Məhkəmə qərarları › İş №2-1(112)-4272/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4272/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4272/2021 07.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh qarşı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “İddiaçı himayəsində olan Qasımzadə Peyman Xəzər oğluna 16 iyul 2020-ci il tarixdən sağlamlıq imkanları məhdudluğunun təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi dair” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı himayəsində olan 19.10.2006-cı il tarixdə anadan olmuş Qasımzadə Peyman Xəzər oğluna əlil və sağlamlıq imkanları məhdud olması səbəbindən təkrar əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, o, 19.10.2006-cı il təvəllüdlü Qasımzadə Peyman Xəzər oğlunun doğma anasıdır. Övladı azyaşlıdır, ona görə iddianı onun adından o qaldırır. Digər azyaşlı oğlu anadangəlmə “uşaq autizmi (kanner sindromu)” xəstəliyindən əziyyət çəkirdi və müalicəsi mümkün olmayan xəstəliyin ağırlığı səbəbindən vəfat etmişdir. Bildirir ki, oğlu 19.10.2006-cı il təvəllüdlü Qasımzadə Peyman Xəzər oğlu eyni xəstəlikdən əziyyət çəkir, hər ay onun müalicəsi üçün dövlət tərəfindən ayrılan maddi yardımın (aylıq sosial müavinətin) ödənilməsi zəruridir. Oğlu Peyman anadangəlmə “uşaq autizmi (kanner sindromu) F84.0, orta kəmağıllıq qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə F71.1, Nitqin təsir qabiliyyətinin pozuntusu F 80.2” diaqnozlu xəstəlikdən əziyyət çəkir. Bu faktı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin direktoru Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı, Tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən təqdim olunan 08.05.2020-ci il tarixli 2318 saylı və təkrar olaraq təqdim etdiyi 28.07.2020-ci il tarixli 3441 saylı tibbi rəylə öz təsdiqini tapmışdır. Həmin rəyə əsasən əlil və xəstə uşağı 2020-ci il ərzində iki dəfə ayrı-ayrı vaxtlarda X2 müəssisələrində müayinə olunmuş və uşağının xəstə olması tibb elmləri doktoru, professor tərəfindən təsdiq olunmuşdur. Oğlu Peymana sağlamlıq imkanları məhdud uşaq kimi 2012-ci ildən DSMF-nin Saatlı rayon şöbəsindən sosial müavinət almış, 23.06.2019-cu il tarixdən müavinətin ödənilməsi dayandırılmışdır. Bununla bağlı Saatlı Mərkəzi Rayon Xəstəxanasının Həkim-Məsləhət Komissiyası vasitəsilə uşağına təkrar əlilliyinin təyinatı ilə bağlı elektron göndərilş vasitəsilə cavabdeh orqana müraciət edib. Sonuncu dəfə 16.07.2020-ci il tarixli 0309003AALQW nömrəli göndəriş əsasında cavabdeh orqana müraciət olunmuş, lakin sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasından imtina olunmuşdur.

3. Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən, Qasımzadə Peyman Xəzər oğlu 16.07.2020-ci il tarixdə “Kanner sindromu Ağırlaşma F71.1 Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu., Orta kəmağıllılıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə. Yanaşı xəstəliklər F80.1 Ekspressiv nitq pozğunluğu, Nitqin təsir qabiliyyətinin pozuntusu Yanaşı xəstəliklər F80.2 Reseptiv nitq pozğunluğu, Nitqi anlamaq qabiliyyətinin pozuntusu” diaqnozu ilə qiymətləndirilmiş (TQS№088/1 formalı 03009003AALQW göndəriş əsasında), sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina edilmiş, imtinanın əsası kimi “Səbəb: Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: Xəstənin diaqnozu ilə ümumtəhsil orta məktəbdə təhsil alması real görsənmir. Diaqnozun dəqiqləşdirilməsinə-əlavə müalicə və müayinələrə ehtiyac vardır” qeyd edilmişdir.

4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya təqdim edilən 20.09.2020-ci il tarixli məktubda P.Qasımzadənin əlillik vəziyyəti dövlət səhiyyə müəssisəsinin 0309003AALQW nömrəli göndərişi əsasında 16.07.2020-ci il tarixdə qiymətləndirildiyi və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edildiyi, P.Qasımzadəyə dair Saatlı rayon Mərkəzi Xəstəxanası tərəfindən rəsmilşdirilmiş 0309003AALQW nömrəli göndərişdə “Uşaq autizmi, Kanner sindromu” diaqnozu qeyd olunsa da, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Şagird-məzun” dövlət elektron məlumat sistemi ilə qarşılaşdırma nəticəsində P.Qasımzadənin təhsil müəssisəsində təhsil aldığı aşkarlandığı, göndərişdə qeyd olunan diaqnozla təhsil müəssisəsində təhsil alması uyğunsuzluq təşkil etdiyindən diaqnozun dəqiqləşdirilməsi, əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edildiyi bildirilmişdir.

5. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-455/2021 nömrəli iş üzrə qəbul etdiyi 26.01.2021-ci il tarixli qərara əsasən iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 15.03.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “himayəmdə olan 19 oktyabr 2006-cı il təvəllüdül Qasımzadə Peyman Xəzər oğluna 15 iyul 2019-cu il tarixdən hesablanmaqla sağlamlıq imkanları məhdud şəxs kimi müavinət verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” kimi dəyişdirilməsi qəbul edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 23.04.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “İddiaçı himayəsində olan Qasımzadə Peyman Xəzər oğluna 16 iyul 2020-ci il tarixdən sağlamlıq imkanları məhdudluğunun təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” kimi dəyişdirilməsi qəbul edilmişdir.

8. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında iştirakı edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını və məhkəmənin baxış iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etdi.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddia tələbinə etiraz edərək iddiaçı tərəfindən bir aylıq iddia müddətinin ötürüldüyünü bildirdir. Məhkəmənin baxış iclasının keçirilməsinin vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir.

İİ. İddianın növü və mümkünlüyü

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 1.2-ci bəndinə əsasən, əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Qiymətləndirmə Cavabdeh tərəfindən həyata keçirilmiş (bax 3-cü bənd), şikayətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən baxılmışdır. (bax 4-cü bənd). İddiaya cavab verməli olan şəxs Cavabdehdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Cavabdeh Nizamnaməsinin 3.1.2-ci bəndinə əsasən, müvafiq sahədə tibbi-sosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək Agentliyin vəzifələrinə aid edilmişdir. Nizamnamənin 1.2-ci bəndinə əsasən, Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 1.8-ci bəndinə əsasən, Agentlik Bakı şəhərində yerləşir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: - 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. - 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. - 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. - 3.8. Xidmətin əlilliyin qiymətləndirilməsi barədə qərarlarından verilmiş şikayətlərə Nazirliyin 9 (doqquz) nəfər məsul işçisindən ibarət tərkibdə yaratdığı Komissiyada 15 (on beş) iş günü müddətində baxılır. Komissiyanın qərarları sadə səs çoxluğu ilə qəbul edilir və həmin gün ərzində altsistemə daxil edilir.

11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).

12. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. Odur ki, həmin qərar (bax 10 və 11-ci bənd) qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

14. İddiaçı məhkəməyə 02.12.2020-ci il tarixdə müraciət etmişdir.

15. İPM-in 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.

16. İddianın mümkünlüyünə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh qurum tərəfindən qiymətləndirmə 16.07.2020-ci il tarixdə aparılmış (bax 3-cü bənd), iddiaçıya təqdim edilən imtina 20.09.2020-ci il tarixli olsa da (bax 4-cü bənd), onun iddiaçıya nə zaman təqdim edildiyi müəyyən olunmur. İstər 16.07.2020-ci il tarixli qiymətləndirmə aktında, istərsə də 20.09.2020-ci il tarixli məktubda iddiaçıya hüquqi müdafiə vasitələri izah edilmir.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

18. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

19. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.

20. Məhkəmə müəyyən edir ki, inzibati aktın qəbulundan imtinanın əsasları məhz 20.09.2020-ci il tarixli məktubda bildirilmişdir (bax 4-cü bənd).

21. Bundan əlavə, məhkəmə araşdırması zamanı iddiaçı məhkəməyə 02.12.2020-ci il tarixdən əvvəl müraciət edə bilməməsini həmin ərəfədə (04.10.2020-ci il tarixdə) digər oğlunun ölməsi ilə əsaslandırmışdır.

22. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia mümkündür, onun iddianı qaldırmağa subyektiv hüququ var (bax 23-cü bənd), iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün müddət ötürülməmişdir (bax 13-18-ci bəndlər),

İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

23. Doğum haqqında şəhadətnaməyə əsasən, 19.10.2006-cı il təvəllüdlü Qasımzadə Peyman Xəzər oğlunun anası X5, anası X3r. Nikah haqqında şəhadətnaməyə əsasən X5 və X6 arasındakı nikah 16.05.2011-ci il tarixdə qeydə alınmış, nikah bağlanandan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir.

24. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 20.11.2020-ci il tarixli məktubuna əsasən, iddiaçı sağlamlıq imkanları məhdud Qasımzadə Peyman Xəzər oğlu adlı uşağına görə 29.05.2012-ci il tarixdən 15.07.2019-cu il tarixə qədər sosial müavinət almışdır.

25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin direktor müavini, tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən verilmiş 08.05.2020-ci il tarixli 2318 nömrəli tibbi rəyə əsasən, Saatlı rayon Mərkəzi Xəstəxanasının 05.05.2020-ci il tarixli göndərişinə əsasən, Qasımzadə Peyman Xəzər oğlu 08.05.2020-ci il tarixdə tibb üzrə fəlsəfə doktoru Gülnarə Musabəyova tərəfindən müayinə olunmuş, ona “uşaq autizmi (kanner sindromu) F84.0, orta kəmağıllıq qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə F71.1, Nitqin təsir qabiliyyəti,nin pozuntusu F80.1, Nitqi anlamaq qabiliyyətinin pozuntusu F 80.2” diaqnozu qoyulmuşdur.

26. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin direktoru, Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı, Tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən verilmiş 28.07.2020-ci il tarixli 3441 nömrəli tibbi rəyə əsasən, Saatlı rayon Mərkəzi Xəstəxanasının 27.07.2020-ci il tarixli 3088 nömrəli göndərişinə əsasən, Qasımzadə Peyman Xəzər oğlu 28.07.2020-ci il tarixdə müayinə olunmuş ona “uşaq autizmi (kanner sindromu) F84.0, orta kəmağıllıq qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə F71.1, Nitqin təsir qabiliyyətinin pozuntusu F 80.2” diaqnozu qoyulmuşdur.

27. Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən, 19.10.2006-cı il təvəllüdlü Qasımzadə X7 əqli geri və nitq qüsurlu uşaqlar üçün internat məktəbində 7-ci sinifdə oxuyur. Əsas xəstəliyi: “uşaq autizmi (kanner sindromu) F84.0, orta kəmağıllıq qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə F71.1,” yanakı xəstəliyi: “Nitqin təsir qabiliyyətinin pozuntusu F80.1, Nitqi anlamaq qabiliyyətinin pozuntusu F 80.2”.

28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Həkim-Məsləhət Komissiyası tərəfindən 06.07.2020-ci il tarixdə rəsmiləşdirilmiş TQS№088/1 formalı 03009003AALQW göndərişə əsasən Qasımzadə Peyman Xəzər oğlu 22.06.2020-ci il tarixdə psixiatr tərəfindən müayinə olunaraq Tibbi Sosial Ekspert Komissiyasına göndəriş zamanı eyni diaqnoz (bax 25-27-ci bəndlər) göstərilmişdir.

29. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verlmiş 12.03.2021-ci il tarixli məktubda 19.10.2006-cı il təvəllüdlü Qasımzadə X8 Təhsil Müəssisələrinin İnformasiya Sistemində mövcud olan məlumatlara əsasən Sağlamlıq İmkanları Məhdud V.H.M uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbinin 7b (Sinif tipi: Xüsusi sinif, Sinif Profili: Əqli qüsurlu) sinifdə təhsilini davam etdirir.

İV. Məhkəmənin mövqeyi

30. Azərbaycan Respublikası Konstitusiyasından: - 38-ci maddə. Hər kəsin sosial təminat hüququ vardır. - 60-cı maddə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddə. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

32. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

33. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.12.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” əsasən: - 1.1. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - 1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. - 3.1.7. eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərəçarpanpozulmaları ilə və ya davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autizm (F70-F79,F80-F80.9,F84- F84.9,F98.4-F98.9) halında uşaqların sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilir.

35. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Həkim-Məsləhət Komissiyası tərəfindən 06.07.2020-ci il tarixdə rəsmiləşdirilmiş TQS№088/1 formalı 03009003AALQW göndərişə əsasən müəyyın edilən diaqnoz 19.10.2006-cı il təvəllüdlü Qasımzadə Peyman Xəzər oğlunun sağlamlıq imkanlarının məhdudluğunu müəyyən etmək üçün əsas verir (bax 28 və 34-cü bəndlər). Lakin cavabdeh qurum müvafiq araşdırma aparmadan Azərbaycan Respublikası Təhsil Nazirliyi “Şagird-məzun” dövlət elektron məlumat sistemi ilə qarşılaşdırma nəticəsində P.Qasımzadənin təhsil müəssisəsində təhsil aldığının aşkarlandığı, göndərişdə qeyd olunan diaqnozla təhsil müəssisəsində təhsil alması uyğunsuzluq təşkil etdiyindən diaqnozun dəqiqləşdirilməsinə ehtiyac olması səbəbindən 19.10.2006-cı il təvəllüdlü Qasımzadə Peyman Xəzər oğlunun sağlamlıq imkanlarının məhdudluğunu müəyyən etməkdən imtina etmişdir.

36. Məhkəmə araşdırması nəticəsində 19.10.2006-cı il təvəllüdlü Qasımzadə Peyman Xəzər oğlunun Sağlamlıq İmkanları Məhdud V.H.M uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbinin 7b (Sinif tipi: Xüsusi sinif, Sinif Profili: Əqli qüsurlu) sinifdə təhsil aldığı müəyyən edilmişdir (bax 29-cu bənd). Odur ki, göndərişdə qeyd olunan diaqnozla təhsil müəssisəsi arasında uyğunsuzluq yoxdur. Bu səbəbdən imtina qanunsuzdur.

37. Məhkəmənin qənaətinə görə işdə olan sənədlərə əsasən (bax 25-28-ci bəndlər) iddiaçının himayəsində olan 19.10.2006-cı il təvəllüdlü Qasımzadə Peyman Xəzər oğluna sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməli olduğu halda, əksi aparılmış inzibati icraatda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13, 17, 19, 24-cü maddələrinin tələblərinə pozulması qismində qiymətləndirilməlidir. İddiaçının oğlunun səhhətində mövcud olan həmin xəstəliklər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun qeyd olunan maddələrinin tələbləri də nəzərə alınmaqla “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin müaddəalarına görə ona sağlamlıq imkanlarının məhdudluğunu müəyyən etməyə əsas verir.

38. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

39. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

40. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

41. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

42. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçının himayəsində olan 19.10.2006-cı il təvəllüdlü Qasımzadə Peyman Xəzər oğluna 16.07.2020-ci il tarixdən (qanunauyğun qiymətləndirmə həmin tarixdən həyata keçirilməli olduğundan) sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. İddiaçı himayəsində olan 19.10.2006-cı il təvəllüdlü Qasımzadə Peyman Xəzər oğluna 16.07.2020-ci il tarixdən sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Cavabdehin imtinası qanunsuz hesab olunsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar