Məhkəmə qərarları › İş №2-1(112)-4259/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4259/2024

06.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4259/2024 06.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dayandırılmış pensiyanın bərpa edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən vəzifə borcunun yerinə yetirilməsi, yəni iddiaçının müraciətinə rəsmi cavab verilməsi və ilkin təyinat nəzərə alınaraq iddiaçının dayandırılmış pensiyasının bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının yaşa görə aldığı əmək pensiyasının verilməsi uzun müddətdir ki, dayandırılmışdır. Bununla bağlı xx.xx.2023-cü ildə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala iddiaçının rəsmi yazılı müraciəti olmuş, lakin cavabdeh tərəfindən müraciətə baxılmanın və cavablandırılmanın qanunla müəyyən olunmuş müddəti ötdüyünə görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2238/2016 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə (hakim X.X.İmanov) iddiaçının iddiası təmin edilmiş, İddiaçı xx.xx.2009-cu ildən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikasmm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə həvalə edilmişdir.

4. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı 2-1(85)-2058/2018 nömrəli iş üzrə 29 iyun 2018-ci il tarixli Qərarı ilə iddia təmin edilmişdir. İddiaçı xx.xx.1982-xx.xx.1984, xx.xx.1984-xx.xx.1988, xx.xx.1990-xx.xx.1994, xx.xx.1995-xx.xx.2001-ci illər üzrə işlədiyi müddətlərin güzəştli iş stajına daxil edərək, xx.xx.2009-cu il tarixdən (yəni 50 yaşdan) 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və pensiya hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən hal-hazırki tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə qoyulmuşdur.

5. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı adına qeydiyyata alınmışdır.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 1-ci döngə, 4-cü küçə ünvanında qeydiyyatda olsa da, həmin ünvanda yaşamır. İddiaçı qeyd etdi ki, 1985-ci tarixdən ünvan 1 ünvanında yaşayır, həmin mənzilə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur və ona görə də hazırki işin Bakı İnzibati Məhkəməsində baxılmasını xahiş etdi. İddiaçı eyni zamanda qeyd etdi ki, Sumqayıt İnzibati Məhkəməsinin qərarı ilə ona pensiya təyin olunduqdan sonra cavabdeh orqan tərəfindən iddiaçıya pensiya ödənilməyə başlamış, lakin 2 ildən sonra pensiya ödənişi dayandırlmışdır.

II. İddianın mümkünlüyü

7. Məhkəmə iş materiallarını araşdıraraq İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 1-ci döngə, 4-cü küçə ünvanında qeydiyyatda olduğunu müəyyən etmiş və hazırki iş üzrə aiddiyyətlə bağlı iclas təyin etmişdir.

8. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, 1-ci döngə, 4-cü küçə ünvanında qeydiyyatda olsa da, həmin ünvanda yaşamadığını bildirmişdir. İddiaçı qeyd etmişdir ki, 1985-ci tarixdən ünvan 1 ünvanında yaşayır, həmin mənzilə dair iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur. Məhkəmə eyni zamanda müəyyən edir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı adına qeydiyyata alındığı təsdiqlənmişdir.

9. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. İPM-in 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İPM-in 8.1.2-ci maddəsinə yeni məzmunda dördüncü cümlə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununun 1.1-ci maddəsinə əsasən əlavə edilmişdir: Həmin Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Qanunun 2.2-ci maddəsinə əsasən, bu Qanunun 1.1-ci maddəsi Qanunun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrinə şamil edilir. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, iddia “öhdəliyin icrası haqqında” növündə iddiaya aiddir, odur ki, işin aidiyyəti İPM-in 8.1.2-ci maddəsinin sonuncu cümləsinə uyğun (iddiaçının olduğu yer üzrə) həll edilməlidir.

11. Odur ki, məhkəmə müəyyən edir ki, iddiaçı ünvan 1 ünvanında yaşayır və hazırki iddia tələbi üzrə işə formal olaraq Bakı İnzibati Məhkəməsində baxıla bilər. Lakin hazırkı iddia Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarının icrası ilə bağlı olduğundan Bakı İnzibati Məhkəməsi hazırkı işə iddia icraatı qaydasında baxa bilməz.

12. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

13. Məhkəmə qərarının icrası həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır.

14. X2 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X2 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40).

15. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

16. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

18. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında təmin edilməlidir.

19. Məhkəməyə müraciət Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və X2 Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) məqsədlərinə əsasən hüquqların nəzəri və xəyali deyil, praktik və səmərəli müdafiəsini təmin edir. Odur ki, məhkəmə qərarının tam və ya lazımi icra edilməməsi məhkəməyə çatım hüququnun pozulması ilə nəticələ bilər.

20. İPM-in müvafiq maddələrinə əsasən: 117.1.1. qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında icra həyata keçirilir. 119.1. Dövlətə, bələdiyyələrə və ya ümumi hüququn başqa subyektlərinə qarşı pul tələbinin icra edilməli olduğu hallarda, tələbkarın ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə birinci instansiya məhkəməsi icra haqqında qərardad qəbul edir. Məhkəmə qərardadda icra tədbirlərini müəyyən edir və həmin tədbirlərin həyata keçirilməsini səlahiyyətli orqana tapşırır. Səlahiyyətli orqan həmin tapşırığı (icra tədbirlərini) məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan qanunvericiliyə uyğun olaraq yerinə yetirməyə borcludur. 119.2. İcra haqqında qərardad (sərəncam) qəbul etməzdən əvvəl, məhkəmə müvafiq dövlət orqanına, bələdiyyə orqanına və ya ümumi hüququn başqa subyektinə məcburi icra haqqında yazılı şəkildə xəbərdarlıq edir və icranın həyata keçirilməsi üçün müddət müəyyən edir. Bu müddət 15 gündən çox ola bilməz. 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.

21. Məhkəmə müəyyən edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı 2-1(85)-2058/2018 nömrəli iş üzrə 29 iyun 2018-ci il tarixli Qərarı ilə iddia təmin edilmişdir. İddiaçı xx.xx.1982xx.xx.1984, xx.xx.1984-xx.xx.1988, xx.xx.1990-xx.xx.1994, xx.xx.1995-xx.xx.2001-ci illər üzrə işlədiyi müddətlərin güzəştli iş stajına daxil edərək, xx.xx.2009-cu il tarixdən (yəni 50 yaşdan) 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və pensiya hüququnun yarandığı xx.xx.2009-cu il tarixdən hal-hazırki tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin üzərinə qoyulmuşdur.

22. Məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan yekun məhkəmə aktının (xx.xx.2018-ci il tarixli, 2-1(85)-2058/2018 nömrəli Qərarın) lazımi qaydada icra olunmamasına dair ərizə ilə Sumqayıt İnzibati məhkəməsinə müraciət edə bilər.

23. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkün sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

24. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

25. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar