Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4257/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı MTK-nın nümayəndəsi və vəkili X1 oglunun iştirakı ilə İddiaçı MTK-nın cavabdehlər Nəsimi rayon İcra və Probasiya Şöbəsi, Səbail rayon İcra və Probasiya Şöbəsi, Sabunçu rayon İcra və Probasiya Şöbəsi, Binəqədi rayon İcra və Probasiya Şöbəsi və Yasamal rayon İcra və Probasiya Şöbəsinə qarşı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi, “xxxx” MMC və Rəhimova Vəsilə Əli qızı 3-cü şəxs olmaqla) “Bakı şəhəri, Nəsimi, Səbail, Sabunçu, Binəqədi və Yasamal rayonlarının İcra və Probasiya şöbələrinin hərəkət və hərəkətsizliklərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MTK-nın sədri Elvin Rəhimov cavabdehlər Nəsimi rayon İcra və Probasiya Şöbəsi, Səbail rayon İcra və Probasiya Şöbəsi, Sabunçu rayon İcra və Probasiya Şöbəsi, Binəqədi rayon İcra və Probasiya Şöbəsi və Yasamal rayon İcra və Probasiya Şöbəsinə qarşı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsi, “xxxx” MMC və Rəhimova Vəsilə Əli qızı 3-cü şəxs olmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhərinin Nəsimi, Səbail, Sabunçu, Binəqədi və Yasamal rayonlarının icra və probasiya şöbələrinin hərəkət və hərəkətsizliklərinin qanunsuz hesab edilməsi, icra və probasiya şöbələrinin icra məmurları tərəfindən tərtib edilmiş aktlarda qeyd edilən mexanizmlərin, avadanlıqların və digər əmlakların onların götürüldüyü ünvanlarda yerləşən sahələrə geri qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC-nin iddianın təmin etmə tədbiri barədə ərizəsi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.09.2019-cu il tarixli qərardadı ilə təmin edilərək iddia tələbinin predmeti olan İddiaçı MTK tərəfindən qanunsuz şəkildə özü və 3-cü şəxslər tərəfindən istifadə edilən və yarasız vəziyyətə düşmə təhlükəsi altında olan mülkiyyətçi “xxxx” MMC-yə məxsus ümumi dəyəri 706.589,92 manat təşkil edən mexanizm və avadanlıqlara həbs qoyulması, qeyd edilən malların saxlama fəaliyyəti ilə məşğul olan “xxxx” MMC-nin Xırdalan şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən ambar tipli qeyri-yaşayış sahəsinə saxlanca verilməsi barədə qərardad qəbul edilmişdir. Həmin qərardaddan İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 08.10.2019-cu il tarixli qərardadı ilə təmin edilərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 25.09.2019-cu il tarixli qərardadı ləğv edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılan müddətdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25.09.2019-cu il tarixli qanunsuz qərardadı qanunsuz olaraq icra edilmişdir. Belə ki, Bakı şəhərinin Binəqədi, Səbail və Yasamal rayonları üzrə İcra və Probasiya Şöbələrinin icra məmurları tərəfindən vəzifə səlahiyyətlərini aşmaqla, özbaşınalıq edib İddiaçı MTK-ya məxsus tikinti sahələrindən, həmçinin Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmurları tamamilə qanunsuz olaraq, İddiaçı MTK-ya heç bir aidiyyatı olmayan ünvan 1 ünvanda yerləşən və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX serialı, ******* nömrəli, 03.11.2015-ci il qeydiyyat tarixli ipoteka yüklülüyü haqqında X2 Əli gızına tam mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evinin həyətinə, mülkiyyətçinin xəbəri və razılığı olmadan, hasardan aşaraq, daxil olmaqla, özgəsinə məxsus olan mexanizm və avadanlıqlar daşınaraq, saxlama fəaliyyəti ilə məşğul olan “xxxx” MMC-nin Xırdalan şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən ambar tipli qeyri-yaşayış sahəsinə saxlanca verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin hakimi Cahangir Yusifov imzaladığı 15.10.2019-cu il tarixli, e-2-2(103)-768/2019 nömrəli məktubu ilə həmin məhkəmənin e- 2(103)-768/2019 saylı iş üzrə qəbul etdiyi 08.10.2019-cu il il tarixli qərardadını icra olunması üçün Nəsimi rayon İcra və Probasiya Şöbəsinə göndərmiş və həmin məktub 15.10.2019-cu il tarixdə şöbənin dəftərxanası vasitəsi ilə qəbul olunmuşdur. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin məhkəmənin 08.10.2019-cu il tarixli qərardadına izah verilməsi barədə ərizəsi də təmin olunmuş və qərardada aşağıdakı kimi izah verilmişdir: “Nəsimi rayon İcra və Probasiya Şöbəsinin ərizəsi təmin edilsin. İzah edilsin ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-768/2019 saylı, 08.10.2019-cu il tarixli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-l 166/2019 saylı, 25.09.2019-cu il tarixli “iddianı təmin etmə barədə” qərardadının ləğv edilməsi - həmin qərardadın doğurduğu nəticələrin aradan qaldırılması, o cümlədən üzərinə həbs qoyulmuş və saxlanca verilmiş mexanizm və avadanlıqların İddiaçı MTK-ya geri qaytarılması üçün əsasdır. Sözügedən məhkəmə qərardadı icra edilməsi üçün Nəsimi rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Yavər Allahverdiyevin imzaladığı 14 noyabr 2019-cu il tarixli məktub ilə Bakı şəhərinin Binəqədi, Səbail, Yasamal və Sabunçu rayonu üzrə İcra və Probasiya Şöbələrinə göndərilmişdir (əlavə edilir). Lakin buna baxmayaraq, tikinti sahələrindən çıxarılan mexanizm və avadanlıqlar onların götürüldüyü ünvanlarda yerləşən sahələrə bu günədək geri qaytarılmamışdır. İddiaçı tərəfindən edilmiş şikayətlərə baxmayaraq, icra və probasiya şöbələri tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2-2( 103)-768/2019 nömrəli qərardadı üzrə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Bir sözlə icra və probasiya şöbələri tərəfindən hərəkətsizlik edilir ki, bu da öz növbəsində İddiaçı MTK- ya və üçüncü şəxslərə xüsusi ilə külli miqdarda maddi ziyanın vurulması ilə nəticələnir. İnzibati Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə göndərilmiş, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım etmək məqsədilə icra icraatı qaydasında aidiyyəti məhkəməyə şikayətlə müraciət etmək hüququ izah edilmiş, iclasda iştirak etmiş iddiaçının nümayəndəsi tərəfindən də məhkəmənin təklifinə baxmayaraq işin mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə iddianın mümkünlüyü məsələsinə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İşin hazırlıq icraatı üzrə keçirilən məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Təyin edilmiş məhkəmə iclasında cavabdehlərin və 3-cü şəxslərin nümayəndələri iştirak etmədiyinə görə, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkünsüz sayılmalıdır. Belə ki, iş materiallarından məlum olur ki, iddiaçı Bakı Apellyasiya Məhkəməsinin 31.10.2019-cu il tarixli, 2-2(103)-768/2019 nömrəli qərardadı üzrə icra hərəkətlərinin həyata keçirilməsi ilə baglı icra və probasiya şöbəsinin icra məmurlarının hərəkətlərinin qanuniliyini inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli qərarında özünün hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə də, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Eyni zamanda, nəzərə almaq lazımdır ki, “İcra haqqında” Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə (mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi “İcra haqqında” Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia (və ya şikayət) verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət etməmiş, ayrıca inzibati iddia vermişdir. Yuxarıda da qeyd olunduğu kimi belə iddialar (şikayətlər) inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırkı işdə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddianın mümkün sayılmadığı qənaətinə gəldiyindən, iddiaçıya izah edilir ki, icra sənədini vermiş müvafiq səlahiyyətli məhkəməyə şikayətlə müraciət edə bilər. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması və məhkəmə icaatına cəlbetmə ilə əlaqədar məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA A L D İ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3KİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-4257/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4257/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver