Məhkəmə qərarları › İş №2-1(112)-4257/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4257/2023

13.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4257/2023 13.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə (üçüncü şəxslər X27 və digərləri) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları:

1. 17 08.2021-ci il tarixli ********** nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 8 ünvanında yerləşən ümumi sahəsi 64.2 kv.metr olan 82 nömrəli mənzil İddiaçı (bundan sonra-İddiaçı) mülkiyyətindədir.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən xx.xx.2015-ci il təvəllüdlü X20, xx.xx.2017 il təvəllüdlü X33, xx.xx.2017-ci il təvəllüdlü X28, xx.xx.2020-ci il təvəllüdlü X27, xx.xx.1960-cı il təvəllüdlü X8, xx.xx.1992-ci il təvəllüdlü X15, xx.xx.1991-ci il təvəllüdlü X21, xx.xx.1971-ci il təvəllüdlü X5 və xx.xx.1949-cu il təvəllüdlü X16 ünvan 3ənzildə qeydiyyatdadırlar.

3. İddiaçı ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə (bundan sonra- Cavabdeh) müraciət edərək həmin şəxslərin 82 saylı mənzildən qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir.

4. Cavabdeh 069-17044K -3222 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri ilə nəzərdə tutulmuş şəxsin qeydiyyatdan çıxarılmasına əsas olan hallar iddiaçıya izah edilmiş, qanunvericiliyin tələblərinə əsasən göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğu bildirilmişdir.

5. Bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X27, X33, X20, X28, X17, X22, X16, X9 və X1 iddiaçının mülkiyyətində olan ünvan 3ənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X27, X33, X20, X28, X18, X22, X16, X9 və X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər.

7. Daha sonra iddiaçı tələbinin həcmini azaldaraq, onun şəxsi mülkiyyətində olan ünvan 2 ünvanında qeydiyyatda olan X27, X28, X18, X16, X9 və X1 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-4257/2023 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmiş, X22, X33, X10 hazırkı məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. İİ Tərəflərin əsaslandırması:

8. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 8 saylı evin 82 saylı mənzili xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən onun tam mülkiyyətindədir. O, mənzili bacısı X2 ölümündən sonra vərəsəlik şəhadətnaməsi əsasında əldə etmişdir. Vərəsəlik işinin gedişatı zamanı mənzildə qeydiyyatda olan şəxslər barəsində çıxarış alarkən kənar şəxslərin mənzildə qeydiyyatda olduğunu öyrənmişdir. Eyni zamanda, poçt vasitəsilə tanımadığı şəxslərin adına mütəmadi məktublar göndərilir. “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından məlum olur ki, X27, X33, X20, X28, X15, X23, X16, X11, X5 iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 8 saylı evin 82 saylı mənzilində pasport qeydiyyatdadırlar. Adı çəkilən şəxsləri iddiaçı, ümumiyyətlə, tanımır. Nə özü, nə mərhum bacısı ilə qohumluq əlaqələri yoxdur. Həmin şəxslərin hansı yolla mənzilə qeydiyyata alınması barədə məlumatı yoxdur. Adı qeyd olunan şəxslərin iddiaçıya məxsus olan evdə qeydiyyatda olması hazırda iddiaçının sahiblik və istifadə hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə ki, iddiaçı əmlakı üzərində tam sərəncam verə bilmir, qeydiyyatda olan şəxsin razılığı tələb olunduğundan fərdi yaşayış evini istədiyi şəkildə alqı-satqı, bağışlama və sair qanuni yollarla özgəninkiləşdirə bilmir.

9. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. 10.Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. 11.Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onun nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. 12.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi

13. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

14. Belə ki, iddia mümkün iddiadır, çünki mülkiyyətçi olan iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir.

15. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan 132986 nömrəli, xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri Tİ və MHQİ-dən verilmiş 30/23052 nömrəli, xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında satıcı X34 ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, 8 saylı evin 3 otaqlı, yaşayış sahəsi 42,62 kv.metrdən ibarət 82 nömrəli mənzilini alıcı X2 mülkiyyətinə vermişdir.

16. 13.08.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş – X2 vərəsəsi: ünvan 2 ünvanında qeydiyyatda olan qardaşı – İddiaçıdur və o miras əmlakdan tam 1/1 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras: Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən xx.xx.2002-ci il tarixdə X3 verilmiş 30/13595 qeydəalma nömrəsi ilə 1168öz nömrəli kitabın 175502–ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 64,2 kv.metr, yaşayış sahəsi 42.62 kv.metr olan 3 otaqlı mənzildən ibarətdir.

17. İş materiallarında olan 306717 nömrəli Çıxarışdan görünür ki, ünvan 3ənzil tam mülkiyyət hüququ əsasında 17 08.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına qeydiyyata alınmışdır.

18. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən xx.xx.2017-ci il təvəllüdlü X28, xx.xx.2020-ci il təvəllüdlü X27, xx.xx.1960-cı il təvəllüdlü X11, xx.xx.1992-ci il təvəllüdlü X15, xx.xx.1971-ci il təvəllüdlü X5, xx.xx.1949-cu il təvəllüdlü X16 ünvan 3ənzildə qeydiyyatdadırlar.

19. İşdə olan fərdi uçot kartoçkalarının surətlərindən görünür ki, X16, X1 qeydiyyata alınması zamanı yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd qismində hər hansı bir sənədə istinad edilməmiş, X6 qeydiyyata alınması zamanı yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd qismində 124 saylı MKİS-in arayışı göstərilmişdir.

20. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 18/2-1960/2023 nömrəli məktubundan görünür ki, ünvan 3ənzil ünvanında X27 xx.xx.2021-ci il tarixdən, X15 xx.xx.2008-ci il tarixdən, X11 xx.xx.2002-ci il tarixdən hazıradək qeydiyyatdadırlar.

21. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-305/2023 nömrəli məktubundan görünür ki, ünvan 3ənzilə dair X27, X28, X15, X16, X11 və X1 istifadə hüququnun qeydiyyata alınmasına dair məlumat idarənin arxivində aşkar edilməmişdir.

22. 124 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 05 nömrəli arayışından görünür ki, ünvan 3ənzil ünvanında İddiaçı Əlqasım oğlu, X12, X24, X25, X29 qeydiyyatdadırlar və yaşayırlar. X27 və digərləri barədə heç bir məlumat yoxdur.

23. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sadalanan sübutlarla ünvan 3ənzilin iddiaçının mülkiyyətində olması, üçüncü şəxslərin hazırda həmin mənzildə yaşamamaları və onların həmin mənzilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqlarının olmaması tam təsdiq olunur.

24. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir.

25. Bu əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

26. Yaşayış sahəsindən çıxarılma barədə qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Lakin əgər şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ yoxdursa, yaxud həmin yaşayış sahəsində yaşamırsa, aydındır ki, çıxarılma və ya istifadə hüququna xitam verilmə barədə qətnamə də mövcud olmayacaqdır.

27. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarı ilə qərara alınmışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir... Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir... Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.”

28. Beləliklə, Konstitusiya Məhkəməsinin bu qərarına istinad edərək məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir; 2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla) (maddə 146.1). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir (maddə 146.2). Həmin Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

30. Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə qərarının 15-22-ci bəndlərində sadalanan sübutlara əsasən üçüncü şəxslərin mübahisəli yaşayış sahəsinə hər hansı bir hüququnun olması və həmin mənzildə yaşaması müəyyən edilmir. İddiaçı mübahisəli yaşayış sahəsinin mülkiyyətçisi kimi ona məxsus mənzildə yaşamayan və hüququ olmayan həmin şəxslərin qeydiyyatdan çıxarılmasını xahiş edir. Məhkəmə hazırkı iş üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumununun 24 sentyabr 2020-ci il tarixli qərarında təsbit olunan şərtlərin mövcud olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehin imtinası əsassızdır. Buna görə də iddia təmin olunmalıdır.

31. Məhkəmə onu da qeyd edir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. Üçüncü şəxslər xx.xx.2017-ci il təvəllüdlü X13, xx.xx.2020-ci il təvəllüdlü X14, xx.xx.1960-cı il təvəllüdlü X4, xx.xx.1992-ci il təvəllüdlü X6, xx.xx.1971-ci il təvəllüdlü X1 və xx.xx.1949-cu il təvəllüdlü X7 ünvan 3ənzil üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar