Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4269/2024 11.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı “doğumun qeydə alınmaqla doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X4 Ağa qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı “doğumun qeydə alınmaqla doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsinə qarşı xx.xx.2020-ci il təvəllüdlü övladının doğum haqqında akt qeydinin aparılaraq doğum haqqında şəhadətnamənin veirlməsi və uşağın doğum haqqında şəhadətnaməsinin “ata adı” qrafasında atası Arif Qasımovun adının qeyd edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Türkiyə Respublikasının vətəndaşı Gülacan Nevzat ilə 26 may 2017-ci ildə rəsmi nikah qeydiyyatından keçmişdir. Lakin, nikah bağladıqdan sonra onunla ailə qurmamışdır. Bu nikahdan uşaqları yoxdur. 26 may 2017-ci il tarixində nikahları qeydə alındıqdan bir neçə gün sonra 31 may 2017-ci ildə Gülacan Nevzat Azərbaycanı tərk etmişdir və nikahları formal xarekterli olmuşdur. Belə ki, Türkiyə Respublikasının vətəndaşı olan X2 yaşadığından nikahları rəsmiləşdirildikdən sonra onu yaşadığı Almaniya Federativ Respublikasına aparmaq istəmiş, lakin, o və valideynləri razı olmadıqlarından ailə qurmaları baş tutmamış, nikahları formal xarakter daşımışdır, o, onun yaşadığı evə gəlin köçməmişdir. Qeyd etmək istəyir ki, o, Gülacan Nevzat ilə heç vaxt ər-arvad olmamışdır. Ailə qurmaları baş tutmadığından o, Nəsimi rayon qeydiyyat şöbəsinə nikahlarının ləğvinə dair ərizə ilə müraciət etmişdir. Nəsimi rayon qeydiyyat şöbəsinin xx.xx.2018-ci il tarixli məktubu ilə ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bundan sonra qeydiyyatda olduğu Goranboy Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Goranboy Rayon Məhkəməsinin 2(45)- 1428 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Dəfələrlə bu hal təkrarlanmış və nəhayət Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuş, 03 dekabr 2021-ci il tarixində ona nikahlarının ləğvinə dair qeydiyyat şəhadətnaməsi verilmişdir. Nəzərə çatdırır ki, onun öz istədiyi şəxslə faktiki nikah münasibətləri olmuş və həmin münasibətdə xx.xx.2020-ci ildə oğlan uşağı dünyaya gəlmişdir. Uşağın nikah rəsmləşdirdiyi Gülacan Nevzat ilə heç bir genetik bağlılığı yoxdur. Hamiləliyindən 2 il əvvəl onunla nikah rəsmləşdirmiş və heç vaxt ər-arvad münasibətində olmamışlar. Uşağı o, öz istədiyi və ondan heç bir tələbi olmayacağı şəxsdən dünyaya gətirmişdir. O, hazırda Bakı şəhəri, Nəsimi rayonunda azyaşlı körpəsi ilə birlikdə yaşayır. Bu faktı və faktiki olaraq Bakı şəhəri Nəsimi rayonunda azyaşlı körpəsi ilə birlikdə yaşadığını nəzərə alaraq Bakı şəhər Nəsimi rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək xahiş etmişdir ki, övladına doğum haqqında şəhadətnamə verilsin və uşağın doğum şəhadətnaməsinin ata adı qeyd olunan qrafasında onun öz atası Arif Qasımovun adını qeyd etsinlər. Bakı şəhər Nəsimi rayon qeydiyyat şöbəsi əsasız səbəblərlə müraciətinin müsbət həllindən imtina etmiş və məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Hesab edir ki, mübahisə məhkəmə qaydasında həll olunmalı, cavabdeh Bakı şəhər Nəsimi rayon qeydiyyat şöbəsinin üzərinə faktiki nikahdan doğulmuş oğluna doğum şəhadətnaməsinin verilməsi və uşağın şəhadətnaməsində atalıq qrafasında atası Qasımov Arifin adının qeyd olunması öhdəliyi qoyulması barədə qərar qəbul edilməlidir.
3. Məhkəmənin 2-1(112)-4269/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə əsl olmayan İddiaçı əsl olan iddiaçı Qasımov Arif ilə əvəz edilmişdir.
4. Sonradan iddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iş üzrə iddiaçı Qasımov Arifin əsl İddiaçı ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmşdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur. Lakin, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir yazılı münasibət (etiraz) təqdim olunmamışdır.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 18 noyabr 2023-cü il tarilxi 3-16- 5/8-1534/2023 nömrəli məktubla bildirilmişdir ki, araşdırma zamanı İddiaçı ilə N.Gülacanın xx.xx.2017-ci ildə nikaha daxil olduğu, xx.xx.2021-ci ildə nikahın pozulmasının qeydə alındığı məlum olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasının 2.8.1-ci bəndinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Göstərilənlərlə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.
9. Cavabdeh tərəfindən məhkəməyə iddiaçıya məxsus nikah haqqında və nikahın pozulması haqqında akt qeydləri məhkəməyə təqdim edilmişdir.
10. X3-Şəhadətnaməyə əsasən ailə vəziyyəti evli olan İddiaçı xx.xx.2020-ci il tarixdə kişi cinsində uşaq dünyaya gətirmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
12. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
15. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
16. Məhkəmə işdə iştirak edən iddiaçının vəkilinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
17. Belə ki, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixində Gülacan Nevzat ilə rəsmi nikaha daxil olmuş, bu barədə Nəsimi rayon qeydiyyat şöbəsində 26 may 2017-ci il tarixində 103 nömrəli akt tərtib edilmişdir. Onlar arasındakı qeydə alınmış sözügedən nikah haqqında akt qeydi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3312/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar olaraq Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixində 340 nömrə ilə qeyd edilmişdir. İddiaçı Gülacan Nevzat ilə rəsmi nikahda olduğu dövrdə, xx.xx.2020-ci il tarixində faktiki nikahda olduğu başqa şəxsdən oğlan uşağı dünyaya gətirdiyini bildirərək həmin uşağın doğumunun qeydə alınmaqla uşağın “ata bəndi” qrafasında öz atası Arif Qasımovun adının qeyd edilməsi və bu barədə müvafiq şəhadətnamənin verilməsi məqsədilə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlatının dövlət qeydiyyatı” Qaydasının 2.8.1-ci bəndinə istinad edilməklə imtina edilmişdir.
18. Məhkəmə aşağıda qeyd edilən qanunvericilin normalarına əsasən hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Qanunun 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Qanunun 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlatının dövlət qeydiyyatı” Qaydasının: - 2.8.1-ci bəndinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. - 2.9-cu bəndinə əsasən Bu Qaydanın 2.8.1 və 2.8.2-ci yarımbəndlərinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mühasibə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
21. Beləliklə qanunvericliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi, öz aralarında nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Qanunvericilik doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mühasibənin yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilməsini mümkün hesab etmişdir ki, hazırki iddiada həmin hallar mövcud deyil.
22. Göstərilən qanunvericilik aktları normasına əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
23. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
24. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
25. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
26. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
28. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X1 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
29. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmə Plenumunun 30 mart 2006-cı il tarixli, 6 saylı qərarının 2-ci bəndinin 3-cü hissəsində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
31. Həmin Məhkəmənin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
33. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
34. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
35. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva