Məhkəmə qərarları › İş №2-1(112)-4246/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4246/2025

22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4246/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X2, üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: "xxxx" MTK və "xxxx" MMC) “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M saylı evin 3-cü giriş, 10-cu daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqları üzrə qeydiyyata alınaraq müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4246/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə "xxxx" MTK üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4246/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə "xxxx" MMC 3-cü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anası X4 ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 95 saylı müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı” ların vəsaiti hesabına inşa edilən yaşayış binasında X11 adına olan 1 otaqlı, 68 kv.metr, 206 saylı mənzil X3 adına keçirilmişdir. Həmin mənzil onun tərəfindən təmir olunmuş və 2016-cı ildən o, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. X4 2019-cu il tarixdə vəfat etdiyindən, xx.xx.2020-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və “Payçı” ların vəsaiti hesabına inşa edilən yaşayış binasında olan 1 otaqlı 68 kv.m-lik, 206 saylı mənzil xx.xx.2020-ci il tarixli 10 saylı müqaviləyə əsasən onun adına keçirilmişdir. Həmin mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. Mənzilə dair "xxxx" MTK ilə iddiaçı arasında 10 saylı, xx.xx.2020-cü il tarixli müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən iddiaçı tərəfindən pay haqqı tam olaraq ödənilmiş, mənzil iddiaçıya təhvil verilmiş, o, 2016-cı ildən faktiki olaraq həmin mənzildə yaşayır. Hazırda sözügedən bina orada yaşayan sakinlərin istifadəsinə verilmiş, bütün kommunal xidmətlərlə təchiz edilmişdir. Bəzi sakinlər öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. İddiaçı hesab edir ki, hazırkı ünvanda yaşayan sakinlərə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdirsə, onun da belə bir hüququ vardır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13 M saylı evin 4-cü giriş, 13-cü mərtəbə, 307 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş və **********81 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd olunan ünvanda yerləşən yaşayış binasının istismarına icazə sənədi cavabdehə təqdim edilməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M ünvanında yerləşən daşınmaz əmlak üzərinə həbs qoyulması və həmin ünvanda inşa edilmiş yaşayış binasındakı yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı və sənədləşdirilməsinin "xxxx" MTK-ya qadağan edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-287/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi daxil olmuşdur. Mənzilin faktiki ümumi sahəsi 61.2 kv.metr təşkil edir. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13M ünvanında inşa edilmiş yaşayış binasında yerləşən 206 saylı mənzilə dair xx.xx.2024-cü il tarixli protokoldan çıxarış "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MTK-nın təsisçisi mübahisə predmeti olan mənzilin yerləşdiyi binanın "xxxx" MTK tərəfindən inşa olunduğunu, habelə iddiaçının anası və sonradan iddiaçı ilə bağlanmış müqavilələrin mötəbər olduğuna istinad edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi binanın hal-hazırda "xxxx" MMC-nin idarəçiliyində olduğuna istinad edərək MMC-nin verdiyi sənədlər əsasında mənzilə dair iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. "xxxx" MTK ilə X4 arasında bağlanmış 95 saylı, xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən MTK –ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasından, dəyəri tam ödənilməklə alınmış 1 otaqlı 68,0 kv.metr 206 saylı mənzil X3 adına keçirilmişdir. AZ-İİ seriyalı 025626 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2019-cu ildə ölmüşdür. xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X3 vərəsəsi İddiaçıdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. "xxxx" MTK ilə iddiaçı arasında bağlanmış 10 saylı, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən MTK –ya ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış massivində MTK-nın təsisçiləri və payçıların vəsaiti hesabına inşa edilən yaşayış binasında X3 adına olan mənzil, Səbahət Quliyevanın xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnaməsinə və xx.xx.2020-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 1 otaqlı 68,0 kv.metr 206 saylı mənzil iddiaçının adına keçirilmişdir. "xxxx" MTK-nın 08 saylı, xx.xx.2020-ci il tarixli mənzilin addan-ada keçirilməsi və ünvan barədə arayışına əsasən kooperativin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13M saylı evin 3 giriş 10 mərtəbə 206 saylı 1 otaqlı (68,0 kv.metr) X3 adına olan mənzil xx.xx.2020-ci il tarixdə Səbahət Quliyevanın xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnaməsinə və xx.xx.2020-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, oğlu İddiaçı adına keçirilmişdir. İddiaçı kooperativə borcu yoxdur. Arayışa Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı Şəhər Ərazi İdarəsinin Ünvan reyestrindən arayış məhkəməyə təqdim edilmişdir. "xxxx" MMC-nin təsisçilərinin ümumi yığıncağının Protokolundan xx.xx.2024-cü il tarixli çıxarışa əsasən İddiaçı 100 faiz olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi 13 M ünvanında yerləşən 3-cü giriş, 10-cu mərtəbə, ümumi sahəsi 68,0 kv.metr 206 saylı mənzilin “Payçı”sı olması təsdiq edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin məhkəmə sorğusuna 29 noyabr 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2003-cü il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Mənzil-Tikinti Kooperativinin (VÖEN **********) hüquqi varisliyi müəyyən edilməmişdir. İdarədə olan reyestrdə "xxxx" MMC adlı Kommersiya qurumu aşkar edilməmişdir. Cavabdehin məhkəmə sorğusuna 13 dekabr 2024-cü il tarixli cavab məktubunda Bakı şəhəri, ünvan 3 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. "xxxx" MTK-nın məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli, 35 nömrəli cavab məktubuna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M ünvanında yerləşən yaşayış binasına Azərbaycan Respublikası FHN tərəfindən istismara hazırlıq aktı verilmişdir. Lakin həmin yaşayış binasının yekun istismara qəbul aktı alınmamışdır. Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M ünvanında yerləşən yaşayış binası "xxxx" MTK tərəfindən inşa edilmişdir. Həmin yaşayış binası üzrə yaşayış və qeyri-yaşayış sahələrinə dair hüquqmüəyyənedici sənədlər yalnız "xxxx" MTK tərəfindən təqdim və təsdiq edildikdə etibarlıdır. Bütün yaşayış və qeyri-yaşayış sahələri MTK tərəfindən satılmışdır. Lakin mənzil sahibləri tərəfindən ona təqdim edilən sənədlərin içində "xxxx" MMC tərəfindən pul müqabilində tərtib edilmiş qanunsuz sənədlər mövcuddur. Eyni zamanda "xxxx" MTK- nın adından təqdim olunan sənədlərin "xxxx" MTK və ya notariat orqanından başqa digər təşkilat, o cümlədən "xxxx" MMC tərəfindən təsdiq edilməsi tamamilə qanunsuzdur. "xxxx" MTK-nın "xxxx" MMC ilə hüquqi baxımdan heç bir əlaqəsi yoxdur. Lakin Bakı Kommersiya Məhkəməsinin 2-2(113) - 3861/2022 nömrəli, 24.10. 2022-ci il tarixli Qətnaməsinə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M ünvanında yerləşən yaşayış binasının istismarı (yalnız istismarı) "xxxx" MTK-dan alınaraq "xxxx" MMC-nə təhvil verilmişdir. "xxxx" MMC tərəfindən təsdiq edilib, məhkəməyə təqdim edilən sənədlər qanunsuzdur, gələcəkdə hər hansı bir anlaşılmamazlığın ortaya çıxmamasını nəzərə alaraq həmin sənədlərin geri qaytarılmasında köməklik göstərilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi, 13 M ünvanında yerləşən binada qeydiyyatdan keçmiş bir neçə mənzillərə dair ilkin sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 20 fevral 2025-ci il tarixli məhkəmə sorğusuna cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli 2(010)-8199/2014 saylı qərardadı ilə iddiaçı "xxxx" MTK-nın etibarnamə əsasında nümayəndəsi V.Babalıyevin iddianı təmin etmə tədbiri ilə bağlı verdiyi ərizəsi təmin edilmiş, "xxxx" MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi 13M ünvanda inşa etdiyi yaşayış binasının ərazisinə və yaşayış binasına daxil olmaq cavabdehlərə, eyni zamanda MTK-nın rəhbərliyi və üzvləri istisna olmaqla digər şəxslərə qadağan edilməsi, Qərardadın dərhal icra edilməsi və Qərardadın icrasının Suraxanı rayon İcra Şöbəsinə tapşırılması qərara alınmışdır. xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-8199/2014 saylı digər qərardadı ilə X7 nümayəndəsi M.Hadinin iddianı təmin etmə tədbiri ilə bağlı verdiyi ərizəsi təmin edilmiş, "Badu-Kubə” MTK-nın Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi 13M ünvanda yerləşən əmlakına həbs qoyulması və həmin ünvanda inşa edilmiş yaşayış binasındakı yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı və sənədləşdirilməsinin "xxxx" MTK-ya qadağan edilməsi, Qərardadın dərhal icra edilməsi və Qərardadın icrasının Suraxanı rayon İcra Şöbəsinə tapşırılması qərara alınmışdır. Həmin qərardadlar xx.xx.2015-ci il tarixdə qanuni qüvvələrini almış və icra olunmaları üçün Suraxanı rayon İcra Şöbəsinə göndərilmişdir. Daha sonra Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-287/2015 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə maraqlı şəxs X15 qızının ərizəsi təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(010)-8199/2014 saylı qərardadı ilə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "xxxx" yaşayış sahəsi 13M ünvanda yerləşən 281 saylı mənzilin üzərinə qoyulmuş həbsin götürülməsi, Qərardadın icrasının Suraxanı rayon İcra Şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardad qanuni qüvvəsini almış və icra olunması üçün 05 noyabr 2024-cü il tarixdə Suraxanı rayon İcra Şöbəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139- 1.1.8.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin əsası hesab edilmişdir (8.0.6). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” Qanunvericiliyin tələblərinin işin hallarına münasibətdə əlaqəli təhlili belə izah olunur ki, həm 01 yanvar 2013-cü il tarixinə qədər inşa edilmiş çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün, həm də 01 yanvar 2013-cü ildən qüvvəyə minən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün təqdim edilməli olan sənədlərin sırasında istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazə olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 4 sentyabr tarixli, 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəhərsalma fəaliyyətinə, o cümlədən, şəhərsalma sənədlərinin həyata keçirilməsində sifarişçinin, tərtibatçının və podratçının fəaliyyətinə də nəzarətin həyata keçirilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən Şəhərsalma sənədləri və tikinti layihələrinin həyata keçirilməsində şəhərsalma fəaliyyətinə dövlət memarlıq-tikinti nəzarəti funksiyalarını respublika səviyyəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, yerli səviyyədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Memarlıq və Şəhərsalma İdarəsi, respublikanın digər şəhər və rayonlarının yerli icra hakimiyyətlərinin memarlıqtikinti xidmətləri həyata keçirirlər. Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, dövlət memarlıq-tikinti nəzarəti funksiyasını həyata keçirən xidmətlərin əsas vəzifələri sifarişçi, tərtibatçı və podratçı tərəfindən şəhərsalma və tikintinin (yeni tikilən və yenidən qurulan bina, qurğu, mühəndisnəqliyyat obyekti və kommunikasiyaları) bütün mərhələlərinin, habelə tikintisi tamamlanmış obyektlərin istismara qəbulunun və tikililərin keyfiyyət səviyyəsinin qüvvədə olan tikinti norma, qayda və standartlarına, təsdiq olunmuş layihə sənədlərinin tələblərinə uyğun olmasına nəzarət etməkdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 272 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın 3.6.1- 3.6.6-cı bəndlərinə əsasən tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndələrinin iştirakı ilə yaradılmış sifarişçi və ya dövlət qəbul komissiyaları tərəfindən istismara qəbul edilir. Obyekt istismara bütövlüklə və yaxud hissə-hissə (tikintinin növbələri kimi) qəbul edilə bilər. Yaşayış binaları, o cümlədən mənzillər yalnız elektrik, qaz və su xətlərinə tam həcmdə qoşulduqdan və sayğaclarla təchiz edildikdən sonra istismara qəbul üçün dövlət qəbul komissiyasına təqdim edilə bilərlər. Yalnız tikintinin başlanmasına və aparılmasına icazə sənədləri olan, layihə-smeta sənədləri dövlət ekspertizasından keçmiş və təsdiq edilmiş, tikintisi zamanı bütün norma, standart və qaydalara riayət edilməsinə dair Agentlik tərəfindən müsbət rəy verildikdən sonra qəbul komissiyası işə başlaya bilər. Bu obyektlər müvafiq qanunvericiliyə uyğun olaraq yaradılmış qəbul komissiyası tərəfindən istismara qəbul ediləndən sonra istismar oluna bilər və onlara kommunal xidmətlər (tikinti obyektlərinin texniki və yanğın təhlükəsizliyini təmin edən kommunikasiya xətləri istisna olmaqla) göstərilə bilər. Qəbul komissiyasının tərkibinə sifarişçinin, podratçının, subpodratçının, layihəçinin, istismarçının, Fövqəladə Hallar Nazirliyi X14 Xidmətinin, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin və tələb olunan hallarda X5 Görülməsi və X9 Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, yerli icra hakimiyyəti (şəhərin tərkibində olan rayonlar üzrə həm şəhər, həm də rayon icra hakimiyyəti) və ya bələdiyyə orqanının, kommunal xidmətləri göstərən təşkilatların (qaz, su, elektrik və kanalizasiya) və tələb olunan hallarda digər müvafiq təşkilatların nümayəndələri daxil edilməlidir. İstismara qəbul edilmək üçün təqdim edilən obyekt və yaxud onun tikinti növbəsi təsdiq olunmuş layihə və müqavilə sənədlərinə və qüvvədə olan tikinti norma və standartlarına uyğun və tam hazır vəziyyətdə olmalıdır. Bu obyektdə və yaxud onun tikinti növbələrində radiasiya təhlükəsizliyi, sanitar-gigiyena və təhlükəsizlik texnikası tələblərinə uyğun şərait təmin edilməlidir. Qəbul komissiyası işin yekunu üzrə obyektin istismara qəbul edilməsi və ya edilməməsi haqqında qərar qəbul edir və bu qərar akt formasında rəsmiləşdirilir. Məhkəmə onu da qeyd edir ki, hazırda qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına, o cümlədən 101-ci maddəsinin tələbinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Beləliklə, Azərbaycan Respublikası qanunvericiliyinin mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olan, həm də bundan sonrakı qanunvericiliyin müəyyən etdiyi qaydalar onu tələb edir ki, tikintisi başa çatmış yaşayış evinin istismara qəbul edilməsini təsdiq edən istismara qəbul aktı mövcud olmalıdır ki, həmin binada yerləşən mənzillərin dövlət reyestrində qeydiyyatının aparılması mümkün olsun. Lakin, iddiaçıya məxsus mənzillərin yerləşdiyi mübahisəli yaşayış binasının istismara qəbul aktı mövcud deyildir. İddiaçının iddianın əsaslandırması kimi istinad etdiyi dəlilə - istismara qəbul olunmamış həmin binada digər mənzillərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı çıxarışlara münasibətdə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə sorğusu əsasında, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə, ünvan 7 ünvanmdakı yaşayış binasında qeydiyyatdan keçmiş bir neçə mənzilə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərdən görünür ki, sözügedən binada yerləşən mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyat məhkəmə aktına əsasən aparılmışdır. “İnzibati icraat haqqında” Qanunun aşağıdakı maddələrinə əsasən: 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 18.1. İnzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan və ya daxil ola bilən) hər hansı digər hərəkətin edilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının müarciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilə bilməz. Məhkəmə aktı ilə əmlaka olan hüquqlar qeydiyyata alındıqdan sonra cavabdeh inzibati orqan həmin binada məhkəmənin gəldiyi nəticəni əsas götürüb həmin binada digər əmlaklara dair hüquqları qeydiyyata almamış, başqa sözlə, məhkəmənin gəldiyi nəticəni öz inzibati praktikasına çevirməmişdir. Məhkəmənin digər mənzillərlə bağlı gəldiyi nəticə yalnız həmin mənzillərlə bağlı olduğundan və cavabdeh inzibati orqan məhkəmə aktından sonra da digər əmlaklara dair hüquqları qeydiyyata alaraq öz inzibati praktikasına çevirmədiyindən, hazırkı halda mövcud olmayan inzibati praktikaya etimad və ya bərabər yanaşılma prinsipi qorunmur və tətbiq edilmir. Hazırkı halda istismara qəbul olunmamış çoxmərtəbəli yaşayış binasında yalnız bir neçə mənzilin qeydiyyata alınması Qanunun 8.0.9 və 8.0.10-cu maddələrinin tətbiqini əhəmiyyətsiz, istismara qəbulla bağlı başqa bir inzibati orqanın apara biləcəyi inzibati icraat (istismara qəbulla bağlı) mərhələsini adlamağa əsas verə bilər ki, bu hal da qanunvericiliyin məqsədinə uyğun hesab edilmir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar