Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4241/2025 09.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı (3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “yeni məlumat vərəqinin göndərilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqı ilə birlikdə digər növ 60% vəsaitdən (Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilən 60 faiz vəsait) DSMF-yə bütün tələb olunan məcburi dövlət sığorta haqqının ödənilməsini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 oktyabr 2017-ci il tarixli, 437 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli, 170 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 21 iyun 2022-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə, 149-cu maddəsinin Vİİ bəndinə, həmçinin Azərbaycan Respublikası Sosial Sığorta Haqqında Qanuna əsasən, əmək pensiyasının yenidən hesablanması üçün ona aid məlumat vərəqində əmək haqqı qrafasında 60% aldığı məbləği şəxsi vərəqdə göstərilməklə cavabdeh tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra – üçüncü şəxs) üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim olunmuş iddiaçıya dair məlumat vərəqində işlədiyi illər boyu və aldığı vəzifə ştatına uyğun aylıq məvacibinə əlavə olunan 60% mavacibi ona aid məlumat vərəqində göstərilmədən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun hərbi qulluqçu (xüsusi rütbəli şəxs) kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh məlumat vərəqəsini düzgün tərtib etməyərək onun konstitusion hüquqlarını pozmuş olmuşdur. Belə ki, müraciət ərizəsində o, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə və 149-cu maddəsinin 7-ci bəndinə əsaslanaraq ona aid məlumat vərəqində illər boyu aldığı aylıq məvacibinə olan 60% əlavənin, müvafiq qrafada göstərilməklə cavabdeh tərəfindən DSMF-yə göndərilməsini xahiş etmişdir. Lakin cavabdeh öz imtina cavabında əsəssız və qanunsuz fikir formalaşdıraraq hansı səbəbdən ona Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndini tədbiq etməməyini bildirmir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2019-cu il tarixli, 1000/064Ş nömrəli Komitə sədrinin əmri ilə “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən qeyd olunan Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. İddiaçı barəsində cavabdeh tərəfindən tərtib edilmiş məlumat vərəqəsi "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 avqust 2007-ci il tarixli, 135 nömrəli Qərarına uyğun olaraq hazırlanmış və Filiala təqdim edilmişdir. Beləliklə qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasından söhbət gedə bilməz. İddiaçının cavabdehə qarşı hazırkı iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən olunmur. Buna görə də iddiaçının cavabdehə qarşı olan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Üçüncü şəxs tərəfindən iddiaya yazılı mülahizə məhkəməyə təqdim edilmişdir. Mülahizədə göstərilmişdir ki, qanunvericiliyin normalarından da müəyyən olunur ki, qanunvericilik hərbi qulluqçular və xüsusi rütbəli şəxlərə münasibətdə pensiyanın təyin olunması və müvafiq olaraq pensiyanın yenidən hesablanmasını xidmət keçdiyi orqan tərəfindən məlumat vərəqinin təqdim olunması ilə şərtləndirir. Hazırkı iş üzrə bildirilmişdir ki, iddiaçının xidmət keçdiyi orqan tərəfindən yeni məlumat vərəqi təqdim edildiyi halda, həmin məlumat vərəqinə əsasən iddiaçının müraciətinə baxıla bilər. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, onun gömrük orqanlarında xidmət keçdiyi dövrdə iddia ərizəsində qeyd olunmuş qərarla aldığı 60% vəsaitdən məcburi dövlət sosial sığorta haqları tutulmuşdur. Həmin vaxt qeyd olunan vəsait büdcədən kənar olaraq gömrük orqanlarına keçirilmiş və gömrük əməkdaşlarının maddi təminatlarının yaxşılaşdırılmasına yönəldilmişdir. Lakin, sonradan həmin vəsait büdcəyə ödənilməklə gömrük əmıkdaşlarının əmək haqlarına yönəldilir. Belə ki, ondan sonra əmək pensiyasına çıxmış əməkdaşların pensiya təminatında həmin vəsait nəzərə alınır. Lakin, onun pensiyasında nəzərə alınmır. Bu isə bərabərlik hüququnun pozulmasına səbəb olur. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraza uyğun izahat verərək bildirdi ki, qeyd olunan vəsait iddiaçıya büdcə vəsaiti kimi ödənilmədiyi üçün məlumat vərəqində qeyd edilə və iddiaçının pensiya təminatı zamanı nəzərə alına bilməz. Bu səbəbdən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İddiaçıya məxsus əmək kitbçasının surətindən görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixində gömrük orqanlarına xidmətə qəbul edilmiş və xx.xx.2022-ci ilə qədər gömrük orqanlarında müxtəlif vəzifələrdə çalışmış və həmin tarixdə xidmətdə olmanın son yaş həddinə çatdığı üçün xidmətinə xitam verilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin 18 yanvar 2000-ci il tarixli, 025 ш saylı Əmrinə əsasən iddiaçı 3 aylıq sınaq müddəti müəyyən edilməklə Bakı Baş Gömrük İdarəsi 1-ci yük şöbəsinin inspektoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin 17 yanvar 2022-ci il tarixli, 1000/064Ş saylı Əmrinə əsasən iddiaçı “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. xx.xx.2022-ci il tarixli məlumat vərəqinə əsasən iddiaçının cəmi iş stajı 39 il 4 ay 25 gün (24 il 6 ay 12 gün təqvimi, 12 il 11 ay 6 gün iş stajı, 1 il 11 ay 7 gün ali təhsili), sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun vəzifə maaşı 540 manat, rütbə maaşı 154 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 30 faizi miqdarında əlavə 208,20 manat, ərzaq payı əvəzinə kompensasiya 32 manat, digər növ əlavələr 108 manat olmaqla cəmi təminat xərcliyi 1042,20 manat təşkil etmişdir. Üçüncü şəxs tərəfindən iddiaçının pensiya işi məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə X4 pensiyasının təyin edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarına əsasən iddiaçıya cəmi xidmət ili 26 il 05 ay, cəmi təminat xərcliyi 1042,20 manat, pensiya faizi 67,83 olmaqla xx.xx.2022-ci il tarixdən 706,92 manat olmaqla müddətsiz əmək pensiyası təyin edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində onun aylıq vəzifə maaşı barədə yeni məlumat vərəqinin tərtib edilərək müvafiq orqana göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı həmin tələblə cavabdehə müraciət etmiş, lakin iddiaçının tələbindən imtina edilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir (1.0.1). Təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir (1.0.5). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndinə əsasən bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Göründüyü kimi iddiaçı gömrük orqanlarında xidmət keçdiyi dövrdə aldığı və məcburi dövlət sosial sığorta haqlarının tutulduğu Gömrük Komitəsinin hesabına köçürülən vəsaitin pensiya təyin edilən zaman cavabdeh tərəfindən tərtib edilən məlumat vərəqində əks olunmadığını bildirir və həmin məbləğin məlumat vərəqəsinə daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə xx.xx.2018-ci il tarixli Qanunla edilmiş və xx.xx.2019-cu il tarixindən qüvvəyə minmiş dəyişikliyə əsasən “büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla” sözləri əlavə edilmişdir. Yəni, xx.xx.2019-cu il tarixindən sonra əmək pensiyasına çıxan xüsusi rütbəli şəxslərin əmək pensiyasının hesablanmasında büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər nəzərə alına bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 437 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nda göstərilmişdir ki, bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 334-cü maddəsinə əsasən hazırlanmışdır və gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsaitdən, cərimələrdən və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin (bundan sonra - Komitə) hesabına köçürülən vəsaitlərdən (bundan sonra - vəsait) istifadə qaydasını müəyyən edir (1.1.). “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir (1.2.). Bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, vəsaitin qalan hissəsi gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasını möhkəmləndirmək, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf etmək məqsədilə Komitənin hesabına köçürülür (1.3.). “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli, 499 nömrəli Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 334.1-ci maddəsinin birinci abzasında nəzərdə tutulan, gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və həmin Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərinin 93 faizi aşağıdakı kimi bölüşdürülür: 28.13.1. hər ay 450 000 manatı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hesabına köçürülür; 28.13.2. bu Fərmanın 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, qalan hissəsinin 60 faizi dövlət büdcəsinə köçürülür və həmin vəsait tam həcmdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilir (28.13). “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın 1.3-cü bəndinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 170 nömrəli Qərarı ilə edilmiş (xx.xx.2022-ci ildən qüvvəyə minmiş) dəyişikliyə qədər həmin bənd aşağıdakı redaksiyada olmuşdur: “Vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir.” Beləliklə “Qayda”nın 1.2 və 1.3-cü bəndlərinin xx.xx.2022-ci ilə olan redaksiyası aşağıdakı kimi olmuşdur: 1.2. Vəsait Komitənin işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul edilən yeni metod və üsulların öyrənilməsinə sərf olunması məqsədi ilə Komitənin hesabına köçürülür. 1.3. Vəsaitin 60 (altmış) faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə edilir. “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli, 499 nömrəli Fərmanının 285.13.2-ci bəndinə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2022-ci il tarixli, 1937 nömrəli Fərmanı ilə dəyişiklik edilənə qədər həmin bənd aşağıdakı kimi olmuşdur: 28.13.2. bu Fərmanın 28.13.1-ci yarımbəndi nəzərə alınmaqla, qalan hissəsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin işçilərinin sosial müdafiəsini gücləndirmək, gömrük orqanlarının, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasını möhkəmləndirmək, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülür. Beləliklə yuxarıda qeyd edilən normativ aktların məzmununu ümumiləşdirərək qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 437 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlər xx.xx.2022-ci ilə qədər büdcəyə deyil, birbaşa Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülmüş və vəsaitin 60 faizi Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə yönəldilmişdir. Yalnız xx.xx.2022-ci ildən sonra həmin vəsait büdcəyə keçirilmiş və Komitənin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə sərf edilmişdir. Yəni, qeyd edilən vəsait yalnız xx.xx.2022-ci ildən sonra büdcə vəsaitinə çevrilmiş, həmin tarixə qədər isə büdcədən kənar vəsait kimi ödənilmişdir. Göründüyü kimi iddiaçı 17 yanvar 2022-ci il tarixində əmək pensiyasına çıxmış və gömrük orqanlarında xidmək keçdiyi vaxt Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaiti büdcədən kənar vəsait kimi almışdır. Yuxarıda qeyd edildiyi kimi, büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlərin isə təminat xərcliyinə daxil edilməsi yolverilməzdir. Bu səbəbdən iddiaçının aldığı həmin vəsait onun məlumat vərəqəsinə daxil edilə və əmək pensiyasının hesablanması zamanı nəzərə alına bilməz. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı “yeni məlumat vərəqinin göndərilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-4241/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4241/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver