Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4234/2020 29.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə, iddiaçı – İddiaçı (yaşayış yeri: Sumqayıt şəhəri, MİK-18, ev 19B, mənzil 62) cavabdeh – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov prospekti, 43) qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçı (İddiaçı) 1 aprel 1958-ci il tarixdə Şamaxı rayonunun Təklə kəndində doğulmuşdur. O, 1975-ci ildə orta məktəbi bitirmiş, 16 oktyabr 1975-ci il tarixdən 8 iyul 1976-cı il tarixədək Şamaxı rayonunun “Günəşli” Üzümçülük Sovxozunda fəhlə işləmiş, 1976 – 1981-ci illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda əyani təhsil almışdır. Ehtiyatda olan zabitdir. Tələbəlik illərində 1 noyabr 1978ci il tarixdən 31 dekabr 1978-ci il tarixədək və 1 oktyabr 1979-cu il tarixdən 1 yanvar 1981ci il tarixədək, yəni 1 il 5 ay müddət ərzində müvafiq müqavilələr üzrə “Yüksək molekullu birləşmələrin texnologiyası” kafedrasında yarımştat laborant işləmişdir. 1981-ci ildə həmin İnstitutu bitirdikdən sonra təyinatla Sumqayıt Superfosfat Zavoduna göndərilmişdir. Adıçəkilən müəssisənin Kontakt sulfat turşusu № 2 sexində 12 avqust 1981-ci il tarixdən növbə rəisi, 16 may 1984-cü il tarixdən 2 yanvar 1990-cı il tarixədək texnologiya üzrə rəis müavini vəzifələrində işləmişdir. 31 dekabr 1989-cu il tarixdə Azərbaycan Neft və Kimya İnstitutunda aspiranturaya qəbul olmuş və 3 ildən sonra 31 dekabr 1992-ci il tarixdə aspiranturanı bitirmişdir. 1 yanvar 1993-cü il tarixdən 1 sentyabr 1995-ci il tarixədək – 2 il 8 ay Azərbaycan Dövlət Neft Akademiyasının “Kimya texnologiyasının mühəndis əsasları” kafedrasının problem laboratoriyasında kiçik elmi işçi, 1 sentyabr 1995-ci il tarixdən 23 oktyabr 2003-cü il tarixədək – 8 il 4 ay yarımştat kiçik elmi işçi, 1 sentyabr 1995-ci il tarixdən 7 iyun 1999-cu il tarixədək – 3 il 10 ay Azərbaycan Dövlət Neft Akademiyasının “Kimya texnologiyasının mühəndis əsasları” kafedrasında assistent, 7 iyun 1999-cu il tarixdən 11 dekabr 2006-cı il tarixədək – 7 il 6 ay həmin kafedrada baş müəllim, 11 dekabr 2006-cı il tarixdən 5 dekabr 2011-ci il tarixədək – 5 il dosent işləmişdir. 5 dekabr 2011-ci il tarixdən hal-hazıradək – 9 il sözügedən Akademiyada magistratura bölməsində dekan müavini işləyirir. Beləliklə, o, 16 oktyabr 1975-ci il tarixdən rəsmi olaraq əmək fəaliyyətinə başlamış və fasiləsiz olaraq bu vaxtadək 45 ildən çox əmək stajına malikdir və həmin əmək stajının 15 ildən çox hissəsini əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmışdır. Bu hal yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısı ilə öz təsdiqini tapır. Qanunla əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və sənədlərə onların əmək pensiyasını təyin edən orqan tərəfindən baxılmaqla təyinat aparılır. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı ilin yanvar ayının 1-dək olan dövlə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda, sənədlərə onların əmək pensiyasını təyin edən orqanda baxılır. 1981 – 1990-cı illərdə təyinat üzrə Zavodda zərərli iş şəraitində fəaliyyət göstərmiş, Universitetdə işlədiyi müddətdə həm tədris laboratoriyasında, həm də elmi tədqiqat laboratoriyasında bir sıra insan orqanizmi üçün təhlükəli olan zərərli maddələrlə işləmişdir. Məlum olduğu kimi, mövcud qanunvericiliyin tələbinə əsasən, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarının Xİİİ bölməsinin 1080A010 bəndinə görə qanunvericiliyin “Güzəştli təqaüdlər” maddəsinə əsasən ona güzəştli təqaüd düşür. Onun güzəştli şərtlərlə əmək pensiyası ilə bağlı müraciətinə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən imtina cavabı verilmişdir. Məktubda aşağıdakılar qeyd olunmuşdur: təqdim edilmiş sənədlərdən göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Hesab olunur ki, cavabdehin imtinası əsassız və qanunsuz olmaqla onun konstitusion hüquqlarını pozur. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt şəhər ASAN Xidmət Mərkəzi tərəfindən daxil olmuş ərizəyə əsasən bildiririk ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Fiziki və hüquqi şəxslərə mənsub mülki hüquqlardan istifadə etməməsi qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, bu hüquqların xitamına səbəb olmur. “«Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci il tarixdən, qalan maddələri isə 1 avqust 1998-ci il tarixdən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 1 yanvar 2006-cı il tarixədək mövcud olmalıdır. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 23 entyabr 1992-ci il tarixli Qanununun 67-ci maddəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanunununmülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən . . . g) ali, orta, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktornturada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini müdafiə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Göründüyü kimi, onun (iddiaçının) hərbi xidmət dövrü və təhsil dövrü də nəzərə alınmaqla 1 yanvar 2006-cı il tarixədək 25 ildən artıq, yəni 45 il 6 ay 13 gün ümumi iş stajının və həmçinin əmək şəraiti xüsusilə zərərli işlərdə 15 il 9 ay 20 gün çalışdığına görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1, 9.8-ci maddələrinə, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, İPM-in 2, 13, 33, 45, 56, 69, 73-cü maddələrinə əsaslanaraq, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinasının qanunsuz sayılması, ona (iddiaçıya) 2015-ci ilin aprel ayından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsinin məhkəməyə iddia ilə bağlı təqdim olunmuş yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilmişdir: - İddiaçı iddia ərizəsində göstərdiyi xüsusatların təsdiq edilməsi məqsədilə sübut qismində əmək kitabçasını, Azərbaycan Respublikası Dövlət Neft və Sənaye Universiteti tərəfindən tərtib edilmiş 7 oktyabr 2013-cü il, 23 yanvar 2020-ci il tarixli və üzərində tərtib edilmə tarixi göstərilməyən arayışları və Sumqayıt "xxxx" ASC tərəfindən tərtib edilmiş 3 oktyabr 2013-cü il tarixli arayışları təqdim etmişdir. İddia qanunsuz və əsassız hesab edilir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının “a” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər – 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdir. Həmin Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasından və Sumqayıt "xxxx" Zavodunun 3 oktyabr 2013-cü il tarixli arayışından göründüyü kimi, iddiaçı qeyd edilən müəssisədə 12 avqust 1981-ci il tarixdən 2 yanvar 1990-cı il tarixədək (8 il 4 ay 20 gün) ərzində işləmişdir. Onun işlədiyi müəssisədəki peşələr əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın Vİİİ “Kimya istehsalı” bölməsində nəzərdə tutulsa da, onun işlədiyi müddət qanunvericiliklə nəzərdə tutulmuş 10 il güzəştli peşədə işləmə müddətindən azdır. İddiaçının əmək kitabçası və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən tərtib edilmiş 7 oktyabr 2013-cü il, 23 yanvar 2020-ci il tarixli və üzərində tərtib olunma tarixi göstərilməyən arayışlardan göründüyü kimi, iddiaçı 1990 – 1999-cu illərdə həmin tədris müəssisəsində laborant, aspirant, kiçik elmi işçi, assisent, baş müəllim vəzifələrində işləmişdir. Qeyd edilən peşələrin heç biri sözügedən Siyahıda qeyd edilməmişdir. Siyahıda kimya sahəsi ilə bağlı peşələrə ancaq kimya istehsalı sahəndə olan peşələr aid edilmişdir. İddiaçının 1990 – 1999-cu illərdə işlədiyi Azərbaycan Respublikası Dövlət Neft və Sənaye Universiteti isə, tədris müəssisəsidir və kimya istehsalı ilə məşğul olmur. Bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin bəzi qərarlarında da qeyd olunmuşdur. Göstərilənlərə əsaslanraq, İddiaçı iddiasının rədd olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və onun nümayəndəsi (vəkili) gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan ASAN-Sumqayıt tərəfindən 11 noyabr 2013-cü il tarixdə AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxx 1958-ci il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Sumqayıt şəhəri, MİK-18, ev 19B, mənzil 32-dir. İş materiallarından görünür ki, İddiaçı müvafiq təsərrüfat müqavilələri əsasında 1 noyabr 1978-ci il tarixdən 31 dekabr 1978-ci il tarixədək və 1 oktyabr 1979-cu il tarixdən 1 yanvar 1981-ci il tarixədək (1 il 5 ay) Azərbaycan Neft və Kimya İnstitutunda “Yüksək molekullu birləşmələrin texnologiyası” kafedrasında yarımştat laborant, 12 avqust 1981-ci il tarixdən 16 may 1984-cü il tarixədək Sumqayıt Superfosfat Zavodunda “Kontank sulfat turşusu” №2 sexində növbə rəisi. 16 may 1984-cü il tarixdən 2 yanvar 1990-cı il tarixədək (8 il 4 ay 20 gün) həmin sexdə texnologiya üzrə rəis müavini, 1 yanvar 1993-cü il tarixdən 1 sentyabr 1995-ci il tarixədək (2 il 8 ay) Azərbaycan Dövlət Neft Akademiyasında “Kimya texnologiyasının mühəndis əsasları” kafedrasında kiçik elmi işçi, 1 sentyabr 1995-ci il tarixdən 23 oktyabr 2003-cü il tarxədək yarımştat kiçik elmi işçi, 1 sentyabr 1995-ci il tarixdən 7 iyun 1999-cu il tarixədək həmin kafedrada assissent işləmişdir. İş materiallarında olan DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin İddiaçı oğuna ünvanlanmış 18 fevral 2020-ci il tarixli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sumqayıt şəhər “ASAN Xidmət” mərkəzi tərəfindən daxil olmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə baxılaraq bildirilir ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, Sizin (ərizəçinin) güzəştli iş stajınız 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxxx 1958-ci il tarixdə doğulmuşdur. O, «Əmək pensiyaları haqqqında» AR Qanununun 9.1, 9.8-ci maddələrinə və əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə istinad edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir (müvafiq sənədləri təqdim etməklə). Lakin cavabdeh orqan onun güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının 12 il 6 aydan az olduğunu əsas gətərək məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Cavabdeh inzibati orqan iddiaçının mövqeyi ilə razılaşmamış və onun 1978- 1981-ci illərdə 1 il 5 ay Azərbaycan Neft və Kimya İnstitutunda “Yüksək molekullu birləşmələrin texnologiyası” kafedrasında yarımştat laborant, 1993 – 1995-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında “Kimya texnologiyasının mühəndis əsasları” kafedrasında kiçik elmi işçi və 1995 – 2003-cü illərdə həmin kafedrada yarımştat kiçik elmi işçi vəzifələrində işlədiyi müddəti onun güzəştli şərtlərlə pensiya hüququ verən işlərdəki iş müddəti kimi nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «İnzibati icraat haqqında» AR Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Məhkəmə qeyd edir ki, AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda “Vİİİ. Kimya istehsalatı” bölməsində kimya müəssisələrində və neft kimya sənayesi sahələrində çalışan fəhlələr, rəhbərlər və mütəxəssislər nəzərdə tutulmuşdur. Həmin siyahıda ali təhsil müəssisəsinin hər hansı kafedrasının nəinki yarımştat, hətta tam ştatla çalışan elmi işçisi və ya laborantı nəzərdə tutulmamışdır. Belə olan halda, İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə 12 il 6 aydan artıq iş stajına malik olmadığından, onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası qanuna zidd sayıla bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «cavabdehin imtinasının qanunsuz sayılması, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4234/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4234/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver