Məhkəmə qərarları › İş №2-1(112)-4271/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4271/2024

21.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4271/2024 21.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinə qarşı “kompensasiya və mənəvi zərərin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinə qarşı “kompensasiya və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı cavabdehin üzərinə ona 11000 (on bir min) manat kompensasiyanın və 3000 manat mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 2022-ci ilin aprel çağırışına cəlb edilərək çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri instrumental və laborator müayinələrdən keçirilmiş, o, cümlədən xx.xx.2022-ci il tarixdə 26 nömrəli Şəhər Poliklinikasında USM həkimi Sevda Rəhimova tərəfindən müayinə olunaraq barəsində “sol böyrəyin çətin izlənməsi” diaqnozu təyin edilmişdir. Bundan sonra, akademik C.Abdullayev adına X1 “Sağlamlıq vəziyyətinin müəyyən edilməsi” aktına əsasən ona revmatizm, qeyri-fəal mərhələ, diaqnozu qoyulduğundan “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”-nin “Xəstəliklər cədvəlinin” müvafiq maddəsinə əsasən sıradankənar hərbi xidmətə yararlı hesab edilmişdir. Xidmətin Bakı şəhəri Nizami rayon İdarəsinin Hərbi həkim Komissiyasının sədri olan X8 onun sol böyrəyində problemi olub-olmamasını araşdırmaq üçün əlavə tibb müayinələrinə cəlb etməmiş, nəticədə o, hərbi xidmətə yaralı hesab edilərək xx.xx.2022-ci il tarixdə təyin edildiyi hərbi hissəyə təhvil verilmişdir. O, xx.xx.2023-cü il tarixdə AR Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının cərrahi profilli hospital Hərbi Həkim Komissiyası tərəfindən şəhadətləndirilmiş və “Hərbi Həkim Ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəlinin” 80 B maddəsinə (diaqnoz: anadangəlmə inkişaf qüsuru, sol böyrəyin hipoplaziyası, ifrazat funksiyasının olmaması ilə, açıq qayıqvari oynaqların osteartrozu ilə fəsadlaşmayan hər iki ayağın İİ dərəcəli boylama yastıayaqlığı, sol ağciyərin aşağı payının orta ağır dərəcəli krupoz pnevmanivasindan sonrakı vəziyyət) əsasən “dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək ordu sıralarından tərxis edilmişdir. Sol böyrəyinin inkişafdan qalmasına baxmayaraq həmin məsələ ilə bağlı ona heç bir məlumat verilməmiş, sağlamlığındakı digər problemlər barədə məlumat verilsə də, onları nəzərə alaraq könüllü olaraq sıradan kənar hərbi xidmətə cəlb edilmişdir. Sonradan daha dəqiq desək, hərbi xidmət zamanı pnevmaniya xəstəliyinə tutulduqdan sonra onu hospitala yerləşdirmişlər, müayinələr zamanı sol böyrəyinin görünmədiyi, daha dəqiq inkişafdan qaldığı bəlli olmuşdur. Buna baxmayaraq 11 ay hərbi xidmətdə olmuşdur. Buna görə də, hesab edir ki, hər ay üçün 1000 manat olmaqla, ona 11 000 manat ziyan dəymişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq iddia predmeti ona cavabdehin 11 000 manat dəyən ziyanın və 3000 manat mənəvi ziyanın ödənilməsidir. Belə ki, 11 ay hərbidə olma müddətimin hər ayı üçün 1000 manat ödənilməli olduğunu hesab edir, dəymiş mənəvi ziyanı isə 3000 manat qiymətləndirir. Nəticədə pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməli olmuşdur. Dəymiş maddi ziyanın qarşılanması ilə bağlı cavabdehə etdiyi müraciətlərin heç bir müsbət nəticəsi olmamışdır.

3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsi ilə əvəz edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraat qəbul edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddia ərizəsindən görünür ki, iddiaçıya vurulmuş mənəvi ziyan əvəzi olaraq 14 000 (on dörd min) manat pulun alınıb ona ödənilməsini tələb edir. İddia ərizəsindən müəyyən edilir ki, iddiaçı ona kompensasiya verilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tələb edir, halbuki iddiaçı Bakı şəhəri Nizami rayon İdarəsi tərəfindən müddətli həqiqi xidmətə çağırılmış və bu iş üzrə cavabdeh həmin idarə olmalıdır.

7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

8. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

9. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli 3-43/94/2-M-743/41/23 nömrəli məktuba əsasən bildirilmişdir ki, 2022-ci ilin aprel çağırışı zamanı qeydiyyatda olduğunuz Xidmətin Bakı şəhəri, Nizami rayon idarəsinin çağırış komissiyası tərəfindən tibbi müayinələrdən (qanın, sidiyin ümumi analizləri, EKQ, USM və döş qəfəsi orqanlarının flüoroqrafik müayinələri) keçirilmiş və səhhəti ilə bağlı Akademik C.M.Abdullayev adına X3 əlavə müayinəyə göndərilmişdir. Aparılmış müayinə nəticələrinə əsasən Xidmətin Mərkəzi hərbi həkim komissiyasında şəhədətləndirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin İ qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlıdır” hesab edilərək, xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə göndərilmiş və xx.xx.2023-cü il tarixdə vaxtından əvvəl ehtiyata buraxılmışdır. Bildirilmişdir ki, onun ordu sıralarından vaxtından əvvəl ehtiyata buraxılmasınnın səbəb əlaqəsi “Ümumi xəstəlikdir”, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir (əsas: Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının xx.xx.2023-cü il tarixli 130 nömrəli “X11”). Nəzərə çatdırılmışdır ki, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sığorta hadisələri və ödənişləri baş vermə səbəbindən (hərbi qulluqçu xidmətdə olduğu zaman həlak olduqda, yaralandıqda, xidməti vəzifəsini yerinə yetirərkən xəstələndikdə və s.) asılı olaraq 3 (üç) il müddətində sığorta olunana əlillik təyin olunduqda verilir. Bu səbəbdən əmək qabiliyyətinin müəyyən edilməsi məqsədi ilə onun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərazi üzrə tibbi-sosial ekspert komissiyasına müraciət etməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur. Eyni zamanda, rayon (şəhər) çağırış komissiyalarının işində yerli icra hakimiyyəti başçılarının qərarı ilə dövlət səhiyyə müəssisələrində çalışan həkim mütəxəssislər iştirak edir (ezam edilir) və çağırışa cəlb olunan çağırışçıların tibbi müayinədən keçirilməsini və şəhadətləndirilməsini həmin həkim mütəxəssislər yerinə yetirirlər.

10. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iddiaçının valideyni P.Qəribovanın müraciəti ilə əlaqədar ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-43-94/2-Q-301/19/23 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, oğlu İddiaçı 2022ci ilin aprel çağırışına cəlb edilərək çağırışçılar üçün nəzərdə tutulmuş bütün zəruri instrumental və laborator müayinələrdən keçirilmiş, o cümlədən xx.xx.2022-ci il tarixdə 26 nömrəli şəhər poliklinikasında USM həkimi Sevda Rəhimova tərəfindən müayinə olunaraq ona “sol böyrəyin çətin izlənməsi” diaqnozu təyin edilmişdir. Bundan əlavə akademik C.Abdullayev adına X2 “Sağlamlıq vəziyyətinin müəvvən edilməsi aktı”na əsasən T Məmmədova “Revmatizm, qeyri fəal mərhələ” diaqnozu qoyulduğundan “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin müvafiq maddəsinə əsasən “sıradankənar hərbi xidmətə yararlı” hesab edilmişdir. Xidmətin Bakı şəhəri Nizami rayon idarəsinin Hərbi həkim komissiyasının sədri olan cərrah X10 Məmmədovun sol böyrəyində problemin olub-olmamasını araşdırmaq üçün əlavə tibb müayinələrə cəlb etməmiş, nəticədə sonuncu hərbi xidmətə yararlı hesab edilərək xx.xx.2022-ci il tarixdə təyin olunduğu hərbi hissəyə təhvil verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının cərrahiyə profilli hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin “Xəstəliklər cədvəli”nin 80 “b” maddəsinə (diaqnoz: Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin hipoplaziyası, ifrazat funksiyanın olmaması ilə. Aşıq-qayıqvari oynaqların osteartrozu ilə fəsadlaşmayan hər iki ayağın İİ dərəcəli boylama yastıayaqlığı. Sol ağciyərin aşağı payının orta ağır dərəcəli krupoz pnevmoniyasından sonrakı vəziyyəti) əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı” hesab edilərək ordu sıralarından tərxis edilmişdir. Yuxarıda qeyd olunan nöqsanlara görə Hərbi həkim komissiyasının sədri Rauf Allahverdiyevin barəsində müvafiq tədbir görülməsi üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin qarşısında vəsatət qaldırılmışdır.

11. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən iddiaçının valideyni P.Qəribovaya ünvanlanmış 09 oktyabr 2023-cü il tarixli 11-10/2-Q-31- 11808/2023 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, məsələ ilə bağlı araşdırma aparılmış ARSHXÇDX Nizami rayon İdarəsinin hərbi-həkim komissiyasının sədri X8 barəsində müvafiq intizam- tənbeh tədbiri görülmüş, həmçinin qeyd olunan məsələ nəzarətə götürülmüş, aidiyyəti üzrə tibb müəssisələrinin rəhbərlərinə ciddi tapşırıqlar verilmişdir. Eyni zamanda övladının hərbi biletində müvafiq düzəlişlərin edilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etməsi məqsədəuyğun hesab edilir.

12. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Klinik Hospitalı tərəfindən verilmiş 130 nömrəli 20 fevral 2023-cü il tarixli “X11”yə əsasən Müdafiə Nazirliyinin Baş Klinik Hospotalının rəisinin xx.xx.2023-cü il tarixli sərəncamı ilə İddiaçı Miran oğlu MN BKH cərrahi profilli hospitalın komissiyası tərəfindən şəhadətləndirilmişdir. - Şəhadətnamənin 12-ci bəndində qeyd edilmişdir ki, diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin hipoplaziyası, ifrazat funksiyasının olmaması ilə. Aşıq-qayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı - Ümumi xəstəlikdir, Sol ağciyərin aşağı payının orta ağır dərəcəli krupoz pnevmoniyasından sonrakı vəziyyət – Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. - Şəhadətnamənin 13-cü bəndində qeyd edilmişdir ki, HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: “Xəstəliklər cədvəlinin” 80 b maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır.

13. Məhkəmənin sorğusuna əsasən 26 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli 69 nömrəli cavab məktubuna əsasən bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən xx.xx.2004-cü il təvəllüdlü İddiaçı ******* nömrəli ambulator tibb kitabçası (TQS05) tərəflərindən oxunmuş və məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə müayinələrin nəticələri Səfərbərlik Xidmətinin Nizami rayon Şöbəsinə verilmişdir. Sonradan vətəndaşın poliklinikaya müraciəti xx.xx.2023-cü il tarixdə olmuşdur. xx.xx.2022-ci il tarixdə 26 nömrəli şəhər poliklinikasına USM müayinəsinə gəldikdə isə həmin dövrdə işləyən həkim Sevda Rəhimova işdən çıxdığı üçün və müayinə jurnalı arxiv sənədlərində olmadığı üçün ultrasəs müayinə haqqında sənədi təqdim etmək mümkün deyildir.

14. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1190 nömrəli cavabu ilə bildirilmişdir ki, N nömrəli hərbi hissənin əsgəri İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Müdafiə Nazirliyinin Baş X12 bölməsində “Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin hipoplaziyası, ifrazat funksiyasının olmaması ilə. Aşıq- qayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı. Sol ağciyərin aşağı payının orta ağır dərəcəli krupoz pnevmoniyasından sonrakı vəziyyət” diaqnozu ilə stasionar müayinə və müalicədə olmuşdur. Əsgər İddiaçı xx.xx.2023-cü il tarixdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının cərrahiyyə profilli Hərbi Həkim Komissiyasına təqdim edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi - həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin 80 b maddəsinin M qrafası ilə, “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. Əsgər T. M. Məmmədovun müayinə və müalicəsi başa çatdığı üçün xx.xx.2023-cü il tarixdə kafi vəziyyətdə hospitaldan yazılmışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi — həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəlinin” 225 — ci maddəsinə əsasən “X11” (bu Təlimata 9 nömrəli qoşma), arayış (bu Təlimata 2 nömrəli qoşma) itirildikdə hərbi komissarlıqların, əhalinin sosial müdafiəsi orqanlarının, hüquq - mühafizə orqanlarının, hərbi hissə komandirlərinin və ya kadr orqanlarının sorğusu əsasında Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası göstərilən sənədin surətini iki həftə müddətində verir (göndərir). N nömrəli hərbi hissənin əsgəri İddiaçı adına tərtib edilmiş 130 nömrəli “X11”nin təsdiq edilmiş surətini Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etməklə ala bilər.

15. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-43-72/2- 631/2024 nömrəli məktubla İdarədə hərbi qeydiyyatda olan ehtiyatda olan əsgər 2004-cü il təvəllüdlü İddiaçı aid həqiqi hərbi xidmətə yararlı hesab edilməsi ilə bağlı sənədlər məhkəməyə təqdim edilmişdir.

16. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli 571 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxivində vətəndaş İddiaçı barədə xx.xx.2023-cü il tarixli 130 nömrəli “X11”dən başqa hər hansı digər sənədlər saxlanılmır. Odur ki, həmin “X11”-nin surəti göndərilir. Məlumat üçün bildirilmişdir. TMəmmədov Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən şəhadətləndirildiyi üçün xx.xx.2023-cü il tarixli 130 nömrəli “X11”nin verilməsinə əssas olmuş sənədlərin tələb olunması üçün həmin tibb müəssisəsinin rəhbərliyinə müraciət olunmalıdır.

17. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3640 nömrəli cavab məktubu ilə İddiaçı adına tərtib olunmuş xx.xx.2023-xx.xx.2023-cü il tarixli 283 nömrəli xəstəlik tarixinin təsdiq olunmuş surəti təqdim olunmuşdur.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

18. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

19. İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara iddia məhkəmə icraatı qaydasında baxılır.

20. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

21. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

22. Kompensasiyanın ödənilməsi tələbinə dair iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

23. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

24. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir.

25. Hazırkı iddiasında iddiaçının zərərlə bağlı tələbi iki hissədən-11000 manat maddi zərər və 3000 manat mənəvi ziyana görə kompensasiyanın ödənilməsindən ibarətdir.

26. Məhkəmə qeyd edir ki, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddia qaldırmaq imkanı Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ abzasında, eləcə də “İnzibati icraat haqqında” Qanunda aydın şəkildə təsbit olunmuşdur.

27. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

28. Mülki Məcəllənin 21-ci maddəsi zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin hüquqi nəticələrini tənzimləyir.

29. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

30. Hazırkı işdə iddiaçının dəlillərinə əsasən zərərin əvəzinin ödənilməsi hüquq pozuntusundan irəli gəlmişdir.

31. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə görə dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.

32. Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: -törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; -ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.

33. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir

34. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur.

35. Beləliklə, müəyyən olunur ki, məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır.

36. Məhkəmə qeyd edir ki, inzibati orqanların ən mühüm vəzifələri qanuni davranış və inzibati fəaliyyətin həyata keçirilməsi zamanı vətəndaşların maraqlarının qorunmasıdır. Bu məqsədlə İİQ-nin 89.1-ci maddəsinə uyğun olaraq, inzibati orqan özünün qanunsuz hərəkətinə görə məsuliyyət daşıyır. Eyni zamanda qeyd edilməlidir ki, maddədə qeyd edilmiş “ziyan” anlayışı həm maddi və həm də mənəvi ziyanı nəzərdə tutur.

37. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.2-ci maddəsinə görə hərbi xidmət - dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir. -2.0.9-cu maddəsinə əsasən hərbi qulluqçular - həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar. -12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür. -12.2-ci maddəsinə əsasən hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 12.2.1. müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; (...). -12.3-cü maddəsinə görə vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı əsasında ildə dörd dəfə - yanvar, aprel, iyul və oktyabr aylarının 1- dən 30-dək çağırılırlar. -12.4-cü maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. -13.1-ci maddəsinə görə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda müvafiq tərkibdə çağırış komissiyaları yaradılır. -14.1-ci maddəsinə əsasən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə yetirirlər: 14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul etmək; 14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. -15.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. -15.2-ci maddəsinə görə tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. -18.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 18.1.1. ailə vəziyyətinə görə; 18.1.2. sağlamlıq vəziyyətinə görə; 18.1.3. təhsili davam etdirmək üçün; (....). -18.2-ci maddəsinə əsasən çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. -20.1-ci maddəsinə əsasən tibbi müayinə zamanı müddətli həqiqi hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilir. -20.2-ci maddəsinə əsasən sağlamlıq vəziyyətinə görə çağırışa möhlət 3 il müddətinədək, hər dəfə 1 ildən artıq olmamaq şərti ilə verilir. 3 ildən sonra, sağlamlıq vəziyyətindən asılı olaraq möhlət almış çağırışçılar ya müddətli həqiqi hərbi xidmətə çağırılır, ya həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilərək hərbi qeydiyyatdan çıxarılır, ya da dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilirlər. -20.3-cü maddəsinə görə dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər. Təkrar tibbi müayinə zamanı dinc dövrdə həqiqi hərbi xidmətə yararlı hesab olunanlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin aşağıdakı bəndlərinə əsasən: -1.4. Hərbi-həkim komissiyalarına həvalə olunur: c) ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların tibbi şəhadətləndirilməsinin, tibbi müayinəsinin (müalicəsinin) aparılmasına, hərbi qeydiyyatda olan və ya sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət alan vətəndaşlar arasında müalicə-sağlamlıq tədbirlərinin keçirilməsinə nəzarət. -1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. (....) Hərbi-həkim komissiyaları hərbi-həkim ekspertizası məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələrindən, hərbi hissələrdən, orqanlardan, hərbi tibb müəssisələrindən, mənsubiyyətindən asılı olmayaraq, digər tibb müəssisələrindən, təşkilatlardan şəxsi işləri, pensiya işlərini (məxfilik rejimi tələb etdiyi hallarda şəxsi işlərdən, pensiya işlərindən çıxarışları), tibbi sənədləri, xəstəlik tarixlərini, inzibati araşdırma, təhqiqat, cinayət işi materiallarını, xasiyyətnamələri, arxiv arayışlarını, əmrlərdən, aktlardan, protokollardan çıxarışları və qərar çıxarmaq üçün zəruri olan digər sənədləri müəyyən edilmiş qaydada tələb edirlər. -2.1. İlkin hərbi qeydiyyata alınan, müddətli həqiqi hərbi xidmətə çağırılan və ehtiyatdan həqiqi hərbi xidmətə çağırılan vətəndaşların şəhadətləndirilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən təşkil edilir. -2.5. İlkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkim-mütəxəssislər keçirirlər. -2.8. İlkin hərbi qeydiyyata alma komissiyalarının, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının və Mərkəzi Çağırış Komissiyasının qərarı ilə, vətəndaş diaqnozun dəqiqləşdirilməsi, yaxud müalicə məqsədi ilə dövlət tibb müəssisələrinə ambulator və ya stasionar müayinəyə və müalicəyə göndərilir. Vətəndaşın tibbi müayinəsi (müalicəsi) başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş formada onun sağlamlıq vəziyyətinin müayinə aktı tərtib olunur. -2.10. Dövlət tibb müəssisələrinin rəhbərləri və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin rəhbərləri vətəndaşların vaxtında müayinə (müalicə) olunmasını təmin edirlər. -2.11. Sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırılmalı olmayan vətəndaşların hərbi xidmətə çağırılması hallarını istisna etmək məqsədi ilə, hərbi xidmətə çağırılmış vətəndaşlar bilavasitə xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışdan keçirlər. Hərbi xidmətə çağırılmış vətəndaşların xidmət yerinə göndərilməzdən əvvəl tibbi baxışının təşkili, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan azad edilmiş və ya möhlət almış vətəndaşların, habelə şəhadətləndirilmənin nəticələrinə görə onların barəsində hərbi xidmətə yararlılıq kateqoriyası haqqında çıxarılmış qərarlarla razı olmadıqlarını bildirən vətəndaşların nəzarət qaydasında şəhadətləndirilmələrinin təşkili Mərkəzi Çağırış Komissiyasına həvalə olunur.

39. Hazırkı işdən görünür ki, iddiaçı 2022-ci ilin aprel çağırışında hərbi xidmətə çağırılan zaman SHXÇDX-nin Bakı şəhəri Nizami rayon idarəsi tərəfindən səthi müayinə edilmiş, nəticə etibarı ilə iddiaçının sağlamlıq vəziyyəti ilkin çağırış zamanı cavabdeh tərəfindən düzgün qiymətləndirilməmiş, iddiaçıda ümumi xəstəlik səbəbi ilə anadangəlmə inkişaf qüsuru, sol böyrəyin hipoplaziyası, ifrazat funksiyasının olmaması ilə. Aşıq-qayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı olsa da düzgün müayinə olunmaması nəticəsində rayon çağırış komissiyası tərəfindən barəsində “hərbi xidmətə yararlıdır” qərarı verilərək həqiqi hərbi xidmətə göndərilmiş və iddiaçı xx.xx.2022- xx.xx.2023-cü il tarixlərdə həqiqi hərbi xidmət keçmiş, xidmət dövrü uzun çəkməmiş, xidmət dövründə səhhətində mövcud problemlər daha da kəskinləşmiş Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına stasionar müalicəyə göndərilmiş, sağlamlığında düzəliş baş verməmiş, ümumi xəstəliyinin ağırlaşması nəticəsində ona “Anadangəlmə inkişaf qüsuru. Sol böyrəyin hipoplaziyası, ifrazat funksiyasının olmaması ilə. Aşıqqayıqvari oynaqların osteoartrozu ilə fəsadlaşmayan hər iki ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı- ümumi səbəbdən” və “sol ağciyərin aşağı payının orta ağır dərəcəli krupoz pnevmoniyasından sonrakı vəziyyət – Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” diaqnozları qoyulmuş və həqiqi hərbi xidməti başa çatmadan barəsində “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilərək xidmətdən azad edilmişdir. Eyni, zamanda iddiaçının müraciəti ilə əlaqdar məsələ ilə bağlı araşdırma aparılmış ARSHXÇDX Nizami rayon İdarəsinin hərbi-həkim komissiyasının sədri X8 barəsində müvafiq intizam-tənbeh tədbiri görülmüş, həmçinin qeyd olunan məsələ nəzarətə götürülmüş, aidiyyəti üzrə tibb müəssisələrinin rəhbərlərinə ciddi tapşırıqlar verilmişdir.

40. Göründüyü kimi yuxarıda sadalanan qanunvericiliyin tələblərinə cavabdeh idarə tərəfindən lazımınca əhəmiyyət verilməməsi, iddiaçının sağlamlıq vəziyyəti barədə ətraflı araşdırma, nəzarətin həyata keçirilməməsinin nəticəsdir ki, onda mövcud olan anadangəlmə, ümumi xəstəlik hərbi xidməti zamanı daha da ağırlaşmış, hərbi xidməti davam etdirməsi mümkün olmamış və vaxtından əvvəl xidmətdən tərxis olunmuşdur

41. Başqa sözlə, hazırkı iş üzrə kompensasiya tələbinə əsas verən hüquq pozuntusunun elementləri mövcuddur: -1.cavabdeh orqan tərəfindən törədilmiş əməl- hərbi xidmətə yararlı hesab edilərək göndərilmə barədə qərar; -2.bu əməlin hüquqazidd olması- sağlamlıq vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlərin görülməməsi ilə hərbi xidmətə çağırılma ilə bağlı qanunvericiliyin tələblərinin pozulması.

42. Hüquq pozuntusu nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi zərər və həmin zərərlə hərəkət arasında səbəbli əlaqə ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.

43. Maddi zərər tələbi ilə bağlı: Qeyd edilməlidir ki, inzibati hüququn ümumi prinsiplərinə əsasən, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş istər real maddi zərər, istərsə də əldən çıxmış fayda şəklində maddi ziyanın əvəzinin ödənilməsinə dair iddialarda sübutetmə vəzifəsinə dair ümumi qaydalardan istifadə olunur. Bu halda iddiaçı inzibati orqanın daşıdığı vəzifə borcunu qanunsuz olaraq pozduğunu və ona həmin pozuntu ilə səbəbli əlaqədə olan zərər vurulduğunu sübut etməlidir. İnzibati orqan isə, öz növbəsində, onun tərəfindən qanunsuz hərəkət edilmədiyini sübut etməyə borcludur. Bu baxımdan iddiaçı cavabdehin öz vəzifə borcunu qanunsuz olaraq pozduğunu sübut etsə də lakin onun maddi ziyana məruz qaldığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

44. Başqa sözlə, maddi zərərin baş verməsi üçün cavabdehin hüquqazidd əməli nəticəsində iddiaçının nə rael, nə də əldən çıxmış fayda şəklində maddi zərərə məruz qaldığı sübuta yetirilməmişdir. Odur ki, iddiaçı maddi zərəri tələb etməkdə haqlı hesab edilə bilməz.

45. Mənəvi zərər tələbi ilə bağlı:

46. İddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsinə gəlincə məhkəmə aşağıdakıları qeyd edir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli 7 nömrəli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum Qərarında göstərilmişdir ki, “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

4. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.

8. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

48. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, “mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.”

49. Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.

50. Qeyd edilənləri nəzərə alan məhkəmə iddiaçının cavabdehin əsassız şəhadətləndirilməsi nəticəsində hərbi xidmətə göndərilməsi ilə ona mənəvi ziyan vurulması ilə razılaşır. Belə ki, iddiaçının mənəvi ziyana məruz qalması onda ifadə olunur ki, o hərbi xidmətə göndərildikdən sonra xəstəliyi üzündən kəskin ağırlara məruz qalmış, ilk öncə tibb məntəqəsinə, daha sonra hərbi hospitala yerləşdirilərək, orada stasionar müalicədə olmuş, müalicənin müsbət nəticəsi olmamış və müddətli hərbi xidmətdən vaxtından əvvəl xəsəliyi ilə əlaqədar tərxis edilmişdir. Bütün bunları məhkəmə mənəvi ziyan faktı kimi qiymətləndirərək hesab edir ki, vurulmuş ziyana görə kompensasiya təyin edilməlidir.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 noyabr 2008-ci il tarixli 7 nömrəli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Plenum Qərarının: - 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. -10-cu bəndinə əsasən Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı qanunveriiclikdə birbaşa meyarlar olmasa da Plennum Qərarlarındakı mövqedən də aydın olur ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Hər bir halda mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Konstitusiya ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmalıdır. Mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd iddiaçının maddi anlamda hüququnun bərpası demək deyil, burada əsas məqsəd cavabdehin hərəkətlərinin həm də məhkəmələr tərəfindən qanunsuz hesab edilməsi, bununla iddiaçının mənəvi sarsıntı keçirməsinin məhkəmə qərarı ilə təsdiq edilərək mənəvi yükünün azaldılması və eyni zamanda cavabdehin bu cür hərəkətlərə yol verməməsinə “neqativ” anlamda məcburetmədir. Odur ki, maddi zərərdən fərqli olaraq mənəvi zərər maddi itki ilə bağlı olmadığından ona hər hansı maddi dəyər anlamında yanaşılması və qarşılığının da tələb edilən həcmdə maddi təminatla ödənilməsi mütləq deyil. Mənəvi zərərin pulla qarşılanarkən təyin edilən məbləğ törədilmiş hüquq pozuntusu, çəkilən iztiraba uyğun ağlabatan olmaqla bərabər elə bir həddə seçilməlidir ki, bu məbləğ zərərçəkənin maddi anlamda “varlanması” məqsədinə xidmət etməməli və ya bu cür nəticəyə gətirib çıxarmamalıdır.

52. Qeyd edilənləri nəzərə alaraq hazırkı iş üzrə məhkəmə vurulmuş mənəvi ziyanın həcminin 3000 (üç min) manat məbləğində qiymətləndirir və bu məbləği işin hallarına, o cümlədən iddiaçının tibb məntəqəsi, hərbi hospitalda müalicə dövrü də nəzərə alınmaqla 9 aya yaxın müddət ərzində hərbi xidmətdə olduğu müddətə uyğun ağlabatan məbləğ kimi qəbul edir.

53. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

54. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

55. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

56. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. İddiaçı X9 vurulmuş mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat vəsaitin ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar