Məhkəmə qərarları › İş №2-1(112)-4260/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4260/2025

21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4260/2025 21.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndə-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məxsusluq haqqında arayışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 nömrəli Zeytun sovxozu ev- 124 və onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı sonradan məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən 750 kv.metr torpaq üzərində hüquqların mərhum X2 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iddiaçının istifadəsində olmaqla onun şəxsi mülkiyyətindədir. İddiaçı həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reystrində qeydə alınması ilə bağlı müracət etməsinə baxmayaraq dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə, torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasport arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış və inventarlaşdırma işləri aparılan zaman ərazidə inşa olunmuş və təqdim olunan layihədə fərdi yaşayış evi kimi göstərilən “B” tikilisinin daxili hündürlüyünün yaşayış tikililəri normalarına uyğun olmadığı müəyyən edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qərardadları ilə müvafiq olaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “X3 Limited” şirkəti hazırkı iş üzrə icraata üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs “X3 Limited” Şirkəti tərəfindən təqdim edilmiş yazılı münasibətdə bildirilmişdir ki, təqdim edilmiş koordinatlardakı torpaq sahəsi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X3 Limited” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir. Bu səbəbdən, həmçinin AR Torpaq Məcəlləsinin 11ci, 22-ci, 48-ci, “Torpaq islahatı haqqında” Qanunun 6-cı, AR Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən, eləcə də istehsalın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh inzibati orqanın nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndə-vəkili iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdeh qeydiyyat orqanının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. -Cavabdeh tərəfindən təqdim edilmiş torpaq sahəsinə texniki baxış keçirilməsinə dair müayinə aktından görünür ki, arxiv t/p-nin və layihənin baş planında torpaq sahəsinin ölçüləri (30.0x25)m=750 kv.m olmaqla düzbucaqlı formadadır. Torpaq sahəsinin faktiki perimetrik ölçüləri və konfiqurasiyası tam fərqlidir, lakin sahələri eynidir. Qonşular arasında torpaq sahəsi mübadiləsi aparılmışdır. Layihələndirilən tikililər ərizəçinin istifadəsində olan torpaq sahəsində yerləşir. Layihələndirilən “A” tikilisi qeydiyyata alınmış yaşayış evinin genişləndirilərək yenidən planlaşdırılmasını əks etdirir. “B” tikilisi t/p-da “B” ilə literlənmiş köməkçi tikilinin genişləndiriləcək yaşayış evinə çevrilməyini əks etdirir. “C”, “D” və “E” sonradan inşa olunmuş tikililərdir. “B” və “C” tikililərinin daxili hündürlükləri yaşayış tikililəri normalarına uyğun deyil. Müvafiq sorğu ilə cavabdeh tərəfindən xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli məktublarlar ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin arxiv qovluğunda olan sənədlər məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənədlərə əlavə edilmiş: -2 nömrəli Zeytun sovxozunun aktından göstərillmişdir ki, Abşeron rayon XDS İKnın 29 dekabr 1988-ci il tarixli 234 nömrəli qərarına, Azərbaycan SSR Nazirlər Sovetinin 14 fevral 1983-cü il tarixli qərarına, Sovxoz həmkarlar təşkilatının 21 nömrəli, 25 iyul 1990cı il tarixli protokoluna əsasən, vətəndaş Abdullayevə ayrılmış topraq sahəsinin yerində ölçülüb sərhədlərində taxta nişangah qoyulduqdan sonra vətəndaş Abdullayevə təhvil verdim. -Abşeron rayon texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş qeyidyyat vəsiqəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən 3 yaşayış otaqlı, yaşayış sahəsi 41,2 kv.m olan ev Abşeron rayon XDS İK-nın 08/08 nömrəli, xx.xx.1988-ci il tarixli qərarı əsasında X1 adına şəxsi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. -X1 adına verilmiş ünvan 6 ünvanına dair fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, həmin texniki pasport 1994-cü ilin iyun ayında tərtib olunmuş, fərdi yaşayış evinin göstəriciləri ilə yanaşı, həmçinin torpaq sahəsinin ölçüsünün 750 kv.m olduğu göstərilmişdir. Texniki pasportdan o da müəyyən edilir ki, qeyd olunan torpaq sahəsində 1 mərtəbəli, ümumi sahəsi 55 kv.m, yaşayış sahəsi 41,2 kv.m olan yaşayış evi mövcuddur. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 55 kv.m olan fərdi yaşayış evi X1 mülkiyyətindədir. -Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2010-cu il tarixində vəfat etmiş X1 vərəsəsi oğlu – İddiaçıdur. Şəhadətnamə verilən miras əmlak - X2 verilmiş çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, 2 №-li Zeytun sovxozu ünvanında yerləşən, ümumi sahəsi 55 kv.m olan 124 saylı fərdi yaşayış evindən ibarətdir. -Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, göstərilən torpaq sahəsi arxiv texniki pasporta əsasən və faktiki olaraq 750.0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində “A”, “B” və “C” literli yaşayış evləri mövcuddur. Arxiv texniki pasportda və təqdim edilmiş layihənin baş planında torpaq sahəsinin ölçüləri (30.0 m x25.0m)=750.0 kv.m olmaqla düzbücaqlı formasında göstərilmişdir. Lakin göstərilən torpaq sahəsinin sahəsi (750.0 kv.m) eynilik təşklil etsə də, faktiki olaraq perimetrik ölçüləri və konfiqurasiyası tam fərqlidir (düzgün olmayan 9 bucaqlı formasındadır). Göstərilən torpaq sahəsində inşa olunmuş və təqdim olunan layihədə fərdi yaşayış evi kimi göstərilən “B” (h=2.3m) və “C” (h=2.2m) literli tikililərin daxili hündürlüyünün yaşayış tikililəri normalarına uyğun olmadığı müəyyən edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə, torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasport arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Beləliklə, işin faktiki hallarından görünən odur ki, hazırda iddiaçının məqsədi texniki pasport əsasında mülkiyyətində olan fərdi yaşayış evinin həyətyanı sahəsi olan 750 kv.m torpaq sahəsi üzərində hüquqların mərhum X2 məxsus olması barədə arayışın verilməsidir. Bununla bağlı bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Cavabdehin imtina dəlilləri belə olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməklə, torpaq sahəsinin faktiki vəziyyəti ilə texniki pasport arasında ciddi perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin Qanunun 8.0.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) da daxildir (2.4-cü bənd). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınma və imtina əsaslarının dairəsini konkret müəyyən edir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Məhkəmə hesab edir ki, bildirir ki, hazırkı iş üzrə təqdim olunan hüquqmüəyyənedici sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndində göstərilən sənədə uyğun gəlir. Belə ki, iddiaçı mübahisə predmetini təşkil edən ünvan 2 fərdi yaşayış evinin yerləşdiyi 750 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması barədə hüquqmüəyyənedici sənəd qismində fərdi yaşayış evinin üzərində mərhum atasının hüququnun qeydiyyata alınmasına dair qeydiyyat vəsiqəsini, çıxarışı, həmçinin həmin evin onun mülkiyyətinə keçirilməsi barədə dövlət reyestrindən çıxarışı, ən əsası sözügedən yaşayış sahəsinə dair texniki inventarlaşdırma bürosu tərəfindən mərhum atasının adına 1994-cü ildə tərtib edilmiş və həyatyanı torpaq sahəsinin ölçüsü, sxemi göstərilmiş texniki pasportu təqdim etmişdir. Göründüyü kimi, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evi üzərində iddiaçının mərhum atasının mülkiyyət hüquqları qeydə alınmış, daha sonra bu hüquqlar iddiaçıya keçmişdir. Belə olan halda həmin evə dair təqdim edilmiş texniki pasport 439 saylı Fərmana uyğun olaraq torpaq sahəsinə dair hüquqların qeydə alınması üçün hüquqmüəyyəndici sənədlər hesab edilir və iddiaçı həmin torpaq sahəsinə müllkiyyət hüququnun dövlət reyestirinin qeydiyyatı üçün qanuni gözləntiyə sahibdir. Cavabdeh tərəfindən qeyd olunan texniki pasportun və qeydiyyat vəsiqəsinin həqiqətə uyğun olmaması ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə cavabdehin dəlillərini hüquqların qeydiyyata alınmasından imtina üçün yetərli saymayaraq qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 2-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8-ci maddəsində göstərilmiş sənədlərə istinad olunduğu hallarda qanunvericilikda torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınmasında müəyyən məhdudiyyətlər nəzərdə tutmuşdur. Ancaq bu məhdudiyyətlər yalnız o halda tətbiq edilə bilərdi ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi andan əvvəl yuxarıda qeyd olunan Fərmanın 2-ci bəndində qeyd olunmuş xüsusatlar mövcud olsun. Hazırkı halda isə iddia olunan torpaq sahəsinin yerləşdiyi ərazi 2005-ci il tarixdə saziş əsasında “X3” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edildiyi halda, həmin sahə üzərində iddiaçının mərhum atasının hüquqları daha əvvəl, yəni 1994-cü ilin iyul ayında texniki inventarlaşdırma bürosu tərəfindən üzərində mülkiyyət hüququ qeydiyyata alınmış evə dair tərtib edilmiş texniki pasporta əsasən yarandığından Fərmanın 2-ci bəndindəki məhdudiyyətlərə istinad edilə bilməz. Digər tərəfdən qeyd edilməlidir ki, iş materiallarından göründüyü kimi, cavabdeh iddiaçının (xx.xx.2017-ci il tarixdə), daha əvvəl isə onun mərhum atasının fərdi yaşayış evinə dair mülkiyyət hüququnu tanıyıb və qeydiyyata alıbsa, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər olduğu halda, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə də eyni hüquqi yanaşma tətbiq olunmalıdır. Cavabdehin torpaq sahəsinə dair hazırkı imtinası, həmin torpaq sahəsində yerləşən evə dair əvvəl aparmış olduğu qeydiyyatla uzlaşmır. Bundan başqa baxılan işdə iddiaçının gözlənilən mülkiyyət hüququ üçüncü şəxsin istifadə hüququndan üstündür. Əgər həqiqətən də iddiaçıya ayrılmış torpaq sahəsi Neft Şirkətinin istifadəsində olan torpaqların hüdudları daxilində və neft-qaz quyularının mühafizə zolağında yerləşirsə, bu torpaq sahəsi ayrılmış fiziki şəxsin mülkiyyət hüququnun realizəsinə mane ola bilməz. Əksinə fiziki şəxs ona ayrılmış torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən pozulmuş hüquqlarının müdafiəsi baxımından (ədalətli kompensasiya tələb edə bilməsi və s.) üçün gözlənti mülkiyyət hüququnu reallaşdıra bilməlidir. Oxşar işlər üzrə (mülkiyyətə müdaxilə nəticəsində kompensasiya ödənilməsi) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında eyni hüquqi mövqe sərgilənmişdir. Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “... hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar”. Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərdə olmasının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas olmaması barədə hüquqi mövqe Azərbaycan Resubılikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(112)-1984/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli, 2-1(112)- 2364/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1416/2022 nömrəli iş üzrə, xx.xx.2022-ci il tarixli qərarlarında və 2-1(102)-1607/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında da ifadə edilmişdir. Cavabdehin digər dəlilinə münasibətdə qeyd edilir ki, torpaq sahəsinin konfiqurasiyası baxımından, yəni texniki pasportda torpaq sahəsinin dördbucaqlı, faktiki vəziyyətdə isə doqquzbucaqlı formada göstərilməsini imtina üçün əsas kimi qəbul etmir. Belə ki, texniki pasportda da, faktiki ölçmələrdə də torpaq sahəsinin ümumi sahəsi 750 kv.m təşkil edir. Torpaq sahəsinin yalnız konfiqurasiya baxımından fərqli olması, həmin sahənin ölçüsünə hər hansı əlavə artım yaratmır, eləcə də bu fərqlilik başqa şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsini təsdiq etmir. Torpaq sahəsinin yerləşmə cizgisində uyğunsuzluq varsa, belə bu uyğunsuzluğun müvafiq şərtlər daxilində aradan qaldırılması birbaşa cavabdeh inzibati orqanın səlahiyyətlərindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli, 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrinə aiddir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1 ünvanında yerləşən 750 kv.metr torpaq üzərində hüquqların mərhum X2 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 750 kv.metr torpaq üzərində hüquqların mərhum X2 məxsus olmasına dair arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar