Məhkəmə qərarları › İş №2-1(112)-4275/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-4275/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-4275/2024 05.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "pul vəsaitinin ödənilməsi" tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il 2-1(103)- 314/2023 saylı qərarının tam icra edilməsi üçün 360 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 60,8 kv.m qeyri-yaşayış sahəsi Bakı Şəhəri İcra Hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı Departamenti, Nəsimi rayon Mənzil-kommunal Təsərrüfatı Birliyinin balansında olmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq sözü gedən əmlakın hərrac vasitəsilə özəlləşdirilməsi barədə ƏMDK-si tərəfindən qərar qəbul edildikdən sonra “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. Həmin dövlət əmlakı axırıncı dəfə xx.xx.2018-ci il tarixində açıq hərraca çıxarılmış və mən həmin hərracın qalibi olmuşdur. AR Əmlak Məsələləri Dövlət Komitəsi (Xidməti) ilə İddiaçı arasında xx.xx.2018-ci il tarixli 10/01 №li Hərrac protokoluna əsasən, xx.xx.2018-ci il tarixində 3888 №li alqı-satqı müqaviləsi bağlanmışdır. Bu alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə 45 000 manat pul vəsaiti, bank xidməti üçün 18.5 manat ödənilmişdir. Hərracın nəticələrindən narazı qalan "xxxx" X1 direktoru X8 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının cavabdeh AR Əmlak Məsələləri Dövlət Komitəsinə (üçüncü şəxs İddiaçı) qarşı xx.xx.2009-cu il tarixli 9207/2294 №li icarə müqaviləsinin predmeti olan ünvan 1 (Topçubaşov küç. 109) ünvanında yerləşən sahəni ona təklif olunmadan açıq hərracda satıldığına görə xx.xx.2018-ci il tarixli hərracın nəticəsinin ləğv edilməsi, AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 №li Sərəncamının ləğv edilməsi barədə iddia tələbi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-143/2019 saylı qərarı ilə təmin edilməmişdir. Həmin qətnamədən "xxxx" X2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 08 noyabr 2019-cu il tarixli 2-1(103)- 2375/2019 saylı qərarı ilə təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(81)-143/2019 saylı qərarı və AR Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli 141 №li Sərəncamı ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 mart 2020-ci il tarixli 2- 1(102)508/2020 saylı qərarı ilə apellyasiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Hərracın nəticəsi ləğv olunduğundan iddiaçı cavabdehə pul vəsaitinin geri ödənilməsi barədə dəfələrlə rəsmi müraciət etsə də məhkəmə qərarlarında bu haqda heçnə yazılmadığını bəhanə edərək yenidən məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Ona görə də iddiaçı xx.xx.2020 tarixində dövlət büdcəsinə ödənilmiş pul vəsaitinin geri qaytarılması tələbi ilə Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Xətai rayon məhkəməsinin 2(011)-6090/2020-sayh 19 noyabr 2020-ci il tarixli Qətnaməsi ilə iddia qismən təmin edilmiş, maddi və mənəvi hissədən isə rədd edilmişdir. Məhkəmə qərarına görə 45000 (qırx beş min) manat pulun 25%-i, yəni 11250 (on bir min iki yüz əlli) manat hissəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən, 75%-i, yəni 33750 (otuz üç min yeddi yüz əlli) manat hissəsi isə Azərbaycan Respublikası dövlət büdcəsi hesabına cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə alınıb iddiaçıya qaytarılması qət edilmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apelyasiya şikayəti vermişdi. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3164/2021 sayh 7 aprel 2021-ci il tarixli Qərardadı ilə apelyasiya şikayətləri qismən təmin olunmuş. Həmin işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. İddiaçı isə hazırkı iddia tələbi ilə müvafiq İnzibati məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Bakı İnzibati Məhkəməsinə müraciət edə bilməsi üçün yenidən 25 noyabr 2021-ci il tarixində dövlət büdcəsinə ödənilmiş 45000 manat pul vəsaitinin geri qaytarılması xahişi ilə cavabdehlərə müraciət etməsinə baxmayaraq müsbət nəticə əldə olunmamışdır. Ona görə də hüquqlarını müdafiə etmək üçün 29.12. 2021-ci il tarixində iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4983/2022 sayl qərarı ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 60.8 kv.m qeyri-yaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunması üçün hərracda bağlanılmış xx.xx.2018-ci il tarixli 3888 №li alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 45 000 manat pul vəsaitinin 25%-ni cavadeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin hesabından, 75%-ni Azərbaycan Respublikasının dövlət büdcəsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə tutularaq İddiaçı ödənilməsi cavabdehlərə həvalə edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4983/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il 2-l(103)-314/2023 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4983/2022 saylı qərarı ləğv edilmiş, xx.xx.2018-ci il tarixli 3888 Ndi alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən 45 000 manat pul vəsaitinin cavadeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il 2-1(103)-314/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-i AR Ali Məhkəməsinə kassasiya şikayəti vermişdir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)1598/23 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il 2- 1(103)-314/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il 2-1(103)-314/2023 saylı qərarı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-a tərəfindən 3 noyabr 2023-cü il tarixində icra edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il 2- l(103)-314/2023 saylı qərarı icra edilən zaman, iddiaçı tərəfindən X3 təqdim edilmiş hesaba cavabdeh tərəfindən məhkəmə qətnaməsində nəzərdə tutulmuş pul vəsaiti köçürülən zaman, bank xidməti nəzərə alınmamışdır. Hansı ki, iddiaçı tərəfindən cavabdehin hesabına pul vəsait ödənilən zaman bank xidmtləri nəzərə alınmışdır. Bunun nəticəsi olaraq iddiaçı hesabdan 44642.86 azn pul çıxarmışdır. xx.xx.2023-cü il tarixli X9 surətindəndə göründüyü kimi 357.14 azn bank xidməti üçün çıxılmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixində müraciət edilsə də, cavabdehin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə imtina verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, ünvan 1 (Topçubaşov küçəsi 109) ünvanında yerləşən sahəsi 63 kv.m olan qeyri-yaşayış sahəsi 13 mart 2018-ci il tarixli, 10/01 nömrəli hərrac protokoluna, hərracın yekunlarına dair Əmlak Məsələləri Dövlət Komitəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 3888 saylı alqı-satqı müqaviləsinə əsasən sonuncu tərəfindən özəlləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə ünvan 5 ünvanında yerləşən 60.8 kv.m qeyri-yaşayış sahəsinin özəlləşdirilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2017-ci il tarixli, 141 nömrəli sərəncamı ləğv edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarı qüvvədə saxlanılmışdır. Daha sonra İddiaçı “alqı-satqı müqaviləsi üzrə ödənilmiş pul vəsaitinin geri qaytarılması” barədə iddiası əsasında qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1 (103)- 314/2023 nömrəli qərarının icra olunması ilə əlaqədar Xidmət tərəfindən 3 oktyabr 2023cü il tarixli, 3-21-3/2-14459/2023 nömrəli məktubla Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət olunaraq, pul vəsaitinin İddiaçı ödənilməsinə Xidmət tərəfindən etiraz olunmadığı qeyd olunmuşdur. Hazırda iddiaçı yuxarıda qeyd olunan dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı onun tərəfindən dövlət büdcəsinə 45000 manatın ödənildiyini, pul vəsaiti ona qaytarıldıqda isə qeyd olunan məbləğdən 357.14 manat bank xidmət haqqı çıxıldıqdan sonra ona 44642.86 manat pulun qaytarıldığını bildirməklə əlavə olaraq 360 manatın ona ödənilməsini tələb edir. Bildiririk ki, iddiaçı tərəfindən yuxarıda qeyd edilən dövlət əmlakı özəlləşdirilərkən dövlət büdcəsinə 45 000 manat ödənilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1 (103)-314/2023 nömrəli qərarı ilə də ona həmin vəsaitin qaytarılması vəzifəsi Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmuşdur. Qeyd edilən vəsait iddiaçıya qaytarılarkən bank tərəfindən 357.14 manat məbləğində bank xidmətinə görə tutulmuş vəsaitin Əmlak Məsələləri Dövlət Xidmətindən tutulması barədə iddiaçının tələbi əsassızdır. Belə ki, qeyd edilən vəsait bank tərəfindən iddiaçıya göstərilmiş xidmətə görə tutulduğundan, qeyd edilən xidmətin dəyəri də iddiaçı tərəfindən banka ödənilməlidir. Əmlak Məsələləri Dövlət Xidməti iddiaçıya göstərilmiş bank xidmətinə görə tutulmuş haqqı iddiaçıya ödəmək vəzifəsini daşımır. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023- cü il tarixli, 2-1 (103)-314/2023 nömrəli qərarı ilə iddiaçıya 45 357.14 manat deyil, 45 000 manatın ödənilməsi vəzifəsi Xidmətin üzərinə qoyulmuşdur. Bu səbəbdən iddiaçının ümumilikdə 45 357.14 manatın ona ödənilməsini Əmlak Məsələləri Dövlət Xidmətindən tələb etməsi əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1971-ci il təvəllüdlü İddiaçı ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlər AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX-dən və AR Maliyyə Nazirliyindən, ünvan 1 (Topçubaşov küçəsi 109) ünvanında yerləşən 60,8 kv.m qeyriyaşayış sahəsinin açıq hərrac yolu ilə əldə olunmas; üçün hərracda bağlanmış xx.xx.2018-ci il tarixli 3888 Ne-li alqı-satqı müqaviləsinə görə dövlət büdcəsinə ödənilmiş 45000 manat (26470,58 sent (iyirmi altı min dörd yüz yetmiş dollar 58 sent)), maddi ziyan üçün 64.800 AZN (altmış dörd min səkkiz yüz manat), mənəvi ziyan üçün 20000 manat (iyirmi min manat), bank xidməti üçün 16.7 manat, Çıxarış və Texniki pasport üçün ödənilmiş 80 manat dövlət rüsumunun, xidmət haqqı üçün ƏMDK-nin hesabına ödənilmiş 130 manat, Xətai rayon məhkəməsinin hesabına ödənilmiş 30 manat və Bakı apelyasiya məhkəməsinin hesabına ödənilmiş 15 manat dövlət rüsumunun alınaraq iddiaçıya geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(112)-4983/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Baki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-314/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(112)-4983/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia tələbi təmin edilərək, xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 45000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş TT******************** nömrəli kassa məxaric orderindən görünür ki, İddiaçı bank hesabına 44642.86 (qırx dörd min altı yüz qırx iki manat səksən altı qəpik) manat ödənilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3/2-N-0277/03/03-8/2023 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 7 ünvanında yerləşən 60.8 kv.m. qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı ödənilmiş vəsaitin məhkəmə qərarına əsasən geri qaytarılması zamanı bank xidməti kimi tutulmuş 357,14 (üç yüz əlli yeddi manat 14 qəpik) manat məbləğin hesabınıza köçürülməsi barədə 4 noyabr 2023-cü il tarixli müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, alqı-satqı müqaviləsi üzrə dövlət büdcəsinə ödənilmiş 45 000,00 (qırx beş min) manat vəsait 31 oktyabr 2023-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə hesabınıza köçürülmüşdür. Köçürülmüş məbləğdən tutulan bank xidmətinin geri qaytarılması Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətlərinə aid deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iş üzrə iddianın mümkünlülük şərti ödənilmir. Belə ki, hazırkı işdən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-314/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 45000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Qərar qanuni qüvvəsini almış, icra edilməsi üçün inzibati orqana göndərilmişdir. İddiaçı sözügedən qərarın inzibati orqan tərəfindən icra edilməsi ilə əlaqədar 45000 manat ödənilməli olduğu halda onun hesabına 44642.86 manatın ödənildiyini, nəticə etibarı ilə hazırkı iddiasında cavabdehdən əksik qalan, ödənilməmiş 360 manat vəsaitin ödənilməsini müstəqil inzibati iddia qaydasında cavabdehdən tələb edir. Cavabdeh isə iddiaçıya 45000 manat ödənildiyini, qeyd edilən vəsait iddiaçıya qaytarılarkən bank tərəfindən 357.14 manat məbləğində bank xidmətinə görə vəsait tutulduğunu və tutulmuş həmin vəsaitin cavabdehə aid olmadığını qeyd edərək iddiaya etiraz edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. ““İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 10 oktyabr 2017-ci il tarixli Qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə «məhkəmə araşdırması»nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə qeyd edir ki, məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərdə olduğu kimi, icra orqanı qismində inzibati orqana qarşı tələblərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da önəmlidir. İşdən göründüyü kimi iddiaçıya xx.xx.2018-ci il tarixli 3888 №-li alqı-satqı müqaviləsinə əsasən dövlət büdcəsinə ödənilmiş 45000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən iddiaçıya ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur, iddiaçı həmin qərarın icrasının tam icra edilmədiyini iddia etdiyi halda qeyd edilən məbləğin tam ödənilməsinin təmini ilə bağlı məsələni hazırkı iddia qaldırmaqla deyil, qanuni qüvvəsini almış məhkəmənin qərarının icrası qaydasında həll etməlidir. Əks hal eyni məsələ üzrə iki məhkəmə qərarının qəbul edilməsinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış qərarın məcburi icrasını aradan qaldırmış olur ki, bu da yolverilməzdir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iş üzrə iddiaya iddia icraatında baxılması mümkün hesab olunmur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "pul vəsaitinin ödənilməsi" tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar