Məhkəmə qərarları › İş №2-1(112)-4249/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4249/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4249/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək, сavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 2023 Gəlir vergisi üzrə xx.xx.2024-cü il tarixli 3- 21-2-3/2-240955/2024 saylı və 2022 Gəlir vergisi üzrə xx.xx.2024-cü il tarixli, 3- 21-2-3/2-255680/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olaraq bildirir ki, 2023 Gəlir vergisi üzrə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 240955/2024 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərara əsasən kameral vergi yoxlaması nəticəsində müəssisəyə əlavə vergi məbləğləri hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral olaraq hesablanmış Gəlir vergisi məbləğləri əsassız olaraq hesablanmışdır. İlk olaraq, fəliyyətləri əsasən çörək sexində çörək istehsalından ibarət olmuşdur. Uzun müddət zərərlə işlədikləri üçün sonradan isə vergi orqanı tərəfindən yazılan kameral cərimələr və ardınca bank hesablarına göndərilən sərəncamlarla fəaliyyətlərinə qoyulan manelərlə işlərini mümkünsüz hala gəlməsi nəticəsində sexin fəaliyyəti xx.xx.2023-cü il tarixdə dayandırılmışdır. 2023-cü ildən sonra gəlir vergisi bəyənnaməsi təqdim edildikdən sonra vergi orqanı tərəfindən uyğunsuzluq məktubları göndərilmişdir. Bu uyğunsuzluq məktubları ilə əlaqədar xx.xx.2024-cü il tarixli, xx.xx.2024cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli cavab məktubları göndərilmiş, xx.xx.2024-cü il tarixli məktubla bank çıxarışları da vergi orqana təqdim edilmişdir. Bundan sonra 2023-cü il üçün gəlir vergisi bəyannaməsi üzrə 13.310,01 manat məbləğində zərər silinməklə 33 209,84 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********897300 nömrəli Qərar qəbul olunmuşdur. Daha sonra “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il **********781600 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, bundan sonra tərəflərindən xx.xx.2024-cü il tarixli cavab məktubları göndərilmiş, xx.xx.2024-cü il tarixli məktubla bank çıxarışları da daxil olmaqla sənədlər və izahatlar, məktublar vergi orqana əsaslandırılmış cavab təqdim edilməsinə baxmayaraq, 2023-cü il üçün gəlir vergisi bəyannaməsi üzrə 10.307,12 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********609300 nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Bundan sonra vergi orqanı xx.xx.2024-cü il tarixli **********408500 saylı vergilərin, sosial sığorta, işsizlik sığortası haqlarının hesablanması barədə qərara əsasən Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarına istinad edərək qanunsuz və əsassız olaraq, təqdim edilmiş gəlir vergisi hesabatında illik zərəri 73.441,34 manat azaldaraq 11.418,85 manat gəlir vergisi hesablamışdır. xx.xx.2024-cü il tarixli **********408500 saylı qərarla əlaqədar dəfələrlə məktublar, şikayətlər yazılmasına baxmayaraq, vergi orqanı tərəfindən heç bir tədbir görülməmişdir, vergilər azaldılmamışdır, əksinə vergi orqanı tərəfindən sözügedən qərar ləğv edilərək, eyni mahiyyətli xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-240955/2024 saylı qərar qəbul edilmiş, hesablanan məbləğ isə dəyişdirilmədən saxlanılmışdır. Qərarın əsassızlığına əsas səbəb budur ki, sahibkar 2023-cü ili 73.441,34 manat zərərlə başa vurmuşdur ki, bunun açıqlaması gəlir hissəsi kassa Z hesabatları ilə, xərclər isə məxaric orderləri ilə öz təsdiqini tapır. Həmçinin, 2022-ci il üzrə dəqiqləşmiş gəlir vergi bəyannaməsi verilmiş, bununla əlaqədar kameral münasibət bildirilərək, xx.xx.2024-cü il tarixli, **********566200 nömrəli uyğunsuzluq məktubu onlara təqdim edilmiş, həmin bəyannamənin 1.3.2 kodlu sətrində “təqdim edilmişdir” sütununda 469.376.76 manat göstərməklərinə baxmayaraq, müvafiq dövr üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində heç bir təsdiqedici sənəd təqdim edilmədən iqtisadi göstəricilərə uyğun olmayaraq gəlirin əldə edilməsiylə bağlı xərc hissəsinin artıq göstərilməsinin kənarlaşmanın yaranmasına səbəb olduğu qeyd olunmuşdur. Tərəflərindən bununla bağlı münasibət bildirilsə də, cavabdeh vergi orqanı tərəfindən 2022-ci gəlir vergisi üzrə xx.xx.2023-cü il tarixli, **********505100 saylı qərarı ilə eyni mahiyyətli xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-255680/2024 saylı qərarı çıxarılmışdır. Cavabdeh Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin yuxarıda qeyd olunan qərarı ilə hesab edirik ki, qərar Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun və vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalıdır.

3. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, iddiaçının 2022-ci il üzrə elektron qaimə-faktura əsasında 565172.46 manat dəyərində mal alışının olduğu müəyyən edilmişdir. Lakin iddiaçı gəlir vergisi bəyannaməsini göstəricilər olmadan təqdim etmiş, vergi orqanı Nazirlər Kabinetinin 55 saylı qərarını rəhbər tutaraq, vergi ödəyicisinin xərcinə uyğun 800515.38 manat gəlir məbləği müəyyən etmişdir ki, nəticədə 26683.85 manat məbləğində vergi hesablanmışdır. Vergi ödəyicisi dəqiqləşmiş bəyannamə təqdim edərək heç bir təsdiq edici sənəd təqdim etmədən dövriyyə məbləğini əsassız şəkildə azaltmışdır. xx.xx.2023-cü il tarixdə vergi ödəyicisi dəqiqləşmiş bəyannamə təqdim edərək 369376.76 manat xammal və materiallar bölməsində xərc məbləği qeyd etmiş, buna uyğun olaraq həmin bəyannamənin gəlirlər bölməsinin 1200.2-ci xanasının işlərin görülməsindən və xidmətlərin göstərilməsi hissəsində 520000.00 manat dəyərində gəlir məbləği qeyd etmişdir. Aparılmış araşdırmalar zamanı vergi ödəyicisinin gəlirini müəyyən etmək mümkün olmamışdır. İnzibati şikayətin qismən təmin edilməsi haqqında xx.xx.2023-cü il tarixdə **********276600 nömrəli qərar qəbul edilmiş, 369376.76 manat xərcə uyğun olaraq, Nazirlər Kabinetinin 55 saylı qərarına əsasən vergi ödəyicisinin gəliri 560742.99 manat müəyyən edilmiş, nəticədə 18691.43 manat vergi məbləği hesablanmışdır. 2022-ci il dövrün sonuna 195795.74 manat dəyərində mal qalığı qalmışdır. Analoji hal vergi ödəyicisinin 2023-cü il gəlir vergisi bəyannaməsində olmuşdur. Vergi ödəyicisinin fəaliyyətini dayandırdığını, gəlir vergisi bəyannaməsini göstəricisiz təqdim etdiyini nəzərə alaraq, 2022-ci ilin dövrün sonuna mal qalığı (195795.74 manat)+2023-cü il fəaliyyət göstərdiyi dövr ərzində aldığı mal (11916.00 manat) vergi ödəyicisi tərəfindən təqdim edilmiş kimi nəzərə alınmışdır. Ümumilikdə həmin dövr üzrə 285471.34 manat dəyərində vergi ödəyicisinin gəlirin əldə edilməsi ilə bağlı xərc müəyyən edilmiş, Nazirlər Kabinetinin 55 saylı qərarını rəhbər tutaraq, vergi ödəyicisinin 342565.60 manat dəyərində gəlir məbləği müəyyən edilmişdir ki, nəticədə 11418.85 manat vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi hesablanmış vergi məbləğinin azaldılmalı olduğunu bildirsə də, İnzibati şikayəti təmin edilməmiş, bu barədə xx.xx.2024-cü il tarixdə **********642900 nömrəli qərar göndərilmişdir. Həmçinin məlumat üçün bildiririk ki, iddiaçı cavabdeh orqana şikayət ünvanlayaraq hesablanmış 2022-ci il üzrə gəlir vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. İddiaçının müraciəti ilə əlaqədar araşdırma aparılmış və iddiaçının əsas fəaliyyət növünün “çörək istehsalı; uzun müddət saxlanıla bilməyən unlu qənnadı məmulatlarının istehsalı” olduğu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 85,3 kvadrat metr olan “X7” adlı təsərrüfat subyektinin xx.xx.2011-ci il tarixdən vergi orqanında adına qeydiyyata alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı 2022-ci il ərzində fərdi sahibkarın iqtisadi göstəricilərinin olmasına baxmayaraq, gəlir vergisi bəyannaməsinin göstəricisiz (boş) təqdim edilməsi nəticəsində kənarlaşmanın yarandığı müəyyən edilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********379300 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlər tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 26683,85 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********647600 nömrəli Qərar qəbul olunmuşdur. Daha sonra fərdi sahibkar tərəfindən dəqiqləşdirilmiş gəlir vergisi bəyannamələri təqdim edilmiş, xx.xx.2023-cü il tarixdə 2022-ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsi üzrə kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalar əsasında 624763,91 manat dəyərində mallar (işlər və xidmətlər) əldə edilməsinə baxmayaraq, bəyannamənin gəlirlər hissəsində 520000 manat gəlir, 369376,76 manat xərc və 195795,74 manat mal qalığının göstərilməsi və gəlirlərin formalaşması barədə vergi orqanına təstiqedici sənədlərin təqdim edilməməsi müəyyən edilmişdir ki, bu hal vergidən yayınma kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********018800 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlər tələb edilmiş, vergi ödəyicisi tərəfindən müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2022-ci il üçün 16141,02 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli **********873800 nömrəli Qərar qəbul olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24-cü və 52.3-cü maddələrinə əsasən inzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətin icra müddəti artırılmış bu barədə maraqlı şəxsə xx.xx.2023-cü il tarixli **********591700 nömrəli və xx.xx.2023-cü il tarixli **********141500 nömrəli məktublarla məlumat verilmişdir. Fərdi sahibkarın müraciəti ilə əlaqədar xx.xx.2023-cü il tarixli **********911300 nömrəli “Sənədlərin təqdim edilməsi barədə” məktub göndərilərək vergi tutulan dövriyyənin həcminə və məzmununa dair sənədləri (olduğu halda: alınmış və təqdim edilmiş malların (işlərin, xidmətlərin) tərkibi, alınmış malların müvafiq təsərrüfat subyektində (obyektində) saxlanılması barədə məlumatları, icarə, alqı-satqı müqavilələrini, bank hesablarından çıxarışı (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), bank ödəniş tapşırıqlarını (bank idarəsi tərəfindən təsdiq edilmiş şəkildə), təqdim edilmiş mallarla bağlı bağlanmış müqavilələri, daxili bazardan alınmış malların hərəkəti barədə məlumatları (aylar üzrə alınma, ticarət əlavəsi, təqdim edilmə və qalıqda qalan mallar barədə tarixlər göstərilməklə, 2022-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinin gəlirlər və xərclər hissəsində göstərilmiş məlumatların açıqlamasını, müvafiq təsdiqedici və araşdırma üçün zəruri hesab edilən digər sənədlərin sürətlərini onlayn kargüzarlıq vasitəsilə elektron qaydada araşdırmaya təqdim edilməsinin xahiş edilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən qeyd olunan sənədlər təqdim edilməmişdir. Eyni zamanda fərdi sahibkarın müraciətləri ilə əlaqədar xx.xx.2023-cü il tarixə vergi ödəyicisi Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş və qeyd edilən tarixdə fərdi sahibkarın inzibati araşdırmada iştirakı təmin edilmişdir. Fərdi sahibkarın inzibati araşdırmaya təqdim etdiyi yazılı izahatında fəaliyyətinin çörək istehsalından ibarət olduğunu, 2022-ci ildə ölkədə baş verən un qıtlığına görə əvvəlki illərə nisbətən çox miqdarda unun alındığını, kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı 2022-ci ilin sonuna mal qalığı məlumatlarının nəzərə alınmadığını, 2023-cü il ərzində istehsal olunan çörəyin 2022-ci il ərzində əldə edilən undan hazırlandığını, kameral vergi yoxlaması zamanı geri qaytarılan və itkiyə gedən çörəyin dəyərinin nəzərə alınmadığını, istehsal olunan çörəyin əsasən pərakəndə qaydada satıldığını bildirərək əlavə hesablanmış vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlililər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayəti qismən təmin edilməlidir. Belə ki, fərdi sahibkar tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin araşdırılması zamanı “Hesabat dövrünün gəlirləri” hissəsində çıxılmalardan sonra ümumi gəlir sətrində 520000,0 manat gəlir məbləği, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsinin ümumi gəlirdən çıxılan xərclər sətrində 467285,83 manat xərc məbləği, o cümlədən 31624,75 manat əmək haqqı xərcləri və ona bərabər tutulan ödəmələr, 6351,05 manat sosial sığorta haqları, xammal və materialların dəyəri üzrə xərclər 369376,76 manat, enerji xərcləri üzrə 6 053,85 manat, qaz xərcləri üzər 49513,86 manat, su və kanalizasiya xərcləri üzrə 3348,06 manat, ödənilmiş sığorta haqları üzrə 632,50 manat, digər xərclər üzrə 385, manat və 52714,17 manat vergiyə cəlb edilən gəlir olmaqla 10542,83 manat gəlir vergisi məbləğinin bəyan edildiyi müəyyən edilmişdir. Fərdi sahibkar tərəfindən təqdim edilmiş gəlir vergisi bəyannaməsi üzrə aparılan kameral vergi yoxlaması zamanı 2022-ci il ərzində əldə edilmiş elektron qaimə-fakturalar əsasında 565172,46 manat dəyərində malların əldə edilməsinə baxmayaraq, bəyannamənin gəlirlər hissəsində 520000 manat gəlir, 369376,76 manat xərc və 195795,74 manat mal qalığının göstərilməsi, fərdi sahibkar tərəfindən gəlirlərin formalaşması barədə vergi orqanına təstiqedici sənədlərin təqdim edilməməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Uçot-baza məlumatlarına əsasən fərdi sahibkar tərəfindən 2022-ci il ərzində elektron qaimə-faktura əsasında 565172,5 malların (un, yağ, duz, süd) və 59591,41 manat dəyərində (işlərin və xidmətlərin) əldə edildiyi, idxal əməliyyatlarının aparılmadığı, alış aktları ilə malların əldə edilmədiyi, elektron qaimə-fakturaların təqdim edilmədiyi, onlayn kassa məlumatlarına əsasən 86222,0 manat (ƏDV daxil) dəyərində malların təqdim edildiyi, ixrac əməliyyatlarının aparılmadığı müəyyən edildi. Fərdi sahibkar tərəfindən təqdim edilən bəyannamə üzrə araşdırma aparılarkən elektron qaimə-faktura əsasında 624763,91 manat dəyərində malların (işlərin və xidmətlərin) əldə edilməsinə, elektron qaimə-faktura əsasında malların təqdim edilməməsinə və onlayn kassa məlumatlarına əsasən dövriyyəsinin 86222,0 manat olmasına baxmayaraq, bəyannamənin gəlirlər hissəsində 520000 manat gəlir məbləğinin bəyan edildiyi, gəlirlərinin təsdiqedici sənədlərlə təsdiqlənmədiyi müəyyən edildi. Fərdi sahibkar müraciətində və araşdırmaya təqdim etdiyi izahatında tərəfindən xx.xx.2023-cü il tarixdə hesablama metodu ilə 2022-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin qəbul edilməsini xahiş etmişdir. Araşdırmaya təqdim etdiyi izahatında istehsal edilən çörəklərin əsasən pərakəndə qaydada təqdim edildiyini qeyd etməsinə baxmayaraq gəlirlərinin rəsmiləşdirilməməsinin, pərakəndə qaydada təqdim edilmiş çörəklərin dəyərinin nəzarət kassa aparatına mədaxil etməməsinin səbəbini əsaslandırmamış, istehsal edilən çörək məhsulunun 1 (bir) ədədinin 0,620 qram təşkil etməsini, 1(bir) kisə undan təxminən 122 ədəd çörək istehsal edildiyini, ((50 kilo un+su,maya və qatqılar) 78 kq/0.620=125 (122-125) çörək təşkil edir), 1 (bir) çörəyin satış qiymətinin 0.40 qəpik olmasını nəzərə alaraq gəlirlərinin müəyyən edilməsini xahiş etmişdir. Bundan başqa fərdi sahibkarın ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (obyektində) mal qalığı məlumatlarının dəqiqləşdirilməsi məqsədi ilə vergi orqanı tərəfindən baxış keçirilmiş, keçirilmiş yerində baxış məlumatlarına əsasən təsərrüfat subyektində (obyektində) 23000,0 manat dəyərində mal qalığının olması barədə tərəflərin imzaladığı xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. Beləliklə, fərdi sahibkar tərəfindən 2022-ci il ərzində elektron qaimə-faktura əsasında 565172,5 malların (un, yağ, duz, süd) və 59591,41 manat dəyərində işlərin və xidmətlərin əldə edildiyini, idxal əməliyyatlarının aparılmadığı, alış aktları ilə malların əldə edilmədiyini, elektron qaiməfaktura əsasında malların təqdim edilmədiyini, onlayn kassa məlumatlarına əsasən cəmi dövriyyəsinin 86222,0 manat (ƏDV daxil) təşkil etdiyini, ixrac əməliyyatlarının aparılmadığını, xx.xx.2023-cü il tarixdə təqdim edilmiş gəlir vergisi bəyannaməsi üzrə 520000,0 manat gəlir məbləğinin, 369376,76 manat xərc məbləğinin və 195795,74 manat mal qalığının bəyan edildiyini, bəyan edilmiş gəlir məbləğinin uçot-baza məlumatları üzrə öz təsdiqini tapmadığını, bununla bağlı fərdi sahibkar tərəfindən araşdırmaya təsdiqedici sənədlər təqdim edilmədiyini, təqdim edilmiş izahatında gəlirlərin uçotunun aparılmadığını təsdiqlədiyini, bununla da inzibati araşdırma zamanı fərdi sahibkarın gəlirlərin əldə edilməsi ilə bağlı xərclərinin olmasına baxmayaraq 2022-ci il ərzində əldə edilmiş gəlirlərini müəyyən etmək mümkün olmadığı üçün Vergi Məcəlləsinin 67-ci maddəsinin müddəalarını və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarını nəzərə alınaraq fərdi sahibkarın 2022-ci il üçün gəlir vergisi bəyannaməsi üzrə gəlir məbləğinin 560742,99 manat müəyyən edilməklə, vergi ödəyicisinin inzibati şikayəti qismən təmin edilməli və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin tərəfindən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qəbul olunmuş xx.xx.2023-cü il tarixli **********873800 nömrəli qərarının 7992,42 manat əlavə məbləğin hesablanması hissəsi ləğv edilərək 8148,6 manat verginin hesablanması hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, iddiaçıya hesablanmış 26683,85 manat vergi məbləğinə müvafiq düzəliş edilmişdir. Daha sonra iddiaçı 2023-cü il üzrə hesablanan gəlir vergi məbləğinin azaldılması ilə bağlı cavabdeh vergi orqanına müraciət etmişdir. İddiaçının müraciəti ilə əlaqədar araşdırma aparılmış və Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” əsasında hesablandığı və 2023-cü il ərzində 47083,90 manat dəyərində elektron qaiməfaktura əsasında mallar (işlər, xidmətlər) əldə edilməsinə və 2022-ci ilin sonuna 195795,74 manat məbləğində mal qalığının olmasına baxmayaraq, müvafiq dövr üzrə gəlir vergisi bəyannaməsinin zərərlə təqdim edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Bununla bağlı vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il **********845900 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslandırılmış cavab təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il üçün gəlir vergisi bəyannaməsi üzrə 13310,01 manat məbləğində zərər silinməklə 33209,84 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********897300 nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Daha sonra fərdi sahibkar tərəfindən hesablama metodu tətbiq edilməklə xx.xx.2024-cü il tarixdə 2023-cü il üçün dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsi təqdim edilmiş, kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” əsasında hesablandığı və 2023-cü il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin göstəricilərinə əsasən 291030,0 manat gəlir və 285471,34 manat xərclərin bəyan edildiyi, gəlir və xərclərin müqayisəsi nəticəsində 1,9 faiz gəlirin əldə edildiyi və gəlirləri əks etdirən sənədlərin uçot baza məlumatlarına əsasən öz təstiqini tapmaması vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il **********781600 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslandırılmış cavab təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2023-cü il üçün gəlir vergisi bəyannaməsi üzrə 10307,12 manat əlavə vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********609300 nömrəli Qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 63.1-ci maddəsinə əsasən şikayət üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətin icra müddəti artırılmış və bu barədə maraqlı şəxsə xx.xx.2024-cü il tarixli **********494800 nömrəli məktubla məlumat verilmişdir. Daxil olmuş şikayət üzrə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********518300 nömrəli “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” məktub göndərilərək fərdi sahibkar (və ya səlahiyyətli nümayəndəsinin) xx.xx.2024-cü il tarixdə saat 15:00-da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilməsinə və qeyd edilən məktubun xx.xx.2024-cü il tarixdə oxunmasına baxmayaraq, fərdi sahibkar və ya səlahiyyətli nümayəndəsi araşdırmada iştirak etməmiş və qeyd edilən hal xx.xx.2024-cü il tarixli Aktla rəsmişlədirilmişdir. Daha sonra daxil olmuş şikayət üzrə təkrarən araşdırmada iştirak etmək üçün xx.xx.2024-cü il tarixli **********823000 nömrəli “Araşdırmada iştirak və sənədlərin təqdim edilməsi barədə” məktub göndərilərək fərdi sahibkarın (və ya səlahiyyətli nümayəndəsinin) xx.xx.2024-cü il tarixdə saat 15:00-da Dövlət Vergi Xidmətinin inzibati binasına dəvət edilmiş, fərdi sahibkar İddiaçı xx.xx.2024-cü il tarixdə inzibati araşdırmada iştirak etmişdir. İddiaçı inzibati araşdırmaya təqdim etdiyi izahatında fəaliyyətinin çörək istehsalından ibarət olduğunu, 2023-cü il ərzində istehsal olunan çörəyin əsas hissəsinin 2022-ci il ərzində əldə edilən undan hazırlandığını, 2023-cü il ərzində zərərlə işlədiyini, kameral vergi yoxlaması zamanı geri qaytarılan və itkiyə gedən çörəyin dəyərinin nəzərə alınmadığını, istehsal olunan çörəyin yalnız pərakəndə qaydada təqdim edildiyini, fəaliyyətinin iflic olduğunu, fəaliyyətini dayadırdığını, hesablarının bağlandığını, hesablanmış vergi məbləğini ödəyə bilməyəcəyini bildirərək, əlavə hesablanmış vergi məbləğinin azaldılmasını xahiş etmişdir. Şikayət üzrə işin faktiki halları, gətirilmiş dəlillər və toplanmış materiallar (sənədlər) əsas götürülməklə, habelə qanunvericiliyin müddəaları rəhbər tutulmaqla belə nəticəyə gəlinmişdir ki, vergi ödəyicisinin inzibati şikayəti təmin edilməməlidir. Belə ki, fərdi sahibkar tərəfindən xx.xx.2024-cü il tarixdə hesablama metodu tətbiq edilməklə 2023-cü il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin göstəricilərinə əsasən “Hesabat dövrünün gəlirləri” hissəsində 291 030,0 manat gəlir məbləği, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində (ümumi xərclər) 285471,34 manat xərc məbləği, o cümlədən 35735,0 manat əmək haqqı xərcləri və ona bərabər tutulan ödəmələr, 6885,0 manat sosial sığorta haqları, xammal və materialların dəyəri üzrə xərclər 207711,74 manat, enerji xərcləri üzrə 4604,27 manat, qaz xərcləri üzrə 27741,78 manat, su və kanalizasiya xərcləri üzrə 2793,55 manat, 5558,66 manat vergiyə cəlb edilən gəlir olmaqla 1111,73 manat gəlir vergisi məbləğinin bəyan edildiyi, gəlirlər hissəsində bəyan edilmiş 291030,0 manat məbləğin öz təsdiqini tapmadığı, elektron qaimə-faktura əsasında təqdimetmənin olmadığı, idxal-ixrac əməliyyatının aparımadığı, yalnız nəzarət kassa aparatı vasitəsi ilə 2023-cü il ərzində 171955,99 manat məbləğin mədxail edildiyi müəyyən edilmişdir. Araşdırma zamanı fərdi sahibkar tərəfindən 2023-cü il ərzində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 3 706,30 manat məbləğində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən (VÖEN: **********) 1 080,0 manat məbləğində, "X6 Bakı-Taxıl" Açıq Səhmdar Cəmiyyətindən (VÖEN: **********) 7030,0 manat məbləğində və digər vergi ödəyicilərindən ümumilikdə 47083,91 manat məbləğində (Final alma povidlası, un əla növ, təbii qaz, xörək duzu, günəbəxan yağı və s.) elektron qaimə-fakturaların əldə edildiyi, elektron qaimə-faktura əsasında təqdimetmənin olmadığı, alış aktları əsasında malların əldə edilmədiyi, idxal-ixrac əməliyyatlarının aparımadığı müəyyən edilmişdir. Fərdi sahibkar tərəfindən xx.xx.2024-cü il tarixdə hesablama metodu tətbiq edilməklə 2023-cü il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin göstəricilərinə əsasən elektron qaimə-faktura əsasında 11916,0 manat məbləğində malların əldə edildiyi, təqdim edilmiş bəyannamə göstəricilərinə əsasən 2022-ci ilin sonuna 195795,74 manat məbləğində mal qalığının olduğunu, elektron qaimə-faktura əsasında malların təqdim edilmədiyi və nəzarət kassa aparatı vasitəsi ilə 171955,99 manat məbləğin mədxail edildiyi, alınmış malların və mal qalığının 2023-cü il ərzində təqdim edildiyini, 2023-cü ilin sonuna mal qalığının olmadığını, təqdim edilmiş bəyannamənin gəlirlər hissəsində 291030,0 manat məbləğinin bəyan edildiyi, gəlirlərinin təsdiqedici sənədlərlə təsdiqlənmədiyi müəyyən edilmişdir. Fərdi sahibkar müraciəti və araşdırmaya təqdim etdiyi izahatına əsasən xx.xx.2024-cü il tarixdə hesablama metodu ilə 2023-cü il üçün təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsinin qəbul edilməsini xahiş etmiş, araşdırmaya təqdim etdiyi izahatında istehsal edilən çörəklərin yalnız pərakəndə qaydada təqdim edildiyini qeyd etməsinə baxmayaraq, gəlirlərinin rəsmiləşdirilməməsinin, yaranmış zərərin qarşılanması mənbəyi barədə müvafiq məlumat və sənədlər tam təqdim edilməmiş, istehsal edilən çörək məhsulunun 1 (bir) ədədinin 0,620 qram təşkil etməsini, 1 (bir) kisə undan təxminən 122-125 ədəd çörək istehsal edildiyini, ((50 kilo un+su,maya və qatqılar) 78 kq/0,620=125 (122-125) çörək təşkil edir), 1 (bir) çörəyin satış qiymətinin 0.34 qəpik olmasını nəzərə alaraq, kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləinin azaldılmasını xahiş etmişdir. Eyni zamanda Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsi tərəfindən müvafiq araşdırma aparıldığı fərdi sahibkar İddiaçı xx.xx.2023-cü il tarxədək fəaliyyət göstərdiyi təsərrüfat subyektində (obtyektində) hal hazırda fiziki şəxs X1 (VÖEN: **********) fəaliyyət göstərdiyi və fiziki şəxs X1 fərdi sahibkar İddiaçı (həyat yoldaşı) ilə Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə aslı olan şəxslər olduğu müəyyən edilmişdir. Beləliklə, uçot-baza məlumatlarına, təqdim edilmiş müvafiq təsdiqedici sənədlərə və xx.xx.2024-cü il tarixdə hesablama metodu tətbiq edilməklə 2023-cü il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin göstəricilərinə əsasən fərdi sahibkarın 2023 cü il üzrə gəlirlərin öz təsdiqini tapmadığını, 2023-cü il ərzində elektron qaimə-fakturalar əsasında 11916,0 manat məbləğində malların əldə edildiyini, təqdim edilmiş bəyannamə göstəricilərinə əsasən 2022-ci ilin sonuna 195795,74 manat məbləğində mal qalığının olduğunu, alınmış malların və mal qalığının 2023-cü il ərzində təqdim edildiyini, 2023-cü ilin sonuna mal qalığının olmadığını, idxalixarc əməliyyatlarının aparılmadığı, alış aktları ilə malların əldə edilmədiyini, elektron qaimə-faktura əsasında malların təqdim edilmədiyini, təqdimetmənin yalnız nəzarət kassa apatarı vasitəsi ilə edildiyini, eyni zamanda inzibati araşdırma zamanı fərdi sahibkarın gəlirlərin əldə edilməsi ilə bağlı xərclərinin olmasına baxmayaraq, fərdi sahibkar tərəfindən 2023-cü il ərzində əldə edilmiş gəlirlərini müəyyən etməyin mümkün olmadığını, fərdi sahibkarın xx.xx.2023-cü il tarixədək fəaliyyət göstərdiyi təsərrüfat subyektində (obtyektində) hal hazırda fiziki şəxs X1 (VÖEN: **********) fəaliyyət göstərdiyi və fiziki şəxs X1 fərdi sahibkar İddiaçı (həyat yoldaşı) ilə Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən qarşılıqlı surətdə aslı olan şəxslər olduğunu, VÖEN dəyişmə əməliyyatının olduğunu və bu halın da fərdi sahibkarın malların (iş və xidmətlərin) təqdim edilməsindən mövcud faktiki dövriyyəsinin azaldılması, faktiki gəlirlərinin bölüşdürülməsi yolu ilə mövcud vergi öhdəliklərindən yayınması riskini yaratdığını, Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları” əsasında hesablandığını, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, istehsal sahəsində fəaliyyət göstərən vergi ödəyiciləri gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmadığını, bununla da vergi ödəyicisinin şikayətinin təmin edilməsinə əsas verən faktiki və hüquqi hallar barədə təsdiqedici sənədlərin inzibati araşdırma dövründə müəyyən edilmədiyini nəzərə alaraq, fərdi sahibkarın inzibati şikayəti təmin edilməməli və Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 üzrə Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********609300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edəsiniz.

4. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli 3-21-2-3/2-240955/2024 nömrəli qərara əsasən əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 11.418,85 manat müəyyən edilmişdir. Qərar onunla əsasəlandırılmışdır ki, hesablanmış vergi məbləği azaldılmışdır. Aparılmış araşdırma nəticəsində kameral vergi yoxlamasına yenidən münasibət bildirilir.

5. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli 3-21-2-3/2-255680/2024 nömrəli qərara əsasən əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği 18.276,97 manat müəyyən edilmişdir. Qərar onunla əsasəlandırılmışdır ki, araşdırma zamanı tərəfinizdən təqdim edilmiş 2022-ci il gəlir vergisi bəyannaməsinin 1 nömrəli Əlavəsinin 1.3.2 kodlu sətrində təqdim edilmişdir sütununda 469.376,76 manat göstərməyinə baxmayaraq, müvafiq dövr üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində heç bir təsdiqedici sənəd təqdim edilmədən iqtisadi göstəricilərə uyğun olmayaraq gəlirin əldə ediməsiylə bağlı xərc hissəsinin artıq göstərilməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi və ya sığorta haqqının 414,46 manat, vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqının 18.691,43 manat olduğu müəyyən edilmişdir.

6. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi.

7. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi.

İİ. İddianın növü və mümkünlüyü

8. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 9.Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

10. İddiaçı xx.xx.2024-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

11. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

12. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

13. İddiaçının 2022-ci il üzrə (hesabat dövrü üzrə) təqdim etdiyi bəyannaməyə əsasən malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə 18.276,97 manat əlavə vergi məbləği (gəlir vergisi) hesablanmışdır.

14. Mübahisənin yaranmasının səbəbi iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində əks olunan malın dəyərinin cavabdeh tərəfindən hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər kimi nəzərə alınmamasıdır ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Belə ki, vergi orqanı 469376,76 manat məbləğində xərcin vergi orqanına təqdim edilmiş vergi hesabatında əks olunmasına baxmayaraq həmin xərcə dair Vergi Məcəlləsi ilə müəyyən edilən təsdiqedici sənədlərin olmadığını bildirmişdir.

15. İddiaçının 2023-cü il üzrə (hesabat dövrü üzrə) təqdim etdiyi bəyannaməyə əsasən malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) üzrə 11.418,85 manat əlavə vergi məbləği (gəlir vergisi) hesablanmışdır.

16. Mübahisənin yaranmasının səbəbi iddiaçı tərəfindən təqdim edilmiş dəqiqləşdirilmiş gəlir vergisi bəyannaməsində fəaliyyətini dayandırdığını, gəlir vergisi bəyannaməsini göstəricisiz təqdim etdiyini nəzərə alaraq, 2022-ci ilin dövrün sonuna mal qalığı (195795.74 manat)+2023-cü il fəaliyyət göstərdiyi dövr ərzində aldığı mal (11916.00 manat) vergi ödəyicisi tərəfindən təqdim edilmiş kimi nəzərə alınmışdır. Ümumilikdə həmin dövr üzrə 285471.34 manat dəyərində vergi ödəyicisinin gəlirin əldə edilməsi ilə bağlı xərc müəyyən edilmiş, Nazirlər Kabinetinin 55 saylı qərarını rəhbər tutaraq, vergi ödəyicisinin 342565.60 manat dəyərində gəlir məbləği müəyyən edilmişdir ki, nəticədə 11418.85 manat vergi məbləği hesablanmışdır.

17. Məhkəmə hesab edir ki, iddiaçının ümumi gəliri mübahisəsiz olduğundan və rəsmi xərc sənədləri (e-qaimə-fakturalar) mövcud olduğu üçün həmin sənədlər əsasında vergiyə cəlb edilən gəliri və gəlir vergisi məbləğini birbaşa müəyyən edə bilərdi.

18. Məhkəmə həmçinin bildirir ki, hətta iddiaçının xərc sənədlərində çatışmazlıq olsaydı belə, cavabdeh şərti rentabellik normasını niyə birinci növbədə tətbiq etdiyini əsaslandırmağa borcludur. Yəni, ilk növbədə Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş mənbələr hesabına real gəlirin müəyyən edilməsi imkanları istisna edilməlidir.

19. Vergi Məcəlləsinin 67-ci maddəsinə görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə, əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına istinad etməklə hesablamaq hüququ vardır. Nəzərə almaq lazımdır ki, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan (habelə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından) istifadə etməklə hesablamaq hüququ, onun həmin məlumatlara münasibətdə seçim hüququnu deyil, həmin məlumatlardan istifadə etməklə hesablama aparmaq hüququnu nəzərdə tutur. Başqa sözlə, vergi orqanı hesablamanı həmin məlumatlardan istifadə etməklə aparmaq haqqına malikdir. Lakin vergi orqanı bu haqqından hər bir halda istifadə etməyə borclu deyildir. Bu mənada hesablama aparmaq qərarına gəldiyi təqdirdə, vergi orqanı bu qənaətini əsaslandırmağa, yəni hüququndan nəyə görə məhz bu qaydada istifadə etdiyini açıqlamağa borcludur. İnzibati orqan Vergi Məcəlləsinin 67.17-ci maddəsinə istinad edərək həmin Məcəllənin 67-ci maddəsində sadalanan vergitutma obyektinin müəyyən edilməsi ilə bağlı ayrı-ayrı halları tənzimləyən maddələr bu maddədə sıra üzrə ardıcıllıq gözlənilmədən tətbiq etmək hüququna əsaslanmışdır. Belə ki, 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə yeni məzmunda 67.17-ci maddə əlavə edilmişdir. Lakin məhkəmə qeyd edir ki, qeyd edilən normanın əlavə edilməsi inzibati orqanı Vergi Məcəlləsinin 67.1-ci maddəsində göstərilən əlaqəli məlumatları, analoji vergi ödəyicisi üzrə məlumatları araşdırmaq vəzifəsindən azad etmir. Yəni, vergi orqanı gəliri nəyə görə real mənbələrə əsasən deyil, şərti olaraq tənzimlənən 20 faiz ticarət əlavəsi nəzərə almaqla müəyyən etdiyini açıqlamağa borcludur.

20. Vergi Məcəlləsinin 36.2-ci maddəsinə görə, vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.

21. İnzibati icraat haqqında Qanunun 24.2-ci maddəsinə görə, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

22. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə görə, “Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank və digər ödəniş hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar

23. Qeyd olunan normanın tələbindən göründüyü kimi, vergi ödəyicisinin gəlirləri və ya xərcləri müəyyən deyilsə, vergi ödəyicisinin ödəməli olduğu verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə müəyyən olunmalıdır. Lakin hazırki iş materiallarından görünür ki, cavabdeh bu istiqamətdə heç bir araşdırma aparmamışdır.

24. Vergi Məcəlləsinin: 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Yəni, cavabdeh vergi ödəyicisinin əlaqəli məlumatları mövcud olmadığı halda belə real mənfəətin müəyyən olunması istiqamətində qanunvericiliklə müəyyən olunan digər üsul, analoji vergi ödəyicisinin məlumatları əsasında ödənilməli verginin məbləğini müəyyən edə bilərdi.

25. Məhkəmə həmçinin qeyd edir ki, şərti rentabellik normasının tətbiqi ilə əlaqədar normalar (Vergi Məcəlləsinin 67.14-cü və 83.9-cu maddələri, Nazirlər Kabinetinin 55 saylı Qərarı) xx.xx.2024-cü il tarixdən qüvvədən düşmüşdür.

26. VM-nin 67-ci maddəsinin tətbiqi zamanı əlaqəli məlumatlardan istifadə etməklə hesablama ilə bağlı inzibati orqan tərəfindən mütənasiblik prinsipinin tələblərinə də əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır. Hazırkı mübahisəyə münasibətdə VM-in 67ci maddəsinin tam şəkildə tətbiqinin mümkünlüyünü, o cümlədən həmin maddənin tələblərinə riayət olunmaqla ödənilməli vergi məbləğinin hesablanma qaydasının tətbiqini istisna edən əsaslar cavabdeh tərəfindən açıqlanmamış, yoxlama zamanı ümumiyyətlə həmin istiqamətdə hər hansı araşdırma aparılmamış, şərti rentabellik institutunun tətbiqi ilə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi nəzərə alınmamışdır.

27. Beləliklə, Vergi Məcəlləsinin yuxarıda istinad olunan normalarına görə, vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinə aid əlaqəli məlumatlardan, belə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda isə, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinə aid vergi orqanında olan məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Lakin hazırkı mübahisəyə münasibətdə cavabdeh vergi məbləğini birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən hesablamışdır. Halbuki, istinad olunan normaların tətbiqinə dair Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyi vardır.

28. Qeyd edilənlər gəlir vergisinin hesablanmasının əsassız olmasını təsdiq edir.

29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.

30. Beləliklə, məhkəmə hesab edir ki, “İnzibati icraat haqqında” qanunun məqsədləri baxımından hüququn tətbiqindən imtina qadağandır və vergi ödəyicisinin mənafeyini təmin edən normanın tətbiqindən imtina oluna bilməz.

31. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

32. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

33. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

34. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

35. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

36. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-240955/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-255680/2024 nömrəli qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar