Qaydaları, “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın İİİ. 1.2 maddəsini (Ərizənin baxılması zamanı hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir), Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş “Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr’ln V hissəsini (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 26 və 37-ci paraqraflarına əsasən iddiaçının aldığı ixtisasın Azərbaycan Respublikasının təhsil sahəsində dövlət standartlarına cavab vermədiyini müəyyən edilmişdir. “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”nın müddəalarına əsasən tanınmanı həyata keçirən orqan ərizəçinin spesifik fənn barədə ətraflı biliklərini, spesfik fənn üzrə araşdırma nəticələrini dərketməsini, problemi analizetmə və həll etmə qabiliyyətini, mürəkkəb məsələlər üzrə müxtəlif qruplarla şifahi və ya yazılı formada effektiv şəkildə ünsiyyət qurma qabiliyyətini, araşdırma aparma qabiliyyətini, ixtisası üzrə araşdırma nəticələrini tətbiq etmə qabiliyyətini və s. müəyyən etmək səlahiyyətinə malikdir. İddiaçının tədris dilini tam səviyyədə bilməməsi onun aldığı ixtisasın mənimsənilməsini şübhə altına alır. AR Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi»nin 2.1.48-ci bəndinə görə təlimin nəticələri – təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir, 2.1.49-cu bəndinə görəı isə təlimin nəticələrinin qiymətləndirilməsi – müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. Bu baxımdan da, iddiaçının aldığı ixtisasın Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsinə uyğun deyildir. Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsi dedikdə “bakalavr diplomu; əsas (baza ali) tibb təhsili diplomu; orta ixtisas təhsili (və ya tam orta təhsil) bazasında təcrübə əsasında əldə edilmiş nəticələr barədə sertifikat; bakalavrdan sonra təcrübə” nəzərdə tutulur. Göstərilənlərə və «Təhsil haqqında» AR Qanununun 1.0.43, 11.1-ci maddələrinin tələblərindən belə məlum olur ki, təhsilin məzmunu hər hansı bir təhsil müəssisəsində həyata keçirilən təlim prosesinin sonunda təlim alanın əldə etməli olduğu biliklərə, bacarıqlara, vərdişlərə və formalaşdırılması nəzərdə tutulan şəxsi keyfiyyətlərə qoyulan tələblərə müəyyən edilən bir anlayışdır. Göstərilənlərə və «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.6, 3.7-ci bəndlərinə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X9 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasıı xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Təhsil haqqında» AR Qanununun 1.0.7-ci maddəsinə görə bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Həmin Qanunun 13.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir: (maddə 13.1.1) əyani, (maddə 13.1.2) qiyabi, (maddə 13.1.3) distant (məsafədən), (maddə 13.1.4) sərbəst (eksternat). AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. AR Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi»nin müddəalarına görə: - (1.1-ci bənd) Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi (AzMKÇ) milli kvalifikasiyaların sistemləşdirilməsi üçün bir vasitə olmaqla bütün təhsilalanlar, təhsilverənlər və işəgötürənlər üçün hazırlanmışdır və milli kvalifikasiyaların beynəlxalq kvalifikasiyalarla uyğunluğuna xidmət edir; - (1.2-ci bənd) AzMKÇ konseptual baxımdan Avropa Ali Təhsil X2 (AATMKÇ) və Ömürboyu təhsil üzrə X3 (ÖTAKÇ) meyarlarına uyğun hazırlanmışdır; - (1.3-cü bənd) AzMKÇ-nin hazırlanmasında aşağıdakı prinsiplər əsas götürülmüşdür: (1.3.1) AzMKÇ-yə daxil edilmiş kvalifikasiyalar «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş təhsil pillələri və səviyyələrinə uyğun müəyyənləşdirilmişdir, (1.3.2) kvalifikasiyalar təhsilalanlardan tələb olunan təlim nəticələrinin minimum səviyyəsini əks etdirməklə təsvir edilir, (1.3.3) kvalifikasiyalar əmək bazarının tələblərinə və peşə standartlarına uyğun müəyyən edilir, (1.3.4) ali və orta ixtisas təhsili üzrə kvalifikasiyalar Avropa Kredit Transferi və Toplanması Sisteminə (AKTTS) uyğun olan kreditlərlə uzlaşdırılır, (1.3.5) bütün kvalifikasiyalar bilik, bacarıq və müstəqillik/məsuliyyət baxımından təsvir edilir və AzMKÇ-nin səviyyələri ilə əlaqələndirilir, (1.3.6) bütün kvalifikasiyaların keyfiyyəti təmin olunur və keyfiyyətin təmin edilməsi bütün müvafiq prosesləri - gözlənilən təlim nəticələrinin təsvirini, hər bir şəxsin təlim nailiyyətlərinin qiymətləndirilməsini və təsdiq olunmasını özündə ehtiva edir, (1.3.7) kvalifikasiyaları verən təhsil müəssisələrində (qurumlarda) təhsilin keyfiyyətinin təmin olunması “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Fəlsəfə doktoru və elmlər doktoru üzrə kvalifikasiyaları verən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən təhsilin və elmi tədqiqatların keyfiyyətinin təmin olunması Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə» ilə tənzimlənir, (1.3.8) AzMKÇnin tərkib hissəsi olan hər bir kvalifikasiya Milli Kvalifikasiyalar Reyestrində (MKR) qeydə alınır, onun milli və beynəlxalq səviyyədə tanınması təmin edilir, (1.3.9) MKR-in daim yeniləşdirilməsi və internet səhifəsində yerləşdirilməsi təmin edilir; - (1.4-cü bənd) AzMKÇ ömürboyu təhsilin tanınması məqsədi ilə hazırlanmışdır və bura ali təhsil üzrə kvalifikasiyalar da daxildir (1.4.1); - (1.5-ci bənd) Kvalifikasiyalar «Təhsil haqqında» AR Qanununa uyğun olaraq formal, qeyri-formal və informal təhsil nəticəsində əldə olunur. - (2.1-сi bənd) təlimin nəticələri – təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir, təlimin nəticələrinin qiymətləndirilməsi – müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmənin mövqeyinə görə İddiaçı Ukraynanın təhsil müəssisəsi olan Milli Aerokosmik Universitetinin X8 normativi üzrə orada təhsil almaq üçün tədris dilini qənaətbəxş səviyyədə mənimsəmədiyindən (bunu təkzib edən sübut yoxdur), Azərbaycan Respublikası Təhsil Nazirliyi tədris dilini bilməməsi qənaəti ilə iddiaçının adıçəkilən təhsil müəssisəsinin ona verdiyi B19 seriyalı 133489 nömrəli bakalavr dərəcəsi ilə diplom üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlı olmuşdur və həmin imtina qanuna zidd sayıla bilməz. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Təhsildə X5rşı «imtinanın qanunsuz sayılması və iddiaçının diplom üzrə ixtisasının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Təhsildə X5rşı «imtinanın qanunsuz sayılması və iddiaçının diplom üzrə ixtisasının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar