Məhkəmə qərarları › İş №2-1(112)-4245/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4245/2022

04.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4245/2022 04.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılmanın və şəxsiyyət vəsiqəsindən istifadəyə məhdudiyyət qoyulmasının qanunsuz hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsi tərəfindən qeydiyyatda olduğu yerdən (Bakı şəhəri, Sabunçu rayonu, Sülh küçəsi 8) qeydiyyatdan çıxarılması və şəxsiyyət vəsiqəsindən istifadə edilməsində məhdudiyyət qoyulması qanunsuz hesab edilməsi ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cari ilin noyabrın əvvəlində peyvənd vurdurmaq istəmiş və bununla əlaqədar poliklinikaya müraciət etmişdir. Orada iddiaçıya bildirdilər ki, qeydiyyatda olduğu yerdən Sabunçu rayon Polis İdarəsi tərəfindən çıxarılmışdır və nəticədə şəxsiyyət vəsiqəsi etibarsızdır. İddiaçı bununla əlaqədar cavabdeh orqana müraciət etmiş və cavabdeh orqan hər kəsə münasibətdə bu cür olduğu cavabını vermişdir. İddiaçı hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur və göstərilən hüquqlarının pozulmasına gətirib çıxarır.

3. Məhkəmənin 07.12.2021-ci il tarixli sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən bildirilmişdir ki, xx.xx.1974-cü il il təvəllüdlü İddiaçı yaşayış yeri olmayan şəxsi kimi Sabunçu Rayon Polis İdarəsinin ünvanı üzrə - ünvan 2 və 02.08.2019-cu il tarixdə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi üzrə regional qrup tərəfindən ona verilmiş AA******* nömrəli şəxsiyyət vəsiqəsi aktiv statusdadır.

4. Məhkəmənin 04.03.2022-ci il tarixli hazırlıq iclasında iddiaçı iştirak etmiş və bildirmişdir ki, şəxsiyyət vəsiqəsi məhkəmədə iddia qaldırıldıqdan sonra artıq aktiv statusuna keçirilmişdir. Cavabdeh orqana məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq iclasda iştirak etməmişdir.

5. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

6. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

7. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar