Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4235/2025 25.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh Azərbaycan Respublikası,Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə əmək kitabçasında qeyd edilmiş xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək olan dövrü sığorta stajı kimi dəyərləndirməsi, nəticədə ümumi sığrta stajının 25 ildən çox olması nəzərə alınıb xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyəsi təyin etməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi haqqında ərizə ilə müraciət edərək sığorta stajının 17 avqust 2000-ci ildən 01 yanvar 2006-cı ilə kimi olan dövr nəzərə alınmaqla 65 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1968-ci il təvəllüdlüdür. 27.12. 2023-cü il tarixdə iddiaçının pensiya almaq hüququ yaranmışdır. Lakin cavabdeh Azərbaycan Respublikası, Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əmək stajı müddətinin yaşa görə əmək pensiyası almağına yetərli olmadığını əsas götürərək iddiaçıya pensiya verilməsindən imtina etmişdir. İddiaçı hazırda 220 manat məbləğində müavinət alır. İddiaçının əmək stajı 28 il 7 aydır. Cavabdehin iddiaçıya ünvanladığı 3-171/2-A- 64974/24 saylı,16 mart 2024-cü il tarixli məktubda göstərilir ki, əmək kitabçasında qeyd edilmiş xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək olan dövrün doldurulma qaydası pozulmuşdur, yəni işdənçıxarma əmri yoxdur. Odur ki, 6 il müddətin əmək stajı kimi dəyəndirilməsindən imtina etmişdir. Əslində isə “doldurulma qaydasının pozulması” halı yoxdur. Belə ki, iddiaçının əmək kitabçasının 6-cı səhifəsində qeyd edilir ki, xx.xx.2000-ci il tarixdə köçürmə yolu ilə (6-cı tarif dərəcəsi ilə) “BCDE” kateqoriyası ilə sürücü vəzifəsinə qəbul edilsin. Qarşısında yazılır Əmr № 226-k xx.xx.2000 il. xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin BŞİH Nəqliyyat Departamentinin Ləğvedilməsi ilə əlaqədar xx.xx.2006-cı il tarixli 1572 №-li Sərancamına uyğun olaraq Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilib. KŞ-nin rəisi. Bu qeydin qarşısında imza atılıb və Kadrlar Şöbəsinin möhürü ilə təsdiqlənib. Əmək kitabçasındakı bu qeyddən aydın olur ki, iddiaçı əmrlə deyil, məhz Prezidentin Sərəncamına uyğun olaraq BŞİH Nəqliyyat Departamentinin Ləğvedilməsi ilə bağlı işdən azad edilmişdir. Odur ki, bu qeydin qarşısında əmr yazılmayıb. Əvəzində Ləğvetmə komissiyasının 2 №-li Qərarı, xx-xx-2006-cı il yazılıb. Göründüyü kimi iddiaçının əmək kitabçasındakı qeyddə xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək olan dövrün doldurulmasında heç bir qayda pozulmamışdır. Odur ki, cavabdehin bu haqda iradı yanlışdır. İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək X2 Kombinatında peşə texniki təhsil almışdır. xx.xx.1979-cu ildən xx.xx.1981-ci ilədək hərbi xidmətdə olmuşdur. 1981-ci il tarixdən-1995-ci il tarixədək OZON-da, 1995-ci ildən 2000-ci ilədək 2 saylı avtobus parkında, 2000-ci ildən 2006-cı ilədək Bakı Şəhər İcra Hakimiyyəti Nəqliyyat Departamentində sürücü vəzifəsində işləmişdir. İddiaçı 28 ildən artıq əmək stajına malikdir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta şjajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş sənədlərin surətlərinə əsasən ümumi sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixinədək təhsil aldığınız illər, xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 22 il 7 ay təşkil edir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarfna əsasən əmək kitabçanızda qeyd edilmiş xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün doldurulma qaydası pozulmuşdur (işdənçıxma əmri yoxdur). Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəblərdən xx.xx.2000-cu il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Bildirilir ki, sözügedən dövr üzrə əmək fəaliyyətinizi təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) Bakı DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciət əsasında həmin dövrün sığorta stajınıza daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2023-cü il tarixindən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququnuza yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
5. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olduğunu bildirərək xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixdə ərizə ilə cavabdeh orqana xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli 3- 17-1/2-A-64974/2024 nömrəli imtina məktubu ilə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının təqdim etdiyi sənədlərə əsasən qanunvericiliklə tələb olunan sığorta stajının (25 il) olmadığı qeyd edilmişdir. Bundan narazı qalan iddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh hesab edir ki, imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22—1.1 -ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Bildirilir ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərin surətlərinə əsasən iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illər, xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla cəmi sığorta stajı 22 il 7 ay təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün doldurulma qaydası pozulmuşdur (işdən çıxma əmri yoxdur). Eyni zamanda bildirilir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrdə də iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bu səbəblərdən xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrün iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququ yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildiririk ki, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş, hazırda ödənişi 220 manat olmaqla davam etdirilir. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə və Qanunvericiliyin tələbləri baxımından İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.
6. İddiaçı məxsus əmək kitabçasının əslinə baxış keçirilmiş və əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir.
7. Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Nəqliyyat Departamentinin sənədləri Bakı Şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.
8. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan məktubda qeyd edilmişdir ki, 2 №-li Avtobus parkının 2000-2006-cı illər şəxsi heyət üzrə sənədləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir.
9. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən (məhkəmə baxışı zamanı) iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, 2006-cı ildə işdən azad olduqdan ona sonra əlilliyə görə əmək pensiyası təyin edilmişdir, lakin həmin pensiya 2018-2019-cu il tarixlərində dayandırılmışdır.
10. Şifahi məhkəmə dinləmələri zamanı iştirak edən (məhkəmə baxışı zamanı) iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etirazın məzmununa uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
11. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
12. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
14. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün kimi yaşa görə pensiya təyini üçün iki şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj.
15. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
17. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.
18. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
19. İddiaçı xx.xx.1958-ci ildə anadan olub.
20. İddiaçının əmək kitabçasına əsasən, xx.xx.1976-cı il tarixdə əmək fəaliyyətinə başlayıb. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sosial sığorta stajı 22 il 07 aydır: əmək kitabçasında qeyd olunan işlədiyi dövrlər, xx.xx.1975-ci il tarixindən xx.xx.1976-cı il tarixədək təhsil aldığı illər və xx.xx.1979-cu il tarixindən xx.xx.1981-ci il tarixədək hərbi xidmətdə olduğu müddət.
21. Mübahisəli sosial sığorta stajı isə iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.2000ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrdür. Mübahisəyə əsas olan hal isə iddiaçının əmək kitabçasında işdənçıxma əmrinin olmamasıdır.
22. Məhkəmə İddiaçı məxsus əmək kitabçasının əslinə baxış keçirərək müəyyən edir ki, İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamentinin xx.xx.2000-ci il tarixli, 226-K nömrəli əmri əsasında xx.xx.2000-ci il tarixdə köçürmə yolu ilə (6-cı tarif dərəcəsi ilə) “BCDE” kateqoriyası ilə sürücü vəzifəsinə qəbul edilmişdir. Ləğvetmə Komissiyasının xx.xx.2006-cı il tarixli, 2 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Prezidentinin “BŞİH Nəqliyyat Departamentinin ləğv edilməsi ilə əlaqədar” xx.xx.2006-cı il tarixli, 1572 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən xx.xx.2006-cı il tarixdə əmək müqaviləsinə xitam verilmişdir.
23. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı məxsus əmək kitabçasının doldurulması qaydası pozulmamışdır. Belə ki, iddiaçının Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamentinə sürücü vəzifəsinə qəbul edilməsi ilə bağlı əmr və işdən azad edilməsi ilə bağlı Ləğvetmə Komissiyasının qərarı mövcuddur.
24. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək iş yeri olmuş Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamenti Azərbaycan Respublikası Prezidentinin “Bakı Şəhər İcra Hakimiyyəti Nəqliyyat Departamentinin ləğv edilməsi ilə əlaqədar” xx.xx.2006-cı il tarixli, 1572 nömrəli Sərəncamına əsasən ləğv edildiyindən İddiaçı işəgötürənin əmri ilə deyil, ləğvetmə komissiyasının qərarı ilə işdən azad edilməsi məhkəmədə hər hansı şübhə yaratmır.
25. Məhkəmə müəyyən edir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan məktublarda Bakı Şəhər İcra Hakimiyyəti Nəqliyyat Departamentinin 2000-2006-cı illər şəxsi heyət üzrə sənədlərin arxivdə aşkar edilmədiyi qeyd olunmuşdur.
26. Məhkəmə nəzərə alır ki, Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamentinin mövcud olması işin mübahisəsiz halıdır və İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Departamentində xx.xx.2000-xx.xx.2006-cı il tarixlərində işləməsi ilə bağlı əmək kitabçasında müvafiq qeydlər mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, həmin müəssisənin 2000-2006-cı illərə dair arxiv sənədlərinin aşkar edilməməsi iddiaçı ilə əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz.
27. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının mübahisələndirilən dövr üzrə (xx.xx.2000ci il tarixdən xx.xx.2006-cı ilədək olan dövr nəzərdə tutulur) işləməsi əmək kitabçasında əksini tapmışdır. İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür, qeyd edilən dövr nəzərə alındığı təqdirdə xx.xx.2006-cı il tarixədək ümumi sığorta stajı 27 il 11 ay 14 gün təşkil edir.
28. Nəticə etibarilə iddiaçının yaşa görə pensiya təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” var. Belə ki, X1 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
29. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
30. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
31. Odur ki, məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarını pozduğunu müəyyən edir.
32. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Əmək kitabçasında qeyd edilmiş 17 avqust 2000-ci ildən 01 yanvar 2006-cı ilə kimi dövr sığorta stajı kimi nəzərə alınmaqla İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva