Məhkəmə qərarları › İş №2-1(112)-4242/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4242/2022

25.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4242/2022 25.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər: X9, X6, X7) “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs: X9) “qeydiyyatdan çıxarılma” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi üçüncü şəxs iddiaçının oğludur. İddiaçı ilə üçüncü şəxs arasında bağlanmış bağışlama müqaviləsinə əsasən üçüncü şəxs öz hüquqlarından imtina edərək yaşayış sahəsinin ona məxsus hissəsində (payından) iddiaçıya keçməsini öz iradə ifadəsi ilə nümayiş etdirmişdir. Hazırda əldə olunmuş arayışa əsasən üçüncü şəxs X9 yaşayış sahəsində qeydiyyatda olsa da, həmin ünvanda yaşamır. İddiaçı hesab edir ki, müvafiq polis orqanı müraciəti əsassız olaraq qəbul etməmiş və oğlunun qeydiyyatdan çıxarılmasını həyata keçirməmişdir. Bakı İnzibati Məhkəməsinin 09.02.2022-ci il tarixli qərardadı ilə iş üzrə X6 və X7 üçüncü şəxs qismində inzibati məhkəmə qismində cəlb edilməsi (zəruri cəlbetmə) qərara alınmışdır. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, mahiyyəti üzrə baxılması nəzərdə tutulan iddia onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Əvvəla qeyd olunmalıdır ki, iş materiallarından, o cümlədən iddia ərizəsindən də göründüyü kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması xahiş edilən şəxs X8r. Nəzərə alınmalıdır ki, hazırki mübahisə predmetini təşkil edən əmlak paylı mülkiyyətdə olduğundan, iddiaçı ilə yanaşı digər payçıların (X6 və X7) məhkəmə iclasında üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı mövqeyilərinin müəyyən etmək zərurəti yaranmışdır ki, onlar iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iddianın mahiyyəti üzrə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlk olaraq qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur ki, məhkəmə hesab edir ki, yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə məntiqi nəticə etibarı ilə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə də münasibət bildirilə bilər. Məhkəmə bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmaması hər nə qədər xüsusi hüquq sahəsinin predmeti kimi mülki icraat qaydasında aydınlaşdırılmalı olmalı olan məsələ kimi görünsə də, qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində publik hüquq münasibətləri çərçivəsində, eləcə də hazırkı iş üzrə olduğu kimi yaşayış yeri üzrə qeydiyyatdan çıxarma barədə iddia tələbinə dair işə baxılan zaman şəxsin yaşayış sahəsinə istifadə hüququnun olub-olmadığının müəyyən edilməsini istisna etmir. AR MM-nin 2.5-ci maddəsinə görə əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş hallarda mülki hüquq normalarının inzibati münasibətlərdə tətbiqi mümkün hesab edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının Vİİİ hissəsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin öz səlahiyyətlərinə aid edilən məsələlərə dair Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə qərarları inzibati münasibətlərdə mülki hüquq normalarının tətbiqinə səlahiyyət yaradır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarından göründüyü kimi müəyyən edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olubolmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qərarın məzmunundan da göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında məhkəmə şəxs və ya şəxslərin yaşayış sahəsinə əmlak hüquqları, eləcə də istifadə hüquqlarının olmadığını müəyyən edərsə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini inzibati orqana həvalə etmək səlahiyyətinə malikdir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında işə baxan məhkəmənin şəxsin əmlak hüququna malik olubolmadığını müəyyən etmək imkanı nəzərdə tutulmuşdur ki, məhkəmə hesab edir ki, müəyyən edilmiş bu səlahiyyətin icrası da müvafiq mülki hüquq normalarının tətbiqini zəruri edir. Məhkəmə diqqətə çatdırır ki, hazırki mübahisəyə qiymət verilərkən dəyərləndirmə iki əsas üzrə aparılmalıdır: - İddiaçının mülkiyyətində (paylı) olan yaşayış sahəsinin bir hissəsinin mülki əqd əsasında əldə etməsi; - Üçüncü şəxs qismində çıxış edən şəxsin iddiaçının övladı olaraq yaşayış sahəsi üzərində istifadə hüququnun olub-olmamasıdır. Birinci, qeyd olunmalıdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 4 payçı (iddiaçı və üçüncü şəxslər) arasında, hər biri ¼ hissəyə malik olmaqla paylı mülkiyyətdə olmuşdur. Sonradan, iddiaçı və X9 (qeydiyyatdan çıxarılması tələb olunan üçüncü şəxs) arasında bağlanmış bağışlama müqaviləsinə əsasən mübahisə predmetini təşkil edən yaşayış sahəsinin ¼ hissəsi iddiaçıya bağışlamaqla onun mülkiyyətinə vermişdir. Göründüyü kimi qeydiyyatdan çıxarılması tələb olunan şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün daşınmaz əmlak ilə bağlı müqavilələrin mövcudluğunun hüquqi əhəmiyyətinə münasibət bildirilməsi zərurət yaranmışdır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. AR MM-nin 666.1-ci və 666.2-ci maddələrinin müddəalarından görünür ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Bağışlama müqaviləsi elə bir hüquqi əqdir ki hədiyyə verən əşya üzərində mülkiyyət hüququnu itirir, hədiyyə alan isə mülkiyyət hüququ qazanır. Bu zaman hədiyyə verən əmlakı qarşılıqlı əvəz almadan hədiyyə alanın mülkiyyətinə verir İş materiallarında olan bağışlama müqaviləsindən və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan da göründüyü kimi sahiblik, istifadə və sərəncam hüquqları, iddiaçıya və üçüncü şəxs qismində çıxış edən X3 və X4 məxsusdur. Nəzərə alınmalıdır ki, yaşayış sahəsi 4 payçı arasında paylı mülkiyyətdə olmuş, 4 payçıdan biri, yəni hazırda qeydiyyatdan çıxarılması tələb olunan şəxs yaşayış sahəsinə dair ona məxsus olmuş hissədən (paydan) əvəz almadan imtina edərək onun iddiaçıya keçməsi ilə bağlı iradə ifadəsini nümayiş etdirmişdir. Bununla da, iddiaçının yaşayış sahəsinin 2/4 hissəsi üzrə mülkiyyət hüquqları qeydiyyata alınmış, sahəsinin digər 2/4 hissəsi isə hər biri ¼ olmaqla X1 və X2 mülkiyyətinə verilmişdir. Göründüyü kimi üçüncü şəxs X9 yaşayış sahəsinin ona aid hissəsindən imtina etmiş və iddiaçının mülkiyyətinə verilməsini öz iradə ifadəsi ilə nümayiş etdirərək bağışlama müqaviləsi bağlamışdır ki bu da, üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququ olmayan şəxs olmasını göstərir. Bundan başqa, yaşayış sahəsinin digər mülkiyyətçiləri (üçüncü şəxslər) məhkəmə iclasında iştirak etməsələr də, aparılmış danışıqlar əsasında onların səhhətləri ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədikləri bildirərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdirlər. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, üçüncü şəxs iddiaçının oğlu olduğundan onun yaşayış sahəsi üzərində istifadə hüququnun olub-olmamasının qiymətləndirilməsi aşağıdaki qanunvericiliyin müddəaları əsasında aparılmalıdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16.12.2014-cü il tarixli qərarında hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir. Həmin qərarda istinad olunan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 –cü Fəslinin (Maddə 75.1 və 80.1) təhlilindən aydın olur ki, valideynlər yetkinlik yaşına çatmayan övladlarını, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludur. Hazırkı halda isə, iddiaçının övladının yetkinlik yaşına çatdığı müəyyən edilmiş, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan şəxs olması isə müəyyən edilməmişdir. Göründüyü kimi üçüncü şəxs valideyni olan iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olmayan şəxs hesab edilir və onun hal-hazırda iddiaçının mülkiyyətində olan yaşayış sahəsində qeydiyyatda qalması əsası aradan qalxmışdır. Beləliklə, yuxarıda adıçəkilən mülki hüquq normalarının tələbləri ilə müəyyən edilir ki, üçüncü şəxs yaşayış sahəsinə istifadə hüququ olmayan şəxsdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş sorğuya cavab məktubu da həmin şəxsin istifadə hüququna malik olmadıqlarını bir daha təsdiq edir. Belə ki, AR MM-nin 139.1-ci maddəsinin tələblərinə uyğun olaraq həmin yaşayış sahəsi ilə bağlı istifadə hüququ qeydiyyata alınmalıdır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Budan əlavə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020ci il tarixli qərarın qeyd edilmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Məhkəmə, sonda onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə icraatı zamanı təqdim edilmiş Binəqədi raon İcra Hakimiyyəti Başçısının Binəqədi rayon üzrə Nümayəndəliyinin üçüncü şəxsin (X9) iddiaçıya məxsus yaşayış sahəsində hal-hazırda yaşamaması barədə arayışı da əzərə alınmalıdır. Göründüyü kimi istər, üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun olmaması baxımından, istərsə də şəxsin yaşayış yerini dəyişməsi, başqa sözlə şəxsin həmin yaşayış sahəsində yaşamaması baxımından aparılan qiymətləndirmə iddia tələbinin təmin edilməsini, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını qanuni və əsaslı edir. Eyni zamanda qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da göstərildiyi kimi şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, 11-ci döngə, ev 18 ünvanında yerləşən yaşayış sahəsindən X5 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar