Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4241/2021 26.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon İcra və Probasiya Şöbəsinə qarşı (üçüncü şəxslər X3 və "xxxx" Mənzil Tikinti Kooperativi) “hərəkətlərin qanunsuz hesab edilməsi, aktın etibarsız hesab edilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək, Binəqədi rayon İcra və Probasiya şöbəsinin əmlakın təhvil verilməsi ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdeh Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixində qəbul olunmuş aktın etibarsız hesab edilməsi və iddiaçının sahiblik və istifadəsindən çıxarılmış ünvan 1 ünvanında yerləşən 100 kv/m qeyri yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi vəzifəsinin cavabdeh Binəqədi rayon İcra və Probasiya şöbəsi üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı X2 ilə "xxxx" MMC arasında 2009-cu il tarixdə aşağıdakı 4 müqavilə bağlanmışdır: - ünvan 1 ünvanında 3 bloklu yaşayış binasında 1000 kv.m qeyri-yaşayış sahəsi barədə; - həmin ünvanda, 1 bloklu binada 400 kv.m qeyri yaşayış sahəsi barədə; - həmin binada 44 saylı mənzil barəsində; - həmin binada 45 saylı mənzil barəsində. - həmin müqavilələr üzrə müqavilə dəyərləri iddiaçı tərəfindən tam olaraq "xxxx" MMC-yə ödənilmiş və əmlaklar "xxxx" MMC tərəfindən iddiaçıya təhvil verilmişdir. 2011-ci il tarixdə "xxxx" MMC-yə qarşı öz payçıları qarşısında götürdüyü öhdəlikləri yerinə yetirilmədiyinə görə cinayət işi başlanmışdır. Bununla əlaqədar "xxxx" MTK genişmiqyaslı güzəştlər müqabilində dövlət orqanları ilə şərtləri razılaşdırılmaqla, "xxxx" MMC tərəfindən payçılara vurulmuş maddi zərərin ödənilməsinə, yəni tikintisi başa çatmamış binaların başa çatdırıb və yeni binalar tikib zərərçəkmişlərə verilməsinə zamin olmuşdur. İddiaçı 2012-ci il tarixdə “Mur-Ay" MMC tərəfindən iddiaçıya təhvil verilən ərazidən istifadə etmək istəyərkən "xxxx" MTK-nın nümayəndələri həmin əmlakların onlara məxsus olduğunu bildirərək mane olmuşlar. Bununla əlaqədar iddiaçı tərəfindən Nəsimi rayon məhkəməsinə müraciət edilmiş, işə məhkəmədə baxılmış və həmin əmlakların iddiaçıya təhvil verilməsi barədə xx.xx.2013-cii il tarixli, 2(004)-516/13 saylı Qətnamə qəbul edilmişdir. Qətnamə Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən icra olunaraq qeyd olunan əmlaklar iddiaçıya təhvil verilmiş və təhvil verilmə xx.xx.2014-cü il tarixli Akt ilə rəsmiləşdirilmişdir. Lakin bunlara baxmayaraq, iddiaçının 44 və 45 saylı mənzillər barəsində sahiblik və istifadə hüquqlarına "xxxx" MTK-nın səlahiyyətli şəxsləri tərəfindən fiziki təzyiqlər davam etdirilmişdir. İddiaçı tərəfindən 18 mart 2015-ci il tarixdə, Yasamal Rayon Məhkəməsinə müraciət edilərək, Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən Yasamal İcra və Probasiya şöbəsi tərəfindən iddiaçıya təhvil verilmiş əmlaka sahiblik və istfadəyə "xxxx" MTK və digər 3-cü şəxslər tərəfindən yaradılan maneələrin dayandırılması üçün öhdəliyin "xxxx" MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman "xxxx" MTK-nın nümayəndəsi tərəfindən Nəsimi Rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-516/13 saylı Qətnaməsinin onların maraqlarına toxunmasını bildirərək, Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Apellyasiya şikayəti verildiyini bildirmişdilər. Bununla əlaqədar işə Apeliyasiya və Ali Məhkəmədə baxildı, Nəsimi Rayon məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2013-cü il tarixli, 2(004)-516/13 saylı qətnamə Ali Məhkəmənin Mülki Kollegiyasının tərəfindən xx.xx.2017-ci il tarixli, 2(102)-226/l7 saylı Qərar ilə qüvvədə saxlanıldı. Qərar qüvvəyə mindikdən sonra qeyd olunan əmlakların iddiaçıya təhvil verilməsi barədə Yasasmal Rayon İcra və Probasiya şöbəsində icra üzrə icraat başlanıldı. ünvan 1 ünvanında 3 bloklu yaşayış binasında yerləşən 1000 kv.m, həmin ünvanda, 1 bloklu binada yerləşən 400 kv.m qeyri yaşayış sahələrin iddiaçıya təhvil verilməsi barədə xx.xx.2020-ci il tarixli Akt tərtib edilmişdir. Qeyd olunan əmlakların iddiaçıya təhvil verilməsinə baxmayaraq Binəqədi rayon icra və probasiya şöbəsinin icra məmuru X8 13 iyul 2020-ci il tarixdə iddiaçının artıq sahiblik və istifadəsində olan 1400. Kv.m qeyri yaşayış sahəsinin 100 kv/m-nin mövcud başqa bir məhkəmə aktına əsasən “Şərur 'MTK- mn nümayəndələri tərəfindən iddiaçının əmlakına qanunsuz daxil olaraq, əmlakın 100 kv/m-ni ayıraraq X5 təhvil vermiş və bu barədə 13 iyul 2020-ci il tarixli Akt tərtib edilmişdir. İddiaçı hesab edir ki, "xxxx" MTK qeyd edilən sahə üzrə məhkəmə çəkişmələrini uduzduğundan bilərəkdən həmin sahənin üçüncü şəxsə verilməsini təşkil etmişdir. Lakin 100 kv.m sahənin verilməsinə əsas olmuş məhkəmə aktında verilməli sahənin iddiaçının sahiblik və istifadəsində olan əmlak hesabına ödənilməsi deyil, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi və ona yaxın ərazilərdə mövcud olan sahələrdən ödənilməli olduğu göstərilmişdir. Cavabdehlər "xxxx" MTK və Binəqədi rayon İcra və Probasiya şöbəsi təhvil verilmiş 100 kv.m sahənin artıq iddiaçının sahiblik və istifadəsində olduğunu bildikləri halda bu qanunsuz hərəkətlərə yol vermiş və iddiaçını mülkiyyətindən məhrum etməklə zərər vurmuşlar. İddiaçı hesab edir ki, Binəqədi rayon İcra və probasiya şöbəsinin əmlakın təhvil verilməsi ilə bağlı hərəkətləri qanunsuz hesab edilməli, cavabdeh Binəqədi rayon İcra və probasiya şöbəsi tərəfindən xx.xx.2019-cı il tarixində qəbul olunmuş akt ləğv edilməli və ünvan 1 ünvanında yerləşən 100 kv/m qeyri yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi cavabdeh Binəqədi rayon İcra və Probasiya şöbəsi üzərinə öhdəlik kimi qoyulmalıdır.
4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında cavabdeh və üçüncü şəxs iclasın vaxtı və yeri barədə lazımınca məlumatlandırılmasına baxmayaraq iclasda iştirak etməmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq "xxxx" Mənzil Tikinti Kooperativinin üçüncü şəxs qismində cəlb edilməsi barədə qərardad çıxarmışdır.
5. İddiaçı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən qanuni qüvvəyə minmiş Nəsimi rayon məhkəməsinin qətnaməsini, Yasamal rayon məhkəməsinin qərardadını, Bakı Apelyasiya Məhkəməsinin qətnaməsini və Ali Məhkəmənin qərarını qərəzli olaraq icra etmədiyinə və Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən üzərinə həbs qoyulmuş, özgəninkiləşdirilməsi, 3-cü şəxsin istifadəsinə və sahibliyinə verilməsi "xxxx" Mənzil Tikinti Kooperativinə qadağan olunmuşdur. Həmin əmlak xx.xx.2020-ci il tarixdə Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən iddiaçıya təhvil verilmiş və halhazırda iddiaçının istifadəsində olmasına baxmayaraq, "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçisi X6 iddiaçının istifadəsində olan əmlakın tikili hissəsi dağıdılaraq, 6235 manat dəyərində qəsdən zərər vurmaqla daxil olmuş və həmin əmlakın 100 kv/m hissəsi 3-cü şəxsə təhvil vermiş və bu barədə müqavilə bağlamışdır. İddiaçı X2 Şərur MTK-nın vəzifəli şəxsləri tərəfindən qeyd olunan hərəkətləri qəsdən icra etdiyi üçün Azərbaycan Mülki Prosessual Məcəlləsinin 265.4-cü, 265.5-ci maddələrinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin təsisçisi X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186 və 306.2-ci maddələrinin pozulmasına dair cinayət işinin başlanması barədə xüsusi qərardad çıxarmaqla, prokurora məlumat verilməsini xahiş etmişdir.
6. Məhkəmənin sorğusuna cavab olaraq Yasamal Rayon İcra və Probasiya tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(004)-516/2013 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədinə dair icra işinin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur.
7. Məhkəmənin sorğusuna cavab olaraq Binəqədi rayon İcra və Probasiya şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4396/2018 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə dair icra işinin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur.
8. Məhkəmənin hazırlıq icraatı üzrə növbəti iclasında iddiaçının vəkili dəqiqləşdirmə ərizəsi təqdim etmiş, iddia ərizəsində texniki olaraq səhv qeyd olunmuş tarixlərin düzəldilməsini xahiş etmiş, eyni zamanda iş üzrə məhkəmə qərarlarının surətini və iş üzrə cinayət işinin başlanması üçün xüsusi qərardadın çıxarılması barədə vəsatətini məhkəməyə təqdim etmişdir. Üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi X4 və X1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və X4 ölüm haqqında şəhadətnaməsini təqdim etmişdir.
9. Məhkəmə iş materiallarını araşdıraraq, iddia tələbindəki aktın tarixinin formal səhv qəbul olunaraq xx.xx.2019-cu il olaraq dəyişdirilməsi və iş üzrə X4 inzibati məhkəmə icraatında üçüncü şəxs qismində işdə prosessual iştirakına xitam verilməsi və X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunması haqqında qərardad qəbul etmişdir.
10. İş üzrə hazırlıq icraatında yaranmış zərurətlə əlaqədar olaraq Bakı şəhər İcra Hakimiyyətinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş sorğuların cavablandırılması məqsədilə məhkəmənin növbəti iclası təxirə salınmışdır.
11. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında məhkəmənin vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər iştirak etməmiş və iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı tərəfin iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclası növbəti tarixə təxirə salmışdır.
12. Məhkəmənin hazırlıq icraatı üzrə növbəti iclasında üçüncü şəxs "xxxx" Mənzil Tikinti Kooperativi iştirak etmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsini təqdim etmişdir. Digər tərəflərə məhkəmənin vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər iştirak etməmiş və iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı tərəfin iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclası növbəti tarixə təxirə salmışdır.
13. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında məhkəmənin vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər iştirak etməmiş və iştirak etməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı tərəfin iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclası növbəti tarixlərdə bir neçə dəfə təxirə salmışdır.
II. İddianın geri götürülmüş sayılması
14. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
15. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
16. İddiaçının nümayəndəsi məhkəmənin xx.xx.2021-ci il tarixdə hazırlıq icraatı üzrə iclasının keçirilməsi vaxtı barədə xx.xx.2021-ci il tarixdə xəbərdar edilmişdir. İddiaçı məhkəmə iclasında iştirak etmədiyindən iclasda iştirakını təmin etmək məqsədilə hazırlıq icraatı üzrə məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmiş, iddiaçıya göndərilən bildirişdə İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddianın geri götürülmüş sayılması barədə xəbərdarlıq edilmiş, lakin qeyd edilən tarixdə (xx.xx.2021-ci il tarixdə) iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası yenidən eyni qaydada təxirə salınmış, hazırlıq icraatı üzrə iclas xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Məhkəmənin növbəti hazırlıq icraatı üzrə iclasında üçüncü şəxs iştirak etsə də, iddiaçı iştirak etməmişdir, iddiaçının iştirakını təmin etmək məqsədilə iclas xx.xx.2021-ci il tarixə təxirə salınmışdır, iddiaçı növbəti iclasda da iştirak etməmişdir. Məhkəmə iclası xx.xx.2021-ci il tarixə təxirə salmışdır, iddiaçı yenidən iclasda iştirak etməmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli hazırlıq icraatı iclasında tərəflər eyni qaydada iştirak etməmişdir. Beləliklə, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınmış, məhkəmə icraatından yayınmanın hüquqi nəticələri ona göndərilən bildirişdə aydın ifadə edilmiş, qeyd edilən bildiriş iddiaçıya lazımi qaydada çatdırılmışdır.
17. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
18. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X9 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
19. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
20. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
21. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
22. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
23. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
24. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva