Məhkəmə qərarları › İş №2-1(112)-4233/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4233/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4233/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmaqla, buna dair müvafiq çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin sağ kənarı ünvanında yerləşən, ümumi sahəsi 0.12 ha olan torpaq sahəsinə dair onun mlükiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə iddiaçının adına dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin sağ kənarı ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan RX ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən X4 tam mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsinə dair İddiaçı ilə 23 iyun 2018-ci il tarixində 2 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat kontorunun xüsusi notarisu X1 iştirakı ilə AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı əmlakın dəyərinin ödənilməsi, X5 isə mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin sağ kənarı ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsini alıcının mülkiyyətinə verilməsini öhdəsinə götürmüşdür. 23 iyun 2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin sağ kənarı ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinə dair İddiaçı məxsus hüquqların dövlət qeydiyyatına alınması və müvafiq çıxarış verilməsini ilə bağlı inzibati orqana müraciət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən **********52 nömrəli məktubla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin sağ kənarı ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsinə çıxarış verilməsindən imtina olunmuşdur. İmtina məktubu poçt vasitəsilə 03 fevral 2021-ci il tarixində iddiaçıya təhvil verilmişdir. Buna əsasən də, bildirirlər ki, iddia verilməsi üçün İPM- də qeyd olunan 30 günlük müddət ötürülməmişdir. Artıq 3 ilə yaxındır ki, sözügedən əmlaka dair iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması qeyri-mümkün olmuşdur. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə münasibət (etiraz) təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə 05.10.2018-ci il və 15.12.2020-ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılmış çöl ölçmə işləri zamanı məlum olmuşdur ki, torpaq sahəsi Badamdar şossesinin kənarında şam ağacları olan ərazidə yerləşir və sərhədləri şərtidir. Bununla bağlı, iddiaçıya **********36 saylı və **********52 saylı məktublar ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin sağ kənarında yerləşən 0.12 ha ölçüdə, fərdi yaşayış təyinatlı torpaq sahəsi, X2 xüsusi mülkiyyətində olmuşdur. Onun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində ********* qeydiyyat nömrəsi ilə, 28.11.2014-cü il tarixdə qeydiyyata alınmışdır. İşdə olan AN-İ seriyalı, 070869 nömrəli, 23.06.2018-ci il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”nin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin sağ kənarı ünvanında yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsi X5 tərəfindən İddiaçı satılmışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 28.01.2019-cu il tarixli, **********82 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımasına dair ərizəsinə cavabdeh tərəfindən baxılaraq bildirilmişdir ki, sözügedən ünvanda yerləşən torpaq sahəsi ilə bağlı 23.10.2018-ci il tarixli, **********36 nömrəli məktubla cavab verilmiş və həmin cavab məktubunda qeyd olunan iradlar aradan qaldırılmamışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 23.10.2018-ci il tarixli, **********36 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımasına dair ərizəsinə cavabdeh tərəfindən baxılaraq bildirilmişdir ki, aparılmış çöl ölçmə işləri zamanı məlum olmuşdur ki, torpaq sahəsi Badadmar şossesinin kənarında şam ağacları olan ərazidə yerləşir və sərhədləri şərtidir. Məhkəmə cavabdehin imtinasını aşağıda göstərilən səbəblərdən əsaslı hesab etməyərək ilk öncə qeyd edir ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar əsəbəsinin sağ kənarında yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinə sözügedən torpaq sahəsinin alğısatqısına dair müqaviləni əlavə etməklə inzibati orqana təqdim etmişdir ki, həmin müqavilə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən iddiaçının qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsasdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istiadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərində tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerqurluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Hazırki iş üzrə də, AN-İ seriyalı, ******* nömrəli, 23.06.2018-ci il tarixli “Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsi” yuxarıda qeyd edilən Qanunun 8.0.3-cü maddəsində göstərilən aktlardan biri hesab edildiyindən, cavabdeh inzibati orqanın hərəkətsizliyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci və 15-ci maddələrinin tələblərinə cavab vermədiyindən əsassız hesab edilir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15,1 2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1,3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1 4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyicı sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cu maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Halbuki, məhkəmə araşdırması zamanı göstərilən halların heç biri hazırki iş üzrə müəyyən edilməmiş, imtinaya əsas olan hallar əsaslandırılmamışdır. «İnzibati icraat haqqında» Qanunun 20.2-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin qanunun 32.2-ci maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. 32.2-1. İnzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Məhkəmə eləcə də, cavabdehin imtinasında və etirazında göstərdiyi dəlillərə münasibətdə qeyd edir ki, iddiaçı sözügedən torpaq sahəsini notarial qaydada təsdiq edilmiş alğı-satqı müaviləsi əsasında almamışdan öncə, artıq həmin torpaq sahəsinə dair əvvəlki mülkiyyətçinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarış verildiyindən, iddiaçıya münasibətdə torpaq sahəsinin Badamdar şossesinin kənarında şam ağacları olan ərazidə yerləşməsi və sərhədlərin şərti olması dəlilləri əsas kimi göstərilərək, çıxarışın verilməsindən imtina edilməsi formal xarakterlidir. Həmin arqumentlər imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnamənin 9.23-9.25-ci bəndlərindən görünür ki, üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış evi, bağ evləri və müəsisələlr olan sahələrin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) bu sahənin planının və ölçüsünün çəkilməsini təmin etmək, bağ evlərin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsində, torpaq sahələrinin planının və ölçüsünün çəkilməsini təmin etmək Xidmətin vəzifələridir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilməsi Qaydalarının 1-ci hissəsinin 2-ci bəndindən görünür ki, Bu Qaydalar Xidmətin ərazi idarələri (bundan sonra “ərazi idarələri” adlanacaq) tərəfindən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışlar üçün tələb olunan sənədlərin qəbulu, dövriyyəsi, ekspertizası və verilməsinə dair proseduraları tənzimləyir. Qaydaların 2-ci hissəsinin 1-ci bəndindən isə görünür ki, daşınmaz əmlak üzərində texniki sənədlərin tərtib edilməsi və dövlət reyestrindən arayışların verilməsi üçün ərizəçilər Xidmətin ərazi idarələrinə, bu Qaydaların 1 nömrəli əlavəsində göstərilən müvafiq ərizə forması ilə birlikdə bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən və həmin ərizənin məzmununa uyğun olan sənədləri təqdim etməlidirlər. Qaydaların 1 nömrəli Əlavəsindən isə göründüyü kimi ərizəyə daşınmaz əmlak üzərində hüquqları təsdiq edən alqı-satqı müqaviləsi, reyestrdən çıxarış, torpaq sahəsinin plan-sxemi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilir. Qaydaların 3-cü hissəsinin 13-24-cü bəndlərinin və 4-cü hissəsinin 27-31 bəndlərinin məzmunundan görünür ki, daşınmaz əmlak üzərində hüquqların ilkin qeydiyyatım aparan Xidmətin ərazi idarələri daşınmaz əmlakın qeydiyyata alınmasına dair çıxarışla yanaşı, həmin əmlaka texniki sənədləri, o cümlədən, daşınmaz əmlakın plan və ölçüsünü də (texniki paspartunu) də hazırlayıb ərizəçiyə verməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçımn üzərinə düşür. Lakin inzibati orqan iddiaçımn arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məcəllənin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi inzibati aktın qəbulundan İmtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati akt qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsinin sağ kənarı ünvanında yerləşən 0.12 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar