Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4273/2021 24.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə - Xidmət) qarşı məhkəmədə iddia qaldıraraq tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 26 fevral 2020-ci il tarixli, İQ-42/1 nömrəli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi; cavabdeh Xidmətin üzərinə İddiaçı 26 noyabr 2019-cu il tarixli vəsatətini təmin edərək, İddiaçı qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Əfqanıstan vətəndaşı və etnik olaraq həzaradır. O, 10.09.1992-ci ildə Əfqanıstan İslam Respublikasının Meydan Vərdək vilayətinin Mərkəzi Bisud ulusvaliliyinin Miyanedeh kəndində doğulmuşdur. Orta məktəbi Qəzni vilayətində bitirmişdir. 2010-cu ildən Kabilə gələrək tikintidə işləmişdir. 2018-ci ilin Ramazan ayından sonra “X4 LLC” adlı xarici tikinti şirkətində təhqiqatçı mühəndis vəzifəsində işləmiş, taliblər tərəfindən təhdid olunduğu üçün işindən ayrılmaq məcburiyyətində qalmışdır. Atası vəfat etmiş, anası, dörd qardaş və bir bacısı Əfqanıstan İslam Respublikasının Kabil şəhərində, bir bacısı Yunanıstanda, bir qardaşı isə Türkiyədə yaşayır. Talib qrupu tərəfindən əməkdaşlığa məcbur edilməsinə rəğmən əməkdaşlıqdan imtina etdiyi üçün "Emarat Eslami” adlı talib qrupu tərəfindən təhdid olunduğu üçün Əfqanıstanı tərk edərək Azərbaycan Respublikasına gəlmişdir. Bundan əlavə, ərizəçi həzara olduğuna görə anti-həzara silahlı qruplaşmaları tərəfindən təqib riski altındadır. O, 02 noyabr 2019-cu ildə Azərbaycana gəlmişdir. 26.11.2019-cu ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. O, bildirib ki, torpaq mübahisəsinə görə bəzi həmyerliləri tərəfindən zorakılığa və təqibə məruz qalacağına görə Əfqanıstana geri qayıtmaq istəmir. 26 fevral 2020-ci ildə DMX İQ-42/1 saylı qərarı ilə ərizəçinin sığınacaq vəsatətini rədd edib. Dövlət Miqrasiya Xidməti qərarını onunla əsaslandırıb ki, ərizəçinin əsaslı təqib qorxusu mövcud deyil. Bakı İnzibati Məhkəməsinin 09 iyul 2020-ci il tarixli, 2-1(112)-4012/2020 nömrəli qərarı ilə (hakim A.Abdullayeva) iddia rədd edilmişdir. 25.08.2020-ci il tarixdə iddiaçı qərardan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 09 iyul 2020-ci il tarixli, 2-1(112)-4012/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1664/2020 nömrəli, 20 oktyabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər E.Nağıyeva, X.Cəmilova və V.Məmmədov) İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 09 iyul 2020-ci il tarixli, 2-1(112)-4012/2020 nömrəli qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin İQ-42/1 nömrəli, 26 fevral 2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə onun 26 noyabr 2019-cu il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati iş mahiyyəti üzrə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadında göstərilmişdir ki, iddianın tamamilə rədd olunduğu məhkəmə qərarında icraat materiallarına əsasən iddia tələbinin bütün qanuni əsaslarına münasibət bildirilməlidir. İnzibati məhkəmə icraatında formal sübutetmə vəzifəsi olmadığından məhkəmə işin hallarının araşdırılması ilə bağlı vəzifə daşıyır. Məhkəmə araşdırması nəticəsində müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərarında tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa hallar müəyyən edilməmişdir. Həmçinin iş materiallarına iddiaçı barəsində qaçqın statusunun verilməsi haqqında vəsatət (ərizəanket), həmin vəsatətə (ərizə-anketə) 1 nömrəli əlavəsi olan müsahibə zamanı verdiyi izahat əlavə olunmamışdır. Cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, eyni zamanda hazırkı iş üzrə inzibati icraat materiallarını məhkəməyə təqdim etməmiş və iddiaçı şəxsən məhkəmə iclasında iştirak etməmişdir, lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən hallara istinad etmədən iddia tələbinin təmin edilməməsi barədə yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-İPM) 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Bakı İnzibati Məhkəməsində İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq yenidən işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında qeyd olunmuş göstərişlərə əsasən, işə yenidən baxılarkən cavabdeh Dövlət Miqrasiya Xidmətindən inzibati icraat materialları tələb edilmiş və Xidmət tərəfindən inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Cavabdeh Dövlət Miqrasiya Xidməti məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı, hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, 10.09.1992-ci il təvəllüdlü İddiaçı 26 noyabr 2019-cu il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Qaçqın statusu verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı İddiaçı Əfqanıstan İslam Respublikasının Meydan Vərdək vilayətinin Mərkəzi Bisud ulusvaliliyinin Miyanedeh kəndində anadan olduğunu, milliyyətcə həzarə, dini etiqadına görə müsəlman (şiə) olduğunu, 7 yaşından məktəbə getdiyini, 1-11 -ci sinifləri “Ali səngi şandəh” liseyində, 12-ci sinfi Qəzni vilayətinin Nahor ulusvaliliyinin “Abuzər Qətfən" məktəbində oxuduğunu, təqribən 7-ci sinifdən etibarən əkinçilik və heyvandarlıq işlərində ailəsinə kömək etdiyini, öz torpaq sahələrində buğda və digər bitkilər becərdiklərini, 2010cu ildə Kabilə gəldikdən sonra dostlarıyla birlikdə tikintidə işlədiyini, 2011 -ci ildə məktəbi bitirdiyini, 2013-cü ildə Cəvzocan vilayətində Şibirğan şəhərində “Cəvzocan” Universitetinin mədən işləri üzrə mühəndis ixtisasına qəbul olunduğunu, 2017-ci ildə həmin universiteti bitirdiyini, 2018-ci il Ramazan ayından sonra “X3 LLC" şirkətinin Meydane Vərdəkdə yerləşən mərkəzində tədqiqatçı-mühəndis (Survey Engineer) vəzifəsinə çalışdığını, beş ay burada işlədiyini, sonra xaricilərlə işlədiyi üçün taliblər tərəfindən təhdid olunduğunu və bu səbəbdən işdən ayrıldığını söyləmişdir, özü və ailə üzvləri haqqında məlumat verərkən ərizəçi subay olduğunu, ailədə anasının, beş qardaş və iki bacısının olduğunu, atasının vəfat etdiyini, anasının, dörd qardaş və bir bacısının Əfqanıstan İslam Respublikasının Kabil şəhərində, bir bacısının Yunanıstanda, bir qardaşının isə Türkiyədə yaşadıqlarını qeyd etmişdir. İddiaçı xarici şirkətdə işlədiyi üçün təhdid olunması, “Emarate Eslami” adlı talib qrupu tərəfindən əməkdaşlığa məcbur edilməsi və bu əməkdaşlıqdan imtina etdiyi üçün taliblərdən təhdid məktubu alması səbəbindən ölkəsini tərk etdiyini, 02.11.2019-cu il tarixdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçi 2018-ci ildə “X3 LLC”nin Əfqanıstan İslam Respublikasındakı nümayəndəliyinin həyata keçirdiyi layihə üzərində iş artıq yekunlaşdıqdan 5 ay sonra yəni 24.12.2018-ci ildə “Emarati Eslami” adlı talib qrupu tərəfindən təhdid məktubunu aldığını bildirsə də, bu məktubu aldıqdan sonra təqribən 10 ay ərzində heç bir təhdid və təzyiqlə qarşılaşmaması, buna baxmayaraq 10 ay sonra Əfqanıstanı tərk edərək Azərbaycana gəlməsi onun təqib qorxusu ilə bağlı söylədiklərini şübhə altına almış və bu şübhə ərizəçinin xeyrinə həll edilməmişdir. Buna görə də ərizəçinin ölkəsini tərk etməsi və qayıdacağı təqdirdə təhdid və təzyiqlərə məruz qalacağı ilə bağlı gətirdiyi səbəblər inandırıcılıq baxımından qeyriməqbul hesab edilmişdir. İddiaçı müsahibə zamanı dediklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, işin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, onun qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu dəlillər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir (“Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyanın 26 fevral 2020-ci il tarixli, 08 saylı protokolu). Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının qanunun 1-ci maddəsinə əsasən qaçqın Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Belə ki, göstərilən norma hansı şəxslərin qaçqın olma dairəsini müəyyən etmişdir. Beləliklə, şəxslə aparılan müsahibədən sonra əldə olunmuş nəricələrə görə işin hallarında əsaslandırılmış təqib qorxusu mövcud olmadığından Xidmət tərəfindən əcnəbi şəxsə münasibətdə əsaslı olaraq qərar qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etirazın dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İşin faktiki hallarından göründüyü kimi, Əfqanıstan İslam Respublikasının vətəndaşı (pasport: P********), hazırda ünvan 1 ünvanında müvəqqəti yaşayan, 10.09.1992-ci il təvəllüdlü İddiaçı 26 noyabr 2019-cu il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Xidmətə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Xidmət tərəfindən qeydiyyata alınmış, adına ***-**** nömrəli şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş, onunla ərizə-anket və müsahibə keçirilmişdir. Ərizəçi qaçqın statusunun verilməsi haqqında vəsatətinin (ərizə-anketinin) qeydiyyatı və müsahibəsi zamanı göstərmişdir ki, Əfqanıstan İslam Respublikasının Meydan Vərdək vilayətinin Mərkəzi Bisud ulusvaliliyinin Miyanedeh kəndində doğulmuşdur. O, milliyyətçə həzarə, dini etiqadına görə müsəlmandır (şiə). 7 yaşından məktəbə getmişdir,1-11-ci sinifləri “Ali səngi şandəh” liseyində, 12-ci sinfi Qəzni vilayətinin Nahor ulusvaliliyinin “Abuzər Qəffari” məktəbində oxumuş, təqribən 7-ci sinifdən etibarən əkinçilik və heyvandarlıq işlərində ailəsinə kömək etmiş, öz torpaq sahələrində buğda və digər bitkilər becərmiş, 2010-cu ildə Kabilə gəldikdən sonra dostlarıyla birlikdə tikintidə işləmiş, 2011-ci ildə məktəbi bitirmiş, 2013-cü ildə Cəvzocan vilayətində Şibirğan şəhərində Cəzvocan Universitetinin mədən işlıri üzrə mühəndis ixtisasına qəbul olunmuşdur. 2017-ci ildə həmin universiteti bitirmiş, 2018-ci il Ramazan ayından sonra “X3 LLC” şirkətinin Meydane Vərdəkdə yerləşən mərkəzində tədqiqatçı mühəndis vəzifəsində işləmiş, beş ay burda işləmiş, sonra xaricilərlə işlədiyi üçün taliblər tərəfindən təhdid olunmuş və bu səbəbdən işdən ayrılmışdır. Özü və ailə üzvləri haqqında məlumat verərkən ərizəçi subay olduğunu, ailədə anasının, dörd qardaş və bir bacısının Əfqanıstan İslam Respublikasının Kabil şəhərində, bir bacısının Yunanıstanda, bir qardaşının isə Türkiyədə yaşadıqlarını qeyd etmişdir. İddiaçı xarici şirkətdə işlədiyi üçün təddid olunması, "Emarat Eslami” adlı talib qrupu tərəfindən əməkdaşlığa məcbur edilməsi və bu əməkdaşlıqdan imtina etdiyi üçün taliblərdən təhdid məktubu alması səbəbindən ölkəsini tərk etdiyini, 02.11.2019-cu il tarixdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ərizə-anketin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını, doğulduğu yeri sübut etmiş və bunlar doğru olaraq qəbul edilmişdir. Ərizəçi 2018-ci ildə X3 LLC”-nin Əfqanıstan İslam Respublikasındakı nümayəndəliyinin həyata keçirdiyi layihə üzərində iş artıq yekunlaşdıqdan 5 ay sonra, yəni 24.12.2018-ci ildə "Emarat Eslami” adlı talib qrupu tərəfindən təhdid məktubunu aldığını bildirsə də, bu məktubu aldıqdan sonra təqribən 10 ay sonra Əfqanıstanı tərk edərək Azərbaycana gəlməsi onun təqib qorxusu ilə bağlı söylədiklərini şübhə altına almış və bu şübhə ərizəçinin xeyrinə həll edilməmişdir. Buna görə də ərizəçinin ölkəsini tərk etməsi və qayıdacağı təqdirdə təhdid və təzyiqlərə məruz qalacağı ilə bağlı gətirdiyi səbəblər inandırıcılıq baxımından qeyri-məqbul hesab edilmişdir. Ərizəçinin müsahibə zamanı söylədiklərindən məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadınagörə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Qeyd olunanlara əsasən ərizəçinin vəsatəti təmin olunmamışdır. Hazırkı işdə ərizəçi səbəb kimi əməkdaşlıqdan imtina etdiyi üçün "Emarat Eslami” adlı talib qrupu tərəfindən təhdid olunması, bundan əlavə, ərizəçi həzara olduğuna görə anti-həzara silahlı qruplaşmaları tərəfindən təqib riski altında olması ilə əlaqələndirmiş, lakin özünün və ya ailəsinin təqibə məruz qalması (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) barədə sübut ya dəlil gətirməmişdir. Yəni ərizəçi istinad etdiyi mənbələrdəki iddiaları ona aid təsdiq edən hər hansı sübut və ya məlumat təqdim etməyib. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işdə ərizəçinin Əfqanıstan İslam Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əhəmiyyətli əsaslar gətirilməyib. Bu risk məhkəməyə təqdim olunan iş materialları əsasında da sübut olunmur. Ərizəçi həmçinin onun Konvensiyanın 8-ci və 13-cü maddələrinin iddia edilən pozuntusu (məsələn, ailəsini onunla birgə olmaqdan və onun yardımından məhrum edilməsi, ərizəçinin ailəsinin üzərinə hər-hansı qeyri-mütənasib və ya həddən artıq ağır vəzifənin qoyulması, ailə həyatına müdaxilənin digər formada baş verməsi) barədə hərhansı sübut ya dəlil gətirməyib, yalnız taliblərlə qarşıdurmada qeyri-adekvat mühitdə yaşamaqlarını ümumi formada ifadə edib. Beləliklə də, ərizəçinin vəsatəti Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmiş və bu dəlillər Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Qaçqın" statusu verilməsi haqqında vəsatətə baxılması Qaydasının 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, iddiaçıya qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmiş, bununla da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-42/1 nömrəli, 26.02.2020-ci il tarixli qərarına əsasən Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilməsi qərara alınmışdır. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, “Qaçqın” - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin 2-ci hissəsinə müvafiq olaraq qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Azərbaycan Respublikası Prezidentinin 419 saylı 13.11.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın preambulasına görə, bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin “Qayda”nın 1-ci bəndinin 3-cü abzasına uyğun olaraq “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxlər də daxil olmaqla ) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən, “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Məhkəmə qeyd edir ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdikləri dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, işin faktiki hallarından da müəyyən edilir ki, İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır, iddiaçının nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə göstərilənləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı İQ-42/1 saylı 26.02.2020-ci il tarixli qərarının qanunsuz hesab edilməklə ləğv edilməsi və iddiaçıya qaçqın statusu verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-4273/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4273/2021
24.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver