Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4271/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi ilə tərəflərin və üçüncü şəxsin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X6) «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qarşı «yaşayış sahəsindən qeydiyyatdan çıxarılma» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, 9 saylı evin 4 saylı mənzili İddiaçı mülkiyyətindədir. Həmin mənzili o, 7 oktyabr 2021-ci il tarixdə alqı-satqı yolu ilə əldə etmişdir. Bununla bağlı ona 16 oktyabr 2021-ci il tarixdə qeydiyyat vəsiqəsi (reyestrdən çıxarış) verilmişdir. İddiaçıya məxsus olan həmin mənzildə evin keçmiş sahibi və onun övladı qeydiyyatdadırlar. Mənzilin alqı-satqısından sonra həmin şəxslər oradan getmişlər və əmıkalarını da aparmışlar. Onların hazırda hansı ünvanda yaşamaqları məlum deyil və qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət edilməsi məsləhət görülür. Buna baxmayaraq, həmin şəxslər bu vaxtadək iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxmamışlar. Bunun nəticəsində də iddiaçının hüququ pozulur, iddiaçı onların əvəzinə kommunal xərcləri ödəmək məcburiyyətində qalmışdır. İddiaçının mülkiyyəti üzərində qanunla qorunan istifadə, sərəncam vermək hüquqları pozulur. İddiaçı həmin şəxsləri axtarmağa cəhd etsə də, nəticəyə nail olmamışdır. Bununla əlaqədar onların mənzildən istifadı hüququnun itirilmiş hesab edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İddiaçı məsələ ilə bağlı Rayon Polis İdarəsinə müraciət etmiş, lakin İdarədən məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 149, 150-ci maddələrinə əsaslanaraq, məhkəmədən X3 və X5 iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, 9 saylı evin 4 saylı mənzilindən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə olunması barədə qərar çıxarılması xahiş olunur. İPM-in 28.1-ci maddəsinə görə iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat verilmişdir. Tərəflər və üçüncü şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, 7 oktyabr 2021-ci il tarixdə satıcı X7 ilə alıcı İddiaçı arasında notarial qaydada təsdiqlənməklə alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında satıcı X8 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, 9 saylı evin 4 saylı mənzilini sonuncudan müvafiq məbləğdə pul vəsaiti almaqla alıcı İddiaçı Şıxqayıb qızının mülkiyyətinə vermişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 16 oktyabr 2021-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, 9 saylı evin 4 saylı mənzili daşınmaz əmlakın Dövlət reyestrində İddiaçı Şıxqayıb qızının mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan “ASAN 3” Xidmət Mərkəzinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” ******* nömrəli 25 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, 1985-ci il təvəllüdlü X7 və 2006-cı il təvəllüdlü X9 Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, 9 saylı evin 4 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən X1 (İddiaçı nümayəndəsinə) ünvanlanmış 12 noyabr 2021-ci il tarixli məktubda aşağıdakılar bildirilir: - Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ünvanlanmış müraciətə İdarə tərəfindən baxılmışdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəsini almış qətnamə əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İddiaçı Şıxqayıb qızının mülkiyyətində olan Yasamal rayonu, H.Cavid küçəsi, 9 saylı evin 4 saylı mənzilindən 1985-ci il təvəllüdlü X3 və 2006-cı il təvəllüdlü X4 qeydiyyatdan çıxarılması ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət oluna bilər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin müvafiq sorğuya cavab olaraq Bakı İnzibati Məhkəməsinə ünvanlanmış 21 dekabr 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, 9 saylı evin 4 saylı mənzilinə dair ********** qeydiyyat nömrəli çıxarışın və onun verilməsinə əsas olmuş sənədlərin surəti təqdim edilir (məktuba əlavə olunur) və məhkəmənin diqqətinə çatdırılır ki, həmin mənzil üzərində sorğuda sadalanan şəxslərin (X7 və X9) istifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer – onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə – yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən başqa ölkədə yaşayış yeri seçdikdə – müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən, ömürlük azadlıqdan məhrum edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə – ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə – məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu bəndində (birinci abzasında və birinci bəndində) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Azərbaycan Respublikasının 8 dekabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”nin 14-cü bəndinə əsasən vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixdə qərara almışdır ki: - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir; - «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; - Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyat çıxarılması üçün halları müəyyən etmiş və “şəxsin yaşayış yerini dəyişməsi” və “şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” belə hallara aiddir. Nəzərə alınmalıdır ki, şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasının qanunvericiliklə müəyyən edilmiş digər əsasları hazırkı mübahisə ilə uzlaşmır və belə əsasların iş üzrə müəyyən edilməsinin yoxlanılmasına zərurət yaranmır. Lakin hazırkı işin hallarından məlum olur ki, X7 və X10 hazırkı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, 9 saylı evin 4 saylı mənzilinə hüquqlarının olmasına dair nə cavabdeh, nə də üçüncü şəxs tərəfindən hər hansı sübut, dəlil təqdim edilmədiyindən, onun belə hüququnun mövcudluğu müəyyən edilmir. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, 9 saylı evin 4 saylı mənzilində X7 və X10 yaşamadıqlarından (bu hal cavabdeh tərəfindən təkzib olunmur), cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən həmin evin mülkiyyətçisi kimi hazırkı iddiaçının müraciəti əsasında adıçəkilən şəxsin sözügedən yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasından imtina olunması qanuna zidd sayılmalı və iddiaçının mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, 9 saylı evin 4 saylı mənzilindən X3 və X5 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, 9 saylı evin 4 saylı mənzilindən X3 və X5 qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-4271/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4271/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver