Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4246/2021 08.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi-X4 iştirakları ilə, İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ünvanlı sosial yardımın ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qanunla çatası məbləğdə (170 x 3=510 manat) ünvanlı dövlət sosial yardımın təyin edilməsi və keçən müddət ərzində ödənilməmiş ünvanlı dövlət sosial yardımın ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1991-ci ildə doğulmuşdur. 02 avqust 2013-cü il tarixdə X5 ilə nikaha daxil olmuş, nikahlarından 23.09.2009-cu il təvəllüdlü X8 və 03.04.2014-cü il təvəllüdlü X6 doğulmuşdur. X2 məhkəmənin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilmişdir. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı cəza çəkmə müəssisəsində cəza çəkir. Özü heç bir yerdə işləmir və heç bir yerdən də gəliri yoxdur. Dəfələrlə müraciət etməsinə baxmayaraq ona ünvanlı sosial yardımın verilməsindən əsassız olaraq imtina edilmişdir. Sonuncu dəfə isə 11.01.2021-ci il tarixdə əsassız olaraq “gəliri” olub əsası ilə imtina edilmişdir. 2021-ci il üçün ünvanlı sosial yardım üçün ehtiyac meyarının miqdarı 170 manat müəyyən edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair 31 mart 2021-ci il tarixli **********9 №li etirazda göstərilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X16 və X23 (VEMTAS) vasitəsilə müxtəlif tarixlərdə müraciətlər etmişdir. 19.12.2020-ci il tarixli **********84803 nömrəli müraciətinə əsasən sosial yardımın təyin olunmamasının səbəbi ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi olmuşdur. Növbəti 11.01.2021-ci il tarixli **********84804 nömrəli müraciətinə əsasən sosial yardımın təyin olunması aşağıdakı səbəbdən mümkün olmamışdır: Əmək müqaviləsi bildirişi üzrə informasiya sistemindən əldə edilən məlumata əsasən ailə üzvü X3 “əvvəlki 12 ayda muzdlu işdən gəliri olub”seçimi üzrə məlumatda uyğunsuzluq səbəbindən: ərizə-bəyannamədə “əvvəlki 12 ayda muzdlu işdən gəliri olub” seçimi üzrə “bəli” qeyd edilmişdir. Bu seçim öz təsdiqini tapmayıb. Göründüyü kimi, ünvanlı sosial yardımın təyin edilməsinin mümkün olmaması səbəbi iddiaçının ərizəbəyannaməyə məlumatların düzgün daxil etməməsidir. Bundan sonra iddiaçı 03 fevral 2021-ci il tarixdə VEMTAS vasitəsilə təkrar müraciət etmişdir və 21 fevral 2021-ci il tarixdən X12 Alt Sisteminin (ESDAS) ünvanlı yardım AS-nin müraciətlər reyestrində iddiaçı ünvanlı dövlət sosial yardımın təyinatına namizəd kimi qeyd edilmişdir. Bu isə o deməkdir ki, iddiaçının ilkin mərhələdə, yəni elektron ərizə-bəyannamənin doldurulması mərhələsində, daxil olunan məlumatlar müvafiq qurumların elektron bazalarında öz təsdiqini tapmışdır. İkinci mərhələdə müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Həmin işçi “Ailənin maddi-məişət şəraitinin müaynəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Vemtas tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olnduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. İddiaçı VEMTAS vasitəsilə edilən sonuncu müraciəti baxılma mərhələsində olduğundan onun məhkəməyə məcburetmə haqqında iddia tələbi ilə müraciəti mümkün sayılmamalıdır. Maddi-məişət şəraitinin yoxlanılması mərhələsində iddiaçıya imtina cavabı verildiyi halda məhkəməyə müraciət etmək hüququ yaranacaqdır. Cavabdeh inzibati orqan qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi-X13 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etməyərək və təqdim olunmuş etiraza uyğun izahat verərək, məhkəmədən iddianın mükün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və elektron məhkəmə sistemindən çıxarılmış “Şəxsiyyət vəsiqəsi məlumatları”ndan müəyyən olunur ki, xx.xx.1991-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Sabunçu rayonu, Qeydiyyat şöbəsi tərəfindən 02.08.2013-cü ildə verilmiş AZ-İ seriyalı 873095 №li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 ilə X9 02.08.2013-cü ildə nikaha daxil olmuşlar, nikahdan sonra arvada İskəndərova soyadı verilmişdir. AZE seriyalı 11867716 №li və AA seriyalı ******* №li şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, müvafiq olaraq 23.09.2009-cu il təvəllüdlü Zəhra İskəndərovanın və 03.04.2014-cü il təvəllüdlü Soltan İskəndərovun ataları Həmid İskəndərov, anaları isə İddiaçıdır. Bakı şəhər Yasamal rayon İcra hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı MKİS-inin 04.05.2021-ci il tarixli 229 saylı arayışından müəyyən edilir ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatda olmaqla, yaşayır. Ailə üzvləri aşağıdakılardan ibarətdir: X2, qızı X7, oğlu X6. İddiaçı və X5 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, onlar ailələri üçün 1 il müddətinə təyin olunacaq sosial yardımın alınması üçün İddiaçı ailələrini təmsil edən şəxs kimi qeydə alınmasını xahiş etmişlər. İddiaçının hazırkı tələblə cavabdeh orqana 04.11.2020-ci il, 19.12.2020-ci il, 11.01.2021-ci il, 03.02.2021-ci il 23.04.2021-ci il tarixlərdə etdiyi müraciətlərə cavab olaraq, onun müraciətlərinin təmin olunmasından imtina edilmiş və imtinaya əsas kimi müvafiq olaraq göstərilmişdir ki; - Əmək müqaviləsi bildirişi üzrə informasiya sistemindən əldə edilən məlumata əsasən ailə üzvü X3 “Hal-hazırda muzdla işləyəndir” seçimi barədə məlumatın öz təsdiqini tapmaması. Ərizə-bəyannamədə “Hal-hazırda muzdla işləyəndir” seçimi üzrə “Bəli” qeyd olunmuşdur. Bu seçim öz təsdiqini tapmamışdır. Əmək müqaviləsi bildirişi üzrə informasiya sistemindən əldə edilən məlumata əsasən ailə üzvü X3 “Əvvəlki 12 ayda muzdlu işdən gəliri olub” seçimi üzrə məlumatda uyğunsuzluq səbəbindən: ərizə-bəyannamədə “Əvvəlki 12 ayda muzdlu işdən gəliri olub” seçimi üzrə “bəli” qeyd edilmişdir. Bu seçim öz təsdiqini tapmayıb. Azərbaycan Respublikası DNŞ-nin “Azəriqaz” İB tərəfindən təqdim edilən məlumata əsasən **********78745 abonent kodunun aşkarlanmaması; - ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi; - əmək müqaviləsi bildirişi üzrə informasiya sistemindən əldə edilən məlumata əsasən ailə üzvü X3 “əvvəlki 12 ayda muzdlu işdən gəliri olub” seçimi üzrə məlumatda uyğunsuzluq səbəbindən; ərizə-bəyannamədə “əvvəlki 12 ayda muzdlu işdən gəliri olub” seçimi üzrə “Bəli” qeyd edilmişdir. Bu seçim öz təsdiqini tapmayıb. - ailənin “ərizə bəyannamə”də göstərdiyi ünvanda yaşamaması. Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi. Başqa şəxsə aid abonent kodunun bəyan edilməsi. - ailənin “ərizə bəyannamə”də göstərilən ünvanda yaşamaması. Ona görə də cavabdehin ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Bakı şəhər Yasamal rayon polis idarəsi tərəfindən verilmiş 21 may 2021-ci il tarixli 09126946-1221 №li məktubdan müəyyən olunur ki, Yasamal rayonu, Qədirli küçəsi, ev 165 ünvanında yaşayan 09.08.1989-cu il təvəllüdlü X5, AR DİN-nin Baş əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 18.05.2021-ci il tarixli tələbnaməyə əsasən 4 (dörd) dəfə məhkum olunmuş, barəsində Səbail RPİ-nin İstintaq şöbəsi tərəfindən 03.12.2010-cu il tarixdə AR CM-nin 177.2.1-ci maddəsi, Bakı şəhər BPİ-nin İstintaq idarəsi tərəfindən 04.03.2014-cü il tarixdə AR CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18.06.2020-ci il tarixli hökmü ilə AR CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən verilmiş 04.06.2020-ci il tarixli 17/6-9927 №li məktubdan müəyyən olunur ki, 09.08.1989-cu il təvəllüdlü X1 Rayon Məhkəməsinin 01.02.2016-cı il tarixli hökmünə əsasən 6 (altı) il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28.10.2016-cı il tarixli qərarı ilə qeyd olunan hökm dəyişdirilərək, ona 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, 27.02.2020-ci il tarixdə cəza müddətinin qurtarması ilə əlaqədar cəzaçəkmə müəssisəsindən azad edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18.06.2020-ci il tarixli hökmünə əsasən 5 il 11 ay 27 gün müddətinə (cəzasının əvvəli 18.06.2020-ci il, cəzasının sonu 15.06.2026-cı il) azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” Cavabdehin imtina bildirişində tarix göstərilmədiyindən və sosial yardımın təyin edilməsindən imtinanın iddiaçıya hansı tarixdə çatdırılması barədə məlumat olmadığından məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qanunla müəyyən edilmiş müddət ərzində irəli sürmüşdür. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunu ünvanlı dövlət sosial yardımının göstərilməsinin məqsəd və prinsiplərini, təyin olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. 6.1-ci maddəsinə əsasən, sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının; - 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri aşağıdakı səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər: 1.2.1.) ailə üzvünün əmək qabiliyyətini itirməsi; 1.2.2.) əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi; 1.2.3.) ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; 1.2.4.) ailənin əmək qabiliyyətli üzvünün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alması; 1.2.5.) ailə üzvünün vəfat etməsi; 1.2.6.) ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; 1.2.7.) ailə üzvünün azadlıqdan məhrum edilməsi; 1.2.8.) ailə üzvünün olduğu yerin məlum olmaması. - 1.3-cü bəndinə əsasən, sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə aşağıdakı dövlət orqanlarının və qurumlarının (bundan sonra - qurumlar) informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur: 1.3.1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi; 1.3.2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi; 1.3.3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi; 1.3.4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi; 1.3.5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi; 1.3.6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi; 1.3.7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi; 1.3.8. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi; 1.3.9. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi; 1.3.10. Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi; 1.3.11. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi; 1.3.13. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti; 1.3.14. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti; 1.3.15. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti; 1.3.18. Azərbaycan Respublikasının X20; 1.3.19. “xxxx” Açıq Səhmdar Cəmiyyəti; 1.3.20. “xxxx” Açıq Səhmdar Cəmiyyəti; 1.3.21. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi; 1.3.22. yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri. - 3.1-ci bəndinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. - 3.2-ci maddəsinə əsasən, VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. - 3.3-cü bəndinə əsasən, bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Mərkəzin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. - 3.4-cü bəndinə əsasən, mərkəzin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddiməişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Sadalanan normaların tələbindən göründüyü kimi, orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, bazadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr sosial yardım hüququna malikdirlər və sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarına görə sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların Nazirlik tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə bir sıra dövlət orqanlarının və təşkilatlarının informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunur və müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılaraq müvafiq qərar qəbul edilir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən, sonuncunun ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi; ailənin “ərizə bəyannamə”də göstərdiyi ünvanda yaşamaması; başqa şəxsə aid abonent kodunun (“Azəriqaz” İB) bəyan edilməsi göstərilsə də qeyd olunan hallar inzibati orqan tərəfindən inzibati icraat qaydasında araşdırılmamış və məhkəmə araşdırması müəyyən olunan hallar cavabdeh tərəfindən nəzərə alınmamışdır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, İnzibati icraat haqqında” Qanunun : 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra onun müraciəti əsasında yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı ona ünvanlı sosial yardımın təyin edilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə İddiaçı ona ünvanlı sosial yardımın təyin edilməsinə dair müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4246/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4246/2021
08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver