Məhkəmə qərarları › İş №2-1(112)-4273/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4273/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4273/2023 17.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun müxtəlif vəzifələrdə işlədiyi illər nəzərə alındıqda, onun 25 ildən çox ümumi iş stajı mövcuddur. İddiaçı yaşa görə aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu onun ümumi iş stajının 25 ildən az olmasına, həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının toplanmaması səbəbi ilə pensiya təyin olunmasından imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya münasibətdə etiraz edir və bildirir ki, iddiaçının əmək kitabçasına əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmət dövrləri də nəzərə alınmaqla) ümumilikdə 18 il 08 ay təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Bakı Radio Zavod (halhazırda "xxxx" MMC) ilə aparılan monitorinq nəticəsində müəyyən olunmuş sözügedən zavoddaki xx.xx.1992-ci il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi dövrlərdə, xx.xx.1995ci il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1998-ci il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2007-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olmuşdur. Habelə, iddiaçının ümumi iş stajına əsasən xx.xx.2006-cı il tarixinə pensiya sığorta kapitalı 5.712 manat təşkil edir. xx.xx.2006-cı il tarixədək qeydə alınmış 5.712 manat pensiya kapitalının yaşa görə pensiya hüququ yarandığı xx.xx.2022-ci il tarixə indeksləşdirilmiş məbləği 15.178,28 manat təşkil edir ki, bu da minimum pensiya kapitalı məbləğindən (34.560 manat) aşağıdır. Həmçinin, İddiaçı xx.xx.2022-ci il tarixdən yaşa görə sosial müavinət təyin olunmuşdur. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək məhkəmədən iddiaçıya 65 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi protokol qaydasında qəbul edilmiş məhkəmə qərardadı ilə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Cavabdehin imtina məktubundan və məhkəmə icraatı zamanı təqdim etdiyi izahatdan da göründüyü kimi, cavabdeh iddiaçının müraciəti üzrə imtina əsası kimi iki hala istinad etmişdir: -iddiaçının ümumi iş stajının 25 ildən az olması; -xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmamasıdır. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən 1-ci və 2-ci əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 5.2-ci bəndinə əsasən 01 iyul 2022-ci il tarixdən 30 iyun 2023-cü il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, kişilərin yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: -şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1957-cı il tarixdə doğulması və xx.xx.2022ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının mübahisələndirilməyən ümumi iş stajının 18 il 08 ay olduğunu qəbul etmişdir. Məhkəmə diqqətə çatdırır ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən illər (18 il 08 ay) üzrə əlavə araşdırmanın aparılmasına zərurət olmamışdır. Məhkəmə iddiaçının mübahisələndirilən illəri üzrə araşdırmanın aparılmasını zəruri hesab edir. Məhkəmə cavabdeh tərəfindən imtina əsası kimi göstərilən hallar üzrə araşdırma aparılmasını zəruri hesab edir və həmin hissədə qiymətləndirmənin aparılması ilə bağlı aşağıdakiları diqqətə çatdırır. Belə ki, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Qeyd olunmalıdır ki, həm xx.xx.2006-ci il tarixədək qüvvədə olmuş, həm hüquq münasibətləri yarandığı vaxtda qüvvədə olmuş, həmçinin hazırda qüvvədə olan qanunvericilik 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası əsasında yoxlanılmasını nəzərdə tutmuş, əmək kitabçası olmadığı təqdirdə isə işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı əsasında aparılmasının mümkünlüyünü təsbit etmişdir. Hazırki işin araşdırılmış hallarından görünür ki, cavabdeh inzibati orqan imtina məktubunda iddiaçının xx.xx.1992-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək olan əmək fəaliyyəti zamanı xx.xx.1995-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2007-ci il tarixinədək öz hesabına ödənişsiz məzuniyyətdə olması əsası ilə qeyd edilən dövrlərin sığorta stajına daxil edilməsindən imtina etmişdir. Məhkəmə, ödənişsiz məzuniyyət dövrünün iddiaçının ümumi stajına daxil edilməsi ilə bağlı münasibətdə qeyd edir ki, bu məsələyə də işçinin əmək stajı hesab edilən müddətlərlə əlaqədar müvafiq qanunvericiliyin tələbləri baxımından qiymət verilməlidir. Belə ki, Əmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Cavabdehin sözügedən dəlili, yəni ödənişsiz məzuniyyət dövrünün ümumi iş stajına daxil edilməməsi əmək pensiyaları haqqında qanunvericiliklə də təsdiqini tapmır. Belə ki, ödənişsiz məzuniyyət dövrünün sosial sığorta stajına daxil edilməsinin qadağan olunması barədə hər hansı müddəa müvafiq qanunuveriliklə nəzərdə tutulmamışdır. Digər tərəfdən isə Məhkəmə qeyd edir ki, “Məzuniyyətlər haqqında” 25 aprel 1997ci il tarixli, 281 saylı Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin müddəaları məzuniyyət hüququ verən əmək stajının hesablanması məqsədləri üçün nəzərdə tutulmuşdur və məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri müəyyən edir. Yəni həmin normanın məqsədi pensiyanın təyin olunması üçün əmək stajı hesablanarkən nəzərə alınan dövrləri müəyyən etməkdən ibarət deyildir. Bununla belə, “Məzuniyyətlər haqqında” Qanunun 14-cü maddəsindən fərqli olaraq, qüvvədə olan Əmək Məcəlləsinin 132-ci maddəsində nəzərdə tutulmuş analoji normada, məzuniyyət hüququ verən əmək stajı hesablanarkən “bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri məzuniyyət hüququ verən əmək stajına daxil edilmir” məhdudiyyəti nəzərdə tutulmamışdır. Həmçinin “Məzuniyyətlər haqqında” Qanunun 01 fevral 1999-cu il tarixli, 618-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 04, maddə 213) ilə qüvvədən düşdüyü də nəzərə alınmalıdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinə görə, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər-təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. İşə götürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işcilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işcilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169-cu maddəsinə əsasən “.... işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi ücün müəyyən edilmiş dərəcənin (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.” Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, məhkəmə icraatı zamanı təqdim olunmuş əmrlərdən görünür ki göstərilən illər ərzində boşdayanmanın məhz işçinin təqsiri üzündən baş verməsi iş materiallarından müəyyən olunmamışdır. Belə ki, həmin əmrlərdən də göründüyü kimi iddiaçının boşdayanmasına əsas olan əmrlər təkcə ailə vəziyyəti ilə əlaqədar deyil, həmçinin başqa işə keçirilmə, o cümlədən müvəqqəti işin olmaması əsası ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi iddiaçının uzun müddət ərzində ödənişsiz məzuniyyətdə olması hər bir halda onun şəxsi iradə ifadəsindən asılı olmamışdır. Diqqətəlayiq məqamlardan da biri odur ki, hər nə qədər iddiaçının ödənişsiz məzuniyyətdə olmasını təsdiq edən əmrlərin çoxu “ailə vəziyyəti ilə əlaqədar” adı altında rəsmiləşdirilsədə, məhkəmə hesab edir ki, həmin əmrlərdə göstərilənlər şübhə yaradır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, işəgötürən və işçi arasında qurulan əmək münasibətləri həmin dövrdə qüvvədən düşmüş Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi ilə tənzimlənirdi. Həmin Məcəllənin 74-cü maddəsində qeyd olunmuşdur ki, ailə vəziyyətinə və digər üzrlü səbəblərə görə fəhlə və ya qulluqçuya onun ərizəsi üzrə, müəssisənin, idarənin, təşkilatın rəhbərinin, yaxud istehsalat vahidi rəhbərinin icazəsi ilə əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilə bilər, bu məzuniyyət əmrlə (sərəncamla) rəsmiləşdirilir. Lazımi hallarda tərəflərin razılığı ilə bu məzuniyyətin əvəzində fəhlə və ya qulluqçu istehsalın şərait və imkanları əsas götürülməklə, sonrakı dövrdə işləyə bilər. Göründüyü kimi qüvvədə olan qanunvericilik ailə vəziyyəti ilə əlaqədar qısamüddətli məzuniyyətin verilməsini nəzərdə tutmuşdur. Buna baxmayaraq, Bakı "xxxx" Zavodu təkcə iddiaçıya deyil, ümumiyyətlə bir çox şəxsə münasibətdə ödənişsiz məzuniyyətin verilməsini ailə vəziyyəti əsası ilə rəsmiləşdirmişdir. Məhkəmə icraatı zamanı şahid qismində dəvət olunmuş X2 öz ifadəsində iddiaçı ilə eyni dövrdə həmin müəssisədə əmək fəaliyyəti ilə məşğul olduğunu, iddiaçı da ödənişsiz məzuniyyətdə göstərildiyi həmin müddətdə reallıqda əmək fəaliyyətinə faktiki olaraq cəlb edildiyini qeyd etmişdir. Məhkəmə şahid ifadəsini həmin dövrdə qüvvədə olan qanunvericilik ilə birgə təhlil edərək hesab edir ki, baxmayaraq ki iddiaçının ödənişsiz məzuniyyətdə olmasını təsdiq edən əmrlərin çoxu ailə vəziyyəti adı altında rəsmiləşdirilsə də, qanunvericilik ailə vəziyyəti əsası ilə qısamüddətli məzuniyyətin verilməsini nəzərdə tutduğundan, həmçinin həmin dövrdə təkcə iddiaçının deyil, həmçinin digər şəxslərin məzuniyyət məsələsidə məhz bu əsas ilə olduğundan, əmrlədə göstərilən əsasın iddiaçının iradəsindən asılı olmayaraq müəssisənin özü tərəfindən qeyd olunduğu ehtimal olunur. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının ödənişsiz məzuniyyətə cəlb edilməsi ailə vəziyyəti ilə əlaqədar olmamış, boşdayanma ilə bağlı da olmuşdur. Məhkəmə onun da qeyd edilməsini zəruri hesab edir ki, işin faktiki halları iddianın təmininin istisna edilməməsi ilə bağlı məhkəmədə daxili inamın formalaşmasına səbəb olur. Belə ki, təkcə cavabdehin irəli sürdüyü dəlillər işin digər hallarının nəzərə alınmaması əsası qismində çıxış edə bilməz. Məhkəmənin işin mahiyyətinə münasibətdə mövqeyinin daxili inamla bağlılığı isə inzibati prosessual qanunvericiliklə birbaşa tənzimlənmişdir. Belə ki, AR İPM-nin 68.1-ci maddəsi konkret olaraq 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Eləcə də, həmin prinsip ümumi norma kimi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ilə də öz təsbitini tapmışdır. Adıçəkilən Qanunuun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Hazırkı iş üzrə daxili inam və məhkəmə araşdırmanın nəticələri isə iddianın təmininə uyğun əsaslandırmanın qərarda aparılmasına zərurət yaradır. Məhkəmə araşdırması zamanı isə müəyyən edilir ki, ümumiyyətlə ödənişsiz məzuniyyətin reallığı əks etdirməsi şübhə doğurur. Belə ki, istər şahid ifadəsinin konkretliyi, şahidin ifadə verərkən əminliyi, istər iddiaçının izahatı daxili inamın formalaşmasında onu məhkəmə üçün müəyyən edir ki, ümumiyyətlə iddiaçının reallıqda ödənişsiz məzuniyyətdə olmaması ilə bağlı ciddi əsaslar olmaqla, müəssisə tərəfindən kütləvi əmrlərin əsassız olaraq verilməsinə ciddi əsaslar yaratmışdır. Həmin əmrlərin mötəbərliyinin digər icraat qaydasında araşdırmalı olması isə məhkəmə hesab edir ki, hər bir halda iddiaçının əmək fəaliyyətinə hazırkı iş üzrə şübhə yaratmır. Hətta iddiaçı reallıqda da ödənişsiz məzuniyyətdə olsa belə həmin məzuniyyət dövrünün pensiya təyin edilərkən stajda nəzərə alınmasının istisna edilməsi isə qanunvericiliyin tələblərinə hər bir halda ziddir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-541/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Həmçinin, cavabdehin ödənişsiz məzuniyyətlə bağlı kassasiya şikayətində istinad etdiyi “Məzuniyyətlər haqqında” 25 aprel 1997-ci il tarixli, 281 saylı Azərbaycan Respublikası Qanununun 14-cü maddəsi ilə bağlı qeyd edilməlidir ki, istinad olunan həmin norma məzuniyyət hüququ verən əmək stajının hesablanması məqsədləri üçün nəzərdə tutulmuşdur və məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrləri müəyyən edir. Yəni həmin normanın məqsədi pensiyanın təyin olunması üçün əmək stajı hesablanarkən nəzərə alınan dövrləri müəyyən etməkdən ibarət deyildir. Bununla belə, “Məzuniyyətlər haqqında” Qanunun 14-cü maddəsindən fərqli olaraq, qüvvədə olan Əmək Məcəlləsinin 132-ci maddəsində nəzərdə tutulmuş analoji normada, məzuniyyət hüququ verən əmək stajı hesablanarkən “bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri məzuniyyət hüququ verən əmək stajına daxil edilmir” məhdudiyyəti nəzərdə tutulmamışdır. Həmçinin “Məzuniyyətlər haqqında” Qanunun 01 fevral 1999-cu il tarixli, 618-İQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 04, maddə 213) ilə qüvvədən düşdüyü də nəzərə alınmalıdır. Bununla bağlı nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 146-cı maddəsinə görə, kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər-təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. İşə götürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işcilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işcilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Həmin Məcəllənin 169-cu maddəsinə əsasən “.... işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi ücün müəyyən edilmiş dərəcənin (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.” Hazırkı mübahisəyə münasibətdə boşdayanmanın işçinin təqsiri üzündən baş verməsi iş materiallarından müəyyən olunmamışdır.” Kassasiya instansiya məhkəməsinin yuxarıda göstərilən qərar ilə formalaşmış mövqeyi odur ki, məzuniyyət hüququ verən əmək stajı hesablanarkən “bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri məzuniyyət hüququ verən əmək stajına daxil edilmir” məhdudiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən də məhkəmə şəxsin boşdayanma müddətini onun sığorta stajına daxil edərək mübahisəni vətəndaşın xeyrinə yekunlaşdırmışdır. Bu mövqeyi həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1518/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında da nümayiş olunmuşdur. Məhkəmə eyni zamanda həmin dövr üzrə ödənilməyən məcburi sosial sığorta haqlarına da münasibət bildirməyi zəruri hesab edir. Belə ki, alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 1993-2002-ci illərdəki işlədiyin dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002- 2005-ci illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının Radioquraşdırma Zavodunda işlədiyi müddətin sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqqlarının ödənilibödənilməməsi mühüm rol oynamır. Beləliklə Məhkmə hesab edir ki, iddiaçının ümumi iş stajının 25 ildən olduğu müəyyən olunur ki, bu da onun yaşa görə əmək pensiyası hüququnun yarandığını göstərir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən digər əsas ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, İddiaçı 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. İddiaçı tələbində həmçinin, pensiya hüququ yarandığı vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında Məhkəmə hesab edir ki, iddiaçıya pensiya hüququ yarandığı tarixdən, yəni xx.xx.2022-ci il tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. İddiaçı 65 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar