Məhkəmə qərarları › İş №2-1(112)-4246/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4246/2023

08.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4246/2023 08.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən X4 ayrılmış 16 saylı bağ sahəsi üzərində onun vərəsəsi olan İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq həmin bağ sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra iddia ərizəsinə əlavə təqdim edərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan – Hacı Həsən yolunun qərb hissəsində yerləşən sahəsi 1200 kv.metr olan 16 saylı bağ sahəsinin mərhum X4 məxsus olması barədə arayışın iddiaçıya verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı "Şabandağ" bağçılıq-yoldaşlıq kollektivinin üzvü olmuş və Şabandağ sahəsində sahəsi 1200 kv. metr olan 16 saylı bağ sahəsi ayrılmış X3 vərəsəsidir. X5 xx.xx.2009-cu ildə vəfat edib. İddiaçı onun oğludur. Bakı şəhəri 8 saylı Notariat kontorunun notariusu Vəsilə Nəcəfovanın verdiyi 20 sentyabr 2022-ci il tarixli 1960 saylı məktuba əsasən, bununla bağlı kontorda 192/2022 nömrəli vərəsəlik işi açılmışdır. Bakı şəhər X9 icraiyyə Komitəsinin 11/546 nömrəli, 07 avqust 1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq həmin idarəyə Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün torpaq sahəsi ayrılıb. "Bağçının üzvlük kitabçası"na əsasən X5 1991-ci ildə "Şabandağ" bağçılıq yoldaşlığına qəbul edilib, bağçılıq cəmiyyətinin xx.xx.1990-cı il tarixli, 10 nömrəli protokoluna əsasən onun istifadəsinə sahəsi 1200 kv. metr olan 16 saylı bağ sahəsi verilib. 26 sentyabr 2022-ci ildə iddiaçı həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq, çıxarışın verilməsi üçün cavabdeh quruma müraciət edib. Cavabdeh orqanın 24 oktyabr 2022-ci il tarixli, **********95 saylı bildirişi ilə müraciətin təmin edilməsindən imtina edib, imtinanın əsasları kimi elektron kadastr baza məlumatlarına əsasən ümumi əraziyə digər hüquqı şəxsin adına kadastr planının verilməsi, kollektivin siyahısında X3 adının olmaması və 16 saylı bağın ərazisinə digər fiziki şəxslərin müraciət etməsi göstərilib.

4. İddiaçının müraciətinə cavab olaraq cavabdeh orqanın xx.xx.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, idarədə mövcud olan arxiv məlumatlarına əsasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında X2 adı aşkar edilməmişdir. Bundan başqa elektron kadastr məlumatına əsasən ümumi əraziyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər hüquqi şəxsin adına “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) verilmiş, həmçinin həmin əraziyə digər fiziki şəxslərin müraciəti mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair .erilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxanş təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlkaın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi bağ massivində “Şabandağ” bağçılıqyoldaşlığı tərəfindən X4 ayrılmış 16 saylı bağ sahəsi üzərində onun vərəsəsi olan iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınaraq həmin bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə bağlı xx.xx.2022-ci tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarədə mövcud olan arxiv məlumatlarına əsasən təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında mərhum X2 adı aşkar edilməmişdir. Həmçinin elektron kadastr baza məlumatlarına əsasən ümumi əraziyə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər hüquqi şəxsin (X19) adına “Torpaq sahəsinin plan və ölçüsü” (kadastr planı) verilmiş və həmin əraziyə digər fiziki şəxslərin (X6, X10, X7 və digərlərinin) müraciəti mövcuddur. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçıya **********95 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsiini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edirik.

6. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən məhkəməsinin sorğusuna cavab olaraq bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin aidiyyəti strukturunda İddiaçı 26 Bakı Komissarı adına Neft və Qazçıxarma İdarəsinin “Şabandağ” bağçılıqtərəvəzçilik təsərrüfatından bağ sahəsinin ayrılmasına dair sənədlər, o cümlədən kollektivinin üzvlərinin siyahısı aşkar edilmədiyindən, bu məsələ ilə bağlı hər hansı bir sənədin təqdim edilməsi mümkün deyil.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab bildirilmişdir ki, 26 Bakı Komissarı adına X20 İdarəsinin “Şabandağ” bağçılıq yoldaşlıq kollektivinin üzvlərinin siyahısı arxiv qovluğunda aşkar edilməmişdir. Qeyd olunan bağ sahəsi ilə bağlı digər şəxslər tərəfindən idarəyə müraciət daxil olmamışdır. Əraziyə “Şabandağ” bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin kollektiv müraciətləri daxil olmamışdır.

8. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin iş üzrə X15 üçüncü şəxs qismində icraata cəlb edilməsi barədə vəsatətinə baxılmış və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir.

9. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.

II. İddianın növü və mümkünlüyü

10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

11. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

12. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İddia mümkündür. III.Məhkəmənin mövqeyi

14. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

15. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

16. Daşınmaz əmlakın dövlət reyestri haqqında qanundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

17. X13 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

18. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

19. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

20. Məhkəmə qeyd edir ki, cavabdeh qurumun iddiaçının adının “Şabandağ” bağçılıqyoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında olmamasına dair dəlilini qəbul etmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş cizgi (digər analoji işlərdə olduğu kimi) 1986-cı ilə aid olmaqla (“Şabandağ” bağçılıq-yoldaşlıq cəmiyyətinə torpaq sahəsi Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli qərara əsasən ayrılmışdır) “Qaradağneft” bağçılıqyoldaşlıq təsərrüfatına aiddir və həmin “Qaradağneft” bağçılıq-yoldaşlıq təsərrüfatına aid üzvlərin siyahısı təqdim edilmişdir. Lakin məhkəmə nəzərə alır ki, məhkəmənin SOCAR-a verilmiş sorğusuna cavab olaraq SOCAR-ın Baş ofisinin aidiyyəti strukturunda İddiaçı “Şabandağ” kollektiv bağçılıq-bostançılıq təsərrüfatında bağ sahəsinin ayrılmasına dair hər hansı bir sənəd aşkar edilmədiyi bildirmişdir.

21. İddiaçının iddia etdiyi torpaq sahəsi ilə, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamı ilə ayrılmış və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına X17 kitabında 12 yanvar 2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr nömrəsi **********000058) tərtib olunmuş X18 məxsus (universitet kampusu tikintisi üçün) torpaq sahəsi üst-üstə düşür.

22. Həmçinin mübahisəli torpaq sahəsinin X15 daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamı, eləcə də də onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədi də iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının iddia etdiyi sahənin sözügedən hüquqmüəyyənedici sənədlər əsasında X18 ayrılmış sahə ilə üst-üstə düşdüyü işin mübahisəsiz halı olduğundan (qeyd edilən ərazinin X18 ayrılmış sahə ilə üst-üstə düşməsi analoji işlərdə də təsdiqini tapmışdır və iddiaçı həmin halı mübahisələndirmir, ona görə məhkəmə həmin hissədə əlavə araşdırma aparmağa zərurət görmür) və X18 torpaq sahəsinin ayrılmasına dair hüquqmüəyyənedici sənədlər isə öz qüvvəsini saxladığından, iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz.

23. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün “qanuni gözləntisi” yoxdur.

24. “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığının digər üzvlərinə münasibətdə qəbul edilmiş məhkəmə aktları ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: -"xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 fevral 2021-ci il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə: Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərarı); - Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 2015-ci il 15 iyul tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarları). -İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Odur ki, məhkəmə qeyd edir ki, digər iş üzrə qərarlar iddiaçılar həmin işdə proses iştirakçısı olmadığından hazırki iş üzrə məhkəmə üçün məcburi deyil. Belə ki, məhkəmə aktının preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır.

25. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

26. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar