Məhkəmə qərarları › İş №2-1(112)-4260/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4260/2020

28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4260/2020 28.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissəsinə qarşı «iddiaçıya sərəncamda olduğu müdddət üzrə aylıq pul təminatının ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissəsinə qarşı «iddiaçıya sərəncamda olduğu müdddət üzrə aylıq pul təminatının ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddia ərizəsində bildirilir ki, iddiaçı 1985-ci ildən 1992-ci ilin iyun ayınadək keçmiş Sovet Ordusunda, 1992-ci ildən xx xxxxxx 2018-ci il tarixədək AR Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrində zabit kimi xidmət etmişdir. x xxxxxx 2014-cü il tarixdən xx xxxxxxxx 2016-cı il tarixədək Nazirliyin müvafiq hərbi hissəsində hərbi hissə komandiri vəzifəsində xidmət etmişdir. xx xxxxxxxx 2016-cı il tarixdə o, həmin hərbi hissənin komandiri vəzifəsindən azad edilərək xidmətini davam etdirmək üçün Naxçıvan Muxtar Respublikasında yerləşən digər hərbi hissəyə “qərargah rəisi” vəzifəsinə keçirilmiş və bu hərbi hissədə xx xxxxxx 2017-ci il tarixədək xidmət etmişdir. xx xxxxxx 2017-ci il tarixdə Nazirliyin N saylı Hərbi hissə komandirinin sərəncamına çıxarılmış və xx xxxxxx 2018-ci il tarixədək sərəncamda olmuşdur (1 il, 16 gün). Sərəncamda olduğu müddətin yalnız ilk 2 ayı (xx xxxxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək olan müddət) üçün ona aylıq pul təminatı ödənilmişdir. xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan müddət üçün isə, ona heç bir aylıq pul təminatı ödənilməmişdir. Onun xx xxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək N saylı hərbi hissə komandirinin sərəncamında olduğu müddət üçün ona tam həcmdə aylıq pul təminatının (sərəncama çıxarılarkən tutduğu vəzifənin və malik olduğu polkovnik hərbi rütbəsinin bu günə mövcud olan vəzifə və rütbə maaşları əsas götürülməklə) hesablanaraq ödənilməsi üçün müvafiq göstəriş verməsi xahişi ilə o, xx xxxxxx 2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin müraciətinə xx xxxxxx 2020-ci il tarixli 1886 nömrəli məktubla imtina cavabı verilmişdir. Hesab edir ki, onun xx xxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək N №-li hərbi hissə komandirinin sərəncamında olmağı qanunsuz hesab edilməli və bu müddət üçün ona tam həcmdə aylıq pul təminatı hesablanaraq ödənilməlidir. O, həbsdə olmamış və barəsində cinayət işi ilə əlaqədar istintaqa cəlb edilməmişdir. Göstərilənlərə və «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1, 10-cu maddələrinə, «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 72-ci maddəsinin “d” bəndinə əsaslanaraq, xx xxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək N №-li hərbi hissə komandirinin sərəncamında olduğu müddət üçün ona tam həcmdə aylıq pul təminatının (sərəncama çıxarılarkən tutduğum vəzifənin və malik olduğum polkovnik hərbi rütbəsinin bu günə mövcud olan vəzifə və rütbə maaşları əsas götürülməklə) hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi iddiaya qarşı yazılı etirazında aşağıdakılar qeyd olunur: - İddiaçı iddiası əsassız və qanunsuz olduğundan, rədd edilməlidir. İddiaçı xx xxxxxxxx 2016-ci il tarixdə müvafiq hərbi hissənin komandiri vəzifəsindən azad olunaraq digər hərbi hissənin qərərgah rəisi vəzifəsinə təyin olunmuşdur. xx xxxxxx 2017-ci il tarixdən isə Nazirliyin N saylı Hərbi hissə komandirinin sərəncamına çıxarılmış və xx xxxxxx 2018-ci il tarixədək həmin Hərbi hissə komandirinin sərəncamında olmuşdur. Sərəncamda olduğu müddət ərzində 2 ay üçün nəzərdə tutulmuş aylıq pul təmuatı ödənilmişdir. Aprel və may ayı üçün iddiaçıya (polkovnik kimi) hərbi rütbə maaşları və xidmət illərinə görə faiz əlavəsi ödənilmişdir. Sonrakı müddətlər ərzində pul təminatının ödənilməsi üçün polkovnik İddiaçı yuxarı komandanlığa raportla məruzə etməli olduğu halda, həmin məruzəni etməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxxx 2017-ci il tarixli “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin təsqiq edilməsi naqqında qərarının 7.1 maddəsinnin yarımbəndlərinə əsasən tutduqları vəzifədən azad olunmuş zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, o cümlədən hərbi hissənin yeni ştata keçməsi, ştatın qismən dəyişməsi, yeni indeksə (literə) və ya ştat dərəcəsinə keçmə zamanı tutduqları vəzifələrdən azad edilmə gününün sonrakı gündən pul təminatı aşağıdakı qaydada ödənilir: (7.1.1) birinci iki ay üçün – hərbi rütbə, axrıncı əsas vəzifə maaşları və xidmət illərinə görə faiz əlavəsi; (7.1.2) sonrakı iki ay üçün – hərbi rütbə maaşları və xidmət illərinə görə faiz əlavəsi. Əsasnamənin 7.2-ci bəndinə görə sərəncamda olmanın birinci iki ayı bitdikdə zabitlərin vəzifə maaşları sonrakı iki ay ərzində Azərbaycan Respublikası Müdafiə naziri və ya onun müavinlərinin, gizirlərin, (miçmanların) və müddətdən artıq xidmət hərbi qulluqçularının vəzifə maaşları isə Ordu korpusunun, qoşun növü komandanlarının və daga yuxarı komandirlərin (rəislərin) qərarı ilə ödənilir. Əsasnamənin 7.3-cü bəndinə görə sərəncamda fasiləsiz 4 ay bitdikdə zabitlərə hərbi rütbə və vəzifə maaşları müstəsna hallarda yalnız Azərbaycan Respublikası Müdafiə nazirinin qərarı ilə ödənilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli Qərarının müddəalarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2, 375.2ci maddələrinə, İPM-nin 38.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Məhkəmədən iddianın rədd edilməsi, mümkün sayılmaması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» AR Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 13-cü maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. «Hərbi qulluqçuların statusu haqqında» AR Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin «Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında» AR Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Heç kəsin ixtiyarı yoxdur ki, hərbi qulluqçuları və onların ailə üzvlərini Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulmuş hər hansı hüquq və azadlıqlardan məhrum etsin və ya onların hüquqlarını məhdudlaşdırsın; buna yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müvafiq surətdə yol verilir. Həmin Qanunun 10-cu maddəsinə görə Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 72-ci maddəsinin “d” bəndinə görə hərbi qulluqçuların xidmət üzrə yerdəyişməsi, bir qayda olaraq, onlar müvafiq komandirlərin (rəislərin) sərəncamına göndərilmədən aparılır. Müvafiq komandirlərin (rəislərin) sərəncamında olan hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), bir qayda olaraq, qısa müddətdə, vəzifədən azad olduqları gündən 4 aydan gec olmayaraq vəzifəyə təyin edilirlər. Cinayət işləri üzrə istintaq dövründə həbsə alınmış hərbi qulluqçular tutduqları vəzifələrdən azad edilirlər və bütün istintaq dövründə sərəncamda olurlar. Hərbi qulluqçular istintaq dövründə həbsə alınmamışlarsa, onların vəzifədən azad edilmə və digər vəzifələrə keçirilmə məsələləri hərbi prokurorluq orqanları ilə razılaşdırılmaqla həll edilir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında» 1992-ci il 19 oktyabr tarixli 562 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilsin, o cümlədən: zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi, bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə, elmi ad və elmi dərəcə üçün faiz əlavəsi, kursant vəzifəsi üçün əlavə, paraşütlə tullanmaq üçün pul mükafatı, dalğıc işləri üçün pul mükafatı, hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı, hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı, hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı, dənizçilər üçün pul təminatı, döyüş növbətçiliyində olanlar üçün pul mükafatı, qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı, müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı, şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi, xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi, gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti, hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım, Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi, hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri, xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri, gündəlik və mənzildə yaşamaq xərcləri, səhrada (çöldə) xidmətetmə pulu, ev kirayəetmə pulu. Qərarın 2-ci bəndinə görə Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Məhkəmə qeyd edir ki, hərbi qulluqçulara sərəncamda olduğu dövrün ilk 2 ayı istisna olmaqla qalan müddəti üzrə tam həcmdə aylıq pul təminatının ödənilməsi hər hansı qanunvericilik aktının, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında» 1992-ci il 19 oktyabr tarixli 562 nömrəli qərarının müddəalarında, Azərbaycan Respublikasının Müdafiə nazirinin müəyyən etdiyi qaydalarda (Əsasnamədə) nəzərdə tutulmamamışdır. Həmçinin belə hal, inzibati orqanın mövcud praktikası ilə uyğunsuzluq da təşkil etmir. Odur ki, məhkəmənin qənaətinə görə cavabdeh AR Müdafiə Nazirliyinin N saylı Hərbi hissəsinin imtinasını qanunsuz sayıla bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissəsinə qarşı «iddiaçıya sərəncamda olduğu müdddət üzrə aylıq pul təminatının ödənilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi hissəsinə qarşı «iddiaçıya sərəncamda olduğu müdddət üzrə aylıq pul təminatının ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar