Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4260/2022 07.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkili Vəkil(Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, Bakı şəhəri 13 saylı Vəkil bürosunda işləyir), cavabdehin nümayəndəsi X2(İsmayıllı rayonunda qeydiyyatdadır, ixtisası-hüquqşünas, hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 4 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi,20 A) ünvanında yerləşən 69.3 kv.m qeyri-yaşayış sahəsinin iddiaçının adına qeydiyyata almaqla çıxarış və texniki pasportun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 4 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi,20 A) ünvanında yerləşən 69.3 kv.m qeyri-yaşayış sahəsinin onun adına qeydiyyata almaqla çıxarış və texniki pasportun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 4 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 30.20 kv.m olan qeyri yaşayış sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən X1 30 iyul 2021-ci il tarixli 76 nömrəli rəyinə və qəbul aktına əsasən iddiaçı Nəsimi rayon İcra Hakimiyyətinə müraciət edərək, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 4 saylı ünvanda yerləşən, ona məxsus qeyri-yaşayış sahəsinin ölçülərinin dəqiqləşdirilməsinə dair sərəncam verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi DƏDRX-nin ********** saylı 01.07.2021-ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 30.2 kv.m-dən ibarət olmaqla vətəndaş İddiaçı məxsusdur. Komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı aşkar edilmişdir ki, sözügedən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 69.3 kv.m təşkil edir. Ümumi sahədəki fərq, qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti və yenidənqurma işləri səbədindən yaranmışdır. Nəsimi rayonu İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən idarələrarası texniki komissiya qərara alaraq vətəndaş İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 69.3 kv.m hesablanmasını məqsədəuyğun hesab edir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 02 avqust 2021-ci il tarixli 188 nömrəli sərəncamına əsasən Nəsimi RİH nəzdində İdarələrarası komissiyasının rəyi təsdiq edilərək vətəndaş İddiaçı məxsus Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 4 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsinin 69.3 kv.m hesab edilmişdir. Göstərilən səbəblərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 4 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən 69.3 kv.m qeyri-yaşayış sahəsinin qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə rəsmi müraciət edilmiş, lakin cavabdeh orqanın **********24 saylı 29 noyabr 2021-ci il tarixli imtina məktubu verilərək müraciətin icrasından imtina edilmişdir. İddiaçı сavabdehin hərəkətləri özbaşınalıq, süründürməçilik kimi qiymətləndirir və hesab edir ki, qanuni şəkildə satın aldığı qeyri-yaşayış sahəsini qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsi cavabdehə həvalə edilməlidir. İddiaçı göstərilənlərə əsasən cavabdehin imtinasını əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, iddiaçı müvafiq tələblə bağlı ********** nömrəli, 29.11.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Sərancamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin mövcud əlavə sahəsi binanın konturlarından kənarda yerləşir. İnşa edilmiş sahənin altında yerləşən torpaq sahəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan, ümumi paylı mülkiyyət hüququ ilə bütün mülkiyyətçilərə məxsus sahədir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 109cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bagışlanması, torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin ediməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında etirazın məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahat və çıxışlarını dinləyərək, təqdim edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Məhkəmə iş materiallarında olan: Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X4 X1 30.07.2021-ci il tarixli, 76 nömrəli qəbul aktına əsasən, müəyyən edilmişdir ki, ünvan 4 ünvanda yerləşən qeyriyaşayış sahəsi DƏDRX-nin ********** saylı, 01.07.2021-ci il tarixli çıxarışına əsasən ümumi sahəsi 30.2 kv.m-dən ibarət olmaqla vətəndaş İddiaçı məxsusdur. Komissiya üzvləri tərəfindən ünvanda aparılan yenidən ölçmə zamanı aşkar edildi ki, sözügedən qeyriyaşayış sahəsinin faktiki ümumi sahəsi 69.3 kv.m təşkil edir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti nəzdində X4 X1 30.07.2021-ci il tarixli, 76 nömrəli rəyinə əsasən, vətəndaş İddiaçı məxsus Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 4 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsini faktiki ümumi sahəsinin 69.3 kv.m hesablanmasını məqsədəuyğun hesab edilir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti başçısının 02.08.2021-ci il tarixli, 188 saylı sərəncam ilə ona əlavə olunmuş 33 saylı, 27.07.2021-ci il tarixli MKİS-nin aktı və cizgisinə əsasən, İddiaçı məxsus Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 4 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin sxemindən görünür ki, sözügedən qeyri-yaşayış sahəsini faktiki ümumi sahəsi 69.3 kv.m təşkil edir. Ümumi sahədəki fərq, qeyri-yaşayış sahəsində aparılmış təmir-tikinti və yenidənqurma işləri səbəbindən yaranmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** nömrəli, 01.07.2021-ci il tarixli çıxarışına əsasən, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 4 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi ümumi sahəsi 30.2 kv.m-dən ibarət olmaqla İddiaçı məxsusdur. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********4 nömrəli, 29.11.2021-ci il tarixli məktuba əsasən ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mövcud əlavə sahəsi binanın konturlarından kənarda yerləşir. İnşa edilmiş sahənin altında yerləşən torpaq sahəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan, ümumi paylı mülkiyyət hüququ ilə bütün mülkiyyətçilərə məxsus sahədir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçıya məxsus Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 4 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 69.3 kv.m -dir. İddiaçı cavabdehə müraciət edərək iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını, reyestrdən çıxarışın verilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mövcud əlavə sahəsi binanın konturlarından kənarda yerləşir. İnşa edilmiş sahənin altında yerləşən torpaq sahəsi birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan, ümumi paylı mülkiyyət hüququ ilə bütün mülkiyyətçilərə məxsus sahədir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azəbaycan Respublikaslının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 4-cü bəndinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1 maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1 və 2.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Məcəllə ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0. –ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; Həmin Qanunun 10.2.-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur:10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinin məzmunundan görünür ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq əsaslardan (sənədlərdən) başqa birinin də təqdim olunmasını tələb etməyə haqlı deyil. İşin faktiki hallarına əsasən ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi DƏDRX-nin ********** saylı,01.07.2021-ci il tarixli çıxarışına əsasən 30.2 kv.m-dən ibarət olmaqla iddiaçıya məxsusdur. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən müəyyən olundu ki, sözügedən qeyri-yaşayış sahəsinin faktiki sahəsi 69,3 kv.m təşkil edir, ümumi sahədəki fərq qeyri-yaşayış sahəsində aparılmış təmir tikinti və yenidənqurma işləri səbəbindən yaranmışdır. Nəsimi rayon İcra Hakimiyyətinin 02 avqust 2021-ci il tarixli 188 nömrəli sərəncamı ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin 69,3 kv.m olması təsdiq edilməsi qərara alınmışdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi halları isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Belə ki, sözügedən Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: 15.1.1.dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2.hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3.hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4.daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5.daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Cavabdeh qeyd edilən əsasların mövcud olmasına dair halları məhkəməyə bildirməmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 4 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi,20 A) ünvanında yerləşən 69.3 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına qeydiyyata alımaqla çıxarış və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2, 34, 68,69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 4 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu Hüseynbala Əliyev küçəsi,20 A) ünvanında yerləşən 69.3 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına qeydiyyata alımaqla çıxarış və texniki pasportun verilməsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 nömrəli Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-4260/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4260/2022
07.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver