Məhkəmə qərarları › İş №2-1(112)-426/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-426/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-426/2023 03.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin 09 iyul 2021-ci il tarixli, **********036800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı İddiaçı MMC (VÖEN: **********) 2020-ci il üçün 46323.03 manat mənfəət vergisi hesablamışdır. Bununla bağlı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Apellyasiya Şurasının müraciət edərək MV-nin azaldılmasını və ya hesablamada Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarını tətbiq edilməsini xahiş etmişlər. Lakin, vergi orqanı azalma verməmişdir. Vergi orqanının hesablamasına görə onların illik dövriyyənin 58% dən çox hissəsi mənfəətlərini təşkil edir. Yəni 396550.17 x 58.4% = 231585.29 x 20% = 46317.05 manat. Belə çıxır ki, MMC 264919.71 manat vəsait sərf edərək 87.4 % ticarət əlavəsi edib 231585.29 manat mənfəət əldə etmiş və ya sərf etdyi mal materialın bir hissəsini pulsuz əldə etmişdir. Yəni bütün illik dövriyyədə mal və xidmətlərin dəyəri eləcədə xərclərin cəmi birlikdə 264919.71 manat təşkil etmişdir. Məlumdur ki, belə ticarət əlavəsi və mal materialın pulsuz əldə edilməsi mümkün deyildir. İstifadə etdikləri mal-materiallar üçün sənədləri əldə etməyə çalışırlar (onlara təqdim edilən elektron qaimələrdə bu öz əksini tapır) və vergi ödəyicilərindən almağa üstünlük verirlər. Lakin, elə materiallar var ki, onları “Sədərək”, “8ci km”, “Dərnəgül” - ticarət mərkəzlərində ticarətlə məşğul olan qeyri vergi ödəyicilərindən alırlar. Bu səbəbdən onlar MMC-yə sənəd təqdim edə bilmirlər.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, uçot-baza məlumatlarına əsasən cəmiyyətin xx.xx.2007-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alındığı, əsas fəaliyyət növünün elektrik mühərriklərinin, generatorların və transformatorların təmiri olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Məcəlləyə əsasən müəyyən edilir, 130.2-ci maddəsinə əsasən isə vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur. Bildirirlər ki, vergi ödəyicisi tərəfindən 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsində 219.3-cü “Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq” sətirində 103911,23 manat, xərclər bölməsində isə “Rezident üzrə faizlər” sətirində 118000,0 manat qeyd edilməsinə baxmayaraq, bununla bağlı müvafiq əsaslandırılmış izahat, təsdiqedici sənədlər təqdim edilməmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il ərzində təqdim edilmiş elektron qaimə faktura üzrə 145900 manat iş görüldüyü, pərakəndə əməliyyatlarının olmadığı, ƏDV bəyannamələrinə əsasən 396550,17 manat məbləğində təqdimetmə dövriyyənin olduğu müəyyən edilmişdir. Mənfi məzənnə fərq məbləği mənfəət vergisi bəyannaməsi üzrə ümumi gəlirlərin təqribən 1/3 hissəsini təşkil etmiş, bank və digər baza məlumatları əsasında valyuta üzrə məzənnə dəyişməsi halları aşkar edilməmişdir. Həmçinin, həmin ildə Çin və Türkiyədən cəmi 27208,81 manat məbləğində faktiki (invoys) dəyər üzrə mal idxal edilmiş, elektron qaimə faktura üzrə 46518,88 manat məbləğində xərc əldə edilmiş, bank məxaric təyinatı üzrə kredit üzrə faiz ödənişləri aşkar olunmamışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********730200 nömrəli məktub göndərilərək, araşdırma üçün zəruri olan sənədlərin və ətraflı izahatın təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyi üçün 2020-ci ilin mənfəət vergisi üzrə 44382,24 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********260600 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Kameral vergi yoxlamasından sonra vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə müvafiq dövr üçün yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində xərc göstəriciləri 9650,52 manat artırılmış, eyni zamanda öncəki dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində faiz xərcləri silinərək, 221.15-ci “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” sətirində qeyd edilmişdir. Nəticədə 126825,93 manat sənədlərlə təsdiqini tapmayan xərc uyğunsuzluğu yaranmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********283000 nömrəli məktub göndərilərək, araşdırma üçün zəruri olan sənədlərin və ətraflı izahatın təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyi üçün 2020-ci ilin mənfəət vergisi üzrə 46323,15 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-cı il tarixli **********036800 nömrəli qərar tərəflər arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2013-cü il tarixli müqavilənin 2.1.1-ci bəndinə əsasən elektron üsulla vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 70.2- 1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımı qaydada çatdırılmış sayılır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021 -ci il tarixli qərar tərəflər arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2013-cü il tarixli müqavilənin 2.1.1-ci bəndinə əsasən xx.xx.2021-ci İİ tarixdə saat 12:57:40-da elektron üsulla vergi ödəyicisinə göndərilmişdir. Qərar xx.xx.2021-ci il tarixdə saat 10:42:28-də oxunduğuna görə həmin tarixdən də, vergi ödəyicisinə təqdim olunmuş sayılır. İnzibati- Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirirlər ki, iddiaçı qərarın məhkəmə qaydasında mübahisələndirməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Bununla əlaqədar, iddianın mümkün sayılmaması barədə xx.xx.2022-ci il tarixli **********356900 nömrəli vəsatət (sübutlar əlavə edilməklə) məhkəməyə təqdim edilmiş və işin materiallarında var. Vergi Məcəlləsinin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Göründüyü kimi vergi ödəyicisi hesablanmış vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırmağa cəhd göstərir. Əlavə olaraq bildirilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 49.3-cü və 49.6-cı maddələrinin şərh edilməsi haqqında” 6 avqust 2002-ci il tarixli Qərarında qeyd olunur ki, vergi ödəmək vəzifəsində cəmiyyətin ümumi maraqları əks olunub. Dövlət təkcə vergi ödəyicilərinin deyil, həm də cəmiyyətin digər üzvlərinin hüquqlarını və qanuni maraqlarını müdafiə etmək məqsədi ilə vergi münasibətlərinin tənzimlənməsi üzrə tədbirlər görmək hüququna malikdir və belə tədbirlər həyata keçirilməlidir. Buna görə də, vergi tutulması vergi ödəyicisinin mülkiyyətindən əsassız məhrum edilməsi kimi yox, konstitusiya vəzifələrindən irəli gələn əmlakın müəyyən hissəsinin qanuni götürülməsi kimi qiymətləndirilməlidir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Qanunda müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52-ci və 90.1- ci maddələrinin şərh edilməsinə dair" 13 sentyabr 2011-ci il tarixli Qərarı). Vergi Məcəlləsinin 24.0.1-ci maddəsinə əsasən, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Yuxarıda qeyd olunanlara əsaslanaraq bildirirlər ki, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-cı il tarixli **********036800 nömrəli qərara əsasən 2020-ci il üçün mənfəət vergisi üzrə hesablanmış 46323,15 manat əlavə vergi məbləği Vergi Məcəlləsinin tələblərinə uyğundur, qanuni və əsaslıdır.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********036800 nömrəli 09 iyul 2021-ci il tarixli qərarına əsasən iddiaçıya 2020-ci il mənfəət vergisi üzrə 46323,15 manat hesablanmışdır.

8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” **********228300 nömrəli 02 iyun 2021-ci il tarixli qərarına əsasən İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********422300 nömrəli və xx.xx.2021-ci il tarixli **********260600 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 57 nömrəli 20 avqust 2021-ci il tarixli qərarına əsasən İddiaçı MMC-nin inzibati şikayəti təmin edilməmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli **********228300 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Məhkəmənin 2-1(112)-2402/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 07 iyul 2023-cü il tarixli 9/4223 nömrəli ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən müəssisə tərəfindən 2020-ci il üzrə aparılmış əməliyyatlara görə 11.747,41 (13.218,34-1.470,93 (vergi ödəyicisi tərəfindən bəyan edilmiş)) manat məbləğində əlavə mənfəət vergisi hesablanmış, təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı müəssisəyə dair xərc sənədləri (elektron qaimə fakturalar, yük gömrük bəyannamələri, əmək haqqı ilə bağlı ödənişlər, rabitə xərcləri, bank xərcləri, ezamiyyə xərcləri və s.) tam şəkildə mövcud deyildir. Həmçinin qeyd edilmişdir ki, bir qism xərc sənədləri mövcuddur ki, həmin sənədlərin də, hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğ, hansı vergi ödəyiciləri tərəfindən təqdim (tərtib) edilməsi və təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

12. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

15. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər

16. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

17. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

18. Hazırkı iş üzrə işin hallarından müəyyən edilir ki, iddiaçı cavabdehin qərarlarını inzibati şikayət qaydasında mübahisələndirmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının 57 nömrəli 20 avqust 2021-ci il tarixli qərarı qəbul edildikdən sonra xx.xx.2021-ci il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

19. Məhkəmə hesab edir ki, iddiaçı qanunvericiliklə müəyyən edilmiş 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkün iddiadır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

20. Məhkəmə işdə iştirak edən proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

21. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır.

22. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

23. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

24. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

25. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

26. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

27. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinə (Vergi orqanlarının hüquqları) 23.1. Vergi orqanının hüquqları aşağıdakılardır: - 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; (...)

28. Həmin Məcəllənin 37-ci maddəsinə əsasəən (kameral vergi yoxlaması): 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 37.5. Bu Məcəllənin 15.1.13-cü maddəsinə əsasən vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olan dövrədək (vergi ödəyicisinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada fəaliyyətini dayandırdığı, xronometrajın keçirildiyi dövrü əhatə edən səyyar vergi yoxlamasının keçirildiyi hallar istisna olmaqla) xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər. 37.6. Kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin səyyar vergi yoxlaması keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. 130.1. Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi ödəyicisinin istifadə etdiyi uçot metodunda xərclərin və daxilolmaların müddətləri və uçotu qaydasına dair bütün tələblər nəzərə alınmalıdır. Gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər bu Məcəlləyə əsasən müəyyən edilir. 130.2. Vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur.

29. Hazırki işin hallarından müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin gəlirlər bölməsində 219.3-cü “Xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq” sətirində 103911,23 manat, xərclər bölməsində isə “Rezident üzrə faizlər” sətirində 118000,0 manat qeyd edilməsinə baxmayaraq, bununla bağlı müvafiq əsaslandırılmış izahat, təsdiqedici sənədlər təqdim edilməmişdir. Araşdırma zamanı vergi ödəyicisi tərəfindən 2020-ci il ərzində təqdim edilmiş elektron qaimə faktura üzrə 145900 manat iş görüldüyü, pərakəndə əməliyyatlarının olmadığı, ƏDV bəyannamələrinə əsasən 396550,17 manat məbləğində təqdimetmə dövriyyənin olduğu müəyyən edilmişdir. Mənfi məzənnə fərq məbləği mənfəət vergisi bəyannaməsi üzrə ümumi gəlirlərin təqribən 1/3 hissəsini təşkil etmiş, bank və digər baza məlumatları əsasında valyuta üzrə məzənnə dəyişməsi halları aşkar edilməmişdir. Həmin ildə Çin və Türkiyədən cəmi 27208,81 manat məbləğində faktiki (invoys) dəyər üzrə mal idxal edilmiş, elektron qaimə faktura üzrə 46518,88 manat məbləğində xərc əldə edilmiş, bank məxaric təyinatı üzrə kredit üzrə faiz ödənişləri aşkar olunmamışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********730200 nömrəli məktub göndərilərək, araşdırma üçün zəruri olan sənədlərin və ətraflı izahatın təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyi üçün 2020-ci ilin mənfəət vergisi üzrə 44382,24 manat əlavə vergi məbləği hesablanmışdır. Kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2021-ci il tarixli **********260600 nömrəli qərar vergi ödəyicisinə göndərilmişdir. Kameral vergi yoxlamasından sonra vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə müvafiq dövr üçün yenidən dəqiqləşdirilmiş bəyannamə təqdim edilmişdir. Dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində xərc göstəriciləri 9650,52 manat artırılmış, eyni zamanda öncəki dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində faiz xərcləri silinərək, 221.15-ci “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” sətirində qeyd edilmişdir. Nəticədə 126825,93 manat sənədlərlə təsdiqini tapmayan xərc uyğunsuzluğu yaranmışdır. Yaranmış kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********283000 nömrəli məktub göndərilərək, araşdırma üçün zəruri olan sənədlərin və ətraflı izahatın təqdim edilməsi tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən məktubda qeyd olunan müddət ərzində əsaslandırılmış izahat və zəruri sənədlər təqdim edilmədiyi üçün 2020-ci ilin mənfəət vergisi üzrə 46323,15 manat əlavə vergi məbləği hesablanmışdır.

30. Sözügedən qərarın düzgünlüyünün yoxlanılması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 9/4223 nömrəli 07 iyul 2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən müəssisə tərəfindən 2020-ci il üzrə aparılmış əməliyyatlara görə 11.747,41 (13.218,34-1.470,93 (vergi ödəyicisi tərəfindən bəyan edilmiş)) manat məbləğində əlavə mənfəət vergisi hesablanmış, təqdim edilmiş iş materiallarında gəlirin əldə edilməsi ilə bağlı müəssisəyə dair xərc sənədləri (elektron qaimə fakturalar, yük gömrük bəyannamələri, əmək haqqı ilə bağlı ödənişlər, rabitə xərcləri, bank xərcləri, ezamiyyə xərcləri və s.) tam şəkildə mövcud deyildir. Həmçinin qeyd edilmişdir ki, bir qism xərc sənədləri mövcuddur ki, həmin sənədlərin də, hər birinin növü, adı və rekvizitləri (tarixi, seriyası və nömrəsi), hər birində əks olunmuş məbləğ, hansı vergi ödəyiciləri tərəfindən təqdim (tərtib) edilməsi və təsərrüfat əməliyyatının məzmunu təqdim edilmiş iş materiallarında öz əksini tapmışdır.

31. Ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməklə tərtib edildiyindən və işdəki sənədlərlə öz təsdiqini tapdığından məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir.

32. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçıya vergi məbləğinin hesablanması barədə qərarın qismən düzgün olmaması öz təsdiqini tapdığından iddia qismən əsaslı hesab edilməklə qismən təmin edilməli, iş üzrə mübahisəli qərarla vergi məbləğinin hesablanması zamanı cavabdeh tərəfindən işin faktiki və hüquqi halları düzgün araşdırılmayaraq, iddiaçıya münasibətdə qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, mübahisəli qərar qismən əsassız olmaqla qismən ləğv edilməlidir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

34. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

35. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

36. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

37. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

38. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 07 iyul 2023-cü il tarixli, 9/4223 saylı ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 200 (iki yüz əlli manat) manatdır və iddiaçıdan 200 (iki yüz əlli manat) manat ekspertiza xərci tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********036800 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qismən - 2020-ci il üzrə aparılmış əməliyyatlara görə vergi ödəyicisi tərəfindən bəyan edilmiş 11.747,41 manat məbləğində əlavə mənfəət vergisi istisna edilməklə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz əlli manat) manat məbləğində pul İddiaçındən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22, hesab AZ34CTRE**********2088501) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar