Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4269/2025 17.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “qərarın ləğvi və əlilliyin təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona əlillik təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən qəbul edilmiş əlillik təyinindən imtina barədə xx.xx.2024-cü il tarixli 3-17-4/3-3-7410/2024 saylı qərarın ləğv edilməsi və həmin tarixdən ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ordu sıralarında xidmət etmiş, Cəbrayıl rayonunun müdafiəsi zamanı Hərəkül postunda ağır yaralanmışdır. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə şəhadətləndirilərək diaqnozu “Hərbi travmadır, Azərbaycan Respublikasını müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. İddiaçı xx.xx.2017-ci tarixdə cavabdeh qurumun müvafiq komissiyası tərəfindən müayinə olunmuş, özlərinin tərtib etdikləri rəyə əsasən ona “Eşitmənin neyrosensor tipli 2 tərəfli itirilməsi” kimi göstərilməklə: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik (2-ci qrup) təyin edilmişdir. xx.xx.2003 tarixli müayinənin nəticəsi olaraq iddiaçıya 1 illik (3-cü qrup) ümumi səbəbdən hər 2 qulağın eşitməməsinə görə əlillik təyin olunmuş, aşkar xəsarətlər mülki xəstəlik kimi qiymətləndirilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında izahat verərək bildirdi ki, iddiaçıya aid göndərişdə ona əsas diaqnoz olaraq qoyulan “T90” kodu müvafiq orqanın xx.xx.2023-cü il tarixli, 187 nömrəli qərarı əsasında əlilliyin təyin edilməsi üçün əsas olan xəstəliklər siyahısından çıxarılmışdır. Digər ağırlaşmalar isə iddiaçıya əlilliyin təyin edilməsi üçün əsas deyil. Qeyd edilənlərə əsasən nümayəındə iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator Kitabçadan (xəstəlik tarixindən) xx.xx.2024-cü il tarixli 12445007 №-li çıxarışdan görünür ki, iddiaçıda əsas xəstəlik “Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları” və yanaşı xəstəlik “kəkələmə” müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər X2-psixiatr komissiyasının xx.xx.2022-ci il tarixli 215/1355 nömrəli rəyindən müəyyən edilir ki, iddiaçıda “Baş-beyin zədələnməsi (keçirilmiş qapalı kəllə-beyin travması) nəticəsində üzvi şəxsiyyət və davranış pozuntuları, tez-tez təkrarlanan qıcolma tutmaları ilə F07.8” diaqnozu qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1993-cü ildə aldığı və Cəbrayıl rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma, travma – diaqnoz: “Qapalı kəllə-beyin travması, beyin silkələnməsi. Sağ alın, sağ bilək, sol əlin ovuc nahiyyəsinin qəlpə yaraları. Üzün sol yarısının küt travması, hematoması, almacıq sümüyünün sınığı” hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron portalından çıxarışa əsasən iddiaçıya tibbi göndərişdə qoyulmuş diaqnoz “keçirilmiş QKBT, baş-beyin sirkələnməsinin qalıq əlamətləri, posstravmatik ensefalopatiya, tez-tez təkrarlanan hipertenzion vestibulyar krizlər, kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Posstravmatik stess pozuntusu. Baş-beynin travmatik ensefalopatiyası, serebro-astenik sindrom. Üzvi mənşəli şəxsiyyət pozuntusu, kobud davranış və yaddaş zəifliyi, anamnezidə qıcolma tutmaları, kəkələmə ilə. Posttravmatik ensafalopatiya, tez-tez təkrarlanan hipertenzion vestibulyar krizlərlə. Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi. Sol qulaqda 4-cü dərəcə, sağ qulaqda 3-cü dərəcə neyrosensor tip ağıreşitmə. Hipertenziya xəstəliyi İİ dərəcə” müəyyən edilmiş və xx.xx.2024-cü il tarixli qiymətləndirmə çıxarışına əsasən iddiaçıya diaqnoz əlillik əlamətlərini təyin etməməsi səbəbindən əlilliyin müəyyən edilməsindən imtina edilmişdir. xxxxxxx0002 nömrəli, xx.xx.2017-cü il tarixli tarixli akta əsasən iddiaçıya əlilliyinin təyin edilməsindən imtina edilmişdir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması. xxxxxxx0005 nömrəli, xx.xx.2017-ci il tarixli tarixli akta əsasən iddiaçıya ilkin müayinə zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə əlillik təyin edilmişdir. xxxxxxx0006 nömrəli, xx.xx.2022-ci il tarixli tarixli akta əsasən iddiaçıya əlilliyinin təyin edilməsindən imtina edilmişdir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: göndərişin natamam doldurulması. xxxxxxx0007 nömrəli, xx.xx.2023-cü il tarixli tarixli akta əsasən iddiaçıya təkrar müayinə zamanı ümumi xəstəlik ilə əlaqədar 1 il müddətinə əlillik təyin edilmişdir. xxxxxxx0008 nömrəli, xx.xx.2024-cü il tarixli tarixli akta əsasən iddiaçıya əlilliyinin təyin edilməsindən imtina edilmişdir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: diaqnoz əlillik əlamətləri təyin etməməsi. Məhkəmənin xx.xx.2025-cü il tarixli qərardadı ilə iş üzrə kompleks (məhkəmə-tibbi və məhkəmə-psixiatrik) ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X6 T233/2025 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan tibbi sənədlərə əsasən iddiaçıya xx.xx.2024-cü il tarixində “ATU-nun X4”nda medikamentoz yuxu altında aparılan BERA testi zamanı “Sol qulaqda 4-cü dərəcə, sağ qulaqda 3-cü dərəcə neyrosensor tip ağıreşitmə” diaqnozu müəyyən edilmişdir. İddiaçı 18.11-xx.xx.2019-cu il və 07.05-xx.xx.2021-ci il tarixlərdə müvafiq olaraq “26 saylı Bakı şəhər xəstəxana”sı və “Müharibə veteranlarının Respublika Xəstəxana”sında “(Durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan başlıca olaraq ürəyin zədələnməsi ilə gedən hipertenziv (hipertoniya) xəstəlik(-yi)” diaqnozu ilə müalicələrdə olmuşdur. Demək o, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 1804 saylı, xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, iddiaçıda üzvi (keçirilmiş kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu kobud davranış və yaddaş zəifliyi, anemnezində qıcolma tutmaları, kəkələmə ilə (F07.0) aşkar olunur. Qərardadın 2 və 3-cü suallarına cavab olaraq qeyd olunan meyar bilavasitə əmək ekspertizasına aid olduğundan məhkəmə-psixiatrik ekspertizası tərəfindən cavablandırılmır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində ona qərarın ləğvi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina aktından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir (1.1). Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir (1.2.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir (1.1). Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir (1.2.). TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir (1.3.). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir (1.4.). Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir (1.7.). Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır (2.1.). Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda (3.1.). Göründüyü kimi iddiaçıya ilk dəfə 2017-ci ildə 5 il müddətinə, 2023-cü ildə 1 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. 2024-cü ildə iddiaçı sonuncu dəfə tibbi göndəriş alaraq cavabdehə müraciət etmiş, lakin ona əlillik dərəcəsinin təyin edilməsindən “diaqnoz əlillik əlamətləri təyin etməməsi” səbəbindən imtina edilmişdir. Bundan sonra Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı barəsində diaqnoz əlillik əlamətləri təyin etmir barədə qərar qəbul edilmişdir. Qeyd edilməlidir ki, şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün onda yalnız əlillik təyinatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulmuş xəstəliklərin olması kifayət deyildir. Həmin xəstəliklərin qeyd olunan “Meyarlar”ın müvafiq yarımbəndlərində nəzərdə tutulmuş ağırlaşmalara səbəb olması şəxsə əlillik təyinatına əsas verə bilər. İşdən göründüyü kimi İddiaçı Bera testi nəticəsində müəyyən olunmuş “sol qulaqda 4-cü dərəcə, sağ qulaqda 3-cü dərəcə neyrosensor tip ağır eşitmə”, həmçinin tibbi göndərişdə qoyulmuş “Hipertenziya xəstəliyi İİ dərəcə” diaqnozları (tibbi) və “Keçirilmiş QKBT, baş-beyin silkələnməsinin qalıq əlamətləri, posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan hipertenzion vestibulyar krizlər, kəskin ifadə olunmuş asteno-nevrotik sindrom. Posttravmatik stress pozuntusu. Baş beynin travmatik ensefalopatiyası, serebro-astenik sindrom. Üzvi mənşəli (İ Qarabağ müharibəsi zamanı alınmış KBT) şəxsiyyət pozuntusu, kobud davranış və yadsaş zəifliyi, anemnezində qıcolma tutmaları, kəkələmə ilə. Posttravmatik ensefalopatiya, tez-tez təkrarlanan hipertenzion vestibulyar krizlərlə” diaqnozlarının (psixiatrik) hal-hazırda onda müşahidə olunub-olunmamasının aydınlaşdırılması üçün iş üzrə kompleks (məhkəmə-tibbi və məhkəmə psixiatrik) məhkəmə ekspertizası təyin edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatlarına dair ekspert rəylərində iddiaçının qeyd olunan xəstəliklərdən əziyyət çəkməsinin istisna edilmədiyi, lakin, ekspert rəylərində həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022ci il tarixli Qərarı ilə təstiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın hər hansı bəndinə uyğun gəlib-gəlməməsi və ağırlaşmalara səbəb olmasının aydınlaşdırılmasının ekspertizanın səlahiyyətlərinə aid olmadığı qeyd edilmişdir. İş üzrə ekspert rəylərində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan mövcudluğunun istisna edilmədiyi bildirilmişdir. Məhkəmə hesab edir ki, ekspert iddiaçıda həmin diaqnozların mövcudluğunu bildirsə də, həmin diaqnozların “Əlilliyin müəyyən olunması meyarları”na uyğunluğu və müvafiq ağırlaşmalara səbəb olub-olmaması barədə rəy verməkdən imtina etmişdir. Bu hal isə iddiaçının xeyrinə şərh edilməlidir. Belə ki, məhkəmə tərəfindən qərar qəbul edilməsi üçün əsas sübut qismində çıxış edən ekspert rəylərində məsələnin bir hissəsinə qiymət verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. İPM-də göstərilmişdir ki, İnzibati məhkəmə icraatında məhkəmə ekspertizası ilə bağlı məsələlərin tənzimlənməsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.6.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən qəbul edilmiş əlillik təyinindən imtina barədə xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-7410/2024 saylı qərar ləğv edilsin və həmin tarixdən İddiaçı əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-4269/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4269/2025
17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver