Məhkəmə qərarları › İş №2-1(112)-4269/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4269/2021

29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4269/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Xüsusi Şərtlərlə X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X6 (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, ümumi sığorta (əmək) stajının 15.10.2017-ci ilədək (57 yaşının tamam olan günədək) 33 il 01 ay 04 gün müddətində olmasının və bu müddətin 29 il 09 ay 21 gününün elektrik-qaz qaynaqçısı kimi “əmək şəraiti zərərli və ağır olan” iş hesab edilməsi, 15.10.2017-ci il tarixdən başlayaraq ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin hərəkətinin qanunsuz hesab edilməsi, ümumi sığorta (əmək) stajının 15.10.2020-ci ilədək (60 yaşı tamam olan günədək) 36 il 01 ay 04 gün müddətində olmasının və bu müddətdən 32 il 09 ay 21 gününün “elektrik-qaz qaynaqçısı” peşəsində “əmək şəraiti zərərli və ağır olan” işlərdə işləməyi nəzərə alınmaqla həmin tarixdən, yəni 15.10.2020-ci il tarixindən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1960-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur və hazırda 61 yaşındadır. Əmək fəaliyyətinə yeniyetmə yaşlarından başlamışdır. 01.09.1977-ci ildən 26.07.1978-ci ilədək Bakı şəhərində yerləşən 22 saylı X9 Məktəbində elektrik qaynaqçısı ixtisası üzrə əyani təhsil almışdır və 3-cü dərəcəli elektrik qaynaqçısı peşəsinə yiyələnmişdir. 02.08.1978-ci ildən 23.04.1979-cu ilədək ixtisası üzrə işləmişdir və ordu sıralarına xidmətə çağırılmışdır. 30.04.1979-cu ildən 03.07.1981-ci ilədək ordu sıralarında xidmətdə olmuşdur. Bundan sonra muxtəlif yerlərdə - 25.09.1981-ci ildən 07.06.1994-cü ilədək, 01.05.2001-ci ildən 30.08.2013-cü ilədək xarici şirkətlədə, habelə 02.09.2013-cü ildən halhazıradək "xxxx" QSC-də elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. Hal-hazıradək (01.02.2021-ci ilədək) peşə məktəbində əyani təhsil almağı və hərbi xidmətdə olmağı da nəzərə alınmaqla, ümumi əmək stajı 36 il 04 ay 02 gündür ki, bunun da 33 il 01 ay 04 günü əl ilə elektrik-qaz qaynaqçısı vəzifəsində işləmişdir. Elektrik (qaz) qaynaqçısı peşəsi “əmək şəraiti zərərli və ağır olan digər işlər" kateqoriyasına aiddir. Bu şəraitdə olan əmək stajı 57 yaşı tamam olan günə (15.10.2017-ci il tarixinədək) 29 il 09 ay 21 gün təşkil edir. Hal-hazıradək (01.02.2021-ci ilədək) isə həmin müddət 33 il 01 ay 04 gün təşkil edir. 01.01.2006-cı ilədək (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək) “əmək şəraiti zərərli və ağır'' iş şəraitində olan əmək stajı isə 18 il 00 ay 06 gün təşkil edir. 01.01.2006-cı ilədək onun artıq qanunla tələb olunan “əmək şəraiti zərərli və ağır iş şəraiti”ndə əmək stajı (12 il 6 ay) var idi, yəni həmin vaxtda 18 il 06 gün əmək stajı var idi. Lakin həmin vaxtlar onun 46 yaşı var idi və güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaşı tamam olmadığından mümkün deyildi. Həmin vaxtlarda “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla tələb olunan əmək şəraiti zərərli və ağır olan əmək stajı (12 il 6 ay) artıq 07.06.1994-cü ilədək var idi və yaş həddi 55 idi. Qeyd olunan faktlar ərizəsinə əlavə olunan sənədlərlə də tam təsdiq olunur. 57 yaşı tamam olduqdan sonra güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə şifahi qaydada müraciət etmişdir, lakin orada şifahi olaraq ona demişlər ki, ona güzəştli şərtlə pensiya almaq hüququ yoxdur. Hüquqi savadı olmadığından onlara inanmışdır. 60 yaşı tamam olanda yenidən hazırda cavabdeh olan təşkilata - Filiala müraciət etmişdir. Lakin cavabdeh qanunsuz və əsassız olaraq ona güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmişdir. Cavabdehin imtinası tam qanunsuz və əsassızdır. Belə ki, onun işlədiyi peşə, yəni “elektirik-qaz qaynaqçısı" peşəsi həm hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli, 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda, həm də əvvəlki Nazirlər Kabinetinin 21.06.1993-cii il tarixli, 320 saylı Qərarında (2 nömrəli “Siyahı”da “Ümumi peşələr”) da nəzərdə tutulmuşdur. Elektrik-qaz qaynaqçısı peşəsi üzrə yerinə yetirilən işləri həmişə əli ilə aparılmışdır və təbii ki, o da elektriklə, həm də qazla qaynaq işlərini əli ilə aparmışdır. Həmin peşələr üzrə olan təlimatlarda da işlərin əllə aparılması qeyd olunurdu, əməyin təhlükəsizliyi barədə təlimatlarda da bu faktlar qeyd olunurdu. Elektrik və qazla aparılan qaynaq işlərini sözsüz ki, nə “ayaqla”, nə də “dişlə” aparmaq mümkün deyildir. Bu faktlar hamı üçün bəlli olan faktlardır və onların yenidən sübüt edilməsinə zərürət yoxdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçı 27 oktyabr 2021-ci il tarixində Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. Filiala iddiaçının təqdim etdiyi 27 iyul 1978-ci il tarixli, ******* nömrəli əmək kitabçasında qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi onun işlədiyi peşə yuxarıda qeyd olunan əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələrinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı olmadığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-ci ildə Naxçıvan MR, Şərur rayonunda doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 30.04.1979-cu ildən 25.06.1981-ci ilə qədər (2 il 1 ay 26 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - Azərbaycan SSR Nazirlər Sovetinin X9 Təhsili Komitəsinin 5013 nömrəli attestatın surətindən görünür ki, İddiaçı 01.09.1977-ci ildən 24.07.1978-ci ilə qədər Bakı şəhəri, 22 №-li Texniki Peşə Məktəbində təhsil almış (10 ay 24 gün) və ona 3-cü dərəcəli elektrik qaynaqçısı ixtisası verilmişdir. - İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 01.09.1977-ci ildən 26.07.1978-ci ilə qədər təhsil almışdır (10 ay 26 gün), 27.07.1978-ci ildən 23.04.1979-cü ilə qədər “KƏM” Trestində elektrik qaynaqçısı (8 ay 15 gün), 30.04.1979-cü ildən 03.07.1981-ci ilə qədər Sovet ordu sıralarında xidmət etmişdir (2 il 2 ay 4 gün), 25.09.1981-ci ildən 17.09.1987-ci ilə qədər Sovet Azərbaycanının 50 illiyi adına Bakı Aqreqat İstehsalat Birliyinin 10 №-li sexində 3-cü dərəcəli elektrik qaynaqçısı (5 il 11 ay 23 gün), 28.09.1987-ci ildən 31.08.1990-cı ilə qədər “Ulduz” zavodunda 4-cü dərəcəli elektrikqaz qaynaqçısı (2 il 6 ay 4 gün), 03.09.1990-cu ildən 18.01.1994-cü ilə qədər “Xəzər” zavodunda 4-cü, 5-ci və 6-cı dərəcəli elektrik qaynaqçısı (3 il 4 ay 16 gün), 01.02.1994-cü ildən 07.06.1994-cü ilə qədər “Xəzər” kiçik müəssəsində 6-cı dərəcəli elektrik qaz qaynaqçısı (4 ay 7 gün), 01.05.2001-ci ildən 31.03.2008-ci ilə qədər AMSCO şirkətində qaynaqçı (6 il 11 ay 1 gün), 01.04.2008-ci ildən 30.08.2013-cü ilə qədər Finiks Konrekting S.A şirkətində qaynaqçı (5 il 5 ay) vəzifələrində işləmiş, 02.09.2013-cü ildən hal-hazıradək "xxxx" QSC-də qaynaqçı vəzifəsində işləyir. - “ULDUZ” Elm-İstehsalat Birliyinin 06 №-li, 04.03.2019-cu il tarixli arxiv arayışından görünür ki, İddiaçı 26.09.1987-ci il tarixində BAİB-dən köçürülmə yolu ilə Bakı ‘‘Ulduz” zavoduna 4-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsinə işə qəbul olunub. Əmr №-li 599 k 26.09.1987-ci il tarixində 31.08.1990-cı il tarixində Bakı “Ulduz” zavodundan köçürülmə yolu ilə zavodun tabeçiliyində olan Xəzər kiçik müəssisəsinə 4-cü dərəcəli elektrik qaz qaynaqçısı işinə qəbul olunub. Azərbaycan Respublikası ƏQM-nin 26-cı maddəsinin 5-ci bəndinə əsasən Əmr № 550 k 31.08.1990-cı il tarixində. 18.01.1994-cü il tarixində Xəzər KM-də köçürülmə yolu ilə ”Ulduz” EİB-nin tabeçiliyində olan BMPH zavoduna keçirilib. Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən 6-cı dərəcəli elektrik qaz qaynaqçısı işinə qəbul edilib. Əmr № 47 k 18.01.1994-cü il tarixində 10.06.1996-cı il tarixində üzrlü səbəb olmadan işə gəlmədiyinə görə Azərbaycan Respublikası ƏQM-nın 38-ci maddəsinin 4-cü bəndinə əsasən işdən azad edilib. Əmr № 56 k 10.06.1996-cı il tarixində Bakı “Ulduz” zavodunda işlədiyi illər ərzində o, sexdə metal məmulatların kəsilməsi, doğranması və qaynaq edilməsi işləri ilə məşğul olmuş, bütün fəaliyyəti dövründə elektrik qaz qaynaqçısı peşəsində çalışmışdır. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli qərarı; Ümumi peşələr 35 səh 166.) Arayışın tərtibində müəssisə üzrə əmrlər, işçinin şəxsi vərəqəsində məlumatlar əsas olaraq götürülmüşdür. - "xxxx" QSC tərəfindən Filiala ünvanlanmış TİC-20-PA-OM-021 №-li, 22.11.2020-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərardan irəli gələn müddəalara əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hühuqi verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr xüsusi bölməsi olaraq, İddiaçı aşağıdakı vəzifələrdə işləyirdi: 27.07.1978-ci ildən 23.04.1979-cu ilə qədər elektrik qaz qaynaqçısı - Stavropol trest “KEM”; 25.09.1981-ci ildən 17.09.1987-ci ilə qədər elektrik qaz qaynaqçısı- Bakı Aqreqat İstehsalat Birliyində; 28.09.1987-ci ildən 31.08.1990-ci ilə qədər elektrik qaz qaynaqçısı - Bakı “Ulduz” zavodu; 03.09.1990-cı ildən 18.01.1994-cü ilə qədər elektrik qaz qaynaqçısı - “Xəzər” Kiçik müəssisəsi; 01.02.1994-cü ildən 07.06.1994-cü ilə qədər elektrik qaz qaynaqçısı - Azərbaycan “Ulduz” Metal plastik hissələr zavodu; 01.05.2001-ci ildən 31.03.2008-ci ilə qədər qaynaqçı - AMSCO şirkəti; 01.04.2008-ci ildən 30.08.2013-cü ilə qədər qaynaqçı - FİNİKS Kontraktinq S.A.şirkətinin Azərbaycan Respublikasında filialı; 02.09.2013-cü ildən hal hazıradək qaynaqçı - Ticarət-Sənaye Şirkəti QSC. Qanunvericilikdə nəzərdə tutulmuş Ümumi peşələr xüsusi sahəsində elektrik qaz qaynaqçısı, qaynaqçı vəzifələrində işləməsi nəzərə alınaraq, həqiqətən, o, güzəştli şərtlərlə təqaüd almaq hüququna malikdir. - "xxxx" MMC tərəfindən verilmiş KŞ-118/05 №-li, 05.03.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Sovet Azərbaycanının 50 illiyi adına Bakı Aqreqat İstehsalat Birliyində (hazırkı vaxtda "xxxx" MMC) 25.09.1981-ci ildən 17.09.1987-ci ilə qədər güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququna malik olan zərərli əmək şəraitli elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. İddiaçı işlədiyi müddətdə zərərli əmək şəraitində olmuş, əlavə məzuniyyət günlərindən istifadə etmişdir. Tam iş günü ərzində “Fəhlə peşələri və işlərin vahid tarif - ixtisas sorğu kitabçası”na uyğun müxtəlif poladlardan, əlvan metallardan detal, qovşaq və konstruksiyaların qaynaq edilməsi işləri ilə məşğul olmuşdur. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən XXXİİİ bölmə “Ümumi peşələr” 23200000-19756 “kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları” (hazırkı vaxtda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən 35-ci bölmə “Ümumi peşələr” “kəsməkdə və əl ilə qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları”) müəyyənləşdirilmişdir. - "xxxx" QSC tərəfindən məhkəməyə ünvanlanmış TİC-21-PA-OM-015 №-li, 26.04.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı (AZE 0*******) zərərli iş şəraitində - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısına əsasən (fəsil XXXİİİ, bölmə “Ümumi peşələr”, kod ********) “kəsməkdə və əl ilə qaynaq işlərində məşğul olan elektrik qaz qaynaqçıları” (kod: 23200000-19756), “qaz qaynaqçıları” (kod:23200000-11620) və “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod: 23200000- 19906) (Nazirlər Kabinetinin hazırda qüvvədə olan 2007-ci il 23 yanvar tarixli 12 №-li Qərarı ilə təsdiq olunmuş Siyahısında Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları), “qaz qaynaqçıları” vəzifələrində işləmişdir. İddiaçı zərərli iş şəraitində əmək stajı belədir: 27.07.1978-ci ildən 23.04.1979-cu ilə qədər elektrik qaz qaynaqçısı - Stavropol trest “KEM”; 25.09.1981-ci ildən 17.09.1987-ci ilə qədər elektrik qaz qaynaqçısı- Bakı Aqreqat İstehsalat Birliyində; 28.09.1987-ci ildən 31.08.1990-ci ilə qədər elektrik qaz qaynaqçısı - Bakı “Ulduz” zavodu; 03.09.1990-cı ildən 18.01.1994-cü ilə qədər elektrik qaz qaynaqçısı “Xəzər” Kiçik müəssisəsi; 01.02.1994-cü ildən 07.06.1994cü ilə qədər elektrik qaz qaynaqçısı - Azərbaycan “Ulduz” Metal plastik hissələr zavodu; 01.05.2001-ci ildən 31.03.2008-ci ilə qədər qaynaqçı - AMSCO şirkəti; 01.04.2008-ci ildən 30.08.2013-cü ilə qədər qaynaqçı - FİNİKS Kontraktinq S.A.şirkətinin Azərbaycan Respublikasında fılialı; 02.09.2013-cü ildən hal hazıradək qaynaqçı - Ticarət-Sənaye Şirkəti QSC. İddiaçı zərərli iş şəraitində (“elektrik qaz qaynaqçısı” vəzifəsində) əmək stajı 13 il 04 ay 12 gün təşkil edir. “Əl ilə qaynaq aparan elektrik qaz qaynaqçıları”, “elektrik qaynaqçıları” və “qaz qaynaqçıları”nın əmək funksiyalarına aiddir: Əl ilə qaynaq işlərinin aparılması, müxtəlif metal məmulatların kəsilməsi, doğranması, dəmir, polad və əlvan metallardan detal, qovşaq və konstruksiyalarının qaynaq edilməsi və sair işlər. - Filial tərəfindən məhkəməyə ünvanlanmış 05.08.2021-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 60 yaşının tamam olduğu 15.10.2020-ci il tarixinə sözügedən Qanunun 29.1-1-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının indeksləşdirilməsini nəzərə alaraq 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14890,84 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 39097,01 manat olmaqla cəmi pensiya kapitalı 53987,85 manat təşkil edir. Adıçəkilən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq qeyd olunan tarixə ona münasibətdə 40800,00 manat məbləğində hesablanmışdır. Eyni zamanda bildirilir ki, İddiaçı hal-hazıra 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 13741,28 manat, 2006-cı ildən sonrakı dövr üçün isə 36477,13 manat olmaqla cəmi pensiya kapitalı 50218,41 manat təşkil edir. Adıçəkilən şəxsin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın, alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğum ona münasibətdə 39000,00 manat məbləğində hesablanmışdır. - İddiaçı tərəfindən Filiala ünvanlanmış 22.10.2020-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı Qanun verdikdə nəzərdə tutulan xüsusi şərtlə təyinat üzrə pensiya təyin edilməsini xahiş etmişdir. - Filialın iddiaçının 27.10.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 13 yanvar 2021-ci il tarixli, **********5 №-li məktubdan görünür ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərlı və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzıfələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların. peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’’nın ümumi peşələr bölməsində (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 27 iyul 1978-cı il tarixli, ******* nömrəli əmək kitabçada qaynaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi peşə yuxarıda qeyd olunan əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələrinə aid deyıl. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştlı şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır:

1. İddiaçının 60 yaşının tamam olması;

2. İddiaçının 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması;

4. İddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İşin araşdırılmış halları ilə müəyyən edilir ki, İddiaçı 15 oktyabr 2020-ci il tarixdə 60 yaşı tamam olmuşdur, sonuncunun 60 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən artıq, yəni 35 il 10 ay 22 gündür, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 53987,85 manat olmaqla ona münasibətdə tələb olunan 39200,00 manat məbləğində artıqdır. Göründüyü kimi iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan dörd elementdən üçü mövcuddur. İşin mübahsiəli halı iddiaçının güzəştli iş stajı ilə bağlıdır və cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd olunan qaynaqçı peşəsinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşələrinə aid olmamasını əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavədə müəyyən edilmişdir. Həmin Siyahının 2.4-cü bəndində Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İş materiallarından görünür ki, İddiaçı işlədiyi müəssisələr, yəni “Ulduz” Elm- İstehsalat Birliyi, "xxxx"xxxx"xxxx" MMC tərəfindən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışlar təqdim edilmişdir. Həmin arayışlardan göründüyü kimi İddiaçı işlədiyi “elektrik qaz qaynaqçısı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’’nın Ümumi peşələr adlanan 35-ci bölməsində nəzərdə tutulan “qaz qaynaqçıları” və “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşələrinə uyğun olmaqla güzətli iş stajı 13 il 04 ay 12 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’’nın Ümumi peşələr adlanan 35-ci bölməsində “qaz qaynaqçıları” və “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşələri nəzərdə tutulmuşdur. Belə olan halda İddiaçı 60 yaşının tamam olduğu günə güzəştli iş stajı 12 il 6 aydan artıq, yəni 13 il 4 ay 12 gün təşkil edir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı əmək fəaliyyətinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan hər dörd halın mövcud olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya 60 yaşı tamam olduğu tarixdən, yəni 15.10.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 23.1-ci maddəsinə əsasən inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. - 24.1-ci maddəsinə görə İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin hərəkətləri qanunsuz hesab edilməklə, İddiaçı 15.10.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. Cavabdehin hərəkətləri qanunsuz hesab edilsin. İddiaçı 15.10.2020-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X7 Xüsusi Şərtlərlə Təyinat X5 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar