Məhkəmə qərarları › İş №2-1(112)-4238/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4238/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4238/2022 06.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “akt qeydində milliyətin dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun doğum haqda akt qeydində milliyətinin alman olması barədə düzəliş edilməsi və düzəliş edilmiş yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1969-cu il tarixində Bakı şəhərində anadan olmuşdur. Atası X5 01.12.2020-ci il tarixində vəfat etmişdir. Atasının atası X8 milliyətcə alman olmuşdur. Adıçəkilən şəxs 1909-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. 17 avqust 1937-ci il tarixdə X9 represiya olunmuş və yalnız 07 may 1992-ci il tarixdə iddiaçının müraciəti əsasında bəraət almışdır. Represiya olunduqdan sonra nənəsi digər ailə üzvlərini qorumaq üçün alman soyadını rus soyadına dəyişmiş və övladlarını doğum haqda şəhadətnamələrdə rus kimi göstərmişdir. Cavabdeh 28.02.1997-ci il tarixli arayışından görünür ki, atası X4 doğum haqda qeydində ata qrafasında X8 göstərilmişdir. Habelə digər arayışa görə bibisi doğum haqda şəhadətnamədə X7 göstərilir. Hər bir şəxsə milliyəti doğma olduğu kimi onun da milliyətinin alman olması o cürdür. Bununla əlaqədar olaraq, tərəfindən bütün sübutların əlavə edildiyi ərizə ilə Cavabdehnə müraciət etmişdir. Lakin cavabdeh onun doğum haqda akt qeydində yalnız soyadının dəyişdirilməsinin mümkün olduğunu bildirmiş, milliyətini dəyişməkdən isə imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın yazılı etirazı (münasibəti) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi vasitəsilə təmsil olunmamış, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1969-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AЗ ******* nömrəli, 11.02.1969-cu il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı 22.01.1969-cu ildə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 11.02.1969-cu il tarixdə 705 nömrəsi ilə qeyd edilmişdir. Atası milliyyəti rus X5, anası milliyyəti rus X1. İş materiallarına əlavə edilmiş AZ-İİ 105008 nömrəli, 09.12.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 01.12.2020-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 04.12.2020-ci il tarixdə 897 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Cavabdeh 16.12.2021-ci il tarixli, 05/76-5276/13 nömrəli məktubu ilə təqdim edilmiş 11.02.1969-cu il tarixli, 705 nömrəli doğum haqqında akt qeydindən müəyyən edilir ki, İddiaçı - doğulduğu tarix xx.xx.1969-cu il, doğulduğu yer Bakı şəhəri, atası X5 milliyyəti rus, anası X3 milliyyəti rus. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 28.02.2022-ci il tarixli, 05/2-1210/13 nömrəli məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Aleksey Qetmanovun doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Məlumat üçün qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanılması qaydası və müddətləri”nin 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Dövlət Arxivinə təhvil verilir. Göstərilənlərə əsasən A.Qetmanovun doğumu 1945-ci ildən əvvələ təsadüf elədiyindən onun doğumu haqqında məlumatın əldə edilməsi üçün Milli Arxiv İdarəsinə müraciət etməyiniz tövsiyə olunur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Arxivinin 11.04.2022-ci il tarixli, DA-00559-2022 nömrəli məktubu ilə təqdim edilmiş 1937ci il tarixli, 5584 nömrəli doğum haqqında akt qeydindən müəyyən edilir ki, X5 doğulduğu tarix 25.08.1937-ci il, atası 1909-cu il təvəllüdlü X8 və anası 1910-cu il təvəllüdlü X12, milliyyəti rus qeyd edilmişdir. Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanlandığı 11.11.2021-ci il tarixli, 05/76- 4331/15 nömrəli imtina məktubunda bildirilmişdir ki, sizin doğum haqqında akt qeydində atanızın mlliyyətinin “rus”dan “alman”a dəyişdirilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə daxil olmuş ərizənizə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən uşağın doğum haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrdəki qeydlər əsasında yazılır. Bildirilir ki, doğum haqqında akt qeydində atanızın milliyyəti “rus” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Bildirilir ki, sizə və atanıza məxsus olan bütün vətəndaşlıq vəziyyəti akt qeydlərində milliyyətin “rus”dan “alman”a dəyişdirilməsi imkan xaricindədir. Həmçinin soyadın dəyişdirilməsi üçün sənədlərin əsli ilə şöbəyə müraciət etməyiniz məsləhət görülür. Cavabdeh milliyyətin dəyişdirilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyinizi tövsiyə edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən ona doğum haqqında akt qeydində milliyyətinin alman olaraq düzəliş edilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızıdır. İşin hallarından görünür ki, iddiaçı xx.xx.1969-cu il təvvəllüdlü İddiaçı doğum haqqında akt qeydi, doğum haqqında şəhadətnaməsində milliyyəti rus olaraq qeyd edilmişdir. İddiaçı Cavabdeh 28.02.1997-ci il tarixli arayışları və Daxili İşlər Nazirliyinin 20.12.1991-ci il tarixli arayışına istinadən babası (atasının atası) X6 milliyyətcə alman olduğuna, 17 avqust 1937-ci il tarixdə represiya olunduğundan nənəsi X10 ailə üzvlərini qorumaq üçün X4 doğum haqqında akt qeydində uşağın (iddiaçının atası) milliyyətinin rus milliyyəti olaraq göstərildiyinə əsaslanaraq öz doğum haqqında akt qeydində milliyyətinin alman kimi qeyd edilməsi ilə bağlı cavbadeh orqana müraciət etmiş, cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ına istinadən iddiaçının doğum haqqında akt qeydində milliyyətin rus-dan alman-a dəyişdirilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları və Azərbaycan Respublikası Ailə Məcəlləsinin normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -168.1-ci maddəsinə görə doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. -46.1-ci maddəsinə görə öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8-ci bəndinə əsasən doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: -2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; Uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında “Məlumat təqdim edilməyib” sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyridüzgün məlumatlar göstərildiyi hallarda da edilir. Sadalanan normalardan müəyyən olunur ki, uşağın doğum haqqında akt qeydində ata və ananın milliyyəti onların xahişi ilə ata və ananın şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə ata və ananın doğum haqqında akt qeydlərinə uyğun yazılır. Hazırkı işin hallarından görünür ki, İddiaçı doğum haqqında akt qeydində atası X5 və anası X2maqla hər iki valideynin milliyyəti “rus” olaraq göstərilmişdir. İddiaçı doğum haqqında akt qeydində qeydlərin yazılmasında “ərizəçi” qrafasında “ana” qeyd edilmişdir. Eyni zamanda iddiaçının atası X4 doğum haqqında akt qeydlərindən görünür ki, X4 atası X8 və anası X11maqla milliyyət qrafasında “rus” qeyd edilmiş və qeydin yazılmasında ərizəçi kimi “ana” göstərilmişdir. Başqa sözlə, X10 arzusu ilə X4 doğum haqqında akt qeydləri doldurulmuş və valideynlərin milliyyəti kimi rus qeyd edilmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, qanunvericilik uşağın doğum haqqında akt qeydlərinin doldurulmasını valideynlərə aid doğum haqqında akt qeydləri əsasında, valideynlərin valideynlərinin (uşağın nənə və babası) milliyyətləri müxtəlif olduqda isə valideynin milliyyət qrafasının doldurulmasını valideynlərin seçimi ilə şərtləndirir, bu halda iddiaçının doğum haqqında akt qeydində milliyyət barədə qeydləri qeyri-düzgün hesab edilərək dəyişdirilə bilməz. Belə ki, birincisi yuxarıda da göstərildiyi kimi iddiaçının ata və anasının doğum haqında akt qeydlərində hər iki valideynin milliyyəti rus kimi göstərilib. Belə olan halda iddiaçıya aid doğum haqqında akt qeydində də iddiaçının ata və anasının milliyyətinin rus kimi qeyd edilməsi qanunazidd sayıla bilməz. İddiaçının istinad etdiyi atasının doğum akt qeydində milliyyətin səhv göstərilməsi halı da hazırkı halda onun doğum haqqında akt qeydində dəyişiklik edilməsinə əsas vermir. Belə ki, iddiaçı babası X6 alman milliyətindən olduğunu iddia etsə belə, nənəsi X12 rus millətindən olmuşdur və X10 öz arzusu ilə övladı X4 doğum haqqında akt qeydində valideynlərin milliyyəti rus olaraq yazılmışdır. Bundan əlavə, iddiaçının atası mərhum X5 öz sağlığında həmin doğum haqqında akt qeydini mübahisələndirməmiş, onun milliyyətinin rusdan almana dəyişdirilməsi ilə bağlı tələb irəli sürməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına əsas olan hal kimi qiymətləndirilməməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “akt qeydində milliyətin dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar