Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-425/2025 14.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri Binəqədi rayon Tibbi-Sosial Ekspertiza Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayon Tibbi-Sosial Ekspertiza Komissiyasının rəhbərinin göstərişi ilə ona 2022-ci ilin dekabr ayının xəstəlik vərəqəsi üzrə ödənilməyən məbləği və mənəvi zərəri 700 (yeddi yüz) manat məbləğində Bakı şəhəri Binəqədi rayon Tibbi-Sosial Ekspertiza Komissiyasından tutulması barəqə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iş üzrə cavabdehin əsl cavabdeh olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi (bundan sonra - cavabdeh) ilə əvəz edilməsi və iddia tələbini dəqiqləşdirərək, ona əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ağır qəzadan sonra iddiaçının onurğası sınmış, ayaq sümüyündə sınıq və çox zadə almışdır. Ağır əməliyyatdan sonra onun onurğasına 4 implant quraşdırılmışdır. 5 ay bərpasından sonra mübahisə yolu ilə Binəqədi rayon TSEK-i bərpa müddətini daha 4 ay uzatmışdır. Həmin vaxtda TSEK qanunsuz şəkildə sənəddə xəstəlik formasının dəyişilməsini, yəni quraşdırılmış 4 implant əvəzinə osteoxondroz yazılmasını tələb etmişdir. Lakin müalicə hakimi etiraz etmişdir. 5 aylıq reabilitasiya üçün, xəstəlik vərəqəsi üzrə ona sakitçə kompensasiya ödənilmişdir. Qalan 3 ay (sentyabr,oktyabr,noyabr 2022-ci il) müəyyən müddət ərzində, güclü mübahisələrdən sonra 2023-cü ilin may ayı da ödənilmişdir. Qalan bir ayın (dekabr) məbləğinin ödənilməsində problem yaranmışdır. TSEK nümayəndələri ödənişdən imtina etmiş və iddiaçıya imtina səbəbi kimi göstərilmişdir ki, yalnış və natamam doldurulmuşdur. İkinci dəfə poliklinika forma 88 cavabdehə təqdim etmiş, müalicə həkimi TSEK nümayəndələrinə telefonla izahat vermişdir ki, bu osteoxondroz deyil, süni onurğanın implantasiyasıdır və sənəd tam doldurulub. Lakin TSEK-dən qalan 1 aylıq xəstəlik vərəqəsinin ödənilməsinə icazə verməmişlər. Müxtəlif bəhanələr gətirərək, heçnə izah etmədən, birbaşa məhkəməyə şikayət etməyi tövsiyyə etmişlər. Xəstəlik vərəqəsi ödənilməsi qaydasına əsasən, xəstələrin reabilitasiyası 12 aya qədər davam edə bilər. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış “Göndərişin natamam doldurulması - Səbəb: Ekspertiza üçün əhəmiyyətli olan patofunksional dəyişikliklər dəqiqləşdirilməyib. Klinik-instrumental müayinələr yetərli deyil.” əsası ilə Mərkəzə geri göndərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(102)- 489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən Həmçinin göndərişin natamam doldurulması ilə əlaqədar geri qaytarılmasında nə Tibbi- Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adıçəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur. Cavabdehin nümayəndəsi iddianın əsassız olduğundan rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçıya şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-4/2-A-5016/2023 nömrəli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və göndərişin natamam doldurulması (Səbəb: Köməkçi diaqnostik müayinələrlə xəstəliyin ağırlaşması dəqiqləşdirilsin) səbəbindən dövlət tibb müəssisəsinə geri göndərilmişdir. Bununla əlaqədar, dövlət tibb müəssisəsi tərəfindən müayinə olunacağı X1 (XBT-10) üzrə M 42.0 kodu qeyd edilməklə yeni göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq adsızlaşdırılmış sənədlər üzərindən iştirakı olmadan qiymətləndiriləcəkdir. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin göndərişi əsasında əlilliyin qiymətləndirilməsi barədə xxxxxxx0002 nömrəli müayinə aktına əsasən İddiaçı xx.xx.2022-ci ildə müayinə olunmuş və diaqnozun mətni “qapalı onurğa sütunu travması. Binokulyar, orta ağırgörmə pozğunluğu, OU-YAŞ Presbiopiyası, 1.4 fəqərəsinin qəlpəli, yerdəyişmiş sınığı S5 və Cg1 fəqərələrinin az yerdəyişmiş sınığı.” Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması. Səbəb: müalicənin davam etdirilməsi. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən Bakı Baş Səhiyyə İdarəsinin göndərişi əsasında əlilliyin qiymətləndirilməsi barədə xxxxxxx0003 nömrəli müayinə aktına əsasən İddiaçı xx.xx.2023-cü ildə müayinə olunmuş, tibbi-sosial yardım və reabilitasiya vasitələri: ixtisaslaşmış müalicə. Diaqnozun mətni – “T91.1 Onurğa sınığının nəticələri, qapalı onurğa sütunu travması Z98.8 dirgər dəqiqləşdirilmiş cərrahı müdaxilədən sonrakı vəziyyətlər, L4 fəqərəsinin dekompressiv laminektomiyası, L2-L3-L5- S1 fəqərələrinin transpedikulyar fiksasiyası əməliyyatından sonrakı vəziyyət.” Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: göndərişin natamam doldurulması. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin J00093508ZFS nömrəli göndərişi əsasında xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina aktından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir (1.1). Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir (1.2.). İşdən göründüyü kimi iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyi hərbi həkim komissiyasının xəstəlik haqqında şəhadətnaməsinə əsasən hərbi travçma alması müəyyən edilir. İddiaçı sonradan tibbi göndəriş əsasında əlilliyin təyin edilməsi üçün cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən diaqnozun əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir. İddiaçı hazırda ona əllik təyin edilməsini istəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən müəyyən edilir ki, iddiaçıya qoyulmuş “Onurğa sınığının nəticələri. Qapalı onurğa sütunu travması Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L4 Fərəqəsinin dekompressiv laminektomiyası, L2-L3- L5-S1 fəqərələrinin transpedikulyar fiksasiyası əməliyyatından sonrakı vəziyyət” diaqnozu “Meyarlar”ın nın 13.1.3-cü bəndinin (boynun, döş qəfəsinin, qarnın, belin aşağı hissəsinin, onurğanın bel şöbəsinin və çanağın travmaları) 13.1.3.1-13.1.3.3-cü yarım bəndlərində nəzərdə tutulmuş aşağıdakı ağırlaşmalara səbəb olduqda əlillik təyinatına əsas verir: a) mülayim funksional pozuntularla b) təzahür edən pozuntularla (məsələn, onurğa sütununun böyük hissələrinin hərəkətsizliyi, ağır skolioz) gəzmənin əhəmiyyətli dərəcədə pozulması c) onurğanın funksiyasının ağır pozuntuları, gəzmək və oturmaq qabiliyyətinin əhəmiyyətli dərəcədə pozulması. Məhkəmə tərəfindən iddiaçıya müəyyən edilmiş diaqnozun həmin “Meyarlar” a uyğun olub-olmaması və orada nəzərdə tutulmuş ağırlaşmalara səbəb olub-olmamasının müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. İPM-in 1.2-ci maddısinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir (97.1.). Ekspert ekspertiza təyin edilməsi haqqında məhkəmənin qərardadının məhkəmə ekspertizası idarəsinə daxil olduğu gündən 1 ay, bu Məcəllənin 172.1.1-ci maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə 10 gündən gec olmayaraq yazılı formada rəy verir, onu öz imzası ilə təsdiq edir və dərhal məhkəməyə göndərir. Bu Məcəllənin 172.3-cü maddəsində nəzərdə tutulmuş işlərə münasibətdə isə ekspert rəyi 3 günədək müddətdə verilir (101.1.). Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1.). Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2.). İş materialları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilmiş və iddiaçıya ekspertizanın keçirilməsində iştirak etməsi barədə məlumat verilmişdir. Lakin, iş materialları bir neçə dəfə iddiaçının ekspertizanın keçirilməsində iştirak etməməsi səbəbindən məhkəməyə qaytarılsa və məhkəmə tərəfindən yenidən ekspertizaya göndərilsə də, iddiaçı ekspertizanın keçirilməsində iştirak etməmişdir. MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi iddiaçı ekspertizanın keçirilməsindən yayınmış və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır. Bu isə məhkəmə tərəfindən iddiaçının ziyanına şərh edilir və məhkəmə tərəfindən ekspertiza təyin edilən faktın rədd edilməsi qənaətinə gəlinməsinə səbəb olur. Belə ki, iddiaçının təsdiq edilməsini tələb etdiyi fakt, yəni onda əlillik təyinatına səbəb olan diaqnpzların mövcudluğu faktı iddiaçının hərəkətləri nəticəsində öz təsdiqini tapmır. Bu isə iddianın rədd edilməsinə əsasdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-425/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-425/2025
14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver