Məhkəmə qərarları › İş №2-1(112)-4276/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-4276/2020

29.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-4276/2020 29.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «bakalavr diplomu və ona əlavənin verilməsi ilə bağlı təhsil müəssisəsinə müraciət olunması»na dair iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «bakalavr diplomu və ona əlavənin verilməsi ilə bağlı təhsil müəssisəsinə müraciət olunması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İddia ərizəsində bildirilir ki, iddiaçı 2005 – 2009-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində “ingilis dili” ixtisasının qiyabi şöbəsi üzrə təhsil almış və təhsil aldığı dövrdə bütün imtahanlardan müvəffəqiyyətlə keçmişdir. 2009-cu ildə həmin Universitetin məzunu olmuşdur. Təhsil aldığı müddətdə Universitetlə bağladığı xx xxxxxxxx 2005-ci il tarixli müqavilə üzrə öhdəsinə düşən ödənişləri vaxtında və bütöv şəkildə ödəmiş və bu barədə ödəniş qəbzləri vardır. Məzun olduqdan sonra Universitet tərəfindən ona diplom veriləcəyi ilə bağlı vəd verilsə də, verilmiş vəd indiyə kimi yerinə yetirilməmişdir. Həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, bu vaxta qədər diplom ala bilməmişdir ki, nəticədə onun Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarından olan təhsil hüququm pozulmuşdur. Belə ki, Konstitusiyanın 42-ci maddəsinə uyğun olaraq hər bir vətəndaşın təhsil almaq hüququ vardır və «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq ali təhsil Azərbaycan Respublikasında təhsil pillələrindən biridir. Təhsil almaq hüququnun həyata keçirilməsi isə, təhsil müəssisəsinə qəbul olmaq və dövlət təhsil standartlarına uyğun olaraq təhsil almaqla yanaşı, təhsili bitirdikdən sonra bunu təsdiq edən dövlət sənədinin verilməsini də ehtiva edir. Belə ki, həmin 27-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün lisenziyası olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Onun (iddiaçının) təhsili bitirdiyi vaxtda, yəni 2009-cu ildə həmin Universitet fəaliyyət göstərməkdə davam etmiş və yalnız 2010-cu ildə onun lisenziyası geri alınmışdır. Bununla bağlı cavabdeh AR Təhsil Nazirliyinə xx xxxxxxx 2019-cu il tarixli müraciətə cavab olaraq, həmin Nazirlik tərəfindən xx xxxxxx 2019-cu il tarixli B-15928/1174 No-li məktubla fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin arxiv sənədlərinə əsasən onun adına diplomun yazılmadığı bildirilmişdir. İddiaçı bu məktubu aldıqdan sonra yenidən cavabdehə xx xxxxxx 2019-cu il tarixli məktubla müraciət edərək imtinaya əsas kimi göstərilmiş olan Azərbaycan Beynəlxalq Universitetinin arxiv sənədlərində onun adına mövcud olan bütün sənədlər barədə məlumat verilməsində və həmin sənədlərin surətinin təqdim edilməsində köməklik göstərilməsini xahiş etmişdir. Lakin müraciətinin məzmunu ona məxsus sənədlər barədə informasiya əldə etmək olduğu halda, cavabdeh x xxxxxx 2020-ci il tarixli cavab məktubunda ona artıq xx xxxxxx 2019-cu il tarixi məktubla cavab verildiyini bildirmişdir. Bundan sonra iddiaçı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət edərək onun Azərbaycan Beynəlxalq Universitetində təhsil almağına dair mövcud olan sənədlərin surətinin təqdim edilməsi xahiş etmişdir. Buna cavab olaraq xx xxxxxx 2020-ci İİ tarixli məktubla Azərbaycan Beynəlxalq Universitetinin arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası»nın 4.4-cü maddəsinə əsasən ali təhsil müəssisəsi, AMEA ləğv olunduğu halda, diplom və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilə bilər. AR Təhsil Nazirliyinin diplom və ya onun əlavəsinin verilməsi səlahiyyəti olmasa belə, yuxarıda göstərilən qərarla müvafiq eyni tipli ali təhsil müəssisəsinə və elmi təşkilata yazılı müraciət etmək vəzifəsi müəyyən edilə bilər. Bunu nəzərə alaraq, cavabdeh AR Təhsil Nazirliyinə ona (iddiaçıya) “ingilis dili” ixtisası üzrə bakalavr diplomunun və diploma əlavənin verilməsi barədə eyni tipli ali təhsil müəssisəsinə yazılı müraciətin edilməsi barədə müraciət olunmasına baxmayaraq, Cavabdeh tərəfindən xx xxxx 2020-ci il tarixli məktubla müraciətdə göstərilən məsələ ilə bağlı imtina cavabı verilmişdir. Universitetin arxiv sənədlərinin saxlanmaq üçün arxivə təhvil verilməməsi, eləcə də, Universitetinin arxiv sənədlərinə əsasən adına diplomun yazılmaması onun iradəsi ilə ehtiva olunan hallar deyil və təhsil hüququnun pozulması üçün əsas olmamalıdır. Digər tərəfdən, onunla (iddiaçı ilə) eyni vaxtda və ixtisasda təhsil alan tələbə yoldaşları diplomla təmin edilmişdir ki, bu hal da ona münasibətdə ayrı-seçkiliyin edilmiş olduğunu göstərir. Təhsil haqqında sənədi ala bilməməyi onun təhsil hüququnun pozulması ilə yanaşı, eyni zamanda əmək hüquqlarının həyata keçirilməsinə mane olur ki, bununla digər konstitusion hüquq olan əmək hüquqları pozulmuş olur. Belə ki, diplomun verilməməsi ona öz ixtisası üzrə iş tapmağına əngəl olur. Halbuki «Təhsil haqqında» AR Qanununun 27-ci maddəsinin 2-ci hissəsində də təsbit edilmişdir ki, təhsil haqqında sənəd məhz ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Göstərilənlərə və İPM-in 2.2.3, 34.1, 45-ci maddələrinə əsaslanaraq, ona (iddiaçıya) “ingilis dili” ixtisası üzrə bakalavr diplomu və həmin diploma əlavənin verilməsi ilə bağlı eyni tipli təhsil müəssisəsinə müraciət olunması öhdəliyinin cavabdeh AR Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və onun nümayəndəsi gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) X2 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin İddiaçı ünvanlanmış xx xxxxxx 2019-cu il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Azərbaycan Respublikası Təhsil Nazirliyinə daxil olmuş ərizənizə cavab olaraq bildirilir ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin arxiv sənədlərinə əsasən Sizin adınıza diplom yazılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin İddiaçı ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli məktubunda aşağıdakılar bildirilmişdir: - Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli ərizənizə cavab olaraq bildirilir ki, sorğuda qeyd olunan Azərbaycan Beynəlxalq Universitetinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı Filialına mühafizə üçün təhvil verilməmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzindən daxil olmuş xx xxxxxxxx 2020-ci il tarixli məktubda aşağıdakılar bildirilmişdir: - xx xxxxxx 1986-cı il tarixdə doğulmuş İddiaçı 2005-ci ildə ali təhsilin bakalavriat səviyyəsinə V ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak etmiş, 110.607 bal toplamış, heç bir təhsil müəssisəsinə qəbul olmamış və barəsində Dövlət İmtahan Mərkəzi (TQDK) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən abituriyent – ali təhsil və ya orta ixtisas təhsili müəssisəsinə qəbul olunmaq üçün müvafiq sənədləri təqdim etmiş şəxsdir. Həmin Qanunun 1.0.47-ci maddəsinə görə təhsil müəssisəsi – müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur. Həmin Qanunun 26.1-ci maddəsinə görə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı abituriyentlərin əvvəlki təhsil pilləsində əldə etdikləri nailiyyətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərə alınır. Həmin Qanunun 27.1-ci maddəsionə əsasən təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş (Fərmanın 1-ci bəndi x xxx 2017-ci il tarixli Fərmanla ləğv ediulmişdir) «Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə»nin 1-ci bəndinə görə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası müasir kompüter texnologiyalarından istifadə etməklə test üsulu ilə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunu həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Əsasnamənin 6-cı bəndinə görə Komissiyanın vəzifələri sırasına Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunun həyata keçirilməsi də daxildir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qulluğu sahəsində fəaliyyəti, ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını həyata keçirən, dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilatihüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir. Nizamnamənin 2-ci bəndinə görə Mərkəz ümumi təhsil pilləsində təhsilalanların yekun attestasiyasını, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) səviyyələrinə, bakalavriat səviyyəsində hazırlıq qruplarına, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qaydada tələbə qəbulunu həyata keçirir, «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bakalavriat səviyyəsində hazırlıq qruplarında tədrisin sonunda buraxılış imtahanlarını keçirir. AR Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası»nın 4.4-cü maddəsinə əsasən ali təhsil müəssisəsi, AMEA ləğv olunduğu halda, diplom və onun əlavəsi və ya onların dublikatları Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin arayışına əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilə bilər. Göründüyü kimi, mövcud qanunvericilik ali təhsil müəssisələrinin ləğv olunduğu halda, onların məzunlarına diplomların, o cümlədən diplomların dublikatlarının verilməsini müvafiq arxiv arayışına əsasən AR Təhsil Nazirliyinin müraciəti ilə ryni tipli ali təhsil müəssisəsi tərəfindən verilməsini mümkün sayır. Məhkəmə qeyd edir ki, hazırkı İddiaçı vaxtilə AR Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarının nəticələri hər hansı təhsil müəssisəsinə qəbul olunmaması və barəsində həmin Komissiya (hazırkı DİM) tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilmədiyi işdə olan mötəbər sübut kimi AR Dövlət İmtahan Mərkəzindən alınmış sorğuya cavab məktubu ilə təsdiqlənir. Məhkəmə icraatında iddiaçı tərəf bu sübutun qeyri-mötəbərliyinə dair hər hansı sübut, dəlil təqdim etməmişdir. İddiaçı həmçinin müvafiq ali təhsil müəssisəsini (hansı ki, sonradan ləğv olunmuşdur) Nəzərə alınmalıdır ki, iddiaçı hazırkı cavabdeh AR Təhsil Nazirliyinə müraciəti zamanı onun müvafiq ali təhsil müəssisəsini bitirməsi ilə bağlı arxiv arayışını da təqdim edə bilməmişdir. Ona AR Milli Arxiv İdarəsi tərəfindən verilən məktubda müvafiq ali təhsil müəssisəsinin arxiv sənədlərin mühafizə üçün AR Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına təhvil verilmədiyi bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2 və 73.1-ci maddələri tətbiq oluna bilər. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı cavabdeh AR Təhsil Nazirliyinə qarşı «bakalavr diplomu və ona əlavənin verilməsi ilə bağlı təhsil müəssisəsinə müraciət olunması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 62, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «bakalavr diplomu və ona əlavənin verilməsi ilə bağlı təhsil müəssisəsinə müraciət olunması» tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar