Məhkəmə qərarları › İş №2-1(112)-4264/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4264/2020

29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4264/2020 29.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Bayramova Ləman Əlvan qızının katibliyi, İddiaçı iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 33, mənzil 35) cavabdeh – Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (yerləşdiyi yer: Bakı şəhəri, Z.Bünyadov prospekti, 43) qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia ərizəsində bildirir ki, o, əmək fəaliyyətinə 23 noyabr 1979-cu il tarixdə başlamışdır. Həmin tarixdən 29 dekabr 1980-ci il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “X6 Ordenli” 4 nömrəli Tikinti Trestinin 45 nömrəli Tikinti idarəsində dülgər işləmiş, 9 mart 1981-ci il tarixdən 9 noyabr 2009-cu il tarixədək “Azərneftyağ” X7 müxtəlif peşələrdə çalışmışdır. Hal-hazırda Nizamnaməyə əsasən H.Əliyev adına Bakı X10 H.Əliyev adına X10 adlandırılmışdır. 9 mart 1981-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək zərərli iş şəraitindəki əmək stajı 12 il 6 aydan çox olmaqla ümumi iş stajı 24 il 9 ay 21 gün təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş 15 avqust 2019cu il tarixli arxiv arayışından göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5-ci bəndi ilə “Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı” bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. Göründüyü kimi, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı o, hazırkı cavabdeh DSMF X3 İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh onun ərizəsinin təmin olunmasından imtina etmişdir. İmtina məktubunda göstərilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 06 mart 2007-ci il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan əlavə, cavabdeh imtinanın əsası kimi 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25b ildən az olmasını qeyd etmişdir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası əsassız və qanunsuz hesab olunur. 23 noyabr 1979-cu il tarixdən 29 dekabr 1980-ci il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “X6 Ordenli” 4 nömrəli Tikinti Trestinin 45 nömrəli Tikinti idarəsində dülgər işləsə də, bu peşədə işlədiyi müddət ******* nömrəli əmək kitabçasında öz əksini tapmamışdır. O, bununla əlaqədar Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə sorğu məktubu ünvanlamışdır. Həmin qurumdan sorğuya cavab olaraq alınmış 14 avqust 2019-cu il tarixli məktubda isə göstərilmişdir ki, ləğv olunmuş Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 nömrəli Trestinin 45 nömrəli Tikinti idarəsinin arxiv sənədləri Azərbaycan Respublikasının və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Adıçəkilən Trestin 45 nömrəli Tikinti idarəsinin 25 dekabr 1980-ci il tarixli arayışına əsasən 23 noyabr 1979-cu il tarixdən 29 dekabr 1980-ci il tarixədək olan müddət iş stajına daxil olmaqla 1 il 1 ay 6 gün təşkil edir. ******* saylı əmək kitabçasından göründüyü kimi, 9 mart 1981-ci il tarixdən 1 yanvar 2006-cı il tarixədək zərərli iş şəraitindəki əmək stajı 12 il 6 aydan çox olmaqla ümumi iş stajına 24 il 9 ay 21 gün təşkil edir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət edilən zaman sözügedən arayış iş materiallarına əlavə olunsa da, həmin İdarə qanunsuz olaraq arayışda göstərilən əmək stajı müddətini nəzərə almamış və 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 il az olmasını qeyd edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından əsassız olaraq imtina etmişdir. Qeyd edilən sənədlərdən göründüyü kimi, imtinanın əsasında dayanan “1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az olması” faktı təkzib olunur. Ona görə də hesab olunur ki, cavabdehin imtinası qanuna zidd və onun (iddiaçının) hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1, 9.8-ci maddələrinə, İPM-in 2, 14.3, 33.1, 45, 46, 68, 73.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edlmiş Əsasnamənin müddəalarına, eləcə də “İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsinə əsaslanaraq, məhkəmədən ******* nömrəli əmək kitabçasında göstərilən və 23 noyanr 1979-cu il tarixdən 29 dekabr 1980-ci il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “X6 Ordenli” 4 nömrəli Tikinti İdarəsinin 45 nömrəli Tikinti idarəsində dülgər işlədiyi müddət sosial sığorta stajına daxil edilməklə ona (iddiaçıya) 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsinin məhkəməyə iddia ilə bağlı təqdim olunmuş yazılı münasibətində (etirazında) aşağıdakılar bildirilmişdir: - İddiaçı iddia ərizəsində göstərdiyi xüsusatların təsdiq edilməsi məqsədilə sübut qismində əmək kitabçasını, SOCAR tərəfindən tərtib edilmiş 15 avqust 2019-cu il tarixli arxiv arayışını, Milli Arxiv İdarəsindən verilmiş 14 avqust 2019-cu il tarixli məktubu və xarici dildə tərtib edilmiş yazını təqdim etmişdir. Qeyd olunan dəlillər əsassızdır. Belə ki, iddiaçıya İdarə tərəfindən verilmiş cavab məktubundan göründüyü kimi, qeyd edilən məktub 27 noyabr 2019-cu il tarixdə tərtib olunmuşdur. İddia ərizəsi məhkəməyə 27 aprel 2020-ci il tarixdə, yəni 5 ay sonra təqdim olunmuşdur. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericiliklə nəzərdə tutulmuş hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPMdə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətlərinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İPM-in 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Göründüyü kimi, iddiaçı İdarənin onun müraciətinə vermiş olduğu imtina cavabı ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş 30 gün iddia müddətinə əməl etməmiş, bu müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının “a” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə kişilər 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndində göstərilmişdir ki, 2006-cı ilin yanvar ayının 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasından göründüyü kimi, qeyd edilən əmək kitabçası 21 noyabr 1983-cü il tarixdən açılmışdır. Həmin əmək kitabçasından və iddiaçının təqdim etdiyi SOCAR-ın 15 avqust 2019-cu il tarixli arayışından göründüyü kimi, iddiaçı həmin qurumun tabeliyində olan müxtəlif vaxtlarda və müxtəlif adlarla fəaliyyət göstərən müəssisələrdə 9 mart 1981-ci il tarixdən ayrı-ayrı peşələrdə işləmiş və onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 21 il 8 ay 2 gün olmuş və qeyd olunan müddət qanunvericiliklə nəzərdə tutulmuş 25 illik ümumi stajdan azdır. Bundan başqa, iddiaçının iddia ərizəsində qeyd etdiyi 23 noyabr 1979-cu il tarixdən 29 dekabr 1980-ci il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “X6 Ordenli” 4 nömrəli Tikinti Trestinin 45 nömrəli Tikinti idarəsində dülgər peşəsində işləməsi barədə xüsusat təsdiq edilməmişdir. İddiaçının müəyyən bir peşədə işləməsi barədə məlumat onun əmək kitabçasında qeyd edilməlidir. Lakin iddiaçının bildirdiyi dülgər peşəsində işləməsi barədə məlumat onun əmək kitabçasında qeyd olunmamışdır. Həmçinin, iddiaçı tərəfindən bunu təsdiq edəcək sübut nə İdarəyə, nə də məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən sübut qismində təqdim edilmiş xarici dildə tərtib edilmiş yazının surəti sübut qismində qəbul edilə bilməz. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 89.1, 89.3-cü maddələrinə əsasən yazılı sübutlar – iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Göründüyü kimi, iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş 29 dekabr 1980-ci il tarixli 55 saylı arayış xarici dildə tərtib olunmuşdur və bu, qüvvədə olan qanunvericiliyə ziddir. Məhz bu səbəbdən həmin yazı sübut kimi qəbul edilə bilməz. Hətta həmin (23 noyabr 1979-cu il tarixdən 29 dekabr 1980-ci il tarixədək olan) dövr sığorta stajına daxil edilsə də, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 22 il 9 ay 2 gün təşkil etmiş olur, yəni 25 il toplanmış olmur. Şərh olunanlara əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Arxiv İdarəsinin İddiaçı ünvanlanmış 14 avqust 2019-cu il tarixli məktubunda aşağıdakılar qeyd olunmuşdur: - AR Milli Arxiv İdarəsinə ünvanlanmış 5 avqust 2019-cu il tarixli ərizəyə cavab olaraq bildirilir ki, ləğv olunmuş Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 4 nömrəli Trestinin 45 nömrəli Tikinti İdarəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil vetilməmişdir. İş materiallarında olan ARDNŞ-in (SOCAR) 15 avqust 2019-cu il tarixli arxiv arayışında aşağıdakılar bildirilmişdir: - 3 oktyabr 1991-ci il tarixli 755 nömrəli əmrdən çıxarış – Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1991-ci il tarixli 318 saylı Qərarına əsasən X4 Partiyasının XXİİ Qurultayı adına Bakı X9 adı “Azərneftyağ” Bakı X10 adı ilə əvəzləndirilmişdir. 22 fevral 1994-cü il tarixli 106 saylı əmrdən çıxarış – Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1994-cü il tarixli 50 saylı Sərəncamına əsasən respublika neft sənayesinin rasional idarə edilməsinin təkmilləşdirilməsi və Dövlət Neft Şirkətinin yeni idarəetmə strukturunun təsis edilməsi məqsədi ilə Neft Emalı Baş İdarəsi ləğv edilərək “Azərneftyağ” BNZ-in adı “Azərneftyağ” X10 adı ilə əvəzləndirilmişdir. “Azərneftyağ” NEZ-nin fəaliyyətinə xitam verilməsi haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 24 dekabr 2014-cü il tarixli əmrinə əsasən “Azərneftyağ” NEZ-nin 01 yanvar 2015-ci il tarixdən qüvvədə olan qanunvericiliyə uyğun olaraq Heydər Əliyev adına Bakı X10na qoşulmaqla fəaliyyətinə xitam verilmişdir. Əmrə əsasən “Azərneftyağ” NEZ-in hüquq və vəzifələri, o cümlədən işəgötürən öhdəlikləri 29 yanvar 2015-ci il tarixli təhvil aktına uyğun olaraq hüquqi varis kimi Heydər Əliyev adına Bakı X10na ötürülmüşdür. Qeydiyyatdan keçərək yeni redaksiyada verilmiş Nizamnaməyə əsasən Heydər Əliyev adına Bakı Neft Emalı X8 adına X10 adlandırılmışdır. İddiaçı 6 mart 1981-ci il tarixli 58/k saylı əmrə əsasən 9 mart 1981-ci il tarixdən 16 mart 1981-ci il tarixədək XXİİ Qurultay adına Bakı X9 2 nömrəli Texnoloji sexinin ELOU-AVT-6 qurğusunda texnoloji qurğu operatoru peşəsində işləmişdir. 19 mart 1981-ci il tarixli 67/k saylı əmrə əsasən 16 mart 1981-ci il tarixdən 02 oktyabr 1981-ci il tarixədək XXİİ Qurultay adına Bakı X9 həmin sexində texnoloji qurğuların təmiri xidməti üzrə çilingər peşəsində işləmişdir. 02 oktyabr 1981-ci il tarixli 230/k nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinə əsasən hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmişdir. 22 noyabr 1983-cü il tarixli əmrlə 22 noyabr 1983-cü il tarixdən 15 fevral 1990-cı il tarixədək XXİİ Qurultay adına Bakı X9 5 saylı Texnoloji sexində texnoloji qurğuların təmiri xidməti üzrə çilingər peşəsində, 15 fevral 1990cı il tarixli 26/şh saylı əmrlə 15 fevral 1990-cı il tarixdən 09 aprel 1990-cı il tarixədək XXİİ Qurultay adına Bakı Neft Emalı X1 üzrə inspektor vəzifəsində, 09 aprel 1990-cı il tarixli 64/şh saylı əmrlə 09 aprel 1990-cı il tarixdən 03 iyun 1991-ci il tarixədək XXİİ Qurultay adına Bakı X9 1 saylı Texnoloji sexinin Əmtəə bölməsinin rəisi vəzifəsində, 11 iyun 1991-ci il tarixli 117/şh saylı əmrlə 03 iyu 1991-ci il tarixdən 07 iyul 2003-cü il tarixədək XXİİ Qurultay adına Bakı X9 1 saylı Texnoloji sexinin 101 – 106 saylı Texnoloji qurğusunun qurğu rəisi vəzifəsində, 07 iyul 2003-cü il tarixli 129/şh saylı əmrlə 07 iyul 2003-cü il tarixdən 09 noyabr 2009-cu il tarixədək “Azərneftyağ” İstehsalat Birliyinin 8 saylı Çirkab suların təmizlənməsi sexində sex rəisi vəzifəsində işləmişdir. 09 noyabr 2009-cu il tarixli 1175/şh saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən (işçinin öz təşəbbüsü ilə) onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.5-ci “Neftin, qazın, qaz kondensatının (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinə əsasən zərərli iş şəraitində işləməsi müəyyən edilmişdir. İş materiallarında olan “ASAN 1” Xidmət mərkəzi tərəfindən 19 mart 2013-cü il tarixdə verilmiş AZE ******** nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, xx xxxxxx 1962-ci il tarixdə doğulmuş İddiaçı yaşayış yeri Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küçəsi, ev 33, mənzil 35-dir. İş materiallarında olan Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “X6 Ordenli” 4 nömrəli Tikinti İdarəsinin 45 nömrəli Tikinti idarəsinin 29 dekabr 1980-ci il tarixli arayışının tərcümə olunmuş surətində aşağıdakılar bildirilmişdir: - İddiaçı həqiqətən 23 noyabr 1979-cu il tarixdən hal-hazıradək (29 dekabr 1980-ci il tarixədək) Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “X6 Ordenli” 4 nömrəli Tikinti İdarəsinin 45 nömrəli Tikinti idarəsində dülgər vəzifəsində işləyir. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı xx xxxxxx 1962-ci il tarixdə doğulmuşdur. 09 mart 1981-ci il tarixdən 02 oktyabr 1981-ci il tarixədək Bakı X7 texnoloji qurğuların operatoru və texnoloji qurğuların təmiri xidməti üzrə çilingər peşəsində işləmiş, 02 oktyabr 1981-ci il tarixdən 22 noyabr 1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra, həmin Zavodda fəaliyyətini davam etdirmiş və 2006cı ilin yanvar ayının 1-dək orada texnoloji qurğuların təmiri xidməti üzrə çilingər, təhlükəsizlik texnikası üzrə inspektor, 1 saylı texnoloji sexin əmtəə bölməsinin rəisi, texnoloji qurğu rəisi, çirkab suların təmizlənməsində sex rəisi vəzifələrində işləmişdir. Həmin müəssisədə 09 mart 1981-ci il tarixdən 2006-cı ilin yanvar ayının 1-dək 22 il 8 ay 3 gün əmək stajı toplamışdır. Həmin müddətin 12 il 6 aydan çox hissəsi isə sözügedən sahədə texnoloji qurğuların təmiri üzrə çilingər, texnoloji qurğu rəisi vəzifələrində olmuşdur. 02 oktyabr 1981-ci il tarixdən 22 noyabr 1983-cü il tarixədək, yəni 2 il hərbi xidmət keçmişdir. Bunlardan başqa, Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin X6 Ordenli 4 nömrəli Trestinin 45 nömrəli Tikinti İdarəsinin arayışına əsasən 23 noyabr 1979-cu il tarixdən 29 dekabr 1980-ci il tarixədək həmin İdarədə dülgər kimi çalışmışdır. İddiaçı hərbi xidmət müddəti, əmək kitabçasında və müvafiq arayışda qeyd olunan iş illəri sığorta stajı kimi nəzərə alınmaqla ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh məsələnin həllindən imtina etmiş və imtinasını onun (iddiaçının) ümumi iş stajının 2006-cı ilin yanvar ayının 1-dək 25 ildən az toplanması ilə əsaslandırmışdır. İddiaçı hazırda imtinanın mübahisələndirir və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə inzibati mübahisəyə qiymət verərkən aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İPM-in 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «Əmək pensiyaları haqqında» AR Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa (“v” yarımbəndi) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin İ – Vİİ hissələrinə müvafiq olaraq hesablanır. AR Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» AR Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndində göstərilmişdir ki, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş (Qərar hazırda qüvvədən düşmüşdür) “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Həmin Əsasnamənin 6-cı bəndinə görə hərbi xidmət, milli təhlükəsizlik, daxili işlər, Dövlət Sərhəd Xidməti və Prezidenti mühafizə orqanında xidmət dövrünü, eləcə də əsirlikdə olma müddətini təsdiq üçün aşağıdakılar qəbul edilir: hərbi bilet, əsgər kitabçası, hərbi komissarlıqların, hərbi hissələrin, Müdafiə Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Xidməti, Prezidenti Mühafizə xidməti orqanlarının arayışları, arxiv və hərbi müalicə müəssisələrinin arayışları, hərbi qulluq barədə sənədlərə əsasən əmək kitabçasında aparılan qeydlər. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur (Qərar qüvvədən düşmüşdür). Həmin Qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsində hazırkı İddiaçı 2006-cı ilin 1 yanvar ayının 1-dək ümumilikdə 12 il 6 aydan çox işlədiyi “texnoloji qurğuların təmiri xidməti üzrə çilingər” (2. Neft-qaz və qaz kondensatının hasilatı üzrə) peşəsi 2130200a – 18547 kodla, “texnoloji sexin texnoloji qurğu rəisi” (İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyasının, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri üzrə) peşəsi isə 2130301b—24091 kodla nəzərdə tutulmuşdur. İddiaçının işlədiyi peşə ilə bağlı cavabdeh tərəfin öz yazılı etirazında AR Nazirlər Kabinetinin həmin qərarı ilə təsdiqlənmiş 1 nömrəli Siyahıdakı müvafiq peşələrə aid olması ilə əlaqədar mövqeyi ilə məhkəmə razılaşmır. Məhkəmə qeyd edir ki, İddiaçı 23 noyabr 1979-cu il tarixdən 29 dekabr 1980-cı il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin “X6 Ordenli” 4 nömrəli Trestinin 45 nömrəli Tikinti İdarəsində dülgər işləməsini təsdiq edən arayış mövcuddur. Həmin sənəddə göstərilən məlumatların həqiqətə uyğun olmadığını cavabdeh tərəf sübuta yetirmədiyindən, bu məlumatları daşıyan sənəd kimi həmin arayış mötəbər hesab olunur. Sənədin 29 dekabr 1980-ci il tarixdə rus dilində tərtib olunması da (sonradan tərcümə olunaraq iş materiallarına əlavə edilmişdir) onun mötəbər sübut kimi qəbulunu istisna etmir. Nəzərə alınmalıdır ki, MPM-in 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Cavabdehin gətordiyi digər dəlillərə münasibətdə isə, məhkəmə vurğulayır ki, hazırkı iddia “məcbuetmə haqqında” deyil, “öhdəliyin icrası haqqında” iddiaya aid olduğundan, İPM-ə görə hazırkı mübahisəyə “iddia müddəti”nin tətbiqi yolverilməzdir. Çünki, İPM-də yalnız iki növ iddiada – “mübahisələndirmə haqqında” və “məcbuetmə haqqında” iddialarda iddia müddətinin tətbiqi nəzərdə tutulur. Belə olan halda məhkəmənin qənaətinə görə 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş qanunvericilik normaları («Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsi, AR Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiqlənmiş Əsasnamənin 3-cü bəndi) hərbi xidmət müddətlərini, eləcə də mötəbər sayılan arayış və digər yazılı sənədlərlə təsdiqini tapmış iş stajlarını da sosial sığorta stajı kimi nəzərdə tutduğundan, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən iddiaçı X2 həmin tarixdən əvvəlki dövrdəki 2 il hərbi xidmət dövrü, eləcə də işlədiyi Azərbaycan SSR STN “X6 Ordenli” 4 nömrəli Trestinin 45 nömrəli Tikinti İdarəsinin İdarəsinin müvafiq arayışı ilə təsdiqlənmiş 1 il 1 ay “dülgər” işlədiyi müddət də sosial sığorta stajı kimi qəbul olunmalıdır. İddiaçının əmək stajı 2006-cı ilin yanvar ayının 1-ədək əmək kitabçasına və SOCAR X9 15 avqust 2019-cu il tarixli arayışına əsasən 09 mart 1981-ci il tarixdən 22 il 8 ay 3 gün təşkil etdiyindən, 2 il hərbi xidmət müddəti və müvafiq arayışdakı 1 il 1 ay (dülgər işlədiyi) iş müddəti ilə birlikdə onun 25 ildən artıq ümumi iş stajı toplanmış sayılır. Odur ki, İddiaçı 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə iş stajına malik olduğundan, onun «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 57 yaşı tamam olduğu vaxt, yəni 15 noyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya müvafiq arayışdakı 23 noyabr 1979-cu il tarixdən 29 dekabr 1980-cı il tarixədək dülgər peşəsində işlədiyi müddət və əmək kitabçasındakı qeydlər üzrə iş illəri sığorta stajına daxil edilməklə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin imtinası qanuna (o cümlədən, «İnzibati icraat haqqında» AR Qanununun 17 və 19-cu maddələrinə) zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Təyin olunan əmək pensiyasının ödənilməmiş məbləğinin ödənilməsinə gəldikdə isə məhkəmənin mövqeyi belədir ki, İddiaçı cavabdeh inzibati orqana 57 yaşı tamam olduğu, yəni əmək pensiyası hüququ yarandığı vaxt müraciət etdyindən, pensiya təyin olunarkən ödənilməmiş məbləğinin ödənilməsində ona münasibətdə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin ikinci cümləsindəki “məbləğin ötən dövrdəki ayların sayına bölünərək pensiya məbləğinə əlavə edilməsi” şərti tətbiq olunmamalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı onun müvafiq arayışda göstərilən 23 noyabr 1979-cu il tarixdən 29 dekabr 1980-cı il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 5 nömrəli Trestinin 45 nömrəli Tikinti İdarəsində işlədiyi müddət və əmək kitabçasındakı qeydlər üzrə iş müddəti sığorta stajına daxil edilməklə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş (həmin tarixdən) pensiya məbləğinin birdəfəlik hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1, 13, 23.1, 52, 58.7, 69, 75, 78 – 79, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı onun müvafiq arayışda göstərilən 23 noyabr 1979-cu il tarixdən 29 dekabr 1980-cı il tarixədək Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin 5 nömrəli Trestinin 45 nömrəli Tikinti İdarəsində işlədiyi müddət və əmək kitabçasındakı qeydlər üzrə iş müddəti sığorta stajına daxil edilməklə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin birdəfəlik hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar