Məhkəmə qərarları › İş №2-1(112)-4263/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4263/2024

29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4263/2024 29.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi adının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi adının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 29 may 2024cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi adının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2021ci il tarixədək, 21 il 3 ay fasiləsiz olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. O, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi adının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi ilə bağlı müraciət etdikdə ona imtina edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının Azərbaycan Ordusunda həqiqi hərbi xidməti xx.xx.2000-ci il tarixdən xx.xx.2021ci il tarixədək olan dövrü əhatə edir. İddiaçı həqiqi hərbi xidmətdə olarkən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(092)-18/2011 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə barəsində 1 il 9 ay müddətinə sınaq müddəti təyin edilmişdir. Beləliklə iddiaçının Azərbaycan Ordusunda həqiqi hərbi xidməti 20 təqvim ili qüsursuz xidmət etmədiyi üçün Fərmana uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilə bilməz. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirakını təmin etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, xidmət etdiyi dövrdə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hərbi hissəyə ünvanladığı məktuba əsasən barəsində 9 ay sınaq müddətinin təyin olunduğu bildirilmiş, bu səbəbdən də 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi mənzillə təmin olunması ümumilikdə 21 il 3 ay, həmin 9 ay nəzərə alınmadıqda isə 20 il 6 ay xidmət etmişdir. Göründüyü kimi tələb olunan müddətdən 6 ay da artıq xidmət etmişdir. Sınaq müddətinin 9 ay deyil, 1 il 9 ay olmasını xidmətini başa vurduqdan sonra bilmişdir. Xidmət etdiyi dövrdə məhkəmədən gələn məktuba inanmış, hərbi hissədən də eyni məlumat verilmişdir. Hərbi hissə məktubda göstərilən məlumatı xidmət etdiyi dövrdə məhkəmədən dəqiqləşdirməmiş və ona bu barədə məlumat verməmişdir. Məlumatlı olduğu halda 6 ay daha xidmət edə bilərdi. Hərbi xidmət dövründə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medallarla təltif olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından müəyyən olunur ki, iddiaçının Azərbaycan Ordusunda həqiqi hərbi xidməti xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə edir. İddiaçı həqiqi hərbi xidmətdə olarkən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(092)-18/2011 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə barəsində 1 il 9 ay müddətinə sınaq müddəti təyin edilmişdir. İddiaçı hazırda 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi adının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsini tələb edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının 17 may 2002-ci il tarixli, 329-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı haqqında” Əsasnamə Bənd İ. «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) 25 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular təltif edilirlər. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmət keçmə haqqında» Əsasnamə Maddə 164. Həqiqi hərbi xidmətdən bu Əsasnamənin 156-cı maddəsinin «e» və «ə» bəndlərinə və 158-ci maddəsinə görə buraxılanlardan başqa, hərbi xidmətdə 20 il və artıq (təqvimi hesabla) qüsursuz xidmət etmiş, həmçinin xidmət illərindən asılı olmayaraq, Azərbaycan Respublikası və Azərbaycan Respublikası Silahlı Qüvvələri qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərman Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidirlər. Fərmanın 2-ci hissəsində dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiyanın yaradılması nəzərdə tutulmuşdur. Fərmanın 3-cü hissəsində Komissiyaya tapşırılır: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti, döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı, yaşayış şəraiti nəzərə alınsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanın 4-cü hissəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etməlidir. Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Qüsursuz xidmətə görə” medalı haqqında Əsasnaməsi 1.”Qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər.

2. “Qüsursuz xidmətə görə” medalının üç dərəcəsi vardır: “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır

Məhkəmənin mövqeyi: Hərbi qulluq dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir. Göstərilən mövqeyə əsaslanan qanunverici özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu təsbit edərkən həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından, eləcə də hərbi qulluq keçən şəxslərin fəaliyyət xüsusiyyətlərindən irəli gələn əlahiddə vəzifələr qoyur. Qanunvericinin bu səlahiyyəti bilavasitə “Hərbi qulluqçuların statusu haqqında” Qanunda öz təzahürünü tapmışdır. Belə ki, həmin Qanunun 1-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq hərbi qulluqçular bu Qanunla, Azərbaycan Respublikasının başqa qanunvericilik aktları ilə müəyyənləşdirilən və hərbi xidmətin xüsusiyyətləri ilə bağlı olan əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. Hərbi qulluqçular Azərbaycan Respublikası vətəndaşlarının bütün vəzifələrini, habelə öz statusundan irəli gələn vəzifələri daşıyırlar. Məhz hərbi qulluqda yerinə yetirilən funksiyaların mürəkkəbliyini, onların həyat və sağlamlıq üçün təhlükəliliyini nəzərə alaraq qanunverici, əmək fəaliyyəti ilə məşğul olan digər şəxslərdən fərqli olaraq hərbi qulluqçuların sosial müdafiəsinin daha yüksək səviyyəsini nəzərdə tutmuşdur. Bu isə öz növbəsində onların sosial təminat hüququnda, o cümlədən mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququnun təsbit edilməsi ilə öz əksini tapmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 21 il 3 ay fasiləsiz olaraq Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmişdir. İddiaçı hərbi xidmət dövründə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 1(092)-18/2011 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsinə əsasən 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə barəsində 1 il 9 ay müddətinə sınaq müddəti təyin edilmişdir. Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə görə, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddət başa çatdıqda, məhkumluq ödənilmiş sayılır. İddiaçı hərbi xidmət dövründə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medallarla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin ““Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 15 noyabr 2021-ci il tarixli Fərmanının 3-1-ci, 3-2-ci və 3-3-cü hissələrinin hazırkı mübahisəyə tətbiqi ilə bağlı imtinanın (etirazın) dəlilinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə “Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin ”v” bəndinə əsasən (xəstəliyə görə) və 164-cü maddəsinin müvafiq bəndinə uyğun olaraq (Hərbi geyim formasını daşımaq hüququ verilməklə) ordu sıralarından ehtiyata buraxılmışdır. Nəzərə almaq lazımdır ki, məhkumluğun olduğu müddətin hərbi qulluqçunun qüsursuz hərbi xidmət müddətinə daxil edilməsi ilə bağlı qadağa iddiaçının hüququnun yarandığı dövrdə, yəni iddiaçının ehtiyata buraxıldığı xx.xx.2021-ci il tarixdə qüvvədə olmuş qanunvericilikdə mövcud olmamışdır. Həmin məhdudiyyəti müəyyən edən norma iddiaçının hüququnun yarandığı tarixdən sonra, 15 noyabr 2021-ci il tarixli Fərmanın 3-1-ci, 3-2-ci və 3-3-cü hissələri ilə qanunvericiliyə əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, həmin normaların hazırkı mübahisəyə münasibətdə tətbiqinin mümkünlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbləri və qeyd edilən normaların iddiaçının hüquqi statusuna təsiri nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu baxımdan 15 noyabr 2021-ci il tarixli Fərmanla qanunvericiliyə edilmiş yuxarıda istinad olunan əlavələr qadağa və ya məhdudiyyət ehtiva edən qayda müəyyən etdiyi və iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığı üçün həmin normativ hüquqi aktın qüvvəsi geriyə şamil edilə bilməz. Məhkəmə hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Beləliklə, iddiaçının adının dövlət tərəfindən mənzillə təmin edilməli hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və iddiaçının hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə həmçinin vurğulayır ki, oxşar mübahisə ilə bağlı digər işlər üzrə də Ali Məhkəmənin kollegiyasının hüquqi mövqeyi hazırkı məzmunda olmuşdur (Ali Məhkəmənin 2-1(102)-357/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Məhkəmə hazırkı işin xüsusi halı olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, xidmət etdiyi dövrdə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin barəsində 9 ay sınaq müddətinin təyin olunmasına dair hərbi hissəyə ünvanladığı məktuba əsasən də, xidmətinin 20 il 9 ayından sonra Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medal ilə təltif edilmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi adının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 20 təqvim ili qüsursuz xidməti olan hərbi qulluqçu kimi adının mənzillə təmin olunmalı hərbi qulluqçuların siyahısına daxil edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar