Məhkəmə qərarları › İş №2-1(112)-4233/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4233/2022

23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4233/2022 23.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X13 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı 3-cü şəxs X11 işə cəlb edilməklə yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qarşı Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137 saylı evin, 95 saylı mənzilindən X4 pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137 saylı evin, 95 saylı mənzilin mülkiyyətçisidir. Oğlu X2 Sara Orucəli qızı ilə 22 may 2017-ci il tarixdə nikaha daxil olmuşlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(007)-1177/2021 saylı qətnaməsi ilə X4 nikahın popzulamsına dair iddia ərizəsi təmin edilmişdir. X4 oğlu ilə nikahları az müddət davam etmişdir ki, o, uzun müddətdir atasının mülkiyyətində olan evdə yaşayır. Mülkiyyətində olan mənzildə cavabdeh X4 pasport qediyyatında olması onun mülkiyyət hüququndan sərbəst və müstəqil qərar qəbul etməsinə maneəçilik yaradır. Çünki, mülkiyyətində olan mənzilində yaşamır və istifadə etmir. Sara Namazovaya yaşadığı yer üzrə qeydiyyata alınmasını bildirsə də, o, onun tələblərinə əməl etmir. Mülkiyyətində olan mənzildə 2019-cu ilin mart ayından yaşayış yoxdur. Mənzilində yaşayış olmamasını qonşular tərəfindən tərtib edilmiş AKT-da və Bakı şəhər İcra Hakimiyyətinin 12 saylı Mənzil Kommunal İstismar Sahəsinin 01 noyabr 2021-ci il tarixli, 2064 saylı arayışında göstərilmişdir. Cavabdeh X4 mülkiyyətində olan mənzildə yaşamasına dair sübutlar təqdim edərək, pasport qeydiyyatından çıxarılması barədə ərizə ilə müraciət etmişdir. Lakin, ərizəsinə cavab təqdim edilməmişdir. Bakı İnzibat Məhkəməsinin 2-1(112)-4233/2022 saylı, 10 fevral 2022-ci il tarixli qərardadı ilə X11 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İşdə iştirak edən şəxslərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və 3-cü şəxs məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 16.11.2021-ci il tarixli, 087-31434M-3221 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, şəxs yaşayış yeri üzrə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş hallarda qeydiyyatdan çıxarılır. Qeyd olunanları nəzərə alaraq, X4 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət etməsi tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1177/2021 saylı, 31.03.2021ci il tarixli qətnaməsinə əsasən X15 ilə X11 arasında 23 may 2017-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 60 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, 15 iyul 2018-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək anası X4 himayəsində saxlanılması, 15 iyul 2018-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatanadək saxlanması üçün X7 14 yanvar 2021-ci il tarixdən hesablanmaqla hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul miqdarında alimentin tutularaq X8 verilməsi, 15 iyul 2018-ci il tarixdə anadan olmuş X14 üç yaşına çatanadək 14 yanvar 2021-ci il tarixdən hesablanmaqla X7 hər ay 50 (əlli) manat sabit pul miqdarında alimentin tutularaq X8 ödənilməsi qət edilmişdir. İşdə olan Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 392806 nömrəli, 29.07.2021-ci il tarixli “Nikahın pozulması haqqında” şəhadətnamədən görünür ki, X15 ilə X11 arasındakı nikah Nizami Rayon Məhkəməsinin 31.03.3021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 31.05.2021-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 29.07.2021-ci il tarixdə, 200 nömrə ilə qeyd edilmişdir. İşdə olan 12 saylı Mənzil Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş 2064 saylı, 01.11.2021-ci il tarixli arayışın surətindən görünür ki, ünvan 2 ünvanında 2019-cu ilin mart ayından bugünə qədər heç kim yaşamamışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Nizami rayon Polis İdarəsi tərəfindən 01.02.2022-ci il tarixli, 087-2928-1222 nömrəli məktubla verilmiş cavabdan görünür ki, X11 ünvan 2 ünvanına 17.01.2018-ci il tarixdə 5 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən qeydiyyata alındığından onun barəsində hər-hansi bir məlumatın verilməsi imkan xaricindədir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin hallarından müəyyən edilir ki, iş üzrə qeydiyyatdan çıxarılması tələb olunan 3-cü şəxs İddiaçı gəlini olmaqla, oğlu, X18 ilə rəsmi nikahda olmuşlar. Onlar arasında olan rəsmi nikaha Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31.03.2021-ci il tarixli qətnaməsi əsasında 31.05.2021-ci il tarixdə xitam verilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sözügedən qətnaməsi əsasında eyni zamanda, X11 ilə X9 birgə nikahlarından olan 15.07.2018ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün anası X4 yanında qalması qət edilmişdir. Məhkəmə hesab edir ki, X4 qeyd olunan mənzilin mülkiyyətçisi olan İddiaçı ailə üzvü, eləcə də, ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də, ola bilməz. X4 bu istəyi keçmiş qaynatası İddiaçı bilavasitə razılığı ilə ola bilərdi ki, iş materialları ilə də, belə bir razılığın olması müəyyən edilmir. X4 qeyd olunan mənzildə faktiki yaşaması, yaxud qeydiyyatda olması belə, onun həmin mənzilə hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə 3-cü şəxs X4 mübahisəli mənzilə dair hər hansı bir subyektiv hüququnun olmaması (mülkiyyət, istifadə və icarə) müəyyən edildiyindən, bununla da, onun mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatda qalmasının qanuni əsaslarının olması məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” X3 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinin müddəalarına əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər Göründüyü kimi, hazırki iş üzrə X4 mübahisəli ünvandan yaşayış yeri üzrə pasport qeydiyyatından çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində sadalanan müddəalarda göstərilən əsaslar mövcuddur. Lakin, inzibati orqan tərəfindən iddiaçının müraciəti zamanı aparılan inzibati icraat zamanı işin yuxarıda sadalanan halları nəzərə alınmamış, “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrində göstərilən tələblər yerinə yetirilməmiş, iş üzrə əhəmiyyət kəsb edən sübutlar iddiaçıdan tələb edilməmiş, beləliklə də, aparılmış inzibati icraat zamanı inzibati orqan tərəfindən işin faktiki və hüquqi hallarına düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız sayılmaqla, hazırki iddia tələbi təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsinin tələblərinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X10 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. 23.09.1990-cı il təvəllüdlü X4 ünvan 2 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar