Məhkəmə qərarları › İş №2-1(112)-4250/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4250/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4250/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh X1rşı «iddiaçının diplom üzrə ixtisasının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı «iddiaçının diplom üzrə ixtisasının tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində qeyd olunur ki, İddiaçı 1994-cü ildə X6 Respublikasının Maxaçqala şəhərində yerləşən Maliyyə və Hüquq İnstitutunun hüquqşünaslıq fakültəsinə qəbul olmuş və 1999-cu ildə həmin İnstitutun qiyabi şöbəsini bitirmişdir. Ona bakalavr dərəcəsi üzrə natamam ali hüquqi təhsil pilləsini təsdiq edən 130505 ******* saylı dipdom verilmişdir. Ali təhsili bitirdikdən və sözügedən diplom «apostil» edildikdən sonra o, qanunamüvafiq qaydada AR Təhsil Nazirliyinə rəsmi müracəit edərək həmin diplomun Azərbaycan Respublikasında tanınması və ekvivalentiyin müəyyən edilməsi (nostrifikasiya) ilə bağlı şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin, Nazirliyin X7 Agentliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixli K/784/03-TKTA saylı məktubla ona bildirilmişdir ki, bununla bağlı ilk dəfə xx.xx.2015-ci il tarixdə imtina verilmiş və orada göstərilmişdir ki, həmin diplom AR Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentiyin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi Komissiya tərəfindən müəyyən olunmuş və diplomun ölkə ərazisində tanınması mümükün hesab edilməmişdir. Həmin məktubda daha sonra göstərilmişdir ki, təqdim olunan sənəd Komissiyanın arxivində saxlanılır və geriyə qaytarılmır. İddiaçı diplomun kvivalentliyinin müəyyən edilməsi ilə bağlı yuxarıda adıçəkilən Nazirliyin qurumlarına çoxsaylı müraciətlər etsə də, hər dəfə ali təhsillə bağlı imtina ilə qarşılaşmışdır. Əslində isə, işin əsl halı ondan ibarətdir ki, o, 1994 – 1999-cu illərdə ali təhsil almasına baxmayaraq, təhsil aldığı Dağıstan Respublikasının Maliyyə və Hüquq İnstitutu diplomu itirdiyinə görə onun dublikatını verərkən sənədin verilmə tarixini səhvən, 2011-ci il kimi qeyd etmişdir. Bununla bağlı isə, həmin İnstitut AR Təhsil Nazirliyinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli İ-35 saylı rəsmi məktubu ilə təsdiq etmişdir ki, diplomun itirilməsi ilə əlaqədar olaraq ona (iddiaçıya) həmin İnstitut tərəfindən verilən diplomda dövlət imtahanının verilmə tarixi yanlışlıqla xx xxxx 2011-ci il qeyd edilmiş və bu texniki yanlışlığı AR Təhsil Nazirliyinin diqqətinə çatdıraraq bir daha təsdiq etmişdir ki, ona verilmiş diplomun tarixi xx xxxx 1999-cu il olmaqla sənəd 01 saylı protokolla təsdiq edilmişdir. Sənədləri əldə etdikdən sonra isə iddiaçı bir daha Nazirliyin aidiyyətı qurumuna rəsmi müraciətlər etmiş və ilk olaraq xx xxxx 2019-cu il tarixdən həmin müraciətə cavab ala bilmədiyindən, nümayəndəsi vasitəsi ilə bir daha rəsmi olaraq x xxxxxx 2019-cu il tarixdə müraciət etməli olmuşdur (burada qeyd olunmalıdır ki, həmin ərəfədə nostrifikasiya qaydalarına uyğun olaraq qanunvericliklə tələb edilən bütün zəruri sənədləri İdarəyə təqdim etmişdir). Bu son məktuba isə, Akkreditiasiya və Nostrifikasiya İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə cavab verilərək ona bildirilmişdir ki, əlavə araşdırma üçün vaxt tələb olunduğundan ərizəyə baxılması daha 30 günə kimi uzadılır, imtinanı isə o, «Vətəndaşların müraciətləri haqqında» AR Qanununun bütün tələbləri pozulmaqla xx xxxxxx 2020-ci il tarixdə rəsmi şəkildə almışdır. İddiaçı hesab edir ki, X7 Agentliyi tərəfindən ona verilmiş imtina qanunsuz və əsassızdır və buna görə də RF Dağıstan Respublikasının Maxaçqala şəhərində yerləşən Maliyyə və Hüquq İnstitutu tərəfindən ona verilmiş və bakalavr dərəcəsi üzrə natamam ali hüquqi təhsil pilləsini təsdiq edən 130505 ******* saylı dipdomun təsdiq edilməklə müvafiq şəhadətnamənin verilməsi X8 Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə və İPM-nin 34.1, 45 – 47-ci maddələrinə, AR Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydalar»ının 1.7, 2.1, 2.3, 2.4, 2.5-ci bəndlərinə əsaslanaraq, məhkəmədən cavabdeh X7 Agentliyinin imtinasının qanunsuz sayılması və iddiaçının X6 Respublikasının Maxaçqala şəhərində yerləşən Maliyyə və Hüquq İnstitutu tərəfindən 01 saylı protokolla təsdiq edilərək verilmiş xx xxxx 1999-cu il tarixli 130505 ******* saylı diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh X7 Agentliyinin üzərinə qoyulmasına dair qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin nümayəndəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilmişdir: - İddiaçı sənədləri Nazirlikdə araşdırılarkən onun təqdim etdiyi diplomun AR Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən edilmişdir. Bununla əlaqədar Ekspert Qrupunun rəyinə əsasən iddiaçıya müvafiq şəhadətnamənin verilməsi məqsədəuyğun sayılmamışdır. Ekspert rəyində qeyd edilir ki, RF Dağıstan Respublikasının Maliyyə və Hüquq İnstitutu normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Rəydə eyni zamanda qeyd olunur ki, qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Göründüyü kimi, Dağıstan Respublikasının qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Qeyd olunanlar əsasında iddiaçının adına Maliyyə və Hüquq İnstitutu tərəfindən verilmiş xx xxxx 1999-cu il tarixli, 130505 ******* nömrəli bakalavr diplomu üzrə ixtisasının ölkə ərazisində tanınması mövcud qanunvericiliyin tələbinə ziddir. Göstərilənlərə və İPM-in 33, 73.3-cü maddələrinə, AR Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 1.6, 3.6, 3.7-ciu bəndlərinə əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasıı xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 907 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan X7 Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmiş “X7 Agentliyi”nin Nizamnaməsinin 1.1-ci bəndinə görə X7 Agentliyi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.7-ci maddəsinə görə bakalavr – bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsidir. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə bakalavriat – müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 117 nömrəli xx xxxx 2010-cu il tarixli qərarı ilə təsdiq edilmiş «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 1.2-ci bəndinə görə bakalavr hazırlığı ali təhsilin birinci səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş bakalavr ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə genişprofilli mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir. Həmin Qaydaların 1.5-ci bəndinə görə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta-ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən tədris ili, bir qayda olaraq, iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə, yay tətili müddətində 6 həftədən çox olmayaraq, yay semestri də təşkil oluna bilər. Həmin Qaydaların 2.8-ci bəndinə görə əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Qiyabi təhsil forması üzrə isə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir. Həmin Qaydaların 2.9-cu bəndinə görə tələbənin auditoriya və auditoriyadankənar həftəlik yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya saatları 30-dan çox olmamalıdır. Əyani təhsilalma formasının tədrisə tam cəlb olunma (fulltime) növü üzrə məcburi auditoriya dərslərinin maksimal həcmi ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları ilə, tədrisə qismən cəlb olunma (parttime) növü üzrə isə ayrı-ayrı ixtisaslar üzrə təhsil proqramları və təhsilalanın fərdi tədris planına uyğun olaraq müəyyənləşdirilir. Qiyabi forma üzrə isə tələbələrin auditoriya dərslərinin həcmi ildə 180 – 240 saat nəzərdə tutulur. Hər tədris ilində təlim müddəti sentyabrın 15-dən başlanır və ixtisas üzrə tədris planına müvafiq olaraq yekunlaşır. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı ona RF Dağıstan Respublikasının Maliyyə və Hüquq İnstitutu tərəfindən verilmiş xx xxxx 1999-cu il tarixli 130505 ******* nömrəli bakalavr diplomu üzrə ixtisasının ölkə ərazisində tanınması ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Təqdim edilən sənədlərdə ilkin diplomun itirilməsi səbəbindən dublikatında verilmə tarixi “1999-cu il” deyil, “2011-ci il” kimi qeyd olunduğundan, inzibati icraat zamanı işin xüsusiyyətləri, yəni iddiaçının müvafiq ölkədə hansı müddətdə olması (ölkədən çıxışı və gəlişi) və bununla da tədris yükünü mənimsəməsi ilə bağlı hallar düzgün araşdırılmamışdır. Belə olan halda məhkəmənin mövqeyinə görə iddiaçının müraciətinə onun RF Dağıstan Respublikasının Maliyyə və Hüquq İnstitutunun xx xxxx 1999-cu il tarixli 130505 ******* nömrəli bakalavr diplom üzrə ixtisasının tanınması barədə müraciətinə həmin təhsil müəssisəsini 1999-cu ildə bitirməsi ilə əlaqədar hallar nəzərə alınmaqla cavabdeh tərəfindən yenidən baxılmalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı RF Dağıstan Respublikasının Maliyyə və Hüquq İnstitutunun xx xxxx 1999-cu il tarixli 130505 ******* nömrəli bakalavr diplom üzrə ixtisasının tanınması barədə müraciəti ilə bağlı məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh X7 Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 73, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı RF Dağıstan Respublikasının Maliyyə və Hüquq İnstitutunun xx xxxx 1999cu il tarixli 130505 ******* nömrəli bakalavr diplom üzrə ixtisasının tanınması barədə müraciəti ilə bağlı məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla inzibati icraatın yenidən aparılması öhdəliyi cavabdeh X7 Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar