Məhkəmə qərarları › İş №2-1(112)-4263/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4263/2022

07.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4263/2022 07.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X13 qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qadağanın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab edib, mülkiyyət hüquqları əsasında ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 3 saylı sahənin bir hissəsində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə qoyulmuş qadağanın götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə ərizə ilə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 3 saylı sahənin bir hissəsində yerləşən 0,02 ha torpaq sahəsinin üzərindəki qadağanın götürülməsini xahiş etmişdir. Cavabdeh isə heç bir qanuni əsas olmadan qanunsuz olaraq, mülkiyyət hüququ əsasında ona məxsus torpaq sahəsinin üzərinə qoyulmuş qadağanın götürülməsindən imtina etmiş və imtinasını belə əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli 2-1373/2005 saylı qətnaməsi ilə ünvan 1-də yerləşən torpağın 300 kv.m olan sahəsi X3, sahəsi 600 kv.m olan torpaq sahəsinə X5, sahəsi 300 kv.m olan torpaq sahəsinə X4 mülkiyyət hüquqlarının tanınması, mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi AR DT və XK-nin Bakı şəhər şöbəsinə tapşırılması qət edilmişdir. xx.xx.2013-cü il tarixdə ünvan 1-də yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. xx.xx.2014-cü il tarixdə 37 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinə əsasən X7 ona məxsus ünvan 1-də yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsindən 200 kv.m hissəni X2 və onun adına xx.xx.2014-cü il tarixdə reyestrindən çıxarış verilmiş və X12 da öz növbəsində həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixdə İddiaçı satmış və İddiaçı adına xx.xx.2015-ci il tarixdə reyestrindən çıxarış verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-ci il tarixli 2(103)-2059/2015 saylı qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli 2-1373/2005 saylı qətnaməsi ləğv edilmişdir. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015ci il tarixli 2(103)-2059/2015 saylı qərardadı ilə yuxarıda qeyd edilən ünvan 1-də yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli 2-1373/2005 saylı qətnaməsi ləğv edildiyindən ərizənin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 14.5-ci maddəsinə əsasən daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağa qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli 2-1373/2005 saylı qətnaməsi ilə ünvan 1-də yerləşən torpağın 300 kv.m olan sahəsi X3, sahəsi 600 kv.m olan torpaq sahəsinə X5, sahəsi 300 kv.m olan torpaq sahəsinə X4 mülkiyyət hüquqlarının tanınması, mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi AR DT və XK-nin Bakı şəhər şöbəsinə tapşırılması qət edilmişdir. xx.xx.2013-cü il tarixdə ünvan 1-də yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. xx.xx.2014-cü il tarixdə 37 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinə əsasən X7 ona məxsus Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 3-də yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsindən 200 kv.m hissəni X2 və onun adına xx.xx.2014-cü il tarixdə reyestrindən çıxarış verilmiş və X12 da öz növbəsində həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixdə İddiaçı satmış və İddiaçı adına xx.xx.2015-ci il tarixdə reyestrindən çıxarış verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-ci il tarixli 2(103)-2059/2015 saylı qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli 2-1373/2005 saylı qətnaməsi ləğv edilmişdir. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-ci il tarixli 2(103)-2059/2015 saylı qərardadı ilə yuxarıda qeyd edilən ünvan 1-də yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli 2-11373/2005 saylı qətnaməsi ləğv edildiyindən müvafiq qeydlərin silinməsi mümkün olmamışdır. Məhkəmənin 06 aprel 2022-ci il tarixli qərardadı ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbi üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh və üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPMin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxsiin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 3 saylı sahənin bir hissəsi (0,02 ha) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 200 kv.m torpaq sahəsinə İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd hal-hazırda qüvvədədir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-ci il tarixli, 2(103)-2059/2015 saylı qərardadı ilə sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli, 2- 1373/2005 saylı qətnaməsi ləğv edildiyindən müvafiq qeydlərin silinməsi mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən 200 kv.m torpaq sahəsinə bitişik 400 kv.m torpaq sahəsinə dair Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-ci il tarixli, 2(103)-2059/2015 saylı qərardadı ilə daşınmaz əmlakın dövlət reyestrində qeydlər aparılmış, müvafiq qeydlər Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-56/2021 saylı, xx.xx.2021ci il tarixli qərarı əsasında silinmişdir. Hal-hazırda ünvan 1 ünvanında yerləşən 200 kv.m torpaq sahəsinə bitişik 400 kv.m torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində heç bir məhdudiyyət aşkar olunmamışdır. Müvafiq torpaq sahəsi Həsənova Məcid qızı tərəfindən özgəninkiləşdirilmişdir; Məhkəmə araşdırması zamanı iş üçün əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün mütəxəssis rəyi alınmışdır. Həmin mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan 0,02 ha torpaq sahəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə verilmiş Ayrıc Aktı hüdudları daxilindədir. Vahid elektron kadastr baza məlumatlarına əsasən Yaşayış məntəqələrinin torpaqlarıdır. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır; 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; 2.4-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; 3.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir; 14.3-cü maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 14.5-ci maddəsinə əsasən, bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli 2-1373/2005 saylı qətnaməsi ilə ünvan 1-də yerləşən 600 kv.m olan torpaq sahəsinə X5 mülkiyyət hüququ tanınmış, xx.xx.2013-cü il tarixdə həmin torpaq sahəsinə dair X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. Daha sonra X7 ona məxsus Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi 3-də yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsindən 200 kv.m hissəni X2 və onun adına xx.xx.2014-cü il tarixdə reyestrindən çıxarış verilmiş və X12 da öz növbəsində həmin torpaq sahəsini xx.xx.2015-ci il tarixdə İddiaçı satmış və İddiaçı adına xx.xx.2015-ci il tarixdə reyestrindən çıxarış verilmişdir. X7 həmin torpaq sahəsinin 400 kv.m. hissəsini isə X1 və onun adına xx.xx.2014-cü il tarixdə reyestrindən çıxarış verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisə predmeti torpaq sahəsinə iddiaçının mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd hal-hazırda qüvvədədir. Belə ki, Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-ci il tarixli, 2(103)-2059/2015 saylı qərardadı ilə sözügedən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş Nizami Rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli, 2-1373/2005 saylı qətnaməsi ləğv edilsə də, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd ləğv edilməmişdir. O cümlədən həmin qeyd nə hazırkı iş üzrə üçüncü şəxslər tərəfindən, nə də ki digər şəxslər tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bundan əlavə, yuxarıda da qeyd edildiyi kimi, iddiaçının mülkiyyətində olan 200 kv.m. torpaq sahəsi daha əvvəl X5 mülkiyyətində olmuş 600 kv.m. torpaq sahəsinin bir hissəsidir. Digər hissə (400 kv.m.) isə X6 mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsi ilə bağlı da cavabdeh tərəfindən qeydiyyat hərəkətlərinin aparılmasına məhdudiyyət qoyulmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-56/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı əsasında götürülmüşdür. Hal-hazırda iddiaçının mülkiyyətində olan 200 kv.m torpaq sahəsinə bitişik 400 kv.m torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində heç bir məhdudiyyət yoxdur. Məhkəmə qeyd edir ki, həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2-1(102)-3361/2019 saylı xx.xx.2019-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyi hazırkı iş üzrə də nəzərə alınmalıdır. Həmin qərarda göstərilmişdir ki, ... məhkəmə iddianın rədd edilməsinin əsası kimi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına və müvafiq çıxarışın verilməsinə əsas olmuş Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 noyabr 2005-ci il tarixli, 2-1373/2005 saylı qətnaməsinin Bakı Apellyasiya Məhkəməsinin 12 may 2015-cı il tarixli 2(103)-2059/2015 saylı qərardadı ilə ləğv edilməsinə əsaslanmışdır. Lakin məhkəmə bu zaman iddiaçının apellyasiya məhkəməsi tərəfindən həmin qətnamənin prosessual əsaslara görə ləğv edilməsi və iddianın baxılmamış saxlanılması ilə bağlı dəlillərinə qiymət verməmişdir. Apellyasiya məhkəməsi iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmış mübahisəli torpaq sahəsinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 N-li Respublika Xüsusi İnternat Məktəbinin ərazisinə aid olduğunu təsdiq edən iş materiallarında mötəbər sübutların olmadığını da nəzərə almamışdır. Ona görə də, təkrar baxışda məhkəmə ilk növbədə müvafiq hüquq müəyyənedici sənədləri tələb edilib öyrənilməklə və zərurət olarsa ekspertiza keçirməklə mübahisəli sahənin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 N-li Respublika Xüsusi İnternat Məktəbinin ərazisinə düşüb-düşmədiyini dəqiqləşdirməlidir. ... Kollegiya hesab edir ki, məhkəmə işə baxarkən mübahisəli torpaq sahəsinin kateqoriyasını dəqiq müəyyənləşdirməli və bundan irəli gələn iddiaçının torpaq sahəsi ilə bağlı həyata keçirməyə çalışdığı hüquqi hərəkətlərinin mümkünlüyünə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarındakı hüquqi mövqeləri nəzərə almaqla qiymət verməlidir. Nəzərə almaq lazımdır ki, torpağın kateqoriyası (məqsədli təyinatı) ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər ödənilmədikdə, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı hərəkətlərin aparılmasından imtina edilə bilər. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin ərazisinə dair ayrıc aktı və digər sənədlərə istinad olunmaqla İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 3 saylı sahənin bir hissəsində yerləşən 0,02 ha torpaq sahəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbin ərazi hüdudları daxilində yerləşib-yerləşməməsi və həmin torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməsi üçün cavabdehdən mütəxəssis rəyinin alınması ilə əlaqədar xx.xx.2022-ci il tarixli qərardad qəbul etmişdir. Məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin ərazisinə dair ayrıc aktı və digər sənədlərə istinad olunmadan mübahisə predmeti torpaq sahəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinə verilmiş Ayrıc Aktı hüdudları daxilində yerləşməsi qeyd edilmiş və vahid elektron kadastr baza məlumatlarına əsasən Yaşayış məntəqələrinin torpaqları olması göstərilmişdir. Göründüyü kimi, iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmış mübahisəli torpaq sahəsinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 N-li Respublika Xüsusi İnternat Məktəbinin ərazisinə aid olduğunu təsdiq edən hər hansı sübut cavabdeh tərəfindən təqdim edilməmiş və həmin sahənin Yaşayış məntəqələrinin torpaqları olması isə mütəxəssis rəyi ilə müəyyən edilmişdir. Məhkəmə bir daha vurğulayır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə bitişik digər hissə ilə bağlı (400 kv.m.) qoyulmuş məhdudiyyətlər Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı əsasında götürülmüşdür. Qərarda istinad olunan ekspert rəyindən də görünür ki, həmin torpaq sahəsi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin ərazisi ilə üst-üstə düşmür, 43 metr kənarda yerləşir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir; inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır; inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır; inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdehin iddiaçının məhdudiyyətin götürülməsinə dair müraciətinin təmin edilməsindən imtina etməsi əsassız, qanunsuz və “bərabərlik” prinsipinə zidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 3 saylı sahənin bir hissəsində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə qoyulmuş qadağanın (məhdudiyyətin) götürülməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, 3 saylı sahənin bir hissəsində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə qoyulmuş qadağanın (məhdudiyyətin) götürülməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar