Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4235/2020 09.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlu tərəflərin iştirakı olmadan iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, ev 45, mənzil 35) cavabdeh – Bakı şəhəri Cavabdehnə (yerləşdiyi yer: Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 65a) qarşı «iddiaçının şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Nizami RİH) qarşı «iddiaçının şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, mənzil növbəsinə qəbul olunması ilə bağlı cavabdeh Nizami RİH-ə müraciət etmişdir. Cavabdehin 19 mart 2020-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 7.8-ci bəndinə əsasən şəhid ailələri daimi qeydiyyatda olan hər bir ailə üzvünə – 6 kv.m və daha az yaşayış sahəsi düşdükdə mənzil növbəsinə dayanmaq hüququ əldə edirlər. 7 nəfər ailə tərkibi ilə (özü, oğlu, qızı, kürəkəni, 3 nəvəsi) daimi qeydiyyatda olduqları şəxsi mülkiyyət hüququ ilə onlara məxsus 3 otaqlı mənzilin yaşayış sahəsi (44,8 kv.m) müəyyən edilmiş uçot normasından artıq olduğundan və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2702 saylı bağ sahəsi 25 noyabr 2014-cü il tarixdən ailəyə məxsus olduğundan, mənzil növbəsinə götürülmə üçün hüquqi əsas yoxdur. Cavabdeh Nizami RİH-in imtinası əsassız və qanunsuz sayılaraq, üzərinə onun (iddiaçının) mənzil növbəsinə götürülmə öhdəliyi qoyulmalıdır. Belə ki, onun əri X3 26 yanvar 1992-ci il tarixdə erməni işğalçılarına qarşı gedən döyüşdə – “Daşaltı” əməliyyatında qəhrəmancasına şəhid olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Bundan əlavə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə əsasən bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (maddə 53.1.1) və müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənəd təqdim edildikdə (maddə 53.1.2) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya yol verilir. Məcəllədə nəzərdə tutulan bütün sənədlər RİH-ə təqdim olunsa da, nəzərə alınmamış və qanunvericiliyin bu tələbi də pozulmuşdur. Bundan başqa, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 7.8-ci bəndində şəhid ailələri üçün hər hansı bir norma müəyyən edilməmişdir. Şərh olunanlara əsasən cavabdeh Nizami RİH-in istinad etdiyi dəlillər Azərbaycan Respublikası Mənzil Məcəlləsinə zidd olduğundan, onun (iddiaçının) mənzil növbəsinə götürülməsindən imtinaya səbəb ola bilməz. Göstərilənlərə və İPM-in 8, 70-ci maddələrini rəhbər tutaraq, onun (iddiaçının) şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi öhdəliyinin cavabdeh Nizami RİH-in üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Nizami RİH-in məhkəməyə iddia ilə bağlı təqdim olunmuş 4 iyun 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın 7.8-ci bəndinə əsasən şəhid ailələri daimi qeydiyyatda olan hər ailə üzvünə 6 kv.m və daha az yaşayış sahəsi düşdükdə mənzil növbəsinə dayanmaq hüququ əldə edirlər. 7 nəfər ailə tərkibi ilə (özü, oğlu, qızı, kürəkəni, 3 nəvəsi) daimi qeydiyyatda olduqları şəxsi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 3 otaqlı mənzilin yaşayış sahəsi (44,8 kv.m) müəyyən edilmiş uçot normasından artıq olduğundan və iddiaçı 25 noyabr 2014-cü il tarixdən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2702 nömrəli bağ sahəsinin mülkiyyətçisi olduğundan, onun mənzil növbəsinə qəbul edilməsi üçün hüquqi əsas yoxdur. RİH tərəfindən qeyd edilənlər nəzərə alınmış və vətəndaşın qaldırdığı məsələnin müsbət həllindən imtina olunmuşdur. Göstərilənlərin nəzərə alınması məhkəmədən xahiş olunur. İPM-in 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İş materiallarından görünür ki, iş üzrə İddiaçı 12 iyun 2020-ci il tarixli məhkəmə iclasında məhkəməyə yazılı ərizə təqdim etmiş və növbəti iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, məhkəməyə 7 iyul 2020-ci il tarixdə iş üzrə cavabdeh Nizami RİH-in 3 iyun 2020-ci il tarixli məktubu daxil olmuşdur. Məktubda aşağıdakılar bildirilmişdir: - Koronavirus (Covid-19) pandemiyası ilə bağlı karantin rejiminin tətbiq edilməsi ilə əlaqədar İddiaçı cavabdeh Nizami RİH-ə qarşı «mənzil növbəsinə götürülmə» tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-4235/2020 saylı işin İPM-in 16.2-ci maddəsi ilə nəzərdə tutulan qaydada həll edilməsi məhkəmədən xahiş olunur. Göründüyü kimi, iş üzrə tərəflər yazılı ərizələri ilə onların iştirakı olmadan işə baxılmasına razılığı ehtiva edən iradə nümayiş etdirmişlər. Belə olan halda məhkəmə hazırkı inzibati mübahisənin İPM-in 16.2-ci maddəsinin tələbləri tətbiq edilməklə şifahi məhkəmə baxışı keçirmədən həll olunmasını mümkün qiymətləndirir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati orqan – inzibati orqan tərəfindən ümumi (publik)hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-nin 2.2.2-ci inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan İV ЖГ seriyalı 360457 nömrəli 4 aprel 1987-ci il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 və İddiaçı arasında 4 aprel 1987-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 341392 nömrəli 3 dekabr 2008-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 26 yanvar 1992-ci il tarixdə “Daşaltı”da erməni işğalçıları ilə döyüşdə qəhrəmancasına həlak olmuşdur. İş materiallarına olan AR ƏƏSMN yanında DSMF Bakı şəhəri Nizami rayon şöbəsinin xx.xx.2020-ci il tarixli arayışında aşağıdakılar bildirilmişdir: - İddiaçı şəhid ailəsi kimi müddətsiz olaraq 300 manat prezident təqaüdü alır (p/i № 032508). İş materiallarında olan AR ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 26 fevral 2020-ci il tarixli arayışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 2702 nömrəli bağ sahəsi və Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 45 nömrəli evin 62,8 kv.m ümumi, 44,8 kv.m yaşayış sahəsi olan 35 nömrəli 3 otaqlı mənzili İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Sumqayıt ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 27 iyun 2015-ci il tarixdə verilmiş AZ – İİ 045983 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, 27 iyun 2015-ci il tarixdə X1 və X2 arasında nikah bağlanmışdır və “Nikah bağlanması haqqında akt qeydləri kitabı”nda bu barədə 1524 nömrəli qeyd aparılmışdır. Aparılmış məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı əri X3 1992-ci ilin yanvar ayında məlum “Daşaltı” əməliyyatında həlak olmuş və iddiaçı hazırda “şəhid ailəsi” statusuna malikdir (bu, işin mübahisə olunmayan hallarına aiddir). İddiaçı ailəsi ilə birlikdə (özü, oğlu, qızı, kürəkəni, 3 nəvəsi – cəmi 7 nəfər) Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 45 saylı evin 3 otaqdan ibarət 44,8 kv.m yaşayış sahəsi olan 35 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. O, şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi ilə bağlı hazırkı cavabdeh Nizami RİH-ə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İmtinada mənzil növbəsinə götürülmə üçün hüquqi əsasın olmadığı bildirilmiş və bu mövqe onunla əsaslandırılmışdır ki, onun yaşadığı mənzilin yaşayış sahəsi (44,8 kv,m) ailə üzvlərinin sayına görə adambaşına müəyyən edilmiş uçot normasından artıqdır və mülkiyyətində Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən bağ sahəsi var. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və onun şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsini (yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasını) tələb edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəhid ailələri yaşayış sahəsi ilə birinci növbədə təmin olunurlar. Şəhid ailəsinə onun arzusuna görə fərdi mənzil tikintisi üçün məqsədli güzəştli ssuda, yaşadığı yerdən asılı olaraq qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə torpaq sahəsi, habelə bağçılıq birliyinə (kooperativə) qəbul zamanı üstünlük verilir. Azərbaycan Respublikası Prezidentinin «Hərbi qulluqçuların və onların ailələrinin sosial müdafiəsini gücləndirmək sahəsində əlavə tədbirlər haqqında» 4 iyun 1992-ci il tarixli 827 nömrəli Fərmanının 1-ci bəndi ilə qərar alınmışdır ki, Böyük Vətən müharibəsi əlilləri və cəbhədə həlak olanların ailələri üçün qanunçuluqla müəyyən edilmiş bütün güzəştlər respublika ərazisində erməni silahlı birləşmələrinin təcavüzünə qarşı döyüş əməliyyatları zamanı zədə, kontuziya alma və xəstəlik nəticəsində əlil olmuş şəxslərə və həlak olanların ailələrinə şamil edilsin. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları»nın: - 2-ci bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar – mənziltikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər; - 5-ci bəndinə əsasən həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır (“a” yarımbəndi). Böyük Vətən müharibəsi əlilləri, həlak olmuş və ya xəbərsiz itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər üçün, habelə vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi dövründə və SSRİ-nin müdafiəsi üzrə digər döyüş əməliyyatları zamanı döyüşən ordu tərkibində olmuş şəxslər, vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi partizanları, habelə SSRİ-nin müdafiəsi üzrə döyüş əməliyyatlarında iştirak etmiş başqa şəxslər üçün, eyni müəssisədə, idarədə, təşkilatda azı 15 il, əmək şəraiti zərərli olan işlərdə isə azı 10 il işləmiş və vicdanla işləməkdə olan şəxslər üçün müvafiq yerli xalq deputatları Sovetləri mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sırasına onların aid edilməsinin güzəştli şərtlərini nəzərdə tuta bilərlər. «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın (Qaydalar XX çağırış Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiayasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmişdir) 4cü bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu, mənzil sahəsi almaq üçün növbənin müəyyənləşdirilməsi, habelə dövlət və ictimai mənzil fondunun evlərində mənzillərin bölüşdürülməsi ictimai nəzarət altında və aşkarlığa əməl olunmaqla həyata keçirilir. İcraiyyə komitələrinin qərarı ilə bu məqsəd üçün Bakı şəhər və rayon xalq deputatları Sovetlərinin icraiyyə komitələri yanında mənzil məsələləri üzrə ictimai komissiyalar yaradılır. Qaydaların 7.1-ci yarımbəndinə görə Bakı şəhərində daimi yaşayan ailəsinin hər üzvü beş kvadratmetr və daha az mənzil sahəsi ilə təmin edilən vətəndaşlar mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar hesab edilirlər. Qaydaların 7.8-ci yarımbəndinə əsasən Böyük Vətən müharibəsinin əlilləri, həlak olmuş və ya itkin düşmüş döyüşçülərin (partizanların) ailələri və müəyyən edilmiş qaydada onlara bərabər tutulan şəxslər, habelə vətəndaş və Böyük Vətən müharibəsi dövründə və SSRİ-nin müdafiəsi ilə bağlı digər hərbi əməliyyatlar zamanı vuruşan ordunun tərkibində olmuş şəxslər, vətəndaş və Böyük Vətən müharibəsi partizanları və SSRİ-nin müdafiəsi ilə bağlı hərbi əməliyyatlarda iştirak etmiş şəxslər kommunal rahatlığı olan ayrıca mənzillərdə yaşayırlarsa və hər ailə üzvünün altı kvadratmetr və daha az mənzil sahəsinə malikdirlərsə, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaş hesab edilirlər. Əgər onlar ümumi kommunal rahatlığı olan və digər kirayəçilərin yaşadığı mənzillərdə, kommunal rahatlığı olmayan mənzillərdə, özbaşına tikilən və kommunal rahatlıqdan məhrum olan tikililərdə yaşayırlarsa, tutduqları mənzil sahəsinin ölçüsündən asılı olmayaraq mənzil sahəsinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaş hesab edilirlər. Məhkəmə sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək qeyd edir ki, iddiaçının əri X3 respublika ərazisində erməni silahlı birləşmələrinin təcavüzünə qarşı döyüş əməliyyatları zamanı həlak olduğundan, o, Azərbaycan Respublikası Prezidentinin «Hərbi qulluqçuların və onların ailələrinin sosial müdafiəsini gücləndirmək sahəsində əlavə tədbirlər haqqında» 4 iyun 1992-ci il tarixli 827 nömrəli Fərmanının 1-ci bəndi ilə ailə üzvü kimi Böyük Vətən müharibəsi əlilləri və cəbhədə həlak olanların ailələri üçün müəyyən edilmiş bütün güzəştlərdən istifadə edən şəxslərin dairəsinə daxildir və ona münasibətdə «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın 7.8-ci yarımbəndinin tələblərinin tətbiqi yolveriləndir. Cavabdeh Nizami RİH-in imtinasına gəldikdə isə, məhkəmənin mövqeyi belədir ki, imtina “yaşayış sahəsinin ölçüsünün müvafiq normadan artıq olması” hissəsində «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 10 və 17-ci maddələrinin tələblərinə (ədalət və mütənasiblik prinsiplərinə) uyğun qiymətləndirilmir. Bu qənaət işin aşağıdakı xüsusatlarından irəli gəlir: - iddiaçının ailə tərkibi 7 nəfərdən ibarətdir və ailənin hər üzvünə 6 kv.m ölçüdə yaşayış sahəsi hesablandıqda, onun yaşadığı mənzilin yaşayış sahəsi 44,8 kv.m, yəni şəhid ailəsi kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması müəyyən edilmiş normadan çox cüzi ölçüdə (2 kv.m) artıqdır; - iddaçının ailəsi mürəkkəb tərkiblidir, yəni mənzildə onunla birlikdə yaşayan şəxslərin dairəsinə “kürəkəni” və “3 nəvəsi” də daxildir. Cavabdehin imtinasının “mülkiyyətində bağ sahəsinin olması” hissəsi ilə bağlı isə məhkəmə vurğulayır ki, sözügedən əmlakın statusu “1 mərtəbəli mənzil”, “fərdi yaşayış evi” deyil, “bağ sahəsi” olduğundan, bu, onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına mane olan hal kimi təqdim olunmamalıdır. Cavabdehin həmin dəlili “formal xarakterli”dir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Nizami RİH-in imtnası qanuni sayılmamalı və İddiaçı hüquqlarının pozulmasına səbəb olan kimi qiymətləndirilməlidir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi (yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması) öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 16.2, 23.1, 58.7, 75, 78–79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı şəhid ailəsi kimi mənzil növbəsinə götürülməsi (yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması) öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4235/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4235/2020
09.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver