Məhkəmə qərarları › İş №2-1(112)-4272/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4272/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4272/2023 24.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “istifadə edilməmiş məzuniyyət əvəzi kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə kimi təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə etmədiyi növbəti məzuniyyət əvəzi və əşya əmlakı əvəzi pul kompensasiyasının ödənilməsi vəzifəsini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1948-ci il tarixində Azərbaycan Respublikası Ağdam rayonunda anadan olmuşdur. xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə kimi N nömrəli hərbi hissədə kapitan hərbi rütbəsində xidmət etmişdir. 30 ilə yaxın bir müddətdir ehtiyyata çıxmasına baxmayaraq xidmət dövründə istifadə etmədiyi növbəti məzunuyyət əvəzi və əşya əmlakı əvəzi pul kompensasiyasını ala bilməmişdir. Müdafiə Nazirliyinə məktubla müraciət etməsinə baxmayaraq açıq aşkar ödəməkdən boyun qaçırır, ona qarşı süründüməçilik edirlər. Müdafiə Nazirliyi onun xx.xx.2022-ci il tarixli müraciətinə cavab verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı xx.xx.2023-cü il tarixində idida tələbinin dəqiqləşdiriməsi barədə ərizə təqdim edərək xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə kimi təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə etmədiyi növbəti məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəklində icraata qəbul edilmişdir İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın kompensasiyanın ödənilməsi tələbinə dair iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada cavabdehə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə dövlət Xidmətinin Ağdam rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 1275 nömrəli arayışına əsasən verilir istefada olan kapitan İddiaçı ondan ötəri ki, o həqiqətən xx.xx.1992-ci ilən xx.xx.1995-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində N nömrəli hərbi hissənin tərkibində tabor komandirinin müavini vəzifəsində hərbi xidmət keçmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 3-25-11/2-2347/2023 nömrəli məktubu ilə göndərilmiş sənədlərin surətindən görünür ki: - Pul təminatı haqqında Arxiv Arayışında qeyd olunmuşdur ki, ehtiyatda olan kapitan İddiaçı N nömrəli hərbi hissədə iyun 1995-ci il tarixinə onun pul təminatı aşağıdakı məbləğdə olmuşdur: Rütbə maaşı - 26400 (iyirmi altı min dörd yüz) manat, Vəzifə maaşı - 53350 (əlli üç min üç yüz əlli) manat, Xidmət illərinə görə faiz əlavəsi (10%) - 15950 (on beş min doqquz yüz əlli) manat. - N saylı hərbi hissə komandirinin N nömrəli Əmrində qeyd olunmuşdur ki, Kapitan İddiaçı N №-li h/h-nin 5-ci tabor komandirinin silahlandırma üzrə müavini Azərb. Respub. MN-nin 0830 №-li 02.07.95-ci il tarixli əmrinə əsasən “Hərbi xidmət haqqında” 18-ci maddəsinin “B” bəndinə əsasən yaşına görə hərbi xidmətdən ehtiyata tərxis olunduğu üçün həmin tarixdən N №-li hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün təminat növlərindən silinsin. Qeydiyyat üçün Ağdam RHK-na göndərilsin. 1994 və 1995-ci ilin xidmət müddəti üçün məzuniyyətdən istifadə etməmişdir. 1995-ci il xidmət müddəti üçün Azərb. Respub. MN-nin 03.08.93-cü il tarixli 249 №-li əmrinə əsasən birdəfəlik pul mükafatı tam həcmdə almağa layiqdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 4/2-2565 nömrəli Arayışında bildirilmişdir ki, Verilir ondan ötrü ki, ehtiyatda olan kapitan İddiaçı qeyd olunan hərbi hissədə hərbi xidmət keçdiyi müddətdə göstərilən illərdə növbəti məzuniyyətdən aşağıdakı qaydada istifadə etmişdir: Təqvim ili xx.xx.1994-cü il, məzuniyyətə getdiyi tarix və əmrin nömrəsi xx.xx.1994cü il tarixli 60 nömrəli Əmr. Qeyd: ailə vəziyyəti əlaqədar məzuniyyət. Getmə əmrindən 5 (beş) günlük məzuniyyət yazılmışdır, qayıtması barədə qeydiyyat aparılmamışdır. Təqvim ili xx.xx.1994-cü il, məzuniyyətə getdiyi tarix və əmrin nömrəsi xx.xx.1994cü il tarixli 183 nömrəli Əmr. Qeyd: məzuniyyətin növü yoxdur. Getmə əmrindən 7 (yeddi) günlük məzuniyyət yazılmış, qayıtması barədə qeydiyyat aparılmamışdır. Təqvim ili xx.xx.1995-ci il, məzuniyyətə getdiyi tarix və əmrin nömrəsi xx.xx.1995-ci il tarixli, 21 nömrəli Əmr, məzuniyyətdən qayıtdığı tarix və əmrin nömrəsi xx.xx.1995-ci il tarixli 23 nömrəli Əmr, istifadə etdiyi günlərin sayı 3 (üç) gün. Qeyd: məzuniyyətin növü yoxdur. - Təqvim ili xx.xx.1995-ci il, məzuniyyətə getdiyi tarix və əmrin nömrəsi xx.xx.1995-ci il tarixli, 43 nömrəli Əmr, məzuniyyətdən qayıtdığı tarix və əmrin nömrəsi xx.xx.1995-ci il tarixli 55 nömrəli Əmr, istifadə etdiyi günlərin sayı 12 (on iki) gün. Qeyd: Ailə vəziyyəti ilə əlaqədar. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçının cavabdehdən tələb etdiyi istifadə edilməmiş məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə qismən əsaslıdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən istirahət hüququ ildə bir dəfə zabitlərə 45 günlük, gizirlərə və miçmanlara 35 günlük, müddətindən artıq xidmət hərbi qulluqçularına 30 günlük, əsgərlərə (matroslara) və çavuşlara 10 günlük növbəti məzuniyyət verilir. Silahlı qüvvələrdə 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara və qadın hərbi qulluqçulara hər il 40 günlük məzuniyyət verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 114-cü bəndinə əsasən dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara növbəli məzuniyyət, qısa müddətli məzuniyyət; xəstəliyə görə məzuniyyət; tədris-təlimi zamanı məzuniyyət; hərbi təhsil müəssisəsini bitirmək ilə əlaqədar məzuniyyət; tədris məzuniyyəti; yaradıcılıq məzuniyyəti; qadın hərbi qulluqçulara hamiləliyinə və doğuşa görə, üç yaşı tamam olanadək uşağa qulluq etmək üçün məzuniyyətlər; əlavə məzuniyyət verilir. Həmin Əsasnamənin 120-ci bəndinə əsasən zabitlərə hər təqvim ili üçün 45 gün növbəti məzuniyyət verilir. Həmin Əsasnamənin 121-ci bəndinə görə növbəti məzuniyyət hər bir hərbi qulluqçuya təqvim ili ərzində verilir. Ötən il ərzində müstəsna səbəblərə görə məzuniyyət verilmədikdə, xüsusi hallarda korpus (diviziya) komandiri və ona bərabər və ondan yuxarı birbaşa rəislərin icazəsi ilə ötən il üçün məzuniyyət yeni ilin birinci rübündə verilə bilər. Təhsil almaq və xidmət müddəti müəyyən edilmiş yerlərdən dəyişilmək üçün namizədlikləri təsdiq edilmiş hərbi qulluqçulara növbəti məzuniyyət elə hesabla verilir ki, onlar yola düşənə qədər həmin məzuniyyətdən bütünlüklə istifadə edə bilsinlər. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikası Prezidentinin ““Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1005-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında 10 iyun 2010-cu il tarixli 281 nömrəli Fərmanının 1.3-cü bəndi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasını və məbləğini müəyyən etsin. Sözügedən Fərmanın 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etməyən hərbi qulluqçuya (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 28 sentyabr 2012-ci il tarixli 217 nömrəli Qərarının 1-ci bəndinə əsasən hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi üçün onun müraciət etdiyi vaxtda mövcud olan vəzifə maaşının, rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləği ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölünür və alınmış məbləğ istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurulur. Həmin Qərarın 2-ci bəndi ilə müəyyən edilmişdir ki, istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş İdarəsinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun saxlanılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ““Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 28 mart 2014-cü il tarixli Qərarında göstərmişdir ki, qanunla müəyyən olunmuş istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququ Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyır. Buna müvafiq olaraq istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hərbi qulluqçunun statusunun saxlanılmasına görə deyil, hərbi qulluqçunun bu statusda olduğu dövrdə növbəti məzuniyyəti almaq hüququnun istifadə olunmamasına görə ödənilir. Həmin Qərarla: 1. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara da şamil olunmuş; 2. bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq 2010-cu ilin 12 iyun tarixinədək ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın məbləğinin və ödəmə qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tövsiyə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın ödənilməsi qaydasının və məbləğinin müəyyən edilməsi barədə” 26 dekabr 2014-cü il tarixli 399 nömrəli Qərarına əsasən həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanması üçün 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12dək dövr əsas götürülmüş (1-ci bənd), 1994-cü il fevralın 1-dən 2010-cu il iyunun 12-dək həqiqi hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) həmin dövrün təqvim illərində qanunvericilikdə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, onlara həqiqi hərbi xidmətdə olduqları dövrün təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə veriləcək kompensasiyanın məbləği həqiqi hərbi xidmətdə olduğu dövrdə sonuncu vəzifə üzrə 2010-cu il 12 iyun tarixinə qüvvədə olan vəzifə maaşının, hərbi rütbəyə görə maaşın və xidmət illərinə görə əlavənin məbləğini ayın təqvim günlərinin orta illik miqdarına (30,4 günə) bölməklə və alınmış məbləği istifadə edilməmiş məzuniyyət müddətinin təqvim günlərinin sayına vurmaqla müəyyən edilmiş (2-ci bənd), Azərbaycan Respublikası Müdafiə Nazirliyinə tapşırılmışdır. Göründüyü kimi qanunvericilik 1994-cü ilin fevralın 1-dən sonra hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın hesablanmasını nəzərdə tutduğundan iddiaçı xx.xx.1992-ci ilən xx.xx.1995-ci ilədək hərbi xidmətdə olduğu dövrdə 1992, 1993-cü illər üzrə kompensasiyanın ödənilməsini tələb etməkdə haqlı hesab edilə bilməz. İşin hallarından müəyyən olunur ki, iddiaçı 1994 və 1995-ci ilin xidmət müddəti üçün məzuniyyətdən istifadə etməmişdir. Belə ki, məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş iddiaçının xidməti barədə arxiv arayışından görünür ki, iddiaçının xx.xx.1994, xx.xx.1994, xx.xx.1995, xx.xx.1995-ci il tarixli əmrlərlə məzuniyyətə getdiyi qeyd edilsə də həmin əmrlərlə verilmiş məzuniyyət ya ailə vəziyyəti ilə əlaqədar məzuniyyət olmuş, yaxud məzuniyyətin növü göstərilməmişdir. Eyni zamanda iddiaçının 1994 və 1995-ci illər üzrə növbəti məzuniyyətdən istifadə etmədiyi onun hərbi xidmətdən tərxis olunması barədə N saylı hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli N nömrəli əmrində də bilavasitə göstərilmişdir. Beləliklə, yuxarıda sadalanan qanunvericilik normalarının işin faktiki hallarına tətbiqi nəticəsində isə müəyyən olunur ki, iddia tələbi 1994-1995-ci illər üzrə istifadə edilməyən məzuniyyətə görə kompensasiya məbləğinin ödənilməsinin tələb edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi qismən təmin edilməli, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilə kimi xidmətdə olduğu dövr ərzində 1994 və 1995-ci il üçün istifadə etmədiyi növbəti məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı 1994 və 1995-ci il üçün istifadə etmədiyi növbəti məzuniyyət əvəzi pul kompensasiyasının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar