Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4257/2024 16.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqların qeydə alınmaqla, reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, Təsviri hissə İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında “Azərelektroterm” bağçılıq- yoldaşlığın ərazisində yerləşən, 500 kv. metr sahəsi olan, B-10 nömrəli bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatının aparılması, bununla bağlı ona çıxarış və plan ölçü sənədlərinin verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə məhkəməyə ərizə təqdim edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında “Azərelektroterm” bağçılıq - yoldaşlığın ərazisində yerləşən, faktiki sahəsi 475 kv. metr olan B-10 nömrəli bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatının aparılması, bununla bağlı İddiaçı çıxarış və plan ölçü sənədlərinin verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında “Azərelektroterm” bağçılıq- yoldaşlığın ərazisində yerləşən, 500 kv. m. sahəsi olan, B-10 nömrəli bağ torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsi ona “Azərelektroterm” bağçılıq-yoldaşlığı tərəfindən ayrılmışdır. Belə ki, o, xx.xx.1992-ci il tarixli protokola əsasən həmin bağçılıq-yoldaşlığına üzv qəbul edilmişdir. Bununla bağlı ona üzvlük kitabçası da verilmişdir. Torpaq sahəsinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı müvafiq hüquqmüəyyənedici sənədlərlə birlikdə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Ərazi İdarəsi isə xx.xx.2023-cü il tarixli **********22 nömrəli məktubu ilə bundan imtina etmiş və bildirmişdir ki, “bağçılıq-yoldaşlığın üzvlər siyahısında adı aşkar edilməmiş, üzvlük kitabçasında adı qeyd edilməmişdir. Eyni zamanda göstərilən torpaq sahəsi digər bağın ərazisinə düşür.” Hesab edir ki, Ərazi İdarəsinin imtinası qanunsuz və əsassızdır. Belə ki, imtina məktubunda göstərilən bağçılıq-yoldaşlığın üzvlər siyahısında adının aşkar edilməməsi və üzvlük kitabçasında adının qeyd edilməməsi ilə bağlı bildirmək istəyir ki, o, həmin bağçılıqyoldaşlığa 1992-ci ildə üzv qəbul edilmişdir. Bununla bağlı protokolu da Ərazi İdarəsinə təqdim etmişdir. Həmin Protokola əsasən bağçılıq-yoldaşlığın üzvü olan X2 üzvlükdən çıxarılmış, onun əvəzinə o, üzvlüyə qəbul edilmişdir. Üzvlük kitabçasında da adı qeyd olunmuşdur. Eyni zamanda o da qeyd olunmalıdır ki, üzvlük kitabçası ilə yanaşı üzvlərin iclasının protokolundan çıxarış da tərəfindən idarəyə təqdim edilmişdir. Hansı ki, həmin protokol əsasında o, bağçılığa üzv olmuşdur. Hesab edir ki, üzvlərin iclasının protokolundan çıxarış torpaq sahəsi üzərində hüquqlarımın qeydiyyata alınması üçün kifayət edir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə uyğun olaraq kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış bağ sahələri üzərində hüquqların qeydiyyatının aparılması üçün əsasdır. Lakin İdarə bunu nəzərə almamış qeydiyyatın aparılmasından qanunsuz və əsassız imtina etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizələri (etirazı): DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etiraz onunla əsaslandırılmışdır ki, idarənin arxivinə təhvil verilmiş “Azərelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı və təqdim edilmiş xx.xx.1992-ci il tarixli protokoldan çıxarışda qeyd olunan X1 adı aşkar olunmamışdır. Bundan əlavə “Azərelektroterm” bağçılıq-yoldaşlıq təsərrüfatının idarənin arxivində saxlanılan qovluğunda bölgü sxemi mövcud deyil. İddiaçı tərəfindən idarəyə təqdim edilmiş üzvlük kitabçasında səlahiyyətli şəxsin adı və imzası yoxdur. Torpaq sahəsi sənəd üzrə 500 kv. m. qeyd olunsa da faktiki 475 kv. m. təşkil edir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə heç bir məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Bakı şəhər X5 İcraiyyə Komitəsinin “Bağçılıq yoldaşlıq təsərrüfatlarının yaradılması məqsədilə torpaq sahələrinin ayrılması barədə” 15/358 saylı, 1985-ci il tarixli qərarın (“Çıxarış”) və qərara əlavə olunmuş fevral 1986-cı ildə tərtib olunmuş 05 “A” (İş № 5/669) saylı aktın surətindən müəyyən olunur ki, qeyd olunan qərarla və aktla “Azərelektroterm” EİB-yə Hövsan ərazisində bağçılıq yoldaşlığının yaradılması üçün 16,8 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. “Azərelektroterm” X7 Bağçılıq yoldaşlığının İdarə Heyətinin iclasının 16 may 1992cı il tarixli protokolundan çıxarışın surətindən müəyyən olunur ki, B 10 №-li bağ sahəsinin İddiaçı verilməsi və onun bağçılıq yoldaşlığı üzvlüyünə qəbul edilməsi, X1 (10 №-li bağ sahəsi) bağçılıq yoldaşlığın üzvlüyündən azad edilməsi qərara alınmışdır. “Azərelektroterm” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən verilmiş üzvlük kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı bağçılıq cəmiyyəti üzvlərinin xx.xx.1986-cı il tarixli 61 №-li protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir. xx.xx.1995-ci il tarixli qeydə alınmış qərara əsasən İddiaçı daimi istifadəsinə Hövsan ərazisində Bağçılıq Cəmiyyəti bağından sahəsi 500 kv. m. olan B10 №-li bağ sahəsi verilmişdir. “Azərelektorterm” bağçılıq birliyinin sədri tərəfindən təsdiq olunmuş B-10 sahəsinin planınından müəyyən olunur ki, B-10 saylı bağ sahəsinin planında qonşu bağ sahələri 9,7 (9, 8, 7, 5, 6) qeyd olunmuşdur. Eyni zamanda “Azərelektorterm EİB” BakETAZ üzrə yoldaşlıq-bağçılıq üzvlər arasında bölgü sxemindən müəyyən olunur ki, sxemdə 10/351 bağ nömrəsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Dövlət və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuç A № 279698 “Torpaq sahəsinin planı və ölçüsü”nün surətindən müəyyən olunur ki, İddiaçı adına Bakı şəhər X5 İcraiyyə Komitəsinin 15/358 saylı, 1985-ci il tarixli qərarı və “Azərelektroterm” Bağçılıq Yoldaşlıq Cəmiyyətinin xx.xx.1992-ci il tarixli protokoluna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 500 kv. metr olan B-10 saylı torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X8 kitabında xx.xx.2010-cu il tarixdə 21564 № ilə uçota alınmışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan DƏDKRnin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********22 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, idarənin arxiv məlumatlarına əsasən bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında adı aşkar edilməmiş, həmçinin üzvlük kitabçasında adı qeyd edilməmişdir. Eyni zamanda təqdim olunmuş bağçılıq - yoldaşlıq bölgü sxeminə əsasən göstərilən torpaq sahəsi digər bağın ərazisinə uyğun gəlir. Qeyd olunanlarla yanaşı torpaq sahəsinin sənəd üzrə ölçüsü 500 kv. m. göstərilsə də, faktiki 475 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Məhkəmənin müvafiq sorğuna əsasən DƏDKR-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********74 №-li cavab məktubunda göstərilmişdir ki,göstərilən torpaq sahəsi sənəd üzrə 500.0 kv.m olsa da, faktiki olaraq hasar daxili 475.0 kv.m təşkil edir. Torpaq sahəsi üzərində tikili yoxdur. Vahid elektron kadastr məlumat bazasında B-10 nömrəli bağ sahəsinə dair ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X3 adına tərtib edilmiş X8 kitabında xx.xx.2010-cu il tarixdə N21564 nömrə ilə uçota alınmış AN279698 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün məlumatı mövcuddur. Göstərilən torpaq sahəsi bağçılıq-yoldaşlıq bölgü sxeminə əsasən 10/351 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Məktuba əlavə edilmiş xx.xx.2024-cü il tarixdə tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, B-10 saylı bağ torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 500 kv.metr və faktiki olaraq 475.0 kv.metr təşkil edir. Bağ sahəsi hasar daxilindədir. Sahədə tikili yoxdur. Vətəndaş tərəfindən əvvəlki müraciətində bağ sahəsinə dair ləğv edilmiş DT VƏ XK tərəfindən torpaq sahəsin planı və ölçüsünün surəti təqdim edilmişdir. Tətbiq edilən hüquq. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. ... Maddə 68. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilkin olaraq iddia tələbilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” xx.xx.2007-ci il tarixli 2186 nömrəli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, AR Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin «Torpaq islahatı haqqında» AR Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, digərləri ilə yanaşı, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Bununla bağlı nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmin Qanunun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Hazırkı işin hallarına əsasən ilk öncə qeyd edilməlidir ki, X6 Birliyi “Azərelektroterm”in Bağçılıq cəmiyyətinin İdarə Heyətinin iclasının 16 may 1986-cı il tarixli protokoluna əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ünvanında “Azərelektroterm” bağçılıq- yoldaşlığın ərazisində yerləşən B-10 nömrəli bağ torpaq sahəsinin iddiaçıya ayrılması qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir Məhkəmənin gəldiyi nəticəni sadalanan normaların təhlilinə əsaslanaraq qeyd edir ki, qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Hazırkı işin hallarından isə görünür ki, iddiaçı da qanunvericiliyin tələblərinə əməl edərək, bağ sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün sözügedən maddədə təsbit olunan əsaslardan biri kimi bağ sahəsinin onun istifadəsinə verilməsinə dair “Azərelektroterm” Bağçılıq Yoldaşlıq Cəmiyyəti tərəfindən verilmiş üzvlük kitabçasını, o cümlədən X6 Birliyi “Azərelektroterm”in Bağçılıq cəmiyyətinin İdarə Heyətinin iclasının 16 may 1986-cı il tarixli protokolundan çıxarışı cavabdehə təqdim etmişdir. Ümumilikdə isə imtina aktında cavabdeh tərəfindən bağ sahələrinə dair Qanunun 8 və 10-cu maddəsində qeyd edilən sənədlərin təqdim olunması (olunmaması) ilə bağlı iddiaçılara heç bir irad (etiraz) bildirməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrindədir. İstinad olunan normaların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçının mübahisələndirilən bağ torpaq sahələri üzərində mülkiyyət hüquqları yaranmışdır və həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Bağçılıq-yoldaşlıq bölgü sxemi ilə bağlı uyğunsuzluq olduğu dəlilinə münasibətdə ilk növbədə qeyd edilməlidir ki, cavabdeh bildirdiyi halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, hətta bağçılıq-yoldaşlıq bölgü sxemi ilə hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (həmin Qanunun 19.1, 19.2, 24.2-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən “B-10” saylı bağ-torpaq sahəsi üzərində iddiaçının mülkiyyət huququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasportun verilməsi öhdəliyi DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidr. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən B-10 saylı 475 kv. metr bağ torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-4257/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4257/2024
16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver