Məhkəmə qərarları › İş №2-1(112)-4270/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4270/2025

16.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4270/2025 16.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2024-cü il tarixli ********** nömrəli ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Mustafa Kama! Atatürk prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının A4 korpusunun 2-ci mərtəbəsində yerləşən mənzil üzərində hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli **********51 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti, məhəllə 3078A ünvanında.inşa edilmiş çoxmərtəbəli yaşayış binasının A4 korpusunun 2-ci mərtəbəsində yerləşən mənzilin nömrəsi qeyd olunmaqla müvafiq mənzilə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiq edilmiş hüquqmüəyyənedici sənədlərin əsilləri ilə “ASAN Xidmət” Mərkəzlərinə müraciət ediləcəyi təqdirdə ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı adına olan Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 3078A məhəlləsinin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasının A4 blokunun 2 (ikinci) mərtəbəsində yerləşən, faktiki yaşayış sahəsi 79.0 kv.m (3 otaqdan ibarət), ümumi sahəsi 131.8 kv.metr olan mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatı aparılmaqla adına olan mənzilə elektron çıxarış və yaşayış sahəsinin plancizgisini əks etdirən texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti 3078A məhəlləsinin şimal hissəsində 0,553 ha torpaq sahəsində inşa edilmiş çoxmərtəbəli yaşayış binasından xx.xx.2003-cü il tarixində tərəflər arasında bağlanmış № 195 nömrəli alqı-satqı müqaviləsi ilə (mahiyyət etibarı ilə podrat olan) tam şəkildə mənzilin dəyərini, ********* manata, yəni həmin vaxt qüvvədə olan rəsmi məzənnənin kursuna əsasən qarşılığında 29022 ABŞ dollarına həmin binanın A4 korpusu, 2 (ikinci) yaşayış mərtəbəsində 3 (üç) otaqdan ibarət, ümumi sahəsi müqavilədə göstərilənlərə əsasən 145,11 kvadrat metr təşkil edən mənzili almışdır. Mənzilin yerləşdiyi binanın inşasına "xxxx" tərəfindən təxminən 2002-ci illərin əvvəllərindən başlansa da, MMC-nin rəhbərinin və vəzifəli şəxslərinin öz öhdəliklərini vaxtında yerinə yetirməməsi səbəbindən binadan tam şəkildə dəyərini ödəməklə mənzil əldə etmiş vətəndaşların mənzilə olan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Daha sonralar binanın sakinləri könüllü şəkildə müştərək cəmiyyət yaradaraq binanın tamamlanması və yaşayışa yararlı vəziyyətə gətirilməsi üçün ödəməli olmadıqları halda topladıqları əlavə vəsait hesabına binanın tikintisini yekunlaşdırmışlar və bina istismara qəbul edilməklə dövlət orqanlarında qeydiyyata alınmışdır. Belə ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazə sənədinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu. Atatürk prospekti, məhəllə 3078A; 8 girişli: 2 girişi zirzəmili, kürsülü, 17/18 mərtəbəli (Blok A2 və A5); 2 girişi zirzəmili, kürsülü, 18 mərtəbəli (Blok E və A3); 2 girişi zirzəmili, kürsülü, 19 mərtəbəli (Blok B və A4); 2 girişi zirzəmili, kürsülü, 17 mərtəbəli (Blok C və D) yaşayış binası Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş müsbət rəy nəzərə alınaraq xx.xx.2020-ci il tarixdə binanın istismarına icazə verilmişdir. İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qüvvədə olan “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, inzibati orqana müraciət etmə hüququndan istifadə edərək, xx.xx.2024-cü ıl tarixdə ərizə və hüquqmüəyyənedici digər sənədlər ilə cavabdeh quruma müraciət edərək, İddiaçı adına olan sözügedən yaşayış sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyatı aparılmaqla adına olan mənzilə elektron çıxarış və yaşayış sahəsinin plan-cizgisini əks etdirən texniki pasportun verilməsini xahiş etmişdir. Lakin iddiaçının müraciətinə baxılmasına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri phş 1 saylı Bakı Ərazi idarəsindən 21 10.2024-cü il tarixdə alınmış məktubunda, cavabdeh qurum qanunvericiliklə səlahiyyətinə aid edilmiş məsələyə baxmalı olduğu təqdirdə, müraciətə qanunamüvafiq qaydada baxıb qərar qəbul edilməsindən və icrasından imtina etmiş və sözügedən məsələ ilə bağlı “Asan Xidmət” Mərkəzlərinə müraciət etməli olduğumuz vurğulanmışdır. Cavabdeh qurumun “Asan Xidmət" Mərkəzlərində olan əməkdaşlarına müraciət edildikdə isə sözügedən məsələyə baxılmasından imtina edilmiş və müraciətin nəticəsinə dair yazılı formada heç bir cavab verilməmişdir. Cavabdeh inzibati qurumun müraciətin icrasından imtinası əsassız və qanunsuzdur. Belə ki, iddiaçı vaxtilə mənzili əldə edərkən müqavilədə göstərilən məbləği tam şəkildə "Xudafərin MMC”-nin bank hesabına ödəyərək mənzili əldə etmiş və bu günə kimi heç bir borcu yoxdur. İş materiallarına əlavə olunmuş kassa mədaxil orderi buna əyani sübutdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş etmiş və bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti, məhəllə 3078A ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının A4 korpusunun 2-ci mərtəbəsində yerləşən mənzilin nömrəsi qeyd olunmaqla müvafiq mənzilə dair "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiq edilmiş hüquqmüəyyənedici sənədlərin əsilləri ilə “ASAN Xidmət” Mərkəzlərinə təqdim ediləcəyi təqdirdə ərizəyə qanunamüvafiq qaydada baxılacaqdır. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman mənzilin faktiki ümumi sahəsinin 131,8 kv.m təşkil etdiyi, həmçinin mənzilin daxilində rekonstruksiya işlərinin aparıldığı, o cümlədən ümumi istifadədə olan dəhlizin bir hissəsinin (7,5 kv.m) iddiaçının istifadəsində olduğu məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdilər və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzilə mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2003-cü il tarixli, 195 nömrəli müqavilədən görünür ki, icraçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Atatürk prospekti 3078 “a” məhəlləsinin şimal hissəsində 0.553 ha torpaq sahəsində inşa edilmiş yaşayış binasında A4 korpusunun 2-cı mərtəbəsində yerləşən 3 otaqdan ibarət ümumi sahəsi 145,11 kv.m, yaşayış sahəsi 79.16 kv.metr olan mənzili alıcı İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən mənzilin hər kv.metrinin dəyəri 200 ABŞ dolları həcmində qiymətləndirilməklə 29022 ABŞ dolları təşkil edir. xx.xx.2003-cü il tarixli kassa mədaxil orderi qəbzlərinə əsasən iddiaçı müvafiq mənzilin dəyərini (142.207.800 manat) "xxxx" MMC-yə ödəmişdir. Binəqədi-21 Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsində yerləşən yeni yaşayış binasında A4 Korpusu 2-ci mərtəbədə 3 saylı mənzildə yaşayır. Binəqədi-21 Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Atatürk prospekti 3078A məhəlləsində yerləşən yeni yaşayış binasında A4 korpusu 2-ci mərtəbəsində olan 3 otaqdan ibarət umumi sahəsi 145,11 kv.m olan 3 saylı mənzilin ümumi dəyərini tam ödəməmişdir və borc yoxdur. xx.xx.2020-ci il tarixli, 350 nömrəli istismara icazə sənədindən görünür ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A ünvanında inşa edilmiş 8 girişli çoxmərtəbəli yaşayış binasının istismarına icazə verilmiş, sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) kimi "xxxx" MMC göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, mənzilin faktiki yaşayış sahəsi 79.0 kv.m (3 otaq), ümumi sahəsi 131.8 kv.m+7.5 kv.m təşkil edir. Belə ki, ümumi istifadədə olan dəhlizin bir hissəsi (7.5kv.m) iddiaçının istifadəsindədir. Əlavə olaraq qeyd edirik ki, mənzil təmirlidir və daxilində rekonstruksiya işləri aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixli istismara icazə sənədində ünvan 4 ünvanda inşa edilmiş binada mənzillərin sayı 288 ədəd qeyd edilmişdir. xx.xx.2025-cü il tarixə olan məlumata əsasən ünvan 4 ünvanda inşa edilmiş binada 198 ədəd mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. 58 ədəd mənzil "Xudafərin” MMC tərəfindən verilmiş maliyyə arayışına və müqaviləyə əsasən, digər mənzillər məhkəmə qərarı əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçı hazırda dəyərini ödədiyi mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydə alınaraq çıxarış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 8.0.9 və 8.0.9.2-ci maddələrinə əsasən isə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə qeyd edir ki, xx.xx.2003-cü il tarixli 195 nömrəli müqavilədə tərəflərin necə adlandırmasından asılı olmayaraq həmin müqavilə öz hüquqi təbiətinə görə podrat müqaviləsidir. Belə ki, əgər şəxs yeni inşa olunan çoxmənzilli yaşayış binasında mənzil yaxud qeyri-yaşayış sahəsi əldə etmək istəyirsə və bu arzusunu reallaşdırarkən hər hansı səbəbdən MTK ilə MMC-ni fərqləndirə bilmirsə, onun niyyəti kooperativ üzvü kimi hərəkət edərək, yaşayış (qeyri-yaşayış) sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına müvafiq binanın tikilməsində iştirak etməkdirsə, bu halda onların bu niyyətinə üstünlük veriməli və yeni inşa edilən çoxmənzilli MMC binalarında yerləşən mənzillərə MTK yaşayış evlərində yerləşən mənzillər kimi yanaşılmalıdır (mövcud məhkəmə təcrübəsi də bu istiqamətdə formalaşmışdır). İşin yuxarıda sadalanan hallarına əsasən aydın olur ki, mübahisəli mənzilin tikintisinin sifarişi üzrə xx.xx.2003-cü il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında müqavilə bağlanmış, mənzilin dəyəri iddiaçı tərəfindən ödənilmiş və bu barədə maliyyə arayışı verilmişdir. Binanın tikintisi sonradan tam şəkildə başa çatdırılmışdır. Bu da iddiaçının kooperativ üzvü kimi hərəkət etdiyinə, yaşayış sahəsinə olan ehtiyacının ödənilməsi üçün öz vəsaiti hesabına binanın tikilməsində iştirak etdiyini göstərir. Belə olan halda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1 və 8-ci maddələri ilə tələb olunan mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının təqdim olunmamasının məsuliyyəti iddiaçıya aid edilə bilməz. Buna görə də hazırkı iş üzrə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2003cü il tarixli müqavilə iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənəd qismində qəbul edilməli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinin oxşar münasibətləri tənzimləyən norma kimi hazırkı iddiaya tətbiq edilməlidir. Cavabdehin istinad etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təsdiq edilmiş hüquqmüəyyənedici sənədlərin əsillərinin təqdim edilməsinə gəldikdə, işdən görünür ki, iddiaçı hüquqmüəyyənedici sənədlərin əsillərini təqdim etmişdir. Mənzildə daxili rekonstruksiya işlərinin aparılmasına gəldikdə, cavabdeh tərəfindən tərtib edilmiş müayinə aktından görünür ki, bu işlər binanın konstruksiyasına zərər vurmayan işlər olmuş, iddiaçı ümumi istifadədə olan dəhlizin qeydiyyatını tələb etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək qeyd edilən əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur, buna görə də iddia tələbi təmin olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X1 prospekti, məhəllə 3078A ünvanında yerləşən yaşayış binasının A4 korpusunun 2-ci mərtəbəsindəki ümumi sahəsi 131.8 kv.metr olan 3 otaqdan ibarət mənzilinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar