Məhkəmə qərarları › İş №2-1(112)-4256/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4256/2020

29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4256/2020 29.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «iddiaçıya yeni soyadı yazılmaqla diplomun verilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutuna qarşı «iddiaçıya yeni soyadı yazılmaqla diplomun verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı (İddiaçı) 2014-cü ildə Azərbaycan Müəllimlər İnstitutunu bitirmişdir. Dövlət Attestasiya Komissiyasının x xxx 2014-cü il tarixli qərarı ilə ona “məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə bakalavr ali peşə ixtisas dərəcəsi olmaqla A seriyalı 029443 nömrəli nömrəli bakalavr diplomu verilmişdir. Bundan əlavə, o, 2015-ci ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunu bitirmişdir. Dövlət Attestasiya Komissiyasının x xxxx 2015-ci il tarixli qərarı ilə “Təhsildə sosial-psixoloji xidmət” ixtisasını almış və ona YB seriyalı 019842 nömrəli diplom verilmişdir. İddiaçı xx xxxxxxxx 2014-cü il tarixdə X5 ilə rəsmi nikaha daxil olmuş və nikahdan sonra “Quliyeva” soyadını qəbul etmişdir. 2016-cı ildə onların arasındakı nikah Abşeron Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə pozulmuşdur. Onlara xx xxxxx 2016-cı il tarixli İ seriyalı 238863 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə” verilmişdir. O, yenidən şəxsiyyət vəsiqəsi almış və sənəddə onun soyadı “Bayramova”ya bərpa olunmuşdur. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda təhsilini başa vurması nikaha daxil olduqdan sonrakı dövrə təsadüf etdiyindən, həmin İnstitutun verdiyi diplomda soyadı “Quliyeva” göstərilmişdir. Bu səbəbdən də o, soyadı “Bayramova” qeyd olunmaqla yeni və ya dublikat diplom verilməsini istəyir. Lakin Təhsil Nazirliyi və adıçəkilən İnstitut uzun müddətdir ki, həmin məsələnin həllini təmin etmirlər. Təhsil Nazirliyi bildirir ki, məsələ İnstitutun səlahiyyətinə aiddr, heç olmazsa İnstitut məktubla müraciət etməlidir. İnstitutdan isə bildirilir ki, əvvəlki direktor işdən çıxmışdır, yeni sənədi də o imzalamalıdır. Son nəticədə məsələ həll olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 26.1 və 26.2-ci maddələrində göstərilir ki, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı almaq hüququ vardır. Fiziki şəxs hüquq və vəzifələrini öz adı ilə əldə edir və həyata keçirir. Göründüyü kimi, onun adı AR Mülki Məcəlləsinin 26.1-ci maddəsinin tələblərinə görə “İddiaçı”dır. Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. Həmin Məcəllənin 26.6-cı maddəsinə görə başqa şəxsin adı ilə hüquq və vəzifələr əldə edilməsinə yol verilmir. Göstərilənlərə və İPM-in 2.1, 2.2.3, 32, 33-cü maddələrinə əsaslanaraq, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu tərəfindən ona verilən YB seriyalı 019842 nömrəli diplomda əks olunmuş “Quliyeva” soyadının dəyişdirilərək “Bayramova” soyadı yazılmaqla yeni diplom verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47, 49-cu maddələrinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehlərə təqdim olunmuşdur. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «İnzibati icraat haqqında» Azərbycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2011-ci il tarixli 118 nömrəli qərarı ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2015-ci il tarixli 372 nömrəli qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və X1 X2 İnstitutu adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 49 nömrəli qərarı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2011-ci il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Təhsil Nazirliyinin tabeliyində olan digər təşkilatlar” bölməsinin 1-ci hissəsində “Respublikası Təhsil Problemləri” sözləri “Respublikasının Təhsil” sözləri ilə əvəz edilmişdir. Məhkəmə iddia ərizəsində ikinci cavabdeh kimi “Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu”nun göstərilməsini formal xəta qismində qiymətləndirmiş və ikinci cavabdeh olaraq “Azərbaycan Respublikasının Təhsil İnstitutu”nu qəbul etmişdir. İPM-in 62.3-cü maddəsinə görə məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. İşin məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı tərəf gəlməmiş, cavabdeh tərəf gəlmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxx 2010-cu il tarixli 82 nömrəli qərar ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilmə qaydası»nın 3.7-ci bəndinə görə diplomda məzunun soyadı, adı, atasının adı onun şəxsiyyətini təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi) əsasında yazılır. Həmin qaydada soyadın dəyişməsi və bununla bağlı yeni şəxsiyyət vəsiqəsi alınması hallarında diplomda hər hansı dəyişiklik aparılması nəzərdə tutulmamışdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmənin qərardadı ilə iddia cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutuna münasibətdə mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X4 iddianın əsaslı olmadığını bildirdi və onun təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı İddiaçı Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun Dövlət Attestasiya Komissiyasının x xxxx 2015-ci il tarixli qərarı ilə “Təhsildə sosial-psixoloji xidmət” ixtisası verilmiş və ona YB seriyalı 019842 nömrəli diplom təqdim olunmuşdur. İddiaçı xx xxxxxxxx 2014-cü il tarixdə X5 ilə aralarında bağlanmış nikahdan sonra “Quliyeva” soyadını qəbul etdiyindən, ona verilmiş həmin diplomda soyadı “Quliyeva” göstərilmişdir. Onun nikahı Abşeron Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə pozulmuşdur və xx xxxxx 2016-cı il tarixli İ seriyalı 238863 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə” verildikdən sonra o, yenidən şəxsiyyət vəsiqəsi almış və sənəddə onun soyadı “Bayramova”ya bərpa olunmuşdur. O, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunu tərəfindən “Bayramova” soyadı ilə yeni diplom verilməsi ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və həmin İnstituta müraciət etmişdir. Lakin məsələ müsbət həll olunmadığından, iddiaçı ona “Bayramova” soyadı ilə diplom verilməsi tələbini irəli sürərək məhkəməda iddia qaldırır. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Həmin Məcəllənin 26.4-cü maddəsinə əsasən fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Fiziki şəxsin adını dəyişdirməsi, onun əvvəlki adı ilə əldə etdiyi hüquq və vəzifələrə xitam vermir və ya bunları dəyişdirmir. Fiziki şəxs adını dəyişdirməsi barədə öz borclularına və kreditorlarına məlumat verməlidir və adının dəyişməsi barədə həmin şəxslərdə məlumatın olmamasının doğurduğu nəticələrin riskini daşıyır. Adını dəyişdirmiş fiziki şəxsin ixtiyarı vardır ki, əvvəlki adına rəsmiləşdirilmiş sənədlərdə öz hesabına müvafiq dəyişikliklər aparılmasını tələb etsin. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.25-ci maddəsinə əsasən institut (ali məktəb) – müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsidir. Həmin Qanunun 27.1-ci maddəsionə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Azərbaycan Respublikası Prezidentinin x xxxx 2005-ci il tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.26-cı bəndinə görə mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsini hazırlayır, onun verilmə qaydalarını müəyyənləşdirir, buraxılış kontingentinin sayına uyğun təhsil müəssisələrini dövlət təhsil sənədi blankları ilə təmin edir. Göründüyü kimi, mövcud qanunvericilik (AR Mülki Məcəlləsi) fiziki şəxsin soyadının dəyişdiyi halda ona aid sənədlərdə öz vəsaiti hesabına müvafiq dəyişiklik olunmasını nəzərdə tutur. Bundan başqa, hazırkı cavabdeh qismində çıxış edən Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəaliyyətini tənzimləyən «Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə»nin 8.26-cı bəndində bütün təhsil müəssisələrində məzunlara verilən dövlət təhsil sənədinin nümunəsinin hazırlanaması və müvafiq sayda təhsil müəssisələrini dövlət təhsil sənədinin blankları ilə təmin edilməsi Nazirliyin funksiyası kimi müəyyən edilmişdir. Belə olan halda məhkəmənin qənaətinə görə hazırda iddiaçının tələbi ona yeni (Bayramova) soyadı ilə diplomun verilməsindən ibarət olsa da, cavabdeh inzibati orqan ona yeni soyadla yazılmış diplomu deyil, diplom blankının verilməsində səlahiyyətlidir və iddiaçı soyadını dəyişdirdiyindən, yalnız öz vəsaiti hesabına bu dəyişiklik nəzərə alınmaqla yeni diplomun blankını cavabdehdən tələb etməkdə haqlı sayıla bilər. Cavabdehin imtinasına gəldikdə isə, məhkəmə onun dəlili ilə razılaşmır. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinası qismən qanuna ziddir və iddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə görə əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətkərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istfadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 14.3, 33.2 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, İddiaçı onun Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunu bitirməsi barədə diplom blankının öz vəsaiti hesabına verilməsi və aidiyyəti təhsil müəssisəsinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 62, 68 – 69, 73.1, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddaçı İddiaçı onun Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunu bitirməsi barədə diplom blankının öz vəsaiti hesabına verilməsi və aidiyyəti təhsil müəssisəsinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar