Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4252/2021 26.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin halları:
1. İddiaçı (bundan sonra – İddiaçı) ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə (bundan sonra - Cavabdeh) müraciət etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 03.01.2021-ci il tarixli 024-10020/39-3221 nömrəli cavab məktubunda göstərmişdir ki, sabiq polis əməkdaşı İddiaçı Bakı şəhər Xətai Rayon Mühafizə İdarəsinin 13.05.1994-cü il tarixli, 89 nömrəli və 17.06.1994-cü il tarixli, 125 nömrəli əmrləri ilə Qarabağ bölgəsinə ezam olunaraq mükafatlandırılması tarixlərinin atəşkəs dövrünə təsadüf etdiyi müəyyən olunmuş, bu səbəbdən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı xahişinin müsbət həlli mümkün olmamışdır.
2. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərin qanunsuz hərəkətlərinə son qoyulması və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması
3. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, 1991-ci ildən 2002-ci ilə qədər DİOda Xətai Rayon Mühafizə İdarəsində polis nəfəri kimi işləmişdir. İşlədiyi müddətdə torpaqlarımızın erməni işğalından qorunmasında iştirak etmişdir. Belə ki, DİN-in əmri ilə 14.05.1994-cü ildə Fizuli rayonunda, 17.06.1994-cü ildə isə digər döyüş bölgələrin müdafiəsində polis nəfəri kimi xidmət etmişdir. Qeyd etdiyi fakların DİN-nin arxivində öz əskini tapmışdır. Həmin dövrdə döyüş zonasında atəşkəs olsa da, erməni işğalçıları tərəfindən atılmış müxtəlif mərmi partlayışlarından sonra onda yaranmış psixoloji xəstəlikdən əziyyət çəkdiyindən 2002-ci ildə 2-ci qrup əlil kimi DİO-dan xaric edilmişdir. Həkimlərin qeyri-peşəkarlığından və qərəzliyindən xəstəliyi həmin dövrlə əlaqələndirməmiş, ona Qarabağ əlili kimi deyil, ümumi əlillik verilmişdir. Hətta göstərilən faktlara baxmayaraq, ona müharibə veteranı vəsiqəsi də verilməmişdir. Halbuki o, özbaşına deyil, DİN-in rəhbərliyinin müvafiq əmrləri əsasında Bakı şəhərindən məlum uzaq məsafədə yerləşən döyüş bölgələrinə ezam olunmuşdur.
4. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair münasibətində iddiaçıya ünvanlanmış 03.01.2021-ci il tarixli 024-10020/39-3221 nömrəli imtina məktubunda göstərilən dəlillərə istinad edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi O.Həsənov təqdim etdiyi etiraza uyğun çıxış etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi
7. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 26.02.2021-ci il tarixli, 012-3460-1221 nömrəli məktubundan görünür ki, İddiaçı barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.
8. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi Heyətlə İş İdarəsinin 03.03.2021-ci il tarixli 024-666-1221 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş DİN-in Baş Mühafizə İdarəsinin Bakı şəhər Xətai rayon Mühafizə İdarəsinin 13.05.1994-cü il tarixli 89 nömrəli əmrinin surətindən görünür ki, Mühafizə idarəsinin 12.05.1994-cü il tarixli telefonoqramına əsasən 14.05.1994-cü il tarixdən 24 nəfər əməkdaş, o cümlədən İddiaçı 10 günlük Qarabağın döyüş bölgəsinə ezam olunmuşdur.
9. İşdə olan Xətai RPİ Mühafizə şöbəsinin 17.06.1994-cü il tarixli 125 nömrəli əmri ilə İddiaçı həmin ilin may ayının 14-24 tarixlərində Fizuli rayonunda Respublikanın ərazi bütövlüyü, xidməti vəzifə borclarının vicdanla və ləyaqətlə yerinə yetirdiyinə görə 3000 manat məbləğində pulla mükafatlandırılmışdır.
10. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsinin 08.07.2021-ci il tarixli, 029-1882-1221 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş DİN-in tibb müəssisələrindəki xəstəlik tarixindən çıxarışların surətlərindən görünür ki, iddiaçı 27.03.2002-ci il tarixdən 08.06.2002-ci il tarixədək şızofreniya paranoid forması “diaqnozu” ilə 1 nömrəli şəhər Klinik Xəstəxanasında stasionar müalicə almışdır. İddiaçıya şizofreniya paranoid forması diaqnozu qoyulmuş, xəstəliyin səbəb əlaqəsi “xəstəlik DİO-da xidmət keçmə dövründə alınmışdır” kimi göstərilmişdir. 11.İddiaçı hazırda döyüş bölgəsinə ezam olunması ilə bağlı xəsarət aldığını, buna görə də ona müharibə veteranı adının və vəsiqəsinin verilməli olduğunu bildirir.
12. Məhkəmə qeyd edir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir...
13. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Normanın tələbinə görə, şəxsə 1994-cü il 12 may tarixindən sonra müharibə veteranı adının verilməsi üçün iki şərt tələb olunur: 1. Şəxsin döyüş zonasında hərbi xidmət keçməsi, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi; 2. şəxsin həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması.
14. İddiaçının 14-24 may 1994-cü il tarixlərində döyüş bölgəsinə (Fizuli rayonu) ezam olunması işin mübahiəsiz halıdır. Lakin işdən onun aldığı xəsarətin həmin döyüş əməliyyatları ilə bağlı olması müəyyən olunmur. Belə ki, hazırkı qərarın 11-ci hissəsində qeyd olunanlardan da müəyyən olunur ki, iddiaçı 27.03.2002-ci il tarixdən 08.06.2002-ci il tarixədək şizofreniya paranoid forması “diaqnozu” ilə 1 nömrəli şəhər Klinik Xəstəxanasında stasionar müalicə almış, İddiaçıya şizofreniya paranoid forması diaqnozu qoyulmaqla daxili işlər orqanlarında xidmətə yarasız kmi şəhadətləndirilmiş, xəstəliyinin səbəbli əlaqəsi “xəstəlik DİO-da xidmət keçmə dövründə alınmışdır” kimi göstərilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının xəstəliyi şəhadətləndirilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 sentyabr tarixli 154 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 44-cü hissəsinə əsasən hərbi-həkim komissiyalarının (bundan sonra — HHK) yaralanmaların (travmaların, kontuziyaların, xəsarətlərin), xəstəliklərin səbəb əlaqəsi haqqında rəyi aşağıdakı ifadələrlə çıxarılır: a) «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» b) «Hərbi travma SSRİ-nin müdafiəsi zamanı alınmışdır» c) «Hərbi travma hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır» ç) «Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır» d) «Xəstəlik Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır» e) «Ümumi xəstəlik» Həmin hissənin a) bəndinə əsasən «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» ifadəsinə aşağıdakılar aiddir: əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusional quruluşunu müdafiə edərkən, cəbhədə olduğu dövrdə hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, dövlət sərhəddini müdafiə edərkən; xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirərkən, hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; əgər şəhadətləndirilən şəxsin xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olan dövrdə, aktiv döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət edən dövrdə, kəşfiyyat və əks-kəşfiyyatla bağlı tapşırıqları yerinə yetirərkən yaranmışsa, yaxud bu xəstəliyin başlanğıcını həmin şəxsin cəbhədə olduğu dövrdə, kəşfiyyat və əkskəşfiyyatla bağlı tapşırığı yerinə yetirdiyi dövrə aid etməyə imkan verən sənədlər varsa; əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti), xəstəliyi əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən Vətənə qarşı cinayət törətməmişsə) almışsa. Həmin hissənin ç) bəndinə əsasən isə «Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır» ifadəsinə aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, habelə şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və həmin orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən və ya yararsızlığına (o cümlədən müvəqqəti yararsızlığına) gətirib çıxaran dərəcəyə çatmışsa; əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmət onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; əgər şəhadətləndirilən şəxs yaralanmanı (travmanı, kontuziyanı, xəsarəti) hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bilavasitə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışdırsa; əgər yaralanma (travma, kontuziya, xəsarət) hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında yaralanmanın (travmanın, kontuziyanın, xəsarətin) alınma şəraiti haqqında sənədlər yoxdursa.
15. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçının xəstəliyi xidmət keçdiyi qurum tərəfindən «Hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır» kimi deyil, «Xəstəlik (yaralanma, travma, kontuziya, xəsarət) hərbi xidmət dövründə alınmışdır» kimi şəhadətləndirildiyindən onun bu xəstəliyi ezam edildiyi döyüş bölgəsində döyüş əməliyyatları ilə bağlı alması iş materialları ilə sübut edilmir.
16. Beləliklə, qanunvericiliklə müharibə veteranı adı verilən şəxslərin dairəsi imperativ olaraq qeyd edildiyindən, 1994-cü il 12 may tarixindən sonra xidmət keçmiş iddiaçının isə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması müəyyən olunmadığından, o, yuxarıda istinad edilən Əsasnamədə nəzərdə tutulan şəxslərin dairəsinə aid edilmir. Belə olan halda, iddiaçının cavabdehə qarşı hazırkı məzmunda tələbi təmin oluna bilməz
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
18. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı :
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova