Məhkəmə qərarları › İş №2-1(112)-4261/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4261/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4261/2024 23.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızı, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhər Mənzil-Kommunal Təsərrüffatı Departamentinə qarşı “kirayə müqaviləsinin bağlanması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən 4 saylı evin 19 saylı mənzilinə dair İddiaçı adına kirayə müqaviləsinin bağlanılması haqqında Sərəncamın verilməsi öhdəliyinin cavabdeh Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamentinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1951-ci il tarixdə Salyan rayonunun Komsomol kəndində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Mühəndis İnşaat institutunu “İnşaat Mühəndisi” ixtisası ilə bitirdikdən sonra, xx.xx.1978-ci il tarixdə “Azərdövlətlayihə” Dövlət Baş layihə İnstitutunda mühəndis vəzifəsinə işə qəbul olunub, xx.xx.2021-ci il tarixdə, yaş həddi ilə bağlı, öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Qeyd edilmişdir ki, xx.xx.1981-ci il tarixdə Quliyeva (Əkbərova) Güllər Seyfulla qızı ilə ailə qurmuş və bizim birgə nikahdan: xx.xx.1982-ci il təvəllüdlü X3, xx.xx.1983-cü il təvəllüdlü X4 və xx.xx.1985-ci il təvəllüdlü X2 adlı 3 uşağı dünyaya gəlmişdir. Ailəsinin yaşaması üçün mənzilinin olmadığı nəzərə alınaraq iş yeri üzrə “Azərdövlətlayihə” DBLİ-nun Həmkarlar Komitəsinin 23 dekabr 1982-ci il tarixli, 37 nömrəli iclas protokolundan çıxarışa, Bakıbaştikinti idarəsinin Mənzil Kommunal İdarəsinin rəisi D.A.Bağırovun xx.xx.1983-cü il tarixli, 027/113 nömrəli “GÖNDƏRİŞ” məktubuna. Bakıbaştikinti idarəsinin X5 direktoru Axundovanın xx.xx.1983-cü il tarixli, 0/215 nömrəli Arayışına əsasən hal-hazırda da ailəvi olaraq yaşadığı, ünvan 1 ünvanda yerləşən, Bakıbaştikinti idarəsinin X1 3-cü mərtəbəsində, sahəsi 24 kv.metr olan 2 otaqlı, 19 saylı mənzili onlara verilmişdir. Bu mənzildən başqa iddiaçının digər başqa bir yaşayış sahəsi yoxdur. 1982-ci ildən hal-hazıra qədər yaşadığı həmin mənzilə dair adına Kirayə müqaviləsinin bağlanılması haqqında Sərəncamın verilməsi barədə ərizə ilə cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin, cavabdehin 02.11. 2023-cü il tarixli məktubu ilə müraciətinə imtina edilərək ona bildirilmişdir ki; “ 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi müəyyən edilmiş normaya əməl edilməklə müəssisənin müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarına əsasən vətəndaşa mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. ünvan 3 ünvanda yeləşən yataqxana binasında mənzil sahəsinin istifadənizə verilməsi ilə bağlı binanın əvvəllər məxsus olduğu "Bakıbaştikinti" Mənzil-Kommunal İdarəsinin orderi, həmin order üçün əsas olan müəssisənin müdiriyyəti və həmkarlar komitəsinin birgə iclas protokolundan çıxarış (həmin sənədlərin notariat qaydada təsdiq olunmuş surəti) ərizəyə əlavə edilmədiyindən, habelə mənzilə deyil binanın yerləşdiyi ünvana qeydiyyata alındığınızdan xahişinizi təmin etmək mümkün olmamışdır ". Qeyd edilmişdir ki, hələ 1982-ci ildə, Bakıbaştikinti idarəsi tərəfindən yaşadığı mənzil ona təhvil verilib, ailəvi olaraq mənzildə yaşamağa başladığı vaxtdan halhazıra qədər ötən müddət ərzində mənzilin yerləşdiyi yaşayış binasına ayrı-ayrı ünvanlarda yerləşən və ayrı-ayrı idarə və təşkilatların tabeçiliyində olan MKİS-lər tərəfindən xidmət göstərilmişdir ki, mənzilin ona verilməsi barədə bəzi sənədlər də hələ 1990-91-ci illərdə, o vaxtlar binasına xidmət göstərən MKİS-nin əməkdaşları tərəfindən (özəlləşdirmə üçün sənədlərin hazırlanacağı adı altında) bizdən alınaraq MKİS-n nəzdində olan pasport uçotu və mühasibatlıq otağında saxlanılmaqla, sonradan həmin MKİS-nin də başqa ünvana köçürülməsi zamanı itirilmişdir. Hesab edilmişdir ki, sözü gedən mənzilin ona verilməsi barədə iddia ərizəsinə əlavə edilmiş sənədlər, həmçinin, 1982-ci ildən hal-hazıra qədər mənzilin kirayə haqqını da ödəməklə, ailəvi olaraq həmin mənzildə yaşadığı mənzilə dair adına Kirayə müqaviləsinin bağlanılması haqqında Sərəncamın verilməsi üçün əsas olduğundan cavabdehin imtinası əsassız və qanunsuz sayılmalı və Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsində yerləşən 4 saylı evin (Ailəvi Yataqxana) 19 saylı mənzilinə dair adına Kirayə müqaviləsinin bağlanılması haqqında Sərəncamın verilməsi öhdəliyinin cavabdeh Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 4.0-cü maddəsinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: 4.0.2.müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf- dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 17.4-cü maddəsinə əsasən mənzil fondu qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət uçotuna alınmalıdır. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən, mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsinə və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. “İnzibati icraat haqqında’' Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə əsasən: İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 11.1-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmçinin, Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubunu iddiaçı xx.xx.2023-ci il tarixdə, poçt vasitəsilə almışdır.

3. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil – Kommunal Təsərrüftaı Departamentinin xx.xx.2023-cü il tarixli iddiaçıya ünvanlanan məktubunda qeyd edilmişdir ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 107-ci maddəsinə əsasən yataqxanada mənzil sahəsi müəyyən edilmiş normaya əməl edilməklə müəssisənin müdiriyyəti və həmkarlar komitəsinin birgə qərarına əsasən vətəndaşa mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. ünvan 4 ünvanda yerləşən yataqxana binasında mənzil sahəsinin istifadənizə verilməsi ilə bağlı binanın əvvəllər məxsus olduğu “Bakıbaştikinti” Mənzil Kommunal İdarəsinin orderi, həmin order üçün əsas olan müəssisənin müdiriyyəti və həmkarlar komitəsinin birgə iclas protokolundan çıxarış (həmin sənədlərin notariat qaydada təsdiq olunmuş surəti) ərizənizə əlavə edilmədiyindən, habelə mənzilə deyil binanın yerləşdiyi ünvana qeydiyyata alındığından xahişini təmin etmək mümkün olmamışdır.

4. İddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.

5. Məhkəmə iclasında tərəflər iştirak etmir.

II. İddianın geri götürülmüş sayılması

6. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

8. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

9. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

10. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

11. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

12. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X7 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

13. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

14. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

15. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

16. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

17. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

18. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

19. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.

20. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

21. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar