Məhkəmə qərarları › İş №2-1(112)-4267/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4267/2022

24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4267/2022 24.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X5 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hərbçi, işləmir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı “iddiaçının ölkədən getmək hüququna qoyulmuş qadağanın ləğv edilməsi və bu barədə giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminə daxil edilmiş məlumatların silinməsi, iddiaçıya məxsus “Hunday Qrandeur” markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomoblin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsi üçün Azərbaycan DİN BDYP-nin məlumat bazasında olan məlumatın silinməsi barədə cavabdehin üzərinə öhdəliyin qoyulması” barədə iddiası üzrə işə üçüncü şəxs qismində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi cəlb olunmaqla məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “iddiaçının ölkədən getmək hüququna qoyulmuş qadağanın ləğv edilməsi və bu barədə giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilmiş məlumatların silinməsi, iddiaçıya məxsus “Hunday Qrandeur” markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomoblin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsi üçün Azərbaycan DİN BDYP-nin məlumat bazasında olan məlumatın silinməsi barədə cavabdehin üzərinə öhdəliyin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı təsisçisi olduğu "xxxx" kiçik müəsissəsi 1999-cu ildə Azərbaycan Beynəlxaq Bankından bir il müddətinə kredit götürmüş və həmin krediti vaxtında qaytarmamışdır. Buna görə də Azərbaycan Respublikasının DİN-in BMCM-nin İstintaq və Təhqiqat İdarəsində iddiaçı barəsində araşdırma aparılmış və ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilmiş və bu burada “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat daxil edilmişdir. Eyni zamanda ona məxsus “Hunday Qrandeur“ markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə də məhdudiyyət qoyulmuş və bu qərarın icrası Azərbaycan DİN BDYP-yə həvalə edilmişdir. Sonradan həmin borcun qaytarılması tələbi "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir və sonuncu 2020-cı ildə iddiaçıya qarşı iddia qaldırmışdır. Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-1087/2020 saylı qətnaməsi ilə iddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair“ iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2020-ci il tarixli 2(103)-7865/2020 saylı qətnaməsi ilə "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının apellyasiya şikayəti təmin edilməmiş, məhkəmənin qətnaməsi dəyişdirilmədən saxlanılmış və hazırda məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir. Bununla da bütün mübahisələrə son qoyulmuşdur. Bütün məsələlər həll olunduğu üçün, iddiaçı cavabdeh BMCMİ-nə müraciət edib ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair qadağanın, habelə şəxsi avtomobilinin üzərinə qoyulmuş qadağanın aradan qaldırılmasını xahiş etmişdir. Lakin cavabdeh iddiaçının müraciətlərinə cavab verməmiş və bu istiqamətdə hər hansı bir hərəkət etməmişdir. İddiaçının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığı məktubların heç biri nəticə verməmişdir. İddiaçı Daxili İşlər Nazirinə müraciət edərək hüquqlarının müdafiəsini və bərpa edilməsini xahiş etmişdir, lakin bunun da heç bir nəticəsi olmamışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdehdən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Оdur ki, məhkəmə işə cavabdehin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının izahat və çıxışını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiа tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından olan: İddiaçının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının 11 iyun 2021-ci il tarixli məktubuna əsasən, Binəqədi rayon məhkəməsinin 2(001)-1087/2020 nömrəli 16 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Bank olmayan Kredit Təşkilatının cavabdehlər "xxxx" X4 və İddiaçı qarşı kredit üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7865/2020 nömrəli, 05 noyabr 2020-ci il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1087/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkməsinin qərarı ilə həmin şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi yuxarıda qeyd olunan məhkəmə qərarlarında iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər "xxxx" X1 və İddiaçı borcun tutulması tələbinə dair iddiasına baxılmış, lakin həmin iddia təmin edilməmişdir. Buna baxmayaraq "xxxx" X2 "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına olan borcu hal-hazırda mövcuddur və məhkəmə tərəfindən həmin borcun silinməsi ilə bağlı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının üzərinə heç bir öhdəlik qoyulmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Yol Polis İdarəsinin 01 fevral 2020-ci il tarixli 75 nömrəli, xx.xx.2021-ci il tarixli, 016-16701-1221 nömrəli məktublarına əsasən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2015-ci il tarixli, 007-4444-1215 nömrəli məktubu əsasında İddiaçı məxsus «HYUNDAİ GRANDEUR» markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qeydiyyatla bağlı məhdudiyyətin qoyulması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər mövcuddur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7865/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı "xxxx" QSC Bank olmayan Kredit Təşkilatı cavabdehlər "xxxx" X4 və X3 qarşı xx.xx.1999-cu il tarixli, 620 saylı kredit müqaviləsi üzrə borca görə 236257,96 manat, dövlət rüsumuna görə 30 manat tələbinə dair iddiası Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-1087/2020 nömrəli qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. "xxxx" QSC Bank olmayan Kredit Təşkilatının İddiaçı ünvanladığı cavab məktubuna əsasən, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özgəninkiləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyun 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-yə məxsus problemli aktivləri (borcları) üzrə tələb hüququ "xxxx" QSC-yə keçmişdir. Həmin problemli aktivlər üzrə fiziki şəxs kimi İddiaçı borcu "xxxx" QSC-yə keçməmişdir. "xxxx" İstehsalatkommersiya firmasının "xxxx" ASC-yə olan 236.257,96 manat məbləğində əsas borcu üzrə tələb hüququ xx.xx.2018-ci il tarixli S-146 saylı təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə keçmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçının təsisçisi olduğu "xxxx" İstehsalat-kommersiya firması xx.xx.1999-cu ildə "xxxx" ASC ilə 620 saylı kredit müqaviləsi bağlamışdır, həmin müqavilə üzrə borc yaranmış, müqavilə üzrə tələb hüququ "xxxx" QSC Bank olmayan Kredit Təşkilatına keçdikdən sonra həmin təşkilat iddiaçıya və "xxxx" İstehsalatkommersiya firmasına qarşı məhkəmədə borcun tutulması tələbi haqqında iddia qaldırmış, lakin iddia rədd edilmişdir, eyni zamanda problemli aktivlər üzrə fiziki şəxs kimi İddiaçı borcu "xxxx" QSC-yə keçməmişdir, "xxxx" İstehsalat-kommersiya firmasının "xxxx" ASC-yə olan 236.257,96 manat məbləğində əsas borcu üzrə tələb hüququ xx.xx.2018-ci il tarixli S- 146 saylı təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə keçmişdir.Qeyd edilən borcla bağlı İddiaçı məxsus «HYUNDAİ GRANDEUR» markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qeydiyyatla bağlı məhdudiyyətin qoyulması barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur, habelə iddiaçının ölkədən çıxışına qadağa qoyulmuşdur.İddiaçı qeyd edilən qadağanın və məhdudiyyətin götürülməsini xahiş etsə də müraciəti təmin edilməmişdir.Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının,..təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur, İİ hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır, İİ hissəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, İİİ hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir, İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 68-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər, 152.4-cü maddəsinə əsasən sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bundan əlavə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.1-ci müddəasına əsasən, məhkəmə qərarı, əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşı (bundan sonra-vətəndaş) dövlət sərhədinin buraxılış məntəqələrindən keçərək sərbəst surətdə ölkədən getmək və ölkəyə gəlmək hüququna malikdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Həmin Məcəllənin 9.3-cü maddəsinə görə vətəndaşın ölkədən getmək hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 9.3.1.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;9.3.2. məhkum edildikdə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, cəzadan azad edilənədək;9.3.3.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə – tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;9.3.4.üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;9.3.5.müddətli həqiqi hərbi xidmətə çağırıldıqda – müddətli həqiqi hərbi xidmət keçənədək və ya qanuna uyğun olaraq ondan azad edilənədək;.9.3.6.məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.6-1. vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək; 9.3.7. beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı - profilaktik peyvəndlər edilənədək. Həmin Məcəllənin 9.6-cı maddəsinə görə ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir. Bundan əlavə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 158.1-ci maddəsinə əsasən aşağıdakı müvəqqəti təminat tədbirləri tətbiq edilə bilər:158.1.1. cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında əsaslandırılmış ərizəyə mübahisəni həll edən hakim tərəfindən, daxil olduğu gündən sonra təxirə salınmadan ayrıca icraatda baxılır, 159.2-ci maddəsinə əsasən hakim ərizəyə baxılması nəticəsi barədə qərardad çıxarır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir.İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Həmin Qanunun 50.4-cü maddəsinə əsasən borclunun əmlakı üzərinə aşağıdakı hallarda həbs qoyulur:50.4.1. tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün;50.4.2. borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Həmin Qanunun 50.9-cu maddəsinə əsasən məhkəmələrin cinayət işləri üzrə hökmlərinin, qərardadlarının və qərarlarının əmlakın alınmasına dair hissəsi icra olunarkən əmlak üzərinə həbs qoyulması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 248-254-cü maddələrində müəyyən olunmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 248-1-ci maddəsinə əsasən əmlak üzərinə həbs: 248.1.1. mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 248.1.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınmasından və mülkiyyətçiyə və ya sahibə həmin əmlak üzərində sərəncam verməyi, zəruri hallarda isə ondan istifadəni qadağan etməkdən ibarətdir; Həmin Məcəllənin 249.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur, 251.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs qoyulması haqqında qərar cinayət işi üzrə məhkəməyədək icraat zamanı müstəntiq, məhkəmə icraatı zamanı isə icra məmuru tərəfindən icra olunur. Həmin Məcəllənin 251.2-ci maddəsinə əsasən müstəntiq və ya icra məmuru əmlakın mülkiyyətçisinə və ya sahibinə əmlak üzərinə həbs qoyulması haqqında qərarı onlara təqdim edir və əmlakın verilməsini tələb edir. Bu tələbin yerinə yetirilməsindən imtina edildikdə əmlak üzərinə həbs məcburi qaydada qoyulur. Həmin Məcəllənin 252.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs qoyulması haqqında müstəntiq protokol, icra məmuru isə əmlakın siyahıya alınması haqqında protokol tərtib edir, 252.4-cü maddəsinə əsasən müvafiq protokolun surəti imza etdirilməklə üzərinə həbs qoyulmuş əmlakın mülkiyyətçisinə və ya sahibinə, onlar olmadıqda isə onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə, habelə əmlakın saxlanılmasına məsul müvafiq dövlət orqanının nümayəndəsinə verilir. İşin faktiki hallarına əsasən Cavabdeh Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi iddiaçının ölkədən gedişinə onun tərəfindən qadağa qoyulmasını və iddiaçıya məxsus “Hunday Qrandeur” markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomoblin özgəninkiləşdirilməsinə məhdudiyyət qoyulmasını inkar etməmişdir, lakin qeyd edilən hərəkətlərlə bağlı yuxarıda göstərilən qanunvericilik aktlarında sadalanan əsaslardan hər hansı birinin mövcud olmasına dair sübutları və ya məlumatları, habelə iddiaçının iştirakı ilə inzibati icraat aparılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 30 iyun tarixli 518 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Cavabdeh haqqında Əsasnamənin 3-cü bəndinə əsasən Daxili İşlər Nazirliyi: “3.1.1. ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərini müəyyən edir, cinayətlərin qarşısının alınması və açılması sahəsində profilaktika tədbirlərinin həyata keçirilməsini təmin edir;.3.1.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin, daxili işlər orqanlarının səlahiyyətlərinə aid olan işlər üzrə təhqiqatın və ibtidai istintaqın, habelə kriminalistik və başqa tədqiqatların aparılmasını təşkil edir;.. 3.1.8. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada təhqiqat, istintaq orqanlarının, məhkəmələrin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra və probasiya qurumlarının qərarlarının icrası işini təşkil edir...” Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemi haqqında» Əsasnamənin 2-ci bəndinə görə “Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi – xüsusi təyinatlı dövlət informasiya resursudur. Sistemin əsas təyinatı hüquq mühafizə və digər aidiyyəti dövlət orqanlarının səlahiyyətləri çərçivəsində fəaliyyətinin informasiya təminatından, aşağıdakı məsələlər ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılmasının həyata keçirilməsi vasitəsilə elektron xidmətlərin göstərilməsindən ibarətdir:..2.4. ölkəyə gəlişinə və ölkədən gedişinə məhdudiyyət qoyulan və ya axtarışda olan şəxslər, nəqliyyat vasitələri üzrə siyahıların aparılması, etibarsız sərhədkeçmə sənədləri üzrə yoxlamanın aparılması. Əsasnamənin 8.1-ci bəndinə görə Cavabdeh tərəfindən Sistem çərçivəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən vəzifələr aşağıdakılardır: 8.1.12. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi. Əsasnamənin 8.4-cü bəndinə görə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən Sistem çərçivəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən vəzifələr aşağıdakılardır: 8.4.4. axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunun dəyişdirilməsi. Məhkəmə qeyd edir ki, iddiaçının axtarışda olması, barəsində tutulma haqqında qərar qəbul edilməsi, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən şəxs olması, habelə avtomobilinin üzərinə həbs qoyulması barədə müvafiq qərar olması hazırda inzibati işə baxılan zaman müəyyən edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 21.1-ci maddəsinə görə Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 62.1-ci maddəsinə görə inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə (kontradiktor icraat) prinsipi əsasında həyata keçirilir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, İddiaçı ölkədən getmək hüququna qoyulmuş qadağa və iddiaçıya məxsus “Hunday Qrandeur” markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomoblin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa cavabdeh tərəfindən qoyulduğu üçün həmin qadağaların, yəni İddiaçı ölkədən getmək hüququna qoyulmuş qadağanın və həm də iddiaçıya məxsus “Hunday Qrandeur” markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomoblin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsi və bu barədə giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilmiş məlumatların silinməsi üçün Azərbaycan DİN BDYP-nin məlumat bazasında olan məlumatın silinməsinin təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı ölkədən getmək hüququna qoyulmuş qadağanın ləğv edilməsi və bu barədə giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilmiş məlumatların silinməsinin təmin edilməsi, iddiaçıya məxsus “Hunday Qrandeur” markalı ** UB *** dövlət qeydiyyat nişanlı avtomoblin özgəninkiləşdirilməsinə qoyulmuş qadağanın ləğv edilməsi üçün Azərbaycan DİN BDYP-nin məlumat bazasında olan məlumatın silinməsinin təmin edilməsi vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin üzərinə qoyulsun. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar