Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4265/2024 05.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı "xxxx" X3 Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi X1, iddiaçının vəkili Vəkil iştirakları ilə, iddiaçı "xxxx" X3 Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə inzibati işə 05 sentyabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı "xxxx" X3 Cəmiyyəti istifadəsində olan torpaq sahəsinə və səhmdar cəmiyyətin emissiya prospektində göstərilən tikililərə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə - 1 saylı Bakı Ərazi İdarəsi) müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı "xxxx" X3 Cəmiyyəti cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərab Yardımçı ATSC-nin istifadəsində olan torpaq sahəsinə və səhmdar cəmiyyətin emissiya prospektində göstərilən tikililərə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC cavabdehə müraciət edərək səhmdar cəmiyyətinin adına emissiya prospektində olan tikililərə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Qanunla müəyyən edilmiş dövlət rüsumları və digər ödənişlər ödənildikdən sonra cavabdehin 21 avqust 2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişi ilə heç bir əsas olmadan ərizənin icrasından imtina edilmişdir. Bildirişə görə istifadələrində olan sahənin yüksək gərginli elektrik xəttinin mühafizə zonasında yerləşməsi, sahənin yaxınlığından su kanalının keçməsi, texniki pasportda göstərilən bəzi tikililərin sökülü halda olması, sahədə məcburi köçkünlərin olması və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlərin təqdim edilməməsi imtinanın səbəbi kimi göstərilmişdir. İmtinaya əsas olan və aradan qaldırılması tövsiyə edilən çatışmazlıqlar aradan qaldırılmış və aidiyyəti müvafiq orqanlardan icazələr alınmışdır. Eyni zamanda təqdim etdikləri müvafiq ekspert rəyinə əsalanaraq göstərilmişdir ki, texniki pasportda göstərilən tikililər istismara yararlıdır və halhazırda da istismar olunur. Eyni zamanda məcburi köçkünlərin sahədən çıxarılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olsa da, müvafiq fərmana əsasən icrası dayandırılmışdır. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binalarına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Həmçinin İdarənin mütəxəssisləri tərəfindən ünvana keçirilmiş texniki baxış zamanı torpaq sahəsinin yaxınlığından su kanalının keçdiyi və texniki pasportda göstərilən bəzi tikililərin söküldüyü məlum olmuşdur. Belə ki, “K” tikilisinin dam örtüyü və divarlarının bir hissəsinin, “T” literli istixananın damının bir hissəsi uçurulmuşdur. Həmçinin ərazidə əlavə tikililər inşa edilmişdir. Əlavə olaraq, göstərilən torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlara aid olduğundan icarə müqaviləsinin bağlanması məqsədi ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və iddiaçının vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlak Komitəsinin xx.xx.1999-cu il tarixli, 407 nömrəli sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 1 saylı Bakı Şərabçılıq zavodunun yardımçı təsərrüfatının bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri xx.xx.2001-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Sözügedən sərəncamın surəti məktubun qoşmasına əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: İşin hallarından müəyyən olunur ki, "xxxx" X3 Cəmiyyəti istifadəsində olan torpaq sahəsinə və səhmdar cəmiyyətin emissiya prospektində göstərilən tikililərə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın və texniki pasportun verilməsi tələbini irəli sürür. Cavabdehin imtinasının (etirazının) əsasını hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsinin yaxınlıqdan keçən yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi, torpaq sahəsinin yaxınlığından su kanalının keçməsi və texniki pasportda göstərilən bəzi tikililərin sökülmüş olması, ərazidə əlavə tikililərin inşa edilmiş olması, göstərilən torpaq sahəsinin dövlət mülkiyyətində olması təşkil edir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Lakin iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər nə İdarəyə, nə də məhkəməyə təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi texniki pasporta münasibətdə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirinin 25 mart 2000-ci il tarixli əmri ilə təsdiq edilmiş "Qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərə mülkiyyət hüququnun rəsmiləşdirilməsi qaydaları haqqında" Təlimata əsasən: - bənd 1. Bu Təlimat "Azərbaycan Respublikasında mülkiyyət haqqında", "Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1999-cu il tarixli 229 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyi haqqında Əsasnamə”yə habelə digər normativ-hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və Dövlət Əmlakı Nazirliyi tərəfindən (bundan sonra Nazirlik) qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş müəssisə və obyektlərə mülkiyyət hüququnun rəsmiləşdirilməsinin həyata keçirilməsinin qaydalarını müəyyən edir. - bənd 2. Mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsinə dair müraciət müəssisə və obyektin qanunvericiliyinə uyğun inşa edilməsini təsdiq edən, bu Qaydaların 3-cü bəndində göstərilən, habelə müraciətçilərin həmin müəssisə və obyekt üzərində mülkiyyətçi olmalarını təsdiq edən sənədlər əlavə edirlər. - bənd 3. Müəssisə və obyektin qanunvericiliyi olaraq inşa edilməsini təsdiq edən sənədlər aşağıdakılar aiddir: - Müəssisə obyektin tikintisi üçün torpağın qanunvericiliyə uyğun olaraq istifadəyə və ya icarəyə götürülməsi, habelə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; - müəssisə və obyektin inşaat pasportu; - müəssisə və obyektin texniki pasportu; - müəssisə və obyektin istismara qəbulu barədə müvafiq dövlət orqanlarının təsdiq etdiyi akt. - bənd 7. Müəssisə və obyektlərin qanunvericiliyə uyğun şəkildə inşa edildiyini və müraciətçilik həmin müəssisə və obyekt üzərində mülkiyyət hüququ olduğunu müəyyən etdikdə onlara nümunəsi “Qeyri-dövlət hüquqi və fiziki şəxslərin əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1997-ci il tarixli 602 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mülkiyyət hüququ haqqında" şəhadətnamə verilir. İstinad edilən qanunvericlik aktlarına əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri həmin müəssisə və obyektlərin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlardır və həmin torpaqlar özəlləşdirilən müəssisə və obyektə xidmət göstərmək təyinatı daşıyır. Bu torpaqlar özəlləşdirilən müəssisə və obyektdən ayrıca deyil, həmin əmlakla bir vahid kimi çıxış edir, müəssisə və obyektə mülkiyyət hüququ əldə edən şəxs əmlakın yerləşdiyi və özəlləşdirmə zamanı texniki pasportda göstərilən həmin torpaq sahəsinin də istifadəçisi olur. Qanunvericiliyə əsasən bu torpaq sahəsi obyekti özəlləşdirmiş şəxsin icarəsinə verilməli, satılmaq üçün yalnız ona təklif edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirinin 18 aprel 2000-ci il tarixli 48 nömrəli əmri ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsi Qaydaları”na əsasən: - bənd 1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, "Torpaq icarəsi haqqında" və "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında" Əsasnaməyə, "Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanununu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"yə və "Azərbaycan Respublikasında torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1997-ci il tarixli 158 nömrəli Qərarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Əmlak Məsələləri Dövlət Xidməti) tərəfindən həmin müəssisə və obyektlərin mülkiyyətçilərinə icarəyə verilməsi qaydalarını müəyyən edir. - bənd 2. Torpaq sahələrinin icarəyə verilməsi zamanı yalnız texniki pasportlarda göstərilmiş hüdudlar daxilində olan torpaq sahələrinin icarəyə verilməsinə yol verilir. -bənd 3. Torpaq sahələrinin icarəçisi kimi dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi(ləri) olan hüquqi və fiziki şəxslər çıxış edirlər. - bənd 4. Torpaq sahələri Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə satınalma hüququ ilə, əcnəbilərə, vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə, təşkilatlara, habelə xarici dövlətlərə isə qanunvericiliyə uyğun olaraq satınalma hüququ olmadan icarəyə verilir, - bənd 5. Torpaq sahəsinin uzunmüddətli icarəyə götürülməsi üçün müvafiq müəssisənin (obyektin) mülkiyyətçisi(ləri) və yaxud mülkiyyəçini(lərini) təmsil edən şəxs ərizə ilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: - fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti və ya hüquqi şəxsin qeydiyyat şəhadətnaməsi və təsis sənədləri; - mülkiyyətçini(ləri) təmsil edən şəxsin səlahiyyətlərini təsdiq edən sənədin (vəkalətnamənin) surəti; - səhmdar cəmiyyətinin səhmdarların reyestrindən çıxarış; - obyekt (əmlak) üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamənin surəti; - torpaq sahəsinin ayrılması haqqında sənədlər (sahənin ayrılması haqqında səlahiyyətli orqanın qərarı, torpaq sahəsinin ölçülərini və sərhədlərini müəyyən edən plan, torpağın istifadəçisi ilə bağlanılmış icarə müqaviləsi); - müəssisənin (obyektin) texniki pasportu. -bənd 8. Təqdim edilmiş sənədlər tam olduqda torpaq sahəsinin icarəyə verilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müvafiq qərar qəbul edilir və özəlləşdirilən müəssisə (obyektin) mülkiyyətçisi(ləri) ilə nümunəvi forması təsdiq edilmiş "Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə" bağlanılır. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə”yə əsasən: - bənd 2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə, dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. -bənd 11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə, torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. İşin yuxarıda sadalanan hallarından görünür ki, mübahisə predmeti daşınmaz əmlaka dair xx.xx.1998-ci il tarixdə texniki pasport tərtib edilsə də, obyektə dair iddiaçı mülkiyyət hüququ haqqında şəhadətnamə almamış, həmin obyektin yerləşdiyi torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmamış və torpaq sahəsi iddiaçıya satılmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələbləri təmin edilmədiyindən, imtinada (etirazda) göstərilən digər dəlilin yoxlanılmasına zərurət qalmamışdır. Belə ki, həmin dəlil öz təsdiqini tapmasa belə yuxarıda göstərilən səbəblərdən iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin imtinası əsaslı və qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, hüquqmüəyyənedici sənədlərlə bağlı tələb təmin edilmədiyindən, etirazda göstərilən digər dəlillərin yoxlanılmasına zərurət qalmamışdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı "xxxx" X3 Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-4265/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4265/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver