Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4239/2022 19.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “soyadın dəyişdirilməsi barədə” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 6) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, soyadının “Zeynallı”dan əvvəlki soyadı “Almədədov”a dəyişdirilərək Yasamal rayon qeydiyyat şöbəsində bu barədə qeydiyyat aparılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx.xx.1972-ci ildə Gədəbəy rayonunun Talakənd kəndində doğulmuşdur. Doğum haqqında şəhadətnaməsində soyadı ilkin olaraq “Almədədov” kimi qeydə alınmışdır. Soyadı 02.10.1993-cü ildə 36 saylı akt qeydinə əsasən, “Almədədov”dan “Zeynallı”ya dəyişdirilmişdir. Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə soyadının “Zeynallı”dan “Almədədov”a dəyişdirilməsi barədə müraciət edərək imtina cavabı almışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdeh Yasamal rayon qeydiyyat şöbəsinə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi təklif olunsa da, etiraz məhkəməyə daxil olmamışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; - Məhkəmə sorğusu əsasında Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən məhkəməyə təqdim olunan 02.06.1972-cı il tarixli, 38 nömrəli “doğum haqqında akt qeydi”nin təsdiq edilmiş surətindən aydın olur ki, xx.xx.1972-ci il təvəllüdlü iddiaçının dəyişənədək soyadı “Almədədov” olmuşdur. - AZ-İ seriyalı, 286091 nömrəli, 24.12.2002-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci ildə Gədəbəy rayonu, Talakənd kəndində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 02.06.1972-ci il tarixdə 38 nömrəsi ilə qeyd aparılmışdır. - AZ-İ seriyalı, İ-ЖГ nömrəli, 02.10.1993-cü il tarixli familiyanın, adın, ata adının dəyişdirilməsi haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, iddiaçının soyadının “Almədədov”dan “Zeynallı”ya dəyişdirilməsi barədə akt qeydləri kitabında 02.10.1993-cü il tarixdə 31 nömrəsi ilə qeyd aparılmışdır. - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı 11.11.2021-ci il tarixli, 05/76-1014/15 nömrəli cavab məktubunda bildirilmişdir ki, iddiaçının soyadının “Zeynallı”dan “Almədədov”a dəyişdirilməsi barədə müraciətinə baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, 02.10.1993-cü il tarixdə 36 saylı akt qeydinə əsasən, soyad “Almədədov”dan “Zeynallıya” dəyişdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 79 saylı qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın dəyişdirilməsi”qaydalarına əsasən adın, ata adının və soyadın dəyişdirilməsi mümkün hesab edilmədikdə qeydiyyat şöbəsi və konsulluq idarəsi bundan imtina edilməsi barədə qərar çıxarır, 5 iş günü müddətində bu barədə ərizə verən şəxsə məlumat verir və qeydiyyat şöbəsinə gəldiyi gün həmin qərarın bir nüsxəsini təqdim etdiyi sənədlərlə birlikdə ona qaytarır. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ərarvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bildirilmişdir ki, soyadın yenidən “Zeynallı”dan “Almədədov”a dəyişdirilməsi imkan xaricindədir. - İddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının soyadı “Zeynallı”dır. Məhkəmə qeyd edir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.4-cü maddəsinə görə fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinin tələblərinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Məcəllənin 190-cı maddəsinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi vətəndaşların daimi yaşayış yerində qeydə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqda yol verilir. Həmin Qaydaların 6.5ci bəndinə görə isə ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının soyadı “Almədədov”dan “Zeynallıya” dəyişdirilmiş, iddiaçı yenidən soyadının dəyişdirilməsini tələb etməsinə baxmayaraq, iş üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.3-cü bəndində qeyd edilən istisna haları, 6.24- 6.28-ci bəndlərində müəyyən olunmuş hallardan hər hansı biri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. İddiaçı isə tələbinin əsası kimi heç bir səbəb göstərməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə qarşı “soyadın dəyişdirilməsi barədə” barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. HAKİM MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4239/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4239/2022
19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver